Sənin  haqq yolun

 

Qələm dostum Rəşad Məcidin 60 illik yubileyinə

 

Altımış yaşını təbrik edirəm,

Nə tez yola saldın illəri, heyhat!

Sinəndə Qarabağ, əlində qələm,

Şuşa dastanını

            Başa vur, Rəşad!

 

Qaynar ürəyində söz yığın yığın,

Sənə ki, bəllidir mənim yaşım.

Altımış yaşında,

            Bu cavanlığın,

Nədir həyəcanı bunca, qardaşım?!

 

Bir səmtə əsməyir hər əsən külək,

Süfrə var bəzək, zər istəyir.

Əlbəttə, hər sözü yerində demək,

Yerində susmaq da,

            hünər istəyir.

 

44 gün, Şəhidlər, əbədi Zəfər!

Ötən tariximiz bir gələcəkdi.

Şair dediyini ürək eşidər, -

Şairin bir adı -

            Elə ürəkdi!

 

Mən ürəyimi bağışlamışam,

Keçmişəm o Zəfər yoluyla mən .

Cənab Prezidenti alqışlamışam,

- Salam, Şuşa!..

            deyib əl eləyəndə.

 

Altımış yaşını alqışlayıram,

tez yola saldın illəri, heyhat!

Sinəndə Qarabağ, əlində qələm,

Şuşa dastanını

            başa vur, Rəşad!

 

Nəriman Həsənzadə

Xalq şairi

 

Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.6.