Müasir Azərbaycan ədəbiyyatı oçerkləri:
Əjdər Ol - vətəndaşlığın
kazuistikası
Əjdər Ol müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tanınmış siması, şair, nasir, dramaturq, publisist və tərcüməçidir. Əjdər Ol əsərlərində dövr ədəbiyyatını bütün zənginliyi, rəngarəngliyi ilə təmsil edənlərdən biridir. Əjdər Ol müstəqillik ideyaları və arzularının yetirdiyi vətəndaş-şairdir.
Əjdər Olun ədəbiyyata gəlişi həyat bioqrafisinin peripetiyaları ilə yanaşı olmuş, paralel davam etmişdir. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri 1981-ci ildə "Azərbaycan" jurnalında dərc olunmuş, "Gələcəkdə yaşayıram!" adlı ilk kitabı Əjdər Cəbiyev imzası ilə 1987-ci ildə çapdan çıxmışdır. Ümumən, Əjdər Olun yaradıcılıq yolu ardıcıl çap etdirdiyi kitablarında ehtiva olunur: "Gələcəkdə yaşayıram" (1987), "Alın yazıma düzəliş" (1991), "Səsindən tanınan" (1993), "İndidən" (1996), "Müdriklik anları" (1996), "Əjdər Olun kitabı" (1997), "Habil Əliyevin lətifələri" (1998), "Beş-on şeir" (1998), "Hamı sənə can deyir" (2000), "Könül vuruşu" (2000), "Əjdər Olun kitabı/ II kitab" (2000), "Canlı lətifələr, əhvalatlar, deyimlər" (2004), "Günəbaxan zəmisi" (2006), "Ölümlə zarafat" (Hekayələr, 2007), "Qrafoman" (Hekayə, 2009), "Əjdər Olam" (2009), "Portret hekayələr" (2010), "Yaşa" (2010), "Tütün limanı" (Hekayələr, 2012), "Canlı lətifələr, əhvalatlar, deyimlər" (2015), "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" (Hekayələr, 2017), "Lo (canlı roman)" (2019).
Əjdər Olun tərcüməsində "Latış xalq nağılları" (1990), "Latış daynları" (1998), "Qumuq atalar sözləri" (2000), "Məndən arxayın olun (gürcü şairəsi Maqvala Qonavilinin şeirləri)" (2009) kitabları çap olunmuş, əsərləri rus dilinə çevrilərək "Jivu v buduhem" (Bakı, 2008), "Tabaçnaə qavan" (Bakı, 2016), "Krılatıe slova, izreçeniə, epizodı iz jizni naşix znamenitıx i rədovıx sovremennikov" (Moskva, 2016), türk dilinə çevrilərək "Komutanın meymunu" (Ankara, 2010), "Ölümlə oyun" (İstanbul, 2014), Polşada "Qrafoman" (Vroslav, 2010), İranda "Günəbaxan zəmisi" (2009), "Habil Əliyev ucalığı" (2014), Gürcüstanda "Hərbi səhra komandirinin meymunu" (Tiflis, 2012), Almaniyada "Usta Yusifin kamançası" (Köln, 2014), "Günəbaxan zəmisi" (2016) kitabları işıq üzü görmüşdür.
Pyesləri "Molla
Nəsrəddin və
Əmir Teymurun filləri" Gənc Tamaşaçılar Teatrında və
"Son məktub"
Azərbaycan Dövlət Akademik Milli Teatrında tamaşaya qoyulmuş (rejissor Bəhram Osmanovun quruluşunda), "Usta Yusifin kamançası" hekayəsi əsasında eyniadlı film (2010) çəkilmişdir. Portret hekayələrinə
görə Əjdər
Ol Milli Kitab Müsabiqəsinin
qaliblərindən biri
(2010) olmuş, "Yaşa"
şeirlər kitabına
görə "Qızıl
Kəlmə" Ədəbiyyat
Mükafatının baş
mükafatını (2010) almış,
"Qəzənfər müəllimin
Şuşaya yürüşü"
hekayəsi İkinci Uluslararası Mahmud Kaşqarlı
Hekayə Yarışmasının
baş mükafatına
layiq görülmüşdür.
