Şəlalə
Hekayə
Yasunari KAVABATA (1899-1972) XX yüzildə
yapon xalqının dünya
ədəbiyyatına bəxş
etdiyi dahi yazardır. Bütün yaradıcılığı qədim
dzen fəlsəfəsi,
bənzərsiz yapon mədəniyyətinin
ruhu və dərin psixologizm ilə yoğrulub. Təsadüfi deyil ki,
1968-ci il üçün ədəbiyyat
üzrə Nobel mükafatını
da o, "yapon düşüncə tərzini tam dolğunluğuyla
ifadə edən yazıçılıq məharətinə
görə" qazanıbdır.
İki məşhur romanı
var - "Dağın ahı"
(1953) və "Köhnə
paytaxt" (1961). Povestləri
isə bunlardır:
"İdzudan gəlmiş
rəqqasə", "Göl",
"Qarlı diyar"
(1937) və "Minqanadlı
durna" (1951).
Bunlarla yanaşı, Y.Kavabata həm də xeyli sayda
lirik hekayənin və essenin də müəllifidir.
Şəlalə
Naodzinin
özündən böyük
qardaşlarının evlənməsi
qəribəliklərlə dolu idi.
Böyük qardaşı qarımış
bir qızı qaçırmışdı, Keqon
şəlaləsindən aşağı
atılmaqla canlarına
qıymaq fikrindən daşınan bu cavanların, ən nəhayət, evlənməsinə
izn verilmişdi.
Nikahlı arvadının əlindən
cana yığılan
ortancıl qardaşı
isə qaravaşla birgə evdən qaçmış, dəlixanada
bir müddət yatıb-çıxdıqdan sonra
həmin qadınla evlənmişdi.
Naodzi qardaşlarına baxanda xeyli cavan idi.
Ortancıl qardaşı
qaravaşla evləndiyi
zaman isə hələ
tələbə idi.
Qardaşlarının biri bilərəkdən özünü
dəliliyə vurduğundan
Naodzi onların hər ikisinə nifrət bəsləyirdi.
Mənim
bu ailəyə uzaqdan-uzağa qohumluğum
çatırdı. Könlündə
ədəbiyyata maraq oyanandan və Tokio universitetlərindən
birinə qəbul olunandan bəri Naodzi tez-tez mənə baş çəkirdi.
Onun böyük qardaşı
təhsil dalınca getsə də, ağ ciyərlərinin xəstəliyi ucbatından
ali təhsil ala bilməmişdi. Ortancıl
oğullarının səhhətini
qorumağın qayğısına
qalan valideynləri onu ümumiyyətlə gözlərindən irağa
buraxmamışdılar.
Elə
buna görə də
həmin oğul orta məktəbi bitirib, öz mülkədar atasına yardım etmək məqsədilə kənddə
qalmışdı. İş
elə gətirmişdi
ki, təhsil almaq şərəfi o ailədə
təkcə Naodzinin bəxtinə düşmüşdü.
Yazdığı romanın əlyazmasını
mənə göstərib,
rəyimi öyrənmək
istəyindən də
görünürdü ki, Naodzi
mənə xüsusi sayğı və rəğbət ilə yanaşır.
Doğrusu, ilk baxışda bu
qohumumun ədəbi yaradıcılığa meyil
göstərməsi mənə
mənasız görünməklə
qalmır, həm də məni necə təbdən çıxarırdısa, hər
vəchlə bu işi əngəlləməyə
çalışırdım.
Romanın mövzusu, məncə,
heç cəlbedici deyildi. Mətndə Naodzi öz sevgi macərasının dolğun təsviri fonunda qardaşlarının
evlənmə səbəblərinə
də qismən işıq salırdı.
Romanın bu cəhətini ilk tanışlıq
əsnasında sezdiyim
üçün bununla
bağlı iradlarımı
ondan gizlətmədim:
- Sən lap əvvəldən
qəti hökm çıxarırsan ki, hər
iki qardaşın riyakarmış. Mənim fikrimcə, bu, romana marağı xeyli dərəcədə
azaldır və sənin yazıçılıq
qabiliyyətini şübhə
altında qoyur.
