Zaman və tale
sözçüsü: Rəşad
Məcid
İki əsrin qovşağının
başabaş qırx
ilində Azərbaycan
xalqının mədəni,
ədəbi, mətbu
və ictimai həyatının inkişafında
müstəsna xidmətləri
olan bir şəxsiyyətin 60 yaşı
tamam olur - Rəşad Məcid... Laçınlı müdrik
el ağsaqqalı Mirhacib Ağanın nəvəsi, Qarabağın
ləyaqətli, ziyalı
insanlarından olan Müseyib müəllimin oğlu, cümlənin dilini nağıllardakı
kimi yüyrək eləsək, yəni bizim Rəşad Məcid altmış ili dizinin altına
qoyub yetmişə və daha sonrakı
onilliklərə üz
tutur.
Yaxşı tanıdığım bu şəxs təmiz, duru qanlı Azərbaycan türküdür, şairdir,
unikal, ədəbi-estetik
və həyati dəyərə malik hekayənin
müəllifi olsa da,
o, ikicə nəsr örnəyinə görə
nasirdir, "525-ci qəzet"
kimi otuz illik bir müddətdə
işıq üzü
görən, milli mətbuatımızın
tarixini zənginləşdirən
mətbuat orqanının
qurucusu, naşiridir.
Bu hələ azdır, o, bizim zamanımızda deyildiyi kimi, alovlu publisistdir. Niyə belə deyirəm, çünki onun qələmindən çıxan, mətbuatda
dərc olunan yüzlərlə esse, analitik yazı, təəssürat və səfər qeydləri, həyat hadisələrindən
qidalanan məqalələr
silsiləsi öz sətirlərində qlobal
mahiyyət daşıyaraq
davamlı energetikanı
hifz etməklə bərabər, oxucuların
qəlbində od-ocaq yandırır, könüllərə
hərarət daşıyır.
Jurnalistlər peşə amilinə
görə zamanın,
vaxtın sifarişinə
məhkumdurlar. Uzunömürlü,
əhəmiyyətli dəyərlər
yaradan jurnalistlərin
isə ayrı bir sifarişçisi də var - həm də onlar bir
neçədir: ürək,
vicdan, haqqın, hüququn pozulmasına dözümsüzlük, dürüstlük,
ədalət prinsipi, humanizm, aktuallıq, obyektivlik və sarsılmaz vətən sevgisi, vətəndaşlıq
mövqeyi!
Milli mədəni, ədəbi
və mətbuat müstəvisində onun əksər hallarda uğurla yekunlaşan çalışmaları, sözün
gerçək mənasında,
bəlli dövrün
mövcud mühitinə
töhfələr vermiş
və bütün bunlar Azərbaycanda, türk dünyasında, postsovet məkanında mənəviyyat anlamına
maraq göstərən
hər kəsə bəllidir.
Hiss edirəm ki, öncədən
ümumiləşdirmə məni
bir qədər irəli atır.
Əslində bunun səbəbi
deyilənləri isbat
etmək üçün
əlimin altında olan istinadların bolluğu və Rəşad müəllimin
həyatına, şəxsiyyətinə,
yaradıcılığına kifayət qədər vaqif olmağımdır.
***
Yazı
masamın üstündə
onun qələmindən
çıxan on-onbeş
civarında kitab və
haqqında yazılan məqalə, esse, şeirlərdən ibarət
toplular üst-üstədir.
"Hələ ki, vaxt
var" (1993), "10 sentyabr" (2004),
"Əlvida və salam" (2009), "10 sentyabr"
(hekayə, bir neçə dildə),
"Dəlicəsinə" (2014),
"Bir də gəlməyəcək"
(2015), "Roman - sevgi şeirləri"
(2015), "Bir daha gelmeyecek"
(Ankara, 2015), haqqında akademik
İsa Həbibbəylinin "Bütün yönləriylə
yaradıcı", çoxsaylı
müəllif düşüncələrindən
ibarət "Xasiyyət
xoşbəxti" (2019)...
Maraq xatirinə deyim ki, məndə olan bu kitabların
hamısı müəllifin
avtoqrafı ilədir.
Oxuyub bildiklərimə görə,
o, 1964-cü ildə avqust
ayının 20-də (doğum
şəhadətnaməsində Ağcabədi yazılsa
da) ən mötəbər
şahidin, anası Yavər xanımın dediyinə görə, Laçın rayonunun Kosalar-Ağoğlan kəndində
doğulub. Görünür,
yəqin ki, elə belədir, atası Müseyib müəllimin xidməti vəzifəsi, iş yerləri ilə əlaqədar olaraq Rəşad səkkiz il Ağdamda məktəbə gedib, sonra Bakıda riyaziyyat təmayüllü
məktəbdə orta
təhsili başa vurub, universitetin filologiya fakültəsindən
"konkursa düşüb",
o biri ili sonralar bütün həyatına və yaradıcılığına istiqamət
verən həmin ali məktəbin jurnalistika fakültəsinə
qəbul olunub. Səhv etmirəmsə, elə təhsil illərində bu gün Azərbaycanın sevilən yazıçısı,
millət vəkili,
"525-ci qəzet"lə sözün yaxşı mənasında, uğurla rəqabət aparan "Ədalət" qəzetinin
baş yazarı Aqil Abbasın təşəbbüsü
ilə "Elm və həyat" jurnalında işə düzəlib.