Bütün bu uğurların
arxasında yetkin bir şair-vətəndaş
mövqeyi, coşqun və ardıcıl yaradıcılıq axtarışları,
mükəmməl bədii-estetik
qayə durur. Hələ "Gələcəkdə
yaşayıram" (1987) adlı
ilk kitabından Əjdər
Olun fərqli şair fərdiyyəti artıq görünməkdədir.
Gənc şair taleyə, həyatın sınaqlarına sadəcə
şikayət hədəfi
kimi baxmır, burda aktiv başlanğıc
axtarır: "Çox
da tanınmırsan, məşhur
deyilsən, / Bir kimsə
imzandan asılı deyil. / Ömründən,
bəxtindən, qəlbindən
keçən / Qırışsız
alnına yazılı
deyil. / Gəlib astanadan geri qayıtma..." - deyə
ömrün sabahına
doğru qətiyyət
nümayiş etdirir.
Şairin
1991-ci ildə çıxan
"Alın yazıma
düzəliş" adlı
ikinci kitabı yeni zamanların gəlişindən
xəbər verir; ictimai zamanın özü şair bioqrafisinə düzəlişlər
edir. "Alın yazıma düzəliş"
kitabında ayağa qalxmış, müstəqilliyinə
yenicə qovuşmuş
toplumun obrazı da
var: "Sanki təzə görürdük
/ Min ilin Bakısını,
/ Qarabağlı, Gəncəli
/ Bir elin Bakısını...";
"Danışıb, danışıb
danışqan olduq..."
deyə ümumi ictimai psixoza tutulmuş kütlə həqiqəti də, nehrə kimi çalxalanan zamanın ağrı-acıları da: "Dəstə-dəstə gedirdik/
Qadağalar üstünə./
Azadlıq tək verilən/ Sadağalar üstünə./ Arxamızda
dururdu,/ Doğma ocaq, doğma yurd./ Düşmənimiz
- vətəni/ Öz
içindən yeyən
qurd..." Çağırış
ruhu zamanın özündən gəlir
və "Alın yazıma düzəliş"
kitabı başdan-başa
publisist nəfəs üzərindədir. "Əjdər
Ol" imzasını
da şair bu zaman, mənəvi çarpışmalardan
keçib qəbul edir.
"İndidən..." (2006) kitabında
da lirik-publisist başlanğıc
aparıcıdır; poetik
qəhrəman bir anlıq günün həqiqətlərinə yığışıb,
milli sabahın gerçək
qayğılarını "indidən" həzm etməyə yönəlmişdir.
Kitabda ictimai-siyasi lirikanın gözəl örnəkləri var: "Dövlət
quşumuzu gördüm
yaxından", "Azadlıq
türküsü", "Qan", "Söz" və s. Əjdər Ol şeirlərində Azərbaycan poeziyasının
Xaqanidən, Nəsimidən
gələn publisist ənənələrlə zəngin
qolunu davam etdirməyə çalışır.
2000-ci ildə oxucularına təqdim etdiyi "Hamı sənə can deyir" və "Könül vuruşu"
kitablarında toplanan şeirləri Əjdər
Olun özünəxas
poetik platformasını
ortaya qoyur, zamana hesabat verən "gələcəkli"
şairin parlaq obrazını təqdim edir.
"Hamı sənə can deyir" kitabı başdan-başa Vətən
şeirlərindən ibarət
olub, eyni zamanda "Könül vuruşu" kitabında
da ayrıca bölmədə
("Oxşama") yer
almışdır.
"Azərbay" deyilincə,
Düşmənlər də
"can" deyər.
Dönük çıxıb, gözündən
Düşənlər də
"can" deyər.
"Can"
deyir qan-qan deyən.
Od-alovdan don geyən.
Gəzdim
söz sırasında,
Ölkələr arasında,
Tək sənə "can" deyərlər!
"Azərbaycan" deyərlər!
"Azərbaycan"
Hələ ilk kitablarında "Nə çoban tütəyindən, / Nə
dağdan söz açmışam./ Şirvanın
ətəyində / Dünyaya
göz açmışam..."
