O, ayrı
bir dünyadır...
Mənim
şair dostum Qabilin gözəl bir şeiri var: "Adsız bulaqlar". Əzbər olaraq yadımda deyil, amma ümumi məzmunu belə idi ki, bizim dağlarımızda,
meşələrimizdə o qədər adını eşitmədiyimiz və adı bilinməyən bulaqlar var ki, məşhur
bulaqlardan qat-qat gözəl,
bol sulu, müalicəvi
əhəmiyyətli suları
olan bulaqlar... Qabil o şeiri gözəl yazmışdı,
o mənada ki, üzdə
olmaq, hamının tanıdığı məşhur
bir simaya çevrilmək hələ
hər şey demək deyil. Dünya böyükdür,
insanlıq böyükdür,
millət də böyükdür. Millətin
içərisində o qədər
dəyərli insanlar
var ki: eldə, obada, kəndlərimizdə, rayonlarımızda...
Onların çoxunun
adını bilmirik. Çoxu cəmiyyət arasında o qədər də məşhur deyil. Amma ruh etibarı ilə, düşüncə etibarı
ilə, gördüyü
işlər, bağlı
olduğu ideallar ilə, üzdə olanlardan ən azı aşağı deyil, bəlkə də onlardan üstündür.
Bu girişdən sonra əsas fikrimin, məqsədimin üstünə
gəlirəm: mən
Etibar Əbilovu uşaq vaxtlarından tanıyıram. Onu da, Azəri də, ümumiyyətlə
bu ailəni bizim böyük ziyalımız İmamverdi
Əbilovun sayəsində
tanımışıq. Bu
işıqlı insanın
evinə gələn hər kəs, həm də onun övladlarını tanıyırdı. Bəli,
Etibar İmamverdi müəllimin oğludur.
Onun yolunu, izini davam etdirən
bir ziyalıdır... Amma Etibarla tanış
olandan sonra görürsən ki, o özü tamam ayrı bir dünyadır,
ayrı bir aləmdir. Çox yüksək oxu mədəniyyəti, yüksək məlumatı,
yüksək biliyi olan bir adamdır.
Dünya ədəbiyyatının,
dünya mədəniyyətinin
ən ciddi örnəklərini, ən
ciddi nümunələrini
dərindən öyrənmiş,
bilən və hər şey haqqında çox orijinal düşüncəsi
olan, sözün əsl mənasında, bir aydındır, işıqdır,
işıq paylayandır.
Ona görə də tam əminliklə
deyirəm ki, İmamverdi müəllimin
ocağı öz sağlığında olduğu
kimi bu gün
də gur yanır. Bir yandan, Azər Turan - bizim "Ədəbiyyat qəzeti"ni
çox yüksək
səviyyədə çap
edən və İmamverdi müəllimin ruhunu, onun tutduğu yolu davam etdirən
bir qardaşımız,
o biri yandan da Etibar... Etibar
Neftçalada yaşayır,
amma Azərbaycan ədəbiyyatının bütün
axarları, axınları,
mədəniyyətimizdə baş verən bütün hadisələr
onun içindən, onun düşüncəsindən,
onun təfəkküründən
keçir... Etibarla söhbət edirsən və görürsən ki, dünyanın o biri başında mədəniyyət aləmində,
ədəbiyyat aləmində
baş verən hər hadisədən xəbərdardır və
hər şey haqqında da özünəməxsus və
həm də həqiqətə, bəlkə
də ən yaxın olan dəyəri, qiyməti o verə bilir. Buna görə də, mən onun dünyanın böyük mədəniyyət
xadimlərinə, söz
sahiblərinə, böyük
şairlərinə verdiyi
dəyər, qiymət
haqqında düşünəndə
görürəm ki, Etibar Neftçalada, öz düşüncəsində
bir sənət paytaxtı yaradıb. Neftçala onun simasında həm də Azərbaycan ziyalılığının bir
baş kəndidir, mərkəzidir.
Etibarın bu
yaxınlarda "Çingiz
Aytmatov dünyası"
adlı bir kitabı çap olunub. Mən o kitabı oxudum və gördüm ki, bir var,
öz yazıçılarımız
haqqında fikir deyəsən, bir də var ki,
əsərləri 150 dilə
tərcümə olunmuş,
dünyanın ən böyük yazıçılarından
biri olan, həm də türk dünyasının
fəxri olan Çingiz Aytmatov haqqında bu dərəcədə sanballı
bir əsər hasilə gətirəsən.
Onun bütün yaradıcılığını dərindən dərk edərək, duyaraq, yaradıcılığının dünya ədəbiyyatındakı
yerini müəyyənləşdirəsən,
həm də Azərbaycanla yaxınlığını
həssaslıqla incələyərək
belə bir kitab yazmaq hər
ziyalının işi
deyil. Məncə, Bakıda oturan ədəbiyyatşünaslardan heç biri belə bir işə
girişməyib. Demək,
bu, Etibarın nə qədər geniş düçüncə
sahibi, nə qədər geniş təfəkkür sahibi olduğunu göstərir.
Etibar Azərbaycanın
böyük ziyalılarından,
fikir adamlarından biridir.
O, ömrünün 65-ci baharını adlasa da, mənə görə yenə də ömrünün bahar yaşını yaşayır. Mən bu yaşdan onu elə görürəm.
Arzu edirəm ki, onun kitablarının
sayı çox olsun. Bizim bir
yazıçı dostumuz
var idi: Vidadi Məmmədov. Etibar yəqin ki, onu tanıyır.
O danışığın gözəl ustası idi. Elə bir
istedadın özündən
sonra, təəssüf
ki, iki hekayəsi
qaldı... Mən istəyirəm ki, Etibar düşündüklərini,
danışdıqlarını yazsın. Onun "Azərbaycan" jurnalında,
"525-ci qəzet"də, "Ədalət"
qəzetində,
"Ədəbiyyat qəzeti"
və digər mətbu orqanlarında gözəl tənqidi yazıları, düşüncələri,
publisistik məqalələri
çap olunub. Bədii yazıları da var. Hekayələri
də çap olunub. Bu yazıların
çapı çox
olsun, kitablarının
çapı çox
olsun. O, Yazıçılar
Birliyinin üzvüdür,
bu öz yerində, amma onun atasının məşhur kitabxanasının
Etibarın kitabları
ilə zənginləşməsini
arzulayıram. Azərin
bir sıra qiymətli kitabları çap olunub. Mən hesab edirəm ki, bu iki qardaş
atalarının ruhunu
sevindirir. Atalarının
ocağı, evi - İmamverdi müəllimin
evi Azərbaycanın bir ziyalı ocağı idi. Bakıdan durub gəlirdilər onu ziyarət etməyə, onu görməyə, onunla söhbət etməyə. Bizim tanıdığımız bütün
böyük, üzdə
olan şairlərimizin,
yazıçılarımızın onunla bağlı xatirələri var və o ocağı bu gün şənləndirən,
orada atasının ruhunu daima sevindirən
Etibardır və o bu işi davam
etdirir.
Mən Etibara
uğurlar, cansağlığı
arzulayıram. İmamverdi
müəllimin ocağı
bu gün həm də Etibarın öz ocağıdır.
14 avqust 2024
Sabir Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.7.