Gənc
yazarın o illərdə
ara-sıra görünən
imzasıyla yanaşı,
onun "Ədalət
qəzeti"ndə, "Azərbaycan"
("Həyat") qəzetində
redaktor müavini, Azərbaycan Tərcümə
Mərkəzində direktor
müavini, "Azərmətbuatyayım"da
rəis olduğu vaxtları da, "525-ci qəzet"in
təsis olunduğu
1992-ci ili də xatırlayıram.
Və elə bil hər
şey dünən olub. Və elə
bil indinin indisində də onun 21, mənim 30 yaşım var. Biz demək
olar ki, hər həftə, iki gündən bir indiki Milli Parkda (Bulvarda) sıralanan fərqli çayxanalarda
Aqil Abbasın başçılığıyla
ustad, eyni zamanda həmyaş sənətkarlarla (aktyorlar,
rəssamlar, müğənnilər,
alimlər, oxucular, siyasətə meyil edənlər daxil) bir araya gəlir,
sayı bilinməyən
"çaynikləri" sümürüb boşaldır,
qolumuza güc verib bilyard daşlarını
şaqqıldadır, Xəzəri
seyr edir, ədəbiyyatdan, sənətdən...
danışır, adətən
ən sonda cibimizin qüvvəsi çatan həddə hardasa bir qismət
çörək kəsməyə
tərpənirdik.
Bizə
nisbətən, Rəşadın
yaşı az olsa da, o, mötəbər
insanlarla (Firudin Şuşinski, Vaqif Səmədoğlu, Abbas Abdulla, Aydın Məmmədov,
Ramiz Rövşən, Seyran Səxavət, Vidadi Məmmədov, Nüsrət
Kəsəmənli, Çingiz
Əlioğlu, Sabir Rüstəmxanlı,
Firudin Cəlilov, Cəlil Nağıyev,
Kamil Vəli, Zakir Fəxri,
Mövlud Süleymanlı,
Vaqif Cəbrayılzadə,
Baba Vəziroğlu, Tahir Aslan, Aqil Abbas, Ağacəfər Həsənli,
Mehman Cavadoğlu,
Tehran Vəliyev, Fikrət
Əhmədov, Pərviz
Xosrovoğlu, İlqar
Həsənov, Aydın
Səlimzadə, Şamxal
Rüstəm, Loğman
Rəşidzadə... və
daha kimlər) həmin o bir neçə masanın birləşdirilməsindən ibarət
çay masası ətrafında özünə
dinc bir künc tapırdı. Danışmaqdan çox,
dinləməyə üstünlük
verirdi. Bu, lap yaxşı
yadımdadır.
***
Bizim siftə tanışlığımız
həmin o möhtəşəm
80-ci illərə dayanr.
Dərin tanışlığımız
isə 80-ci illərin
sonunda, mən "Kommunist" qəzetində
çalışanda başladı.
Demokratiya
və etiraflar axtarışındaydıq. Sovet
rejiminin təzyiqlərinə
məruz qalmış
insanların üstünə
işıq salmaq, bir çoxlarının qəsb edilmiş haqlarını illər ötəndən sonra heç olmasa, təskinlik xatirinə yada
salmaq istəyi vardı.
Haqlı
olaraq ilk yada düşənlərdən
biri o zaman heç bir rəsmi titulu olmayan, amma xalqın qəlbində öz ecazkar səsiylə möhkəm yer eləyən Flora Kərimova
oldu.
"Kommunist"ə "Sovet
kəndi" qəzetindən
gəlmişdim, iqtisadiyyat
şöbəsinin müdiri
idim. Əslində bu mövzunun mənim redaksiya işimə dəxli yox idi. Di gəl,
özümə dəxli
vardı, çünki
zatən, təbiətən
mədəniyyət zümrəsindən
idim.
O zaman eləydi, indi də elə qalır.
Uzun sözün qısası,
çayxana dostumu (indi müdrik dostum) aradım. Soruşdum ki, Flora xanımı
danışdıra bilər?
Gözü güldü.
Və səhəri gün Rəşad Məcid redaksiyada ağ gül dəstəsi ilə (nədənsə güllərin
rəngi yadımda elə qalıb) dahi müğənnini qarşıladı.
Sonda o zamanın gözüylə
böyük rezonans doğuran müsahibə qəzetdə dərc olundu. Adı beləydi: "Bağlı
qapı açaram".
Təbii ki, Rəşad
o müsahibəni gənclik
şövqü, bir az "ağına-bozuna"
baxmadan qələmə
almışdı. Müğənninin
azad düşüncəsi
də əsaslı rol oynamışdı, şəksiz. Əlbəttə,
biz yazını mövcud
meyarlara uyğun bir qədər ütülədik (burada yadıma bir alleqoriya düşür. Deyir, bir gün
bir anac toyuq necə olursa, tonlarla taxıl yığılan
anbara yol tapır. Elə buğda tığına çatan kimi, hələ bir dimdik buğda dəni götürməmiş
başlayır eşənək
atmağa. Qıraqdan baxan anbardar deyir, ay toyuq, qabağında bu qədər arınıb-arıtlanmış
dən var, dənlə
də, niyə eşənək atırsan?