- deyən Əjdər
Olun şeirləri kökündən "Vətən
şeirləri" kimi
doğulur: "Bilmirəm
necə sevdim,/ Bu bürkülü, sərt
düzü?/ Vətən
uşaqkən evdi,/
Sonra da tale, arzu..." Vətən
sevdası Əjdər
Ol şeirinin mayasında, canındadır.
"Dağ keçib,
yol aşan...",
"neçə şəhərdən
keçən" həmin
sevda qarabaqara şairin ömür yolunu izləyir, onunla bahəm qarışbaqarış Vətən
torpağını dolaşır,
bütünlükdə yaradıcılığının
qayəsini təyin edir: "İçimi yemirəm heç/ Hələ çox səfərim var./ Kərkükü
demirəm heç,/ Təbriz tək şəhərim var./ Bəlkə
görən olubdur,/ Qaçan, itən torpağı?!/ Yarı ömrüm qalıbdır,/
Yarı vətən torpağı!.."
Əjdər Ol şeirində
Vətən mövzusunun
bütünlükdə XX əsr
ərzində Azərbaycan
poeziyasında toplanan lirik, ritorik, patetik və s. məzmun-mündəricə və
forma-ifadə təcrübəsi
özünü göstərir.
Vətən şeirlərində
Əjdər Ol lirik məxrəclə bahəm, patetik formalardan da, bəlağətdən
də gərəyincə
bəhrələnir; yüksək
materiyadan danışarkən
başqa çür olmur da:
Mənim
Azərbaycanım,
Adının da "can"ı var.
Könlümün nə qorxusu,
Nə də həyəcanı
var.
Yağı güc gələ
bilməz,
Bu vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?...
Çünki tükənməz gücün...
Ümumən "Azərbaycan" şeirini şair ritorik tərif (adlandırma) üstündə
qurmuşdur; şeirdə
təkcə bu adın deyil, hətta sözün tərkibindəki hər kəlmənin də təzə poetik mənası, "etimolojisi"
aşkarlanır:
Canı
dilə gətirib,
Canı
cana yetirib,
"Anacan" çağırmışıq,
"Nənəcan" çağırmışıq,
Gah "atacan" demişik,
Gah "babacan" demişik,
Bir də göz açan kimi,
Ruhumuz açan kimi,
Vətənə "can" demişik,
"Azərbaycan" demişik!
Eynən
"İstiqlal" şeiri
İstiqlal sözünün
poetik incələnməsi
üzərində qərar
tutur: "Ey salam tək hamıya söylədiyim,
İstiqlal!/ Rəngini
yaxşı ayırd eylədiyim, İstiqlal!.."
Romantik halədə nəfəs alan şeirdə M.Hadi, M.Ə.Sabir təcrübəsi
görünür; eyni
zamanda yüz il ərzində azadlığı
uğrunda çarpışan
bir millətin həqiqəti təcəssüm
tapır. Sanki Əjdər
Ola sadəcə İstiqlal
anlamının tarixlə
təzələnən mündəricəsini
"xatırlatmaq" qalır:
Vətəni hürr olanın
fikri, sözü hürr olacaq,
Özünü hürr edənin
oğlu, qızı hürr olacaq,
Ən azı şax gəzəcək, lap ən
azı hürr olacaq,
Söyləyim mənmi daha neyləyəcək İstiqlal?!
Əjdər Oldum, bizi biz eyləyəcək İstiqlal!
Əjdər Olun Vətən
şeirlərində çağırış
var; səngiməz, susmaz,
usanmaz bir nida var. Vətən, Azərbaycan adları gələndə Əjdər
Olun poetik ilhamı kükrəyir; müxtəlif ölçü
və ritmlərə köklənən şeir
dörd-beş misralıqdan
başlayıb, 8, 10, 12 misradan
ibarət bəndlərdə
nəfəs dərmədən
davam tapa bilir:
Dolaşdıqca
addım-addım,
Baxdım
ona
maddım-maddım.
Havasını
uddum,
uddum,
Dadmalısın
daddım,
daddım.
Necə
şaddım,
Necə
şaddım
"Vətən" dedim,
Vətən, Vətən!