O, mənim nəyə işarə etdiyimi anlamadığından dedi:
- Doğrudan?! Şəxsən
mənim isə onların riyakarlığına
zərrəcə şübhəm
yoxdur. Məsələn,
böyük qardaşım
deyir ki, onlar məhz buz bağladığı
üçün özlərini
Keqon şəlaləsindən
aşağı atmayıblar.
Axı, bu, nə dərəcədə
mümkündür?!
- Bəs sən haradan bilirsən ki, bu, mümkün deyil?!
Mən güclü şaxtalar zamanı Keqon şəlaləsində olmasam
da, bu dünyadan birlikdə köçmək
niyyətinə düşən
bir cüt sevgilinin buz bağlamış şəlaləni
görüncə, necə
dərin qorxu və dəhşət hissi keçirdiyini təsəvvürümdə canlandırmağa
qadir idim axı.
Naodzi isə elə yenə öz dediyini təkrarlayıb, dururdu:
- Məgər onların canlarına qəsd üçün qışın
oğlan çağında
Nikkonun belə ucqar guşəsini seçmələri qəribə
deyilmi?! Dünyadan əl-ətək üzənlər,
adətən bunun üçün mənzərəli,
özü də mövsümə uyğun
bir guşə seçirlər. Heç vaxt inanmaram ki, kim isə qışın
oğlan çağında
intihar üçün
məhz Keqon şəlaləsini seçər.
- Bəlkə də sən haqlısan, amma…
- Ortancıl qardaşımla
bağlı əhvalatda
da xeyli məqam şübhə doğurur:
harada görünüb
ki, ağlını itirən
ev sahibi qaravaşı da özüylə
götürüb, evdən
qaçsın?!
- Niyə də qaçmasın?! Ola bilsin,
qulluqçu qadın öz istəyi ilə ona qoşulub,
gedib.
- Mən də bu barədə düşünmüşəm: yəqin o, əvvəlcədən
qaravaş ilə şərtləşibmiş ki, özünü dəliliyə
vuracaq.
- Uzun sözün qısası, sən lap əvvəldən, həm
də buna ciddi bir əsasın olmadan sübut etməyə çalışırsan
ki, qardaşların riyakardır
və elə bununla da yazdığın
əsəri gözgörəsi
uğursuzluğa düçar
edirsən. Bütün
bunların qabaqcadan düşünüldüyü barədə şübhələr
yaratmaq cəhdin isə nəticəsiz qalır. Əgər sən bu haqda
illah, roman yazmağı
qət etmisənsə,
onda öz qardaşlarının sözügedən
planları qabaqcadan düzüb-qoşmadıqlarını sübuta yetirməlisən,
bunun üçün
isə sənə bəlkə bir ömür də azlıq edər. Son nəticədə isə qələmindən fərli-başlı
heç nə çıxmaz.
Bu romanda Naodzinin öz qardaşlarının
halına heç acımadığını söyləmək
də haqsızlıq
sayılardı. O, yazırdı
ki, onların hər ikisinin bu cür
qəribə fəndlərlə
aşağı təbəqədən
olan qadınlarla nikaha girməsi, öz növbəsində,
kənddəki mövcud
feodal-mülkədar ailə
qurumuna qarşı bir etiraz idi
və bu, qədim əyalət ailəsinə məxsus ənənələrin dağılmaq
üzrə olduğundan
xəbər verirdi. Sonradan güzəranları
öz axarına düşdüyü üçün
onlar kənddə qalıb, yaşadılar. Hər halda öz gənclik illərində, bircə dəfə də olsa, bu qardaşlar
cəsarətli seçim
eləyə bilmişdilər.
Mən Naodzinin qardaşları ilə sən deyən yaxın deyildim, onların xasiyyətləri və həyat tərzləri haqda hər hansı mühakimə də yürüdə bilməzdim. Sırf zahiri əlamətlərinə
görə isə onların, Naodzinin dediyi kimi, həqiqətən
də, taleyin hökmünə baş əydiklərini söyləməm
müşkül məsələ
idi.