Toyuq deyir: fikir vermə, qardaş, tökülmüşlərim
- ayaqlarım eşələməyə
öyrəşib). Və
bəli, lüzumsuz ixtisar, mətnin üstündə eşənək
atmaq sovet mətbuatının ən
başlıca səciyyələrindən
biriydi.
Az sonra Rəşad müəllim bizim qəzetdə elmlər doktoru, Tərəvəzçilik
İnstitutunun direktoru
Fəzli Hacıyevdən
müsahibə aldı.
Yenə də "Bağlı qapı açaram"dan heç
də az əks-səda verməyən,
A-2 formatda qəzetin
tam bir səhifəsini
tutan yazı "Göyərtinin göynərtisi"
adlanırdı.
İndi baxıram, Rəşad müəllim həmin o yazıların heç birini həm də publisistik əsərlərdən ibarət
"10 sentyabr", "Əlvida
və salam", "Dəlicəsinə" kitablarının
heç birinə daxil etməyib. Bu düzgün qərardı,
sanıram. Çünki
onlar zamanın çağırışlarıydı. Ziqzaqlı keçid dövründə cəmiyyətin
yoluna işıq tuturdu ki, mənəviyyat və iqtisadiyyat yönlərində hansı
və necə əngəllər var və
insanlar o məqamları
heç olmasa nəzərə alsınlar.
Yaxşı ki, bizim
Milli Kitabxanamız var və
Azərbaycanın ictimai
həyatının fərqli
dövrlərindən bəhs
edən dövri nəşrlər orada qorunur. Həmin fərqli dövrləri araşdıranlar, heç
şübhəsiz, öncə
xatırlatdığım Rəşad
Məcid imzalı məxəzləri də gözdən keçirəcəklər.
Əslində bu tipli xatiratları yazının
sonuna saxlamaq istəyirdim. Amma bu gecə vaxtı Mərdəkanda, dostumuz barədə bu yazını qələmə
aldığım anlarda
həyət işıqlarının
nura boyadığı
əncir, nar, küknar ağaclarına baxır, hiss edirəm ki, Rəşad Məcidin varlığına təpədən-dırnağa
ehtiramla doluyam. O qədər ki, heç bilmirəm, nəyi indi deyim, nəyi
sonra? Düşüncələrimin
hamısı birdən
gəlmək, birdən
səslənmək, birdən
kağıza köçürülmək
istəyir. Yenə də dadıma Rəşad müəllimin
sülh adamı olmağı yetişir. Məncə, rahat, fərəhli həyatın
düzəni sülhdür!
Dünyanın altı-üstünə
çevrilirsə, hansı
yaradıcılıqdan, hansı
sevgi duyğularından,
ümumən, hansı
insaniyyətdən söhbət
gedə bilər? Belə olduğu halda, gərək biz də hər sözün növbəsini
öz məqamına tapşıraq.
***
Nəzərə alınmalı ilk düşüncə
budur: Rəşad Məcid haqqında bizim bu yazıya
qədər kimlər
yazıb, nələrdən
bəhs ediblər?
Əgər tədqiqat fikriylə
ümumən mətbuat
nüsxələrini (kitab, jurnal, almanax, toplu, qəzet) vərəqləsək, yaxud
internet resurslarına baş
vursaq, əhəmiyyətli
külliyyatla qarşılaşarıq.
Mənsə, öz mülahizələrimi bu dəqiqə, Mərdəkanda
həyət işıqlarının
nura boyadığı
əncir, nar, küknar ağaclarının
şahidliyi altında,
yazı masamın üstündəki kitablara
əsasən qələmə
alıram. Onların sayı dörd üstəgəl birdir (Ankarada nəşr olunan "Bir daha gəlməyəcək", Bengü,
2015 kitabını Bakıda
işıq üzü
görən "Bir də
gəlməyəcək" kitabının ekvivalenti saymaq şərti ilə).
Məhz
bu dörd kitab əsasında Rəşad
Məcidin yaradıcılığına
münasibət bildirmək
düşüncəsi ortadadırsa,
o zaman akademik İsa Həbibbəylinin
Rəşad Məcidin
yaradıcılığından bəhs edən məxsusi monoqrafiyasını
və o əsasda
"Bir də gəlməyəcək"
toplusunda yer alan "Bütün yönləri ilə yaradıcı" başlıqlı
"Ön söz"ü
yola davam üçün istinad kimi önə çıxarmaq istərdim.
İsa müəllim sözügedən
tədqiqatın lap başlanğıcında
yazır ki, Rəşad
Məcid çoxcəhətli
yaradıcılıq fəaliyyətinə
malikdir və məşğul olduğu
bütün yaradıcılıq
sahələrində professionaldır.
Akademik daha sonra qeyd
etməyi zəruri sayır ki, publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin
əsas, aparıcı
tərəfidir, onun gündəlik işidir. Azərbaycanda "525-ci qəzet"
səviyyəsində müstəqil
mətbuat yaratmaq və bu qəzetin
nəşrini uğurla
davam etdirmək onun xidmətidir. Rəşad Məcid müstəqillik dövrü
Azərbaycan publisistikasının
əsas yaradıcılarından
və görkəmli nümayəndələrindən biridir. Ədəbi tənqid sahəsində də Rəşad Məcid mükəmməl
"yazıçı" sözü deməyi bacarır. Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü
Azərbaycan şeirinin
yaradıcıları sırasında
onun özünəməxsus
görkəmli yeri vardır. R.Məcidin
şeirləri mövzu,
janr, üslubi yanaşma, bədii təsvir vasitələri ilə bənzərsizdir.