"Oxşama"
"Könül vuruşu"
kitabında və eyni adlı şeirdə Əjdər Olun poetik platforması
ilə bahəm, çağdaş Azərbaycan
insanının obrazı,
real dünyagörüş və həyat fəlsəfəsi bütün
qətiyyəti, dolğunluğu,
bütövlüyü ilə
əksini tapıb. Azərbaycan insanının
adekvat obrazını yaratmaq ümumən bu illər şeirinin
yüksək idealların
romantik təcəssümündən,
müstəqillik həyatının
ənənəvi şeir
civarlarında növbənöv
- lirik, publisist-dramatik,
əxlaqi-didaktik, passiv-seyrçi
yaşamda inikasınacan
başlıca qayğısıdır.
Amma bu zaman "hər
günə qapı açıb girərək"dən,
məhz Günün obrazını cızmaq, sadə insan maraqlarından çıxış
edib, çağdaşımızın
ömür yazısını
qələmə almaq
hər şairə müyəssər olmur.
Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk
yapış, yorulma,
Çalış ölmə, çalış
itmə, vurulma...
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!
"Könül vuruşu"
bu illər poeziyasında geniş yer tutan dekadansa
qarşı bəlkə
də yeganə platforma olub, ziqzaqlar, keşməkeşlər,
çətinliklər içərisindəki
insanın düşüncə
və duyğularını
əsir etmiş "çöküş fəlsəfəsi"nə
etiraz ruhundadır. Konseptuallıq ideya planından ayrı-ayrı
şeirlərəcən Əjdər
Olun "könül savaşı"nın əsasında
durur. "Ömür"
və "Könül
vuruşu" şeirləri
şairin birbaşa poetik manifestasiyası kimi səslənir: "Könlümü vuruşa
çıxartmışam mən,/
Səf-səf, qoşun-qoşun
kədərlə, qəmlə./
Mənim ürəyimin
hər döyüntüsü,/
Təzə bir hücumdur, yeni bir həmlə..."
Əjdər Ol müxalif dövran, dönük zəmanə, cəmiyyət
düşkünlüyünə qarşı İnsanın
gücünü, mənəvi
səbatını qoyur;
əgər bəxtinə
düşən budursa,
yalnız hisslərini,
düşüncələrini, əzm və iradəni səfərbər
edib könül savaşına girməklə
həyata qalib gələ, ona dəyər verə, məzmunlu edə bilərsən: "Adamsan
də, incidərlər
adamı,/ O dünyadan
haraylama atanı,/ Alan
yoxsa, dur özün
al qadanı,/ Canım-gözüm
, ömür elə budur, bu!/ Dadına
bax, gör nə şirin dadır bu!.."
Patetika
"könül vuruşu"nun
təbiətinə yaddır,
hətta savaş məqamlarında da onun yeganə silahı - qəlbin döyüntülərinə
köklənmiş lirikadır:
"Mənim ürəyimin
döyüş marşı
var,/ Hər an eşidirəm,
hər an o marşı./
Belə vuruşmayıb
İmamsöyün də,/
Bir könül milyona,
milyarda qarşı..."
Əjdər Ol şeirində "ürək"
çox tez-tez bilavasitə predmet kimi çıxış edir: "Mən bir ürək quruluşu qurmuşam,/ Canla-başla qulluğunda durmuşam..." Əjdər
Ol metaforaları gözlənilməz və
özünəməxsus olmaqla,
başlıcası - sərrastdır:
"Yerindən oynayıb,
yurdundan olub,/ Qəlbin sevər yeri hara bağlıdır?/
Bədənə-çadıra sığışa bilmir./
Elə bil qaçqındır, qarabağlıdır..."
Akademik
Rafael Hüseynov yazır:
"Əjdərin zahirən
ən fərəhli, ən qüssəsiz, lap şuxluq, məzə çökmüş şeirlərində
də mən həmin şeir kağıza yetişənəcən
çəkilmiş əzabın
əks-sədasını duyuram..."
Belə ki, Əjdər
Olun hər bir şeirində poetik "mən" daşıdığı konkret
funksiyanı, ümum könül savaşından
üzərinə düşən
vəzifəni yaxşı
mənsiyir və mənimsəyir; bu, sadəcə poetik stixiya deyil, ideya-bədii məqsədlərə
bağlı yüksək
sənətkarlıq məsələsidir.