Görünür, yüksək təbəqədən
olmadıqlarına, kübar
tərbiyəsi görmədiklərinə
görə o, nəinki
böyük qardaşlarının
xanımlarını bəyənmirdi,
hətta onlara gizli nifrət də bəsləyirdi. Doğrudur, bu haqda romanda açıq
şəkildə bildirilmirdi,
lakin öz sevgilisi ilə gəlinlərinin təsvirindəki
üslub fərqlərindən
bunu yaxalamaq elə də çətin iş deyildi. Bundan başqa, o, qədim bir ailənin varisi və başçısı sayılan
atası ilə aşkar şəkildə
öyünürdü, onun
övladlarına bəslədiyi
ümidlərin puça
çıxması qənaətiylə
də, sözsüz
ki, razı idi.
Romanın onun qardaşlarından
bəhs edən hissəsini, bəlkə də müəyyən düzəlişlərlə qəbul
etmək mümkün
idi, halbuki onun öz məhəbbətinə
aid səhnələr mənə
tamamilə bayağı
görünürdü. Yəqin
bunun səbəbi o sevginin ülvilikdən uzaq olması idi. Tokiodakı səmimi görüşlərin,
Ginzada gəzintilərin,
kinoteatr və sairənin uzun-uzadı təsvirlərinə gələndə
isə… bunu elə hamı bacarar da.
Özündən böyük qardaşlarının
evlilik macəraları
Naodzinin nikah mərasiminin
xeyli dəbdəbəli
keçməsinə imkan
vermirdi. Onun evlənmə məsələsinə
nə ata-anası qarışmışdı, nə
də qardaşları,
yəni onun tamamilə sərbəst davranmasına şərait
yaranmışdı. O da romanda
təsvir etdiyi qızla ailə qurmuşdu.
Qəribə burasıdır ki, sonradan
qardaşlarının deyil,
məhz Naodzinin ailə həyatı çıxılmaz dalana girmişdi. Ərlə arvad arasındakı mübahisələr heç
səngimək bilmirdi.
Doğrudur, bəziləri
deyə bilər ki, hansı ailədə söz-söhbət olmur axı?!
Ədəbiyyata marağı da Naodzi
üçün ötəri
bir şey imiş. Universiteti bitirəndən sonra o, yazdığı romanı
tamamən unutdu və bir şirkətdə
qulluğa girdi. Bir neçə dəfə iş yerini dəyişsə də, heç yerdə tutuna, qala bilmədi.
Hər dəfə aralarında inciklik yarananda Naodzinin arvadı ata evinə getməyi bir adət halına gətirmişdi. Hətta iki uşaq anası
olandan sonra da o, bu adətindən əl çəkmirdi. Elə indinin özündə də uşaqlarını ərinin
öhdəsinə buraxaraq,
keçmişdəki kimi,
baş alıb valideynlərinin qanadı altına sığınmışdı.
Ər ilə arvad boşanmaq barədə arabir söz salsalar da, bunun üçün ortada ciddi əsas
yox idi.
Bir dəfə arvadının
atası evinə getdiyi vaxt təsadüfən
paltar şkafını
açan Naodzi kimonoların çoxsunun asılqanda olmadığını
görür. Atası
evinə üz tutan arvadının özüylə götürdüyü
boğçanın geriyə
dönüşdə yarıbayarı
azaldığına o, əvvəllər
də diqqət yetiribmiş. Odur ki, bu xüsusu araşdırmaq qərarına
gəlir.
"Yəqin geyimlərindən
kiçik bacısına
bağışlayır" deyə, düşününcə,
Naodzinin qanı möhkəm qaralır.
Arvadı
evə dönən kimi ondan bu
haqda soruşur. Arvadı:
- Mən atamın evinə özümlə dəyişək paltar götürmədən gedə
bilmərəm axı?!
- deyə cavab verir.
Bu cavab Naodzini lap özündən çıxarır.
Böyük bir qanqaraçılıq düşür
və arvadı təzədən geriyə,
atası evinə dönür.