İsa müəllim "Bütün
yönləri ilə yaradıcı" ədəbi
portretində poetik duyğuların estetik təsir gücünü Rəşad Məcidin şeirləri əsasında
incələyəndə həyatiliyin,
təbiiliyin müstəsna
şərtlər olduğunu
təsirli cümlələrlə
ifadə edir: "Hələ ki vaxt var" kitabından görünür
ki, Rəşad Məcid
üçün şeir
"bir dolu ürəyin püskürmə
çağıdır", "dikəlib asfaltı deşən bənövşədir",
"sinədə boğmaq
olmayan bir qəfil hönkürtü"
kimi təbii proseslərin nəticəsində
yaranmış bədii
düşüncənin ifadəsidir.
Rəşad Məcidin
lirikası içərisində
olduğu cəmiyyətlə
və doğma təbiətlə birgə
nəfəs alan cavan bir qəlbin
şairanə şəkildə
vurğunluğudur. Onun
şeirlərində dünya
da, Vətən də
ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim
edir.
İsa Həbibbəylinin irəli
sürdüyü elmi
əsası olan bu mülahizələrlə
şərikəm. Bu da qeyd
olunmağa layiqdir ki, tədqiqatın müəllifi
araşdırma axarında
Rəşad Məcidin
yaradıcılığının həm şair, həm publisist, həm yeni dövrün mətbuat banisi, həm də ədəbiyyat və ictimai xadim baxış
bucağından elə
dəqiq məqamlara toxunur ki, oxucuya elə gəlir şair-publisist haqqında
hansı təyinedici düşüncə varsa,
onların hamısı
deyilib, yazılıb.
"Bütün yönləriylə
yaradıcı" ("Bir də gəlməyəcək"
kitabı) Ön sözünü oxuyarkən,
sözün düzü,
milli poeziyamızın ötən
əsrin 80-ci illərindən
başlayan və bu günümüzə qədər davam edən ədəbiyyat tablosu gözümün önünə gəldi və tam bir arxayınlıqla təsdiqlədim
ki, gör bizim poeziya məkanında nə qədər özünəməxsus dəyərli
simalar var, Rəşad
Məcidlə bərabər
onların hər birinin yaradıcılığı
məhz İsa Həbibbəylinin
"Bütün yönləriylə
yaradıcı" əsərindəki
mükəmməlliklə təhlil
və təqdim olunmağa layiqdir.
Yubilyar dostumuz yaradıcılığının
bəhrələri haqqında
hansısa tanıtım,
təbliğ, araşdırma
yazılarına əlahiddə
həvəs göstərməsə
də, bu mövzuya müraciətlərin
kasadlığını da söyləyə bilmərik.
Onun əsərləri
barədə kimlər
söz açmayıb.
Yalnız "Xasiyyət
xoşbəxti" toplusunda
yer alan nüfuzlu imzaların bir qismini xatırladırıq:
Kamal Abdulla, Nizami Cəfərov,
İrfan Çiftçi, Ramiz Rövşən, İradə
Tuncay, Pərvin, Tehran
Əlişanoğlu, Kamran Əliyev,
Bədirxan Əhmədli,
Buludxan Xəlilov, Ənvər Əhməd, Elşən Əlibəyli,
Mustafa Çəmənli, Firuzə
Nadir, Aysel Əlizadə,
Türkan Turan, Şəfəq Nasir, Gülnar
Səma, Elnura Cavadzadə, Şahanə Müşfiq, Südabə
Sərvi, Elxan Zal, Yaşar Qasımbəyli, bu sətirlərin müəllifi
Vaqif Bəhmənli.
Bu adlar, bu ədəbi məqalə örnəkləri yalnız
öncə adıçəkilən
kitablarda yer alanlardır. Halbuki dostumuz haqqında Hüseyn Arif, Nəriman Həsənzadə,
Məmməd Araz, Elçin, Anar, Aqil Abbas, Yaqub Öməroğlu, İmdad Avşar... kimi qüdrətli söz sahiblərinin yazdıqlarını da yada salmaqda
haqlıyam. Bu arada türkiyəli mərhum jurnalist, şair, filosof, ədib İrfan Çiftçinin "Dəlicəsinə"
kitabının Türkiyə
nəşrinə yazdığı
"Rəşad Məcidin
keçib gəldiyi tunel" adlı Ön sözü xüsusilə vurğulamalıyam.
Bu siqlətli araşdırma
təkcə kitab müəllifinin
deyil, Azərbaycan ziyalılığının, milli ədəbi düşüncəmizin
indi qorxunc yuxu kimi təzahür
edən mənfur dünyadan, qeyri-humanist mühitdən, başqa sözlə, sovet rejimindən çətin
qopuşunu, ictimai-siyasi
bətndən gələn
ləkələrdən qurtuluşunu
yüksək, intellektual
səviyyədə və
ümumiləşdirmə yoluyla
təsvir edir.
İrfan Çiftçiyə belə bir qüdrətli
əsər yaratmaq imkanını (şansını)
yenə də bizim bu yazının
qəhrəmanı - Rəşad
Məcid vermişdir.