Əjdər Olun lirikasında
müasirimizin duyğular
aləmi çeşidli
rəngləri, boyaları
- adi müşahidədən,
çizgidən duyumlar,
mənəvi yaşamlar,
fikir passajları, psixoloji portret və lövhələr, həzz-etizaz-ehtiras mənzərələrinəcən
təcəssümünü tapır. "Sabahını
düşünən adi
insan olmaq" amacıyla yaşayan
("Qəhrəman-düşmən"),
hər gününün
həsrətinə tələsən
("Zəng") insanın
içi ətrafına
qarşı nə qədər həssaslıq
("Olduğu kimi"),
sevgi ("Sevən
ki", "Nə gətirim
sənə", "Unutma"),
inam ("Şans"),
müdriklik ("Üzülmə"),
xeyirxahlıqla ("Quş
südü") doludursa
da, yaltaqlıq ("Buyurun"),
ikiüzlülük ("Söyüş"),
nadanlığa qarşı
bir o qədər sərt, hər cür çətinliklərə
isə dözümlüdür
("Yanvar"). "Sən
qaragüruhdan,/ Mən
ağgüruhdan.../ Sən
gücdən düşmürsən,/
Mən də ki, ruhdan..." ("Ağgüruh")
Əjdər Olun peyzaj lirikası yaradıcılığında
əlahiddə yer tutur. Amma təbiətin içindən gələn,
onu bilavasitə şeir bilən şairlərdən fərqli,
Əjdər Ol üçün peyzaj - qazanılmış duyğudur;
heyrət mənbəyi
yox, ömürlə,
yaşla, yaşamla gələn, insanı zənginləşdirən nəsnədir.
Əjdər Olun təbiət şeirləri
impressionist səciyyəlidir; eyni mövzunun növbənöv təcəssümü
təbiətlə təmasda
insan ruhunun hər dəfə təzə-tərliyini ortaya
qoyur: yaz mənzərələrində ("Yaz", "Yazda",
"Gözləməm var"), yağışlı mənzərələrdə
("Tənha yağış",
"Yağış", "Küləkli yağış",
"Günəşli yağış"),
qış mənzərələrində
("Qar üstündən
qar ələndi"),
çicəkli mənzərələrdə
("Ovcum güldanımdır",
"Suyumum") olduğu
kimi.
Dalğalanır, çalxanır günəbaxan
zəmisi,
çatışmır bu dənizin bircə bəyaz gəmisi
Düşüb qızıl dalğaya,
girib sarı dumana,
üzəm gedəm şeh
qonan ətirli bir limana...
Poetik toplularından birini Əjdər Ol "Günəbaxan zəmisi"
(2006) adlandırır və
kitaba isti, günəş sevdalı
şeirlərini toplayır:
"Amma hanı o gəmi,
hanı o şehli sahil,/ çox da məni çağırır
sapsarı zehli sahil./ Kürən günəbaxanlar Günəş
balalarıdır,/ nəğmələri
bir qədim cütçü holavarıdır..."
Adından bütünlükdə mündəricəsinəcən "Günəbaxan zəmisi"
oxucuya həyat sevinci, həyat fəlsəfəsi aşılayan
bir kitabdır. Burda uzun-gərgin "könül savaşı"ndan
qalib, müdrik, toxdaq çıxmış
bir qəlbin rahatlığı, ehtizazı,
rifah dolu anları təcəssümünü
tapmışdər. Vətən
duyğuları hər
gün, bilməzə-görməzə
yaşanan duyğulardır;
"Azərbaycanım", "Soyadım, adım Vətən!", "Uyu,
əzizim, uyu!",
"Atam-anam Vətən",
"Qeyrət məsələsi",
"Təsəlli" kimi
şeirləri hər
dəfə Vətən
deyən şairin doymazlığını, ilhamının
tükənməzliyini ortaya
qoyur: "Vətən
mənə anadır,/
analıq deyil./ Vətən mənə atadır,/ atalıq deyil./ Mən də ona oğulam,/
oğulluq ki, yox./ Soy-kökümdə haramlıq,/
oğurluq ki, yox..."
Əjdər Olun son şeirlərində
sevinc ovqatının,
Günəş rənglərinin
bolluğu "gələcəkli"
şairin əbədi
həqiqətlərə yetməsi
və qəlbində əks-sədası, təntənəsi
ilə bağlıdır:
"Dünya durduqca dursun, gözləri nəm olmasın,/ bir ayı, bir
həftəsi, bir günü kəm olmasın./ Mən minillik deyiləm, ey dadıma yetənim,/ qoy bu minillikdə də min yaşasın vətənim!.."
2020-ci ilin Vətən müharibəsində Azərbaycan
ordusunun şanlı zəfəri şairin
"minillik vətən"
duyğularını daha
da vəcdə gətirir,
müqəddəs savaşın
başlanmasını "Qəzan
mübarək!" ("Ədəbiyyat
qəzeti", 3 oktyabr
2020), Ali Baş Komandan
başda olmaqla qazanılmış möhtəşəm
qələbə sevinclərini
"Qırx dörd günə" ("Ədəbiyyat
qəzeti", 14 noyabr
2020) şeirləri ilə
vəsf edir:
Bayraq tutdum, bayrağımın
sapı özüm,
Qapı-qapı niyə gəzim?
Qapı özüm,
Qələm özüm, sənəd
özüm, tapu özüm,
Baş Komandan imza atdı
qırx dörd günə,
Qələbəyə üç rəng qatdı qırx dörd günə.
Yaradıcılığının müasir
mərhələsində poeziya
ilə yanaşı Əjdər Ol nəsr və dramaturgiyaya da geniş yer ayırır. Ayrı-ayrı hekayələri
və portret yazıları mətbuatda
dərc olunsa da, Əjdər Ol bir nasir və
hekayəçi kimi
"Ölümlə zarafat"
(2007) kitabından sonra
tanınır. "Qrafoman"
(2009), "Portret hekayələr"
(2010), "Tütün limanı"
(2012), "Canlı lətifələr,
əhvalatlar, deyimlər"
(2015) kitabları isə
onu janrın ustası kimi ölkə hüdudlarından
kənarda da məşhurlaşdırır.
Əjdər Ol hekayələrində
başlıca olaraq realistdir, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, Y.V.Çəmənzəminlidən
əsil ustad dərsləri aldığı
parlaq şəkildə
görünür. Milli insanın
xarakteri, mental dəyərlər,
milli həyatın mənzərələri
yazıçını hər
şeydən çox
məşğul edir və realist qələmin
ədəbiyyatımızda topladığı təcrübədən
məharətlə bəhrələnib,
onu yeniləyir, günün xidmətinə
yönəldə bilir.
"Börüsoy", "Usta Yusifin kamançası",
"Şər Nizi",
"Hərbi səhra
komandirinin meymunu",
"Qəzənfər müəllimin
Şuşaya yürüşü"
və bir çox başqa hekayələri tamamən
bu ruhdadır, milli xarakterin dərinliyinə enməklə əsrlər
uzunu dəyişən
və dəyişməyən
toplum həqiqətlərini
yeni situasiyalarda kəşf
edir.
Bununla belə, Əjdər Olun təhkiyə tərzində birbaşa Qərb hekayəçiliyindən
alınma məqamlar
da barizdir. Bu və ya digər şəkildə
müəllif-yazıçı obrazını daxil etməklə hekayənin həyatiliyinə diqqət
artırması, oxucu marağını cəlb
etmək və saxlamaqdan ötəri macəra, gözlənilməzlik,
hətta detektiv ünsürlərindən maksimum
istifadə buna misal
ola bilər. Həmin xüsusiyyət bu və ya digər
dərəcədə bütövlükdə
hekayələrinin ruhunda
hiss olunsa da, xüsusən
"Ölümlə zarafat",
"Fa...", "Qatillə görüş", "Tütün
limanı"nda qabarıqdır.
İnsanı və gerçəkləri ekstremallıqda,
fərqli situasiyalarda,
macəra və mistik halə içində aramaq, araşdırmaq modern həyatın
tələblərindən gəlir
və bütünlükdə
Əjdər Ol hekayəçiliyinin istiqaməti
klassikadan modernizmə
doğrudur.
Əjdər Ol həm də portret-hekayə ustasıdır, "Ədəbi
portretlər": "Anarımız",
"Yazıçı Namiq
Abdullayevin axırı",
"Rafiq Tağı ki, Rafiq Tağı...", "Kür
Əlisəmid" əsərlərində
müasiri olduğu yazıçıların obrazlarını
yaxından, son dərəcə
dürüst müşahidələr,
çizgilərlə yaratmağa
nail olmuşdur.
Əjdər Olun nəsr yaradıcılığı xalqdan
eşidib qələmə
aldığı əhvalatlar,
lətifələr deyimlərlə
də təmsil olunur. "Müdriklik anları" (1996) kitabında
mənalı əhvalatlar
əsasında Ulu Öndər
Heydər Əliyevin xalq təsəvvüründəki
canlı obrazını
yazıya ala bilmiş,
hər nəşrində
daha da artan "Canlı lətifələr,
əhvalatlar, deyimlər"
kitabında (son dolğun
nəşri: 2015) XX əsrin
məşhur insanlarının
həyatından düşündürücü
məqamları: "Siyasətçilər
və Dövlət adamları", "Yazıçılar
və Alimlər",
"Sənətçilər", "Tanış-bilişlər" olmaqla təqdim etmişdir.
Yaradıcılığının son dönəmində
Əjdər Ol roman janrına müraciət etmiş, "Lo" romanını
(2010-2018) qələmə almışdır.
"Canlı roman" təyinini
verdiyi əsər bioqrafik materiallara söykənsə də, ictimai-siyasi romanlara xas geniş zaman və cəmiyyət hadisələrini əhatə
edir. Çernobıl qəzası ilə başlaması, sonradan ümumən XX əsrin nəhəng dövləti
Sovet quruluşunun dağılması, 1985-1987 - Qorbaçov
yenidənqurması, Marqaret
Tetçer, R.Reyqan,
Raisa Maksimovna, Paris, "Humanite"
qəzeti, Aqambekyan, Qarabağ hadisələri,
1987-də Ermənistanqan qovulan
azərbaycanlılar, 1988-in fevralında Sumqayıt təxribatı, 1988-in noyabr-dekabr
mitinqləri, Meydan hadisələri,
1989 - AXC və digər
baş verənlər,
1990-nın Qara yanvarı
və s. hadisələr
romanı bioqrafik strukturdan çıxarır,
günün ictimai problemlərinə kökləyir.
Sadəcə tarixi faktlar olmayıb, sadalananlar həm də qəhrəmanın
paralel konstatasiya etdiyi realiyalardır. O, Qarabağ hadisələrini
görür, düşünür,
izləyir, anlayır,
amma konkret bu müharibədə iştirak edə bilmir; hər yerdə, hər vəchlə Qarabağdan uzaqda, əksəriyyət
kimi, hardasa illüziyalarındadır. Roman boyu qəhrəmanın sərrast "müharibə
düşüncələri" yer alır, hər dəfə də müharibə ilə üzləşəndə
bir qənaətə gəlir: "Müharibəni
dövlət aparmalıdır..."
"Lo" romanında Əjdər
Ol "müharibə,
inqilab, anarxiya, qarışıqlıq
dövrləri adamı"nın
iç dünyasını
qələmə almışdır.
Roman Ulu Öndər Heydər Əliyevin iqtidara gəlib xilaskarlıq, səliqə-sahman, quruculuq
Epoxasına başlaması
ilə başa çatır. İlk addımların
sevincini yaşayan qəhrəman hakimiyyəti
möhkəm əllərdə
görüb, "canlı
roman"dan çıxmağa
qərar verir.
"Lo" dərin ictimai
silkinmələr dövrünün
ekzistensial-realist romanı
olmaqla önəmli ədəbiyyat faktıdır.
Əjdər Ol müstəqillik
ədəbiyyatını yaradan
müasir yazıçılar
nəslinə mənsubdur.
Yeni-yeni əsərləri ilə
o, bugün də oxucuları sevindirməkdə,
ədəbiyyatımızı zənginləşdirməkdədir.
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 17
avqust, №31.- S.24-25.