Kənd yolları

 

Salam, xoş görmüşük a, kənd yolları.

Söyləyin, siz məni tanıdınızmı?

Babalar qınayır unudanları,

Yoxsa siz məni qınadınızmı?

 

A, nənə cığırlar!

A, baba yollar!

Siz məni məktəbə aparmısınız.

Qoşa qanad kimi uzanan qollar,

Siz məni dağlara qaldırmısınız.

 

Bir ucu dərəyə sallanıb gedən,

Bir ucu zirvədə buluda dəyən;

Bir ucu anamtək dualar edən,

Bir ucu atamtək durub gözləyən;

 

A, vəfalı yollar!

A, doğma yollar!

Siz mənim xatirə dəftərimsiniz.

Üzümü edən doğrum-uğurum,

Üzümə durmayan səhvlərimsiniz.

 

Sizi babaların alnının təri,

Əlinin qabarı əkib bilirəm;

Doğan sabahlara, gələn illərə

İşıq xətti kimi çəkib bilirəm;

 

Siz dar günlərimin ümid yolları.

Sizi unutmaram a, kənd yolları.

 

***

 

Gözümdən yıxıldınsa,

Özüm, sənə əlvida!

Yarı yolda qaldınsa,

Dözüm, sənə əlvida!

Sonunda işıq yoxsa,

İzim, sənə əlvida!

Daşdan-kəsəkdən qorxsan,

Dizim, sənə əlvida!

Düzü əyri gördünsə,

Gözüm, sənə əlvida!

Məndən qabaq öldünsə,

Sözüm, sənə əlvida!

 

Sevdim səni

 

Ovqatımın havasını,

Gözlərimin sevdasını,

Susmağımın mənasını,

Duyan bilib sevdim səni.

 

Sevən qəlbim düşsə dara,

Möhtac olsa vəfadara,

Qəribsəyən duyğulara,

Həyan bilib sevdim səni.

 

Onsuz da hər şey anidi,

Şair ruhum ürfanidi.

Gördüm bu dünya fanidi,

Dünyam bilib sevdim səni.

 

Azərbaycanım

 

Dağlara söykənən ey ana yurdum!

İsti qucağında şən yuva qurdum!

Gözümü açanda zirvəni gördüm.

Zirvə görkəmində mən səni gördüm.

Gördüm ki, genişdi yamacın, çölün.

Yaxanı bəzəyir çiçəyin, gülün.

Yaşıl meşələrin uzanıb gedir.

Palıdın yarpağı mənə əl edir.

Burulub dumanda azan yolların,

Arzumu köksünə yazan yolların,

Yurdum!

Sevdalanan yolçusu oldum.

Ağlım kəsən gündən sənə vuruldum!

Beləcə qoşulub bir dağ çayına,

Axdım arzuların dolaylarına.

Qalxdım göy üzünün buludlarına,

Baxdım vətənimin hüdudlarına,

Gördüm ki, yer üzü bir müstəvidi,

Qabaran dənizlər üzən gəmidi.

Qaya ömürlüdü, milyon yaşlıdı,

Gördüm ki, vətənim qartal başlıdı.

Sənə qurban olsun nəfəsim, canım!

Ey mənim qüdrətli Azərbaycanım!

 

Darıxdım

 

Hava bir az ağırdı,

Göyün üzü qaralıb.

Bir səs məni çağırdı,

Kimsə bayırda qalıb?!.

 

Kim olacaq, küləkdi.

Arabir uğuldayır;

Ömür - vuran ürəkdi,

Əqrəbi geri sayır.

 

Düşündükcə darıxdım,

Sıxdı məni divarlar.

Düşünməyi buraxdım,

Sonda ki, ayrılıq var.

 

Bir dəli şimşək çaxdı,

Hönkürdü göyün üzü.

Səndəmi çox darıxdın?

Hardasan, qara gözlüm!

 

...Pəncərəmi döyürsən,

Dönüb, yağışa baxdım.

Bildim ki, üşüyürsən,

Səndən ötrü darıxdım.

 

Şuşa Fatehlərinə

 

Qılınc kimi sıyrılan,

İşıq kimi yayılan,

And yeri vətən olan

Sözlərindən öpürəm!

 

Dağ çapan, qaya yaran,

Şərin belini qıran,

Sonda Şuşaya varan

İzlərindən öpürəm!

 

Qançır olan, qan sızan,

Daşlardan səngər qazan,

Təpəri zəfər yazan

Dizlərindən öpürəm!

 

Yuxu nədi bilməyən,

Qorxu nədi bilməyən,

Şuşada gülümsəyən

Gözlərindən öpürəm!

 

Mən hələ uşağam

 

Mən hələ yel atlı, şimşək qanadlı,

Xəyalı göylərdə kənd uşağıyam;

Mən hələ bir dəli yağışdan sonra,

Havadan asılan göy qurşağıyam;

 

Nolsun qədər ötüb, zaman fırlanıb,

Ömrümdən qədər vaxt oğurlanıb...

Yenə ilk sevgimin 15 yaşı var,

Kömür gözləri var, qılınc qaşı var,

Ərik dodaqları, alma yanağı,

Görüşə geciksəm ağlamağı var,

Pəncərə önündə durub baxmağı,

Baxdıqca sinəmi dağlamağı var;

 

Yaxşı yadımdadı

Bir qış günündə,

Məktəbin tinində

Üz-üzə gəldik,

Qar qonan əlləri qardan ağıydı,

donlu dünyanın gözəl çağıydı,

Əlini öpəndə dodağı əsdi,

Dilləndi astaca: - Öldürmə bəsdi...

Mən o sevgini diri saxladım,

O qızın eşqiylə coşdum, çağladım;

O 15 yaşlı qız köçüb qəlbimə,

Dünyanı, həyatı sevdirdi mənə.

 

Beləcə qaçsa da zaman irəli,

Ay anam, ay atam, hələ uşağam!

Bu istək, bu həvəs, bu sevda ilə,

Çətin, yaşa dolub, qocalacağam!

 

Yaşadım

 

Gəl sənə söyləyim olub-keçəni,

Bir daha xatırla, nətər yaşadım.

Dodağın güləndə bir ömür fərəh,

Gözün qəmlənəndə kədər yaşadım.

 

Əllərin ovcumda bükülüb, qaldı.

Eşqin ürəyimə əkilib, qaldı.

Gözümdə gözünün şəkili qaldı.

Sanma həyatımı hədər yaşadım.

 

Sevənlər sonunu hesaba almaz,

Sevginin ilki var, son anı olmaz.

Qəbrimin üstündə bu sözləri yaz:

- Sən məni sevdiyin qədər yaşadım.

 

Bir şair köç etdi

 

Musa Yaquba

 

Bir şair köç etdi əbədiyyətə,

Bir yarpaq da düşdü söz budağından;

Ayrıldı... dərd verdi o, təbiətə,

Necə ki, ayrılır bağban bağından;

 

O, nəğmə içirdi bulaq gözündən,

O, yaxşı bilirdi daşın dilini;

Hər dəfə endirib göyün üzündən

Misraya düzürdü quşun dilini;

 

Doğması bilirdi qayalar onu,

Əlləri min illik mamır kimiydi;

Hərdən dərələrdən salıb yolunu,

Hərdən zirvələrə qalxan çəniydi;

 

Çaylar tanıyırdı onun səsini,

Hərdən kiriyirdi, hərdən coşurdu;

Hərdən unudub öz nəğməsini,

Tənha bir ağaca nəğmə qoşurdu;

 

Yaxşı tanıyırdı qoca dünyanı,

Bilirdi ona da etibar yoxdu;

Gözündə heç idi şöhrəti-şanı...

Onu sevdiyinin həsrəti yaxdı.

 

Həqiqət axtaran bir uşaq idi,

Tərəzi kimiydi uşaq gözləri;

Hiylədən, yalandan o, uzaq idi,

Qəlbinin şəkliydi şeiri, sözləri.

 

Vahid ASLAN

 

Ədəbiyyat qəzeti.- 2024.- 10 avqust, ¹29-30.- S.31.