Bu anlamda akademik Nizami Cəfərovun şair-publisist haqqında
mülahizələri də
yerinə düşür.
Nizami müəllim səxavətli və ədalətli ədəbiyyatşünas,
həssas təhlilçidir.
O bir çox hallarda imzanın siqlətinə fərq qoymadan, hətta boz bir külliyyatda
belə orda-burda işaran dəyərləri
görür və tam
bir səmimiyyətlə
təqdim edir. Bəzən onun ədəbiyyatşünas yanaşması
səhrada çiçək
toplamağa bənzəyir.
Yaxşı ədəbi
örnəklər isə
tənqidçini elə
qanadlandırır ki, yazıçının,
şairin heç özünün xəbəri
olmadığı qiymətli
məqamların tərifi
üzə çıxır.
Uzağa getmirəm, görkəmli alimin məhz qanadlanaraq, kifayət qədər zəngin yaradıcılığa
əsasən qələmə
aldığı "Rəşad
Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası" əsəri
indicə irəli sürdüyüm qənaətin
sübutudur.
Nizami müəllim Rəşad
Məcidin bütün
qatqılardan, qafiyəpərdazlıqdan,
şablon ahəngin barmaq sayından, yaxşı və pis olan bütün
qəliblərdən uzaq,
yalnız ürəyin
və poeziya fəlsəfəsinin ritminə
uyğun, təbii, doğal şeirlərinə
məhz elə yuxarıda sadalanan maddələrə nəzərən
diqqət yetirmiş və fərqləndirmişdir
ki, Rəşad Məcidin
həm yaradıcılığında,
həm də geniş ictimai fəaliyyətində nə
uğur varsa, Tanrıdan gəlir.
Və əziz qardaşım Nizami Cəfərov ədəbi qeydlərinin
lap əvvəlində Rəşad
Məcidin poetik dünyasından bir seçməni misal gətirir və mən utanc hissi keçirirəm, ay
Allah, nə təhər
olub ki, ömür boyu kimin tərəfindən
yazıldığının fərqinə varmadan yaxşı sözün dalınca sürünən
birisi, yəni mən, Rəşad Məcidin bu şeirinin ecazını bu dərəcədə dərindən hiss etməmişəm?!
Hələ bəndlərə,
misraların düzümünə
baxın. Sizcə, sadə xalq qoşma formasının içində bütöv
bir bədiyyat fəlsəfəsinin yaşandığını
etiraf etməkdə haqlı deyiləmmi?
Olsun ki şeiri Allah adama
Yaşadıb ömründə tufan, yazdırır.
Birinə
"Məsnəvi", birinə
"Xəmsə",
Birinə
sevgidən roman yazdırır.
...Mənə də lütf edib öz kərəmini
Yenidən yolladı öz
qələmini.
Yaşlı gözlərimin silib
nəmini
Oturdub diz üstə, dastan yazdırır.
Tanıdım üzünü, duydum
rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ard-arda düzülən söz çələngini
Özüm yazmıram ki, yazan
yazdırır.
Sözügedən dəyərli əsərdə
akademik Nizami Cəfərov məhz şair Rəşad Məcidin yaradıcılığından
alınmış poetik
örnəklərin təsdiqiylə
həm yazıda, həm həyatda qəhrəmanımızın qeyri-adi
həssaslığını önə çəkir. Daha sonra şair-publisistin
genişplanlı yaradıcı
şəxsiyyət olduğunu
bəlirləyən digər
atributlara işıq salır; bu, yazarın əsərlərinin
çoxşaxəliliyi (şeir,
hekayə, publisistika, ədəbi tənqid, hətta son zamanlar qələmsiz yazılan əsərlər - V.B.) təbiətinin
(və yaradıcılığının)
hər cür regionçuluqdan, məhəlləçilikdən
uzaq olmağı, həyatı həm yaşam, həm də yaradıcılıq
planında zövq mənbəyi olaraq qavramasındadır.
Yazının davamında İradə
Tuncayın "Taleyin
Rəşada verdiyi ən böyük töhfə müdrik və ağıl olub" cümləsi yer alan "Beş" adlı essesini, akademiyanın müxbir üzvləri
Tehran Əlişanoğlunun "525-ci qəzet"in yeni mərhələdə
Azərbaycanın ədəbi-bədii
düşüncəsinin inkişafında
oynadığı roldan,
ədəbi gəncliyə
mükəmməl qayğıdan
bəhs edən "Ədəbi 525" və
redaktor Rəşad Məcid üç tezis işığında"
analitik-elmi ümumiləşdirməsini,
Kamran Əliyevin "Etiraf
poeziyası", yaxud
Rəşad Məcidin
lirik qəhrəmanı",
professor Bədirxan Əhmədlinin
"Göz yaşının
çəkisi" əsərini
xatırlatmaq o mənada
yerinə düşür
ki, Bədirxan müəllim
demişkən, "akademik
İsa Həbibbəylinin "Bütün yönləriylə
yaradıcı" monoqrafik
tədqiqatından sonra
isə onun haqqında artıq ədəbiyyatşünaslıq ciddi şəkildə məşğul olmağa
başlayıb, bu isə şairin, yazıçının, publisistin
təkamül yolunun
yeni bir mərhələyə
çatmasından xəbər
verir.