Bütün bu dilləşmələrdən
cana yığılan
Naodzi məsləhət
üçün mənə
baş çəkdi.
Mən də, öz növbəmdə, ona məsləhət gördüm ki, böyük
qardaşlarının bu
haqda fikrini öyrənsin. O, əsəbi
halda: "Bu variant elə
öz ağlıma da
gəlmişdi", - dedi.
Üstündən bir neçə
gün keçdi və o, təkrar bizə gəldi. Görkəmindən dərin
üzgünlük, hətta
bir qədər də çaşqınlıq
yağırdı.
- Kəndə, arvadımın
valideynlərigilə baş
çəkdim. Uşaqları
da aparıb onlarda qoydum.
- Bəs qardaşların sənə hansı yolu məsləhət gördü?
- Onların nə deyəcəyini mən əvvəlcədən də
təxmin eləmişdim.
Bütün olub-keçənləri
danışandan sonra böyük qardaşım
arvadını çağırıb
xahiş etdi ki, ayaqqabılarını çıxarsın
və gəlinimizin ayaqlarındakı yaraları
mənə göstərdi.
Keqon şəlaləsində
bir təsadüf nəticəsində ölümdən
qurtulduqları vaxt qadının ayaqları həmin kökə düşübmüş.
- Belə de-e!
- O inanır ki, özü də indiki arvadının böyük
qayğıkeşliyi sayəsində
sağala bilib.
Mən:
- Deməli, hər şey sənin romanda yazdığından
fərqlənirmiş, - dedim.
- Elədir. Amma bu qardaşım məni öz cavabıyla nə qədər sakitləşdirmişdisə, o biri qardaşım məni bir elə
özümdən çıxardı.
Sakitcə məni dinləyəndən sonra
o, qəfildən qəhqəhə
çəkdi: "Böyük
şey olubmuş! Buna
görə heç kefini pozma! Sən
bilirsən ki, mənim
keçmiş arvadım
gözümün qabağındaca
əsl qancıqlıq
edirdi?!" O an mən
lal-mat onu süzür və deyəcək söz tapa bilmirdim.
Naodzinin
bu danışdıqları
məndə də dərin təəssürat
buraxdı. Demə, o,
qardaşının bu
etirafına zərrəcə
inanmayıbmış. Sadəcə,
qardaşının əsəb
sarsıntısı keçirməsinin
səbəbini keçmiş
arvadının ona aşkar xəyanəti ilə bağlayırmış.
Ya da ki, əksinə,
bütün bu fikirlərin onun ağlına sonradan, yəni ağlı çaşandan sonra gəldiyini sanırmış.
İstənilən halda,
indiyə kimi o, bütün bu fikir-xəyalın ağır
təsirindən qurtula
bilməyib. Qardaşının
bütün bunları
sırf onu yola gətirmək üçün uydurduğundan
da Naodzi arxayın idi.
Ən sonda mənə bildirdi ki, eşitdiklərindən
dəhşətə gəldiyi
üçün qardaşının
evini təcili qaydada tərk etməyə məcbur qalıb.
Sonra isə boynuna aldı ki, ortancıl qardaşının keçmiş
arvadı barədə
böyük qardaşından
birbaşa soruşmağa
çəkindiyi üçün
onun indiki arvadı, yəni keçmiş qaravaşı
haqda nələrsə
öyrənmək qərarına
gəlib ki, bəlkə
bu sayədə keçmiş arvadının
qardaşının gözü
qabağında yava yola getdiyinin doğru, yoxsa, yalan olduğunu öyrənə.
Böyük qardaşı, mən
biləni, Naodzini inandıra bilib ki, evdən qaçana qədər qulluqçu qadın əslində ortancıl qardaşlarıyla
məhrəm yaxınlıq
qurmayıbmış. Qardaşları
dəlixanaya düşdüyü
zaman cani-dildən onun
qulluğunda duran qadın yalnız tam sağalandan sonra ona ərə getməyə razılıq
veribmiş.
Yasunari Kavabata
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 10 avqust, ¹29-30.-
S.30-31.