Adlar
Hekayə
Biri vardı, biri yoxdu. Bir ana vardı və onun da dörd oğlu vardı. Dörd ağıllı oğlu...
Nağıl burda qurtarır.
İstəsən, bu nağıldan
istədiyin əhvalatı
çıxara bilərsən.
Amma uşaqlıq bitib
insan böyüdüyü
kimi, bu əhvalatdakı nağıl
da gözlənilmədən qurtarır və həqiqətdə baş
verənlər başlayır.
Bağışla, nağıl, əlvida,
uşaqlıq - qırx
birdə müharibə
başladı və nağılları uşaqlarla
bir yerdə Şərqə apardılar,
sonra isə ananın üç oğlunu başqa anaların uşaqları ilə bir yerdə
Şərqdən Qərbə
köçürtdülər. Dördüncü oğul
hələ balaca idi və müharibəyə
yaramırdı. O nağıl
oxuya bilirdi, amma o dövrdə nağıllar lal və kar idi,
lal-kar idilər, nə səsləri çıxırdı, nə
də hay verirdilər,
yəqin, müharibə
onların səsini kəsmişdi, o dövrdə
deyildiyi kimi desək, nağıllar kontuziya almışdı və rəflərdə atılıb qalmışdılar.
Dördüncü oğul nağıl
yerinə müharibə
haqqında məlumatlara
qulaq asırdı. Məlumatlarda ölənlər
haqqında danışırdılar,
o ölənləri heç
bir dirilik suyu ilə həyata
qaytarmaq mümkün deyildi. Məlumatlarda kənd və şəhər adları çəkilirdi, bu məlumatlar əsasında
tarixlə coğrafiyanı
öyrənmək olardı.
Məlumatlar dini mətn kimi səslənirdi, bu gün, sabah və əbədiyyən yıxılma, geri çəkilmə, ölmə.
Qırx
birdə - müharibə
olmasına baxmayaraq, illər həmişəki
axarı ilə gedirdi - Moskva ətrafında
ananın birinci oğlu öldü. Onun adı Vasili
idi və bu ad ona yaraşırdı.
- Moskva ətrafında, Moskva ətrafında,
- deyə anası dodaqaltı təkrarlayıb
içindəki sökülmüş
parçaları bərpa
etməyə çalışırdı,
amma o parçalar birləşmək istəmirdi.
Ana Moskvanı tanıyırdı,
elə onu azca sakitləşdirən
şey də bu idi.
Qırx
üçdə Kursk yaxınlığında
ananın ikinci oğlu öldü. Onun adı Pyotr
idi və öləndən sonra ardında təkcə bu ad qaldı, elə bil on iki nömrəli vaqondan çıxıb qayıtmadı, qatar isə onu gözləməyib
yoluna davam etdi. Qıraqdan baxana elə gələrdi ki, qorxulu heç nə yoxdur: on iki nömrəli vaqonda o qədər adam gedirdi ki, üstəlik, dünyada Pyotr adlı xeyli insan yaşamağa davam edirdi, amma
ananın bircə Pyotru vardı və ana onu itirəndə dünyasının
yarısını itirdi.
Müharibə isə hara getdiyi
bilinməyən qatar kimi dayanmadan gedirdi. Bu qatarın öz stansiyaları vardı, o stansiyalar haqqında məlumatlarda xəbər
verilirdi, amma bəs haçan axırıncı stansiyaya
çatacaq? - Bunu heç kim bilmirdi. Qatar özü də çatıb dayanmağa tələsmirdi,
müharibə heç
vaxt tələsmir.
Ananın
üçüncü oğlu
qırx beşdə
Berlin ətrafında öldü.
Cəmisi bir addım atsaydı, sülhə çatmış
olardı, minlərlə
addımdan cəmisi biri, amma o yıxıldı
və bir də durmadı. Onun adı Nikita idi və onun
adını sonra qranit plitəyə yazdılar. O plitə günəşə ünvanlanmışdı
və başqa planetlərdə yaşayanlar
da plitənin üstündəki
xırda adları oxuya bilərdi. Müharibədən sonra barıt qaldı, silah-sursat qaldı, amma ananın müharibəyə gedən
oğullarından heç
nə qalmadı, onlar da müharibə kimi yoxa çıxıb
getdilər, elə bil dünyaya bir-birini tamamlamaq üçün gəlmişdilər.
Ana onların adını
doğum tarixi kalibrli gilizlər kimi toplayıb gizlətdi, gizlətdi ki, uşaqlar onları təsadüfən tapıb
dava-dava oynamasınlar.
Ananın
dörd oğlu vardı, amma biri qaldı. Müharibədən sonra
o böyüdü və
eyni ildə bütün qardaşları
ilə yaşıd oldu, çünki qardaşları iki il fərqlə doğulub iki il fərqlə ölmüşdülər, o isə
gec doğulmuşdu və yaşamağa davam etdi. Onun
adı Andrey idi və təkcə onun adı bütün
mənasını və
səslənişini qoruyub
saxlaya bildi.
Onun adı Andrey idi və hamı onu Andrey çağırırdı
- hamı, təkcə
anasından başqa. Anası da onu öz adıyla çağırmaq istəyərdi,
amma sağ qalan oğlunu bir adla çağırmaq
anaya heç cür müyəssər olmurdu. Əvvəlcə ananın ağlına doğum tarixlərinə uyğun kalibrli gilizlər gəlirdi və ana onların adını çəkirdi,
axırda isə qalan sonuncu adı
çağırırdı - bu ad yaşayan oğlunun sağ, xoşbəxt adı idi.
- Vasili, Pyotr, Nikita... Andrey,
- ana çağırırdı. - Vasili, Pyotr, Nikita... Andrey.
Dördüncü oğul hirslənirdi:
- Məni adam kimi çağıra bilmirsən?
Ana o adları toplayırdı və ağlında hərəsini öz qutusuna yerləşdirirdi:
bu Vasilidir, Moskva ətrafında ölüb,
bu Pyotrdur, Kursk ətrafında ölüb,
bu Nikitadır, Berlin yaxınlığında ölüb,
bu isə Andreydir - üç qutunun ağzını bağlamaq olar, amma dördüncünü
açıq saxlamaq lazımdır. Amma dördüncü
qutudakı adı götürmək lazım
gələndə, o biri
qutular da öz-özünə
açılırdı və
o qutulardakı adlar qəfil göz yaşları kimi bayıra atılırdı.
- Vasili, Pyotr, Nikita, Andrey. -
Ana adları çağırırdı
və qorxub gözlərini yerə dikirdi.
- Sən məni dolamısan? - dördüncü
oğul hirslənirdi.
- Yox, yox, Vasili,
Pyotr, Nikita... Andrey.
Sonra ana dünyasını dəyişdi
və ölən oğullarının adını
da özüylə apardı.
Dördüncü oğul
tək qaldı. Hamı onu Andrey çağırırdı, pasportunda
yazılan şəxsi
adıyla. Bu vaxt Andrey
özünü itirirdi.
Təkcə öz adını eşitmək
onu qorxudurdu, daha ölən qardaşlarının adları
onun adını qorumurdu. Andrey indi-indi başa düşürdü
ki, anasının atəş
kimi atdığı gilizlər xəbərdarlıq
imiş. Anası ölən oğullarının
adını deməklə
bildirmək istəyirdi
ki, onun daha bir oğlu var, o oğul sağ və sağlamdır, başqa anaların da oğulları var, hamısı
sağ və sağlam...
Valentin
Rasputin
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.- S.32.