60 yaşının bərəkətini
yaşayan görkəmli
ədibin həyat və fəaliyyətindən,
yaradıcılığının janr və məzmun
etibarı ilə fərqli yönlərindən
bəhs edən çox sayda məqalələrdən misalların,
iqtibasların sayını
kifayət qədər
artırmaq mümkündür.
Həm də bu yalnız bu yazını yazarkən, masamın üzərindəki kitablara
istinadla tamamlana bilməz. Ən azı ona görə
ki, Rəşad Məcid
yalnız "525-ci qəzet"in
baş redaktoru deyil, həm də indi milli mətbuatımızın sərvəti
sayılan bu nəşrin ən fəal müəlliflərindən
biridir. Deməli, dostum haqqında tamlığa yaxın biblioqrafik bir resenziyanın hasilə gəlməsi üçün,
başqa mətbuat orqanlarını demirəm,
təkcə "525-ci qəzet"in
32 ildə çap olunmuş on minlərlə
nüsxəsini vərəqləmək,
arxivşünas səriştəsiylə
araşdırma aparmaq
lazım gələrdi.
Bu, bizim arzumuzdu, indilikdə məqsədimiz
deyil. Mən bu sətirləri ona görə yazıram ki, şair, publisist, mətbuat xadimi, ədəbi proses təşkilatçısı Rəşad
Məcidin 60 illik ədəbi ictimai fəaliyyətinin əhəmiyyəti,
tam 40 ili yaradıcılığa
həsr olunmuş 60 illik bir ömrün
ümummilli dəyəri
xalqımız və ədəbi ictimaiyyətimiz
tərəfindən yenidən
sərf-nəzər edilsin.
Eyni zamanda əmin olmaq istədim ki, içindəki
böyük nisgilləri,
ağrı və sıxıntıları mərdanə
bir şəkildə qəlbinin ən dərin qatlarında büküb-bələyərək, həyat yollarından eyzan təbəssümlə,
yumorla, ifrat mehribançılıqla ötüb
keçən, hər
birimizin qəlbinə
sirayət edən Rəşad Məcid qoy özü də bilsin, heç olmasa, 60 yaşın içində
mənəvi bir rahatlıq, qürur duysun ki, onun varlığı xalqımız
üçün ən
azı öz ampluasında necə də əziz və qiymətlidir.
***
Əgər şairin ədəbi
tərcümeyi-halını, o zamanın diliylə desək, mərkəzi mətbuatda ilk çıxışıyla
hesablasaq, onda deyə bilərik ki, Rəşad Məcid Azərbaycanın şeir təsərrüfatına uğurla
qədəm qoyub. Ən azı yox, məhz ona görə ki, gənc şairin Hüseyn Arifin uğurlu yoluyla "Azərbaycan gəncləri" qəzetində
ilk mübarək imzası
görünəndə (1981) onun cəmi-cümlətanı
17 yaşı vardı.
Lakin Allah
vergisi daha erkən yaşlardan təzahür edir, bu, birmənalıdır. Deyilənin təsdiqini Rəşad Məcidin özünün 1983-cü ildə
seçmələnib nəşriyyata
təqdim edilən, illərdən-illərə hansısa
redaktorların qovluq rəflərində mürgüləyən
və bir də aradan 10 il keçəndən sonra
"Mərhəmət" jurnalının əlavəsi
olaraq öyrəşdiyimiz
"gənc müəllifin
ilk kitabı" standartlarından
fərqli şəkildə
işıq üzü
görən şeir qovluğunun "ədəbi
taleyində" izləyə
bilərik. Daha doğrusu, müəllif daha on il sonra o kitabçanı olduğu
kimi "10 sentyabr"a
(2004) daxil edərkən
bu ağırayaqlı
kitaba yazdığı
giriş mətndə
sözə mübtəla
olmağının, şairliyinin
"yaşını" belə
müəyyən edir:
"İlk
şeirimi haçan yazmağım barədə
fikirləşəndə özümü
yazağzı Ağdamdakı
dördmərtəbəli binanın
ikinci mərtəbəsində
yerləşən evimizin
dəmir çərçivəli
pəncərəsindən baxan
görürəm. O pəncərədən
tumurcuqlayan ağaclar görünürdü, bir
az uzaqda qarlı dağlar görünürdü. Onda
mənim - 8-9 yaşlı
uşağın o darısqal
evdən həyətə,
genişliyə çıxmaq
istəyi hədsiziydi.
Yadımdadır ki, yaz
haqqında, meşə
və dağ haqqında olan ilk misralarımı məhz onda qoşmuşdum. Sonralar ara-sıra nəsə yazırdım.
Amma indi fikirləşirəm
ki, mənim yazmağıma
qol-qanad verən təbiət, dağlar, meşələr, çaylar,
qayalar indi yağı tapdağı altında qalan torpağımızın bənzərsiz
gözəlliyi olub".
Yaşın fərqi yoxdu, şair taleyi elə belə də başlamalıdı,
insana darlıqdan xilas olmaq, həyata,
təbiətə qaynayıb-qovuşmaq
ehtirası sirayət etməlidi. Əgər Rəşad Məcid ətrafında baş verən, Azərbaycan xalqı üçün bəzən varlıq və yoxluq dərəcəsində enib-qalxan,
dalğalanan hadisələrə
1980-lərdən 2000-ci illərə qədər çox yox, elə azcana
laqeyd qalıb, başını aşağı
salaraq şeirini yazsaydı, imkanı da vardı ki, onları silsilələr, yaxud kitablar şəklində çap etdirsin, o zaman Rəşadın külliyyatı
zahirən daha sistemli bir halda
oxucunun əli altında olardı. Amma o Rəşad Məcid, bizim indi tanıdığımız
və olduğu, göründüyü kimi
sevdiyimiz Rəşad Məcid olardımı?
Bu şair sanki bütün ədəbi-publisistik
varidatını iki daş arasında, qaşla göz arasında hasilə gətirib. Rəşadın
şeirlərində ədəbi
çağlayışları yönəltməyin adi, sakit, lal təzahürü
yoxdur. Onun ədəbi fəallığını
çətin də olsa, sıralamağa cəhd edərkən, irəlicədən müəyyənləşdirilməsi
mümkün olmayan yaradıcı zəlzələ
qırılmalarını, qəfil vulkan püskürmələrini müşahidə
edirəm. Bu hal dostumun "Tanrının
bəxşişi" adlı
şərti dastanında,
"Yenə də bahar qayıdır" şərti romanında,
"10 sentyabr" hekayəsinin
mübhəm bir şəkildə nazil olmağında açıq-aşkar
görünür.
Rəşad Məcidin şeir
qiraəti səhnə
nitqinin peşəkar qaydalarına tabe olmasa da, təsirlidir. Özündən deyil, çox vədə başqa şairlərdən
- Bəxtiyar Vahabzadədən,
Əli Kərimdən,
Nəriman Həsənzadədən,
Məmməd Arazdan,
Ramiz Rövşəndən, Vaqif Səmədoğludan,
Vaqif Bayatlıdan, Eldar Baxışdan, Sücaətdən... ("Yatmıram
ki, ağlayıram gecələr!")
əsərlər səsləndirir.
Bədgüman deyiləm, "repertuarında"
məndən də
var, elə ki, hardasa qəfil görüşürük,
qardaş istiqanlılığı
ilə qoluma girib, "Mən bir gül kolpanı,
gül topasıyam, Bəhmənlidə, Həsənqulu
oğlu Qəbilin yurdunda", yaxud "Ehey, kim saxlayıb
bu səkidə maşını?", yaxud
"Kirayədə yaşadığım
evlərin darvazası
balacaydı, əyildim",
- deyə hayqırır...
Bu, guya onun mənə zarafatıdı.
Əgər, "Ə, bəsdi,
camaat eşidir, məni biabır eləmə", - deyib qarşısını almasam,
deklamasiya hələ bir müddət də çəkər...
Rəşad Məcid öz şeirlərini də ehtirasla, gözü alacalanaraq oxuyur. Xüsusilə, "Xilaskarım"
əsərini. Bu şeirin
həyat prototipinin, yəni real predmetinin siqaret olub-olmadığı
ədəbi mübahisələr
doğurmuşdur. Rəşad
elə adamdır ki, dadına baxdığı,
uzaq olsun, zəhərsə də, əgər həqiqətən,
ziyanlıdırsa, onu
digərlərinə rəva
bilməz.
Elə bu səbəbdən qəti şəkildə deyirəm ki, "Xilaskarım"
şeirinin kontekstindəki
siqaret tüstünün,
adətgərdəliyin deyil,
mühitin insan üzərindəki şiddətinin
və bu şiddətə sinə gərən səbrin, çarəsizlikdən çıxış
yolunun simvoludur. Şeirdə siqaret sadəcə, tükədilən
zərərli bir qida olmayıb, tükənmək, bitmək
təhlükəsiylə üzləşənləri
xilas edəndir. Təbii ki, o şeiri qələmə alarkən,
müəllif mənim
və başqalarının
mülahizələrinin sonradan
necə olacağını
ağlının ucundan
belə keçirməyib.
Amma, kor-kor, gör-gör,
şeirdə tənbəki
tüstü deyil, son güman, yeri, tutalğacdır, hətta
dostdur, arxadır, cismin zəhərlənməyi
hesabına olsa belə, ruhu diri saxlamaq vasitəsidir.
Xilaskar yalnız gücü bərpa etmir, gücdən düşənə qüvvə
verir. O, bəlkə də yeganə pasibandır. Düşüncə
zəncirini hörüb
uzatmaq olar; qısaca, bu şeirin çağırışı,
məncə, ondan ibarətdir ki, ey çevrə, ey insanlar, ətrafınızı
nəzərə alın,
heç kimi, heç nəyi təntitməyin, mərdi
qova-qova namərd eləməyin, bir kimsəni bir büküm siqaret cığarasının içinə
soxmayın! Və əgər bu baryerlərin çıxılmazlığı
şiddət edirsə,
o zaman insanın bir fərd olaraq gümanı gələn hansısa bir çətiri başına
ələnən daşların
qarşısına tutmaqdan
özgə çarəsi
qalmır. Əgər
qarşısıalınmaz şər qüvvə həmlə edirsə, müdafiə ehtimalı, əks-hücum imkanı məhduddursa, o zaman insanın
hansısa bir qaya yarığına, tüstü görünməzliyinə,
hətta sərgərdan
bulud layları altına sığınmağı
da, ən azı şair nəzərindən
mümkün və məntiqlidir. "Xilaskarım"
şeiri poeziyanın emosional şkalasında qələmə alınıb
və bəlkə də birnəfəsə deyilib, oxunub, sözün düzü, mən "dadından vaz keçilməyən"
o bəyaz tüstüdə
azacıq xalis, çoxillik şərab ətri də hiss etdim.
Şair
Rəşad Məcidə
yalnız "Xilaskar"
xatirinə güzəşt
edə bilərəm.
Əslində İsa Həbibbəylinin
dediyi kimi, Rəşad Məcid ilham və idrakla,
qələm və kağızla təkbətək
qaldığı hallarda
digər yaradıcılara
bənzəməyən sətirləri
sıralayan, dilə, qələmə gətirdiyi,
yalnız özününkü
olan bənzərsiz şairdir. Qarışıqlıq
düşməsin deyə
bu yerdə şeirləri yer alan digər kitablarını dirsəyimlə
masamın uzaq küncünə siyirir və büsbütün poetik ruhdan ibarət
"Bir də gəlməyəcək"
kitabı ilə nəfəs-nəfəsə qalmağa
üstünlük verirəm.
Bəri
başdan deyim ki, bu poeziya toplusu
- Rəşad Məcidin
poeziya çələngi
- nəğmə buketi
son on ildə yalnız
onun deyil, ümumən çağdaş
poeziyamızın uğurlu
məxəzi olmaq şansını qoruyub saxlayır. Məncə, kitabın bel sütununu təşkil edən üç bölmənin
- "Tanrının bəxşişi"
- dastan, "Yenə də
bahar qayıdır"
- roman, "Martın biri"
- hekayə adlandırılması
yalnız tərtibatçı
uğuru deyil, dostumuzun yenilik axtarışlarının, yaxud
onun hər cəhətdən novator davranışlarının növbəti
təzahürüdür.
"On gün", "Bir də
gəlməyəcək" ədəbi antologiyanın
(ona görə antologiya ki, burada dastan da,
roman da, hekayə də,
üstəlik, tarixçə
irəliki illərə
aid, ənənəvi və
azadyana şeirlər də var) sıralamaya görə dördüncü
şeiridir. Əsəri
olduğu kimi köçürürəm:
Əvəz verib düz on gün,
On gün də əvəz verir!
Hisslərini yazmağa
İlahi
nəfəs verir.
Yanına
qaldırıbdı,
Uca buludlardasan.
Boylan, bir də bax
indi,
Anla, bir gör hardasan?
Bu işığın içində
Az zamanın var sənin.
Çox
da yuxarı qalxma,
Ruhlar aparar səni.
İlahi
qüdrətini,
Bax, göndərir yazmağa.
Cəmi
onca günün var
Yüz
on şeir yazmağa.
Mənim
bəzi şakərlərim
var, güman elədim
ki, "Tanrının bəxşişi"ndə
yəqin yüz on şeir var, rəhmətlik
atam demişkən,
"prinsipə düşüb"
saydım və gördüm ki, "Dastan"dakı
şeirlərin sayı
yüz on yox, üç o qədərdir.
Statistikaya yuvarlanmayaq.
Məsələ burasındadır
ki, Rəşadın bu
ufacıq şeiri say haqqında deyil, vaxt, zaman barəsindədir.
O zaman ki, çatmır, o zaman ki, macal adlı bir sinonim ismi
də var, səni
Allah-təalanın çiyninə
qoyduğu şairlik missiyasından cüda salır. Rəşad Məcid "bütün yönləriylə yaradıcı"
olduğuna görə,
o, həmin şeirin yarandığı zaman kəsiyində
poetik duyğularının
kağıza köçürülməsini
vətəndaşlıq naminə,
Seyran Səxavət demiş,
qurban tikəsi kimi yeddi yerə
bölür.
Rəşad Məcid Azərbaycan
poeziyasında, tutalım,
belə bir anlamda bənzərsiz şairlərdəndir ki, yalnız
pafos və statik ədəbi qaydalar əsasında qurulmuş "mükəmməl"
məmulatları ayrı
bir şəkildə uçurub dağıdır.
Onun şeirlərində
ənənəvi, qafiyənin,
bölgünün, hecanın,
təqdinin gözlənilməz
hallarına rast gələ bilərsiniz, amma orada hissin,
duyğunun təhrifi gözə dəymir. Həmişə yox, bəzən şeirdə hansısa nəzəri qaydalar pozula, yaxud ikinci dərəcəli
ola bilər, təki obrazlı düşüncə,
poetik hissiyyat nələrisə ötürmək
energetikasını hifz
etsin.
İlahi
tərəfə yol alacağam,
Yuxuma gəlməzdi iki il öncə.
Onu ki Allahım bəxşiş
eylədi,
Yaxına
gəlməzdi iki il öncə.
Qarşımda yox idi belə ucalıq,
Durub gözləyirdim - gəlir
qocalıq.
Çayından ayrılan bu qızıl balıq
Arxına
gəlməzdi iki il öncə.
Üzdüm tərs tərəfə,
axına deyil,
Baxdım
uzaqlara, yaxına deyil.
Gördüm ki, bu xına o xına deyil,
Bu xına gəlməzdi iki il öncə.
Ömrün hər məqamı
olmur ki, dərin,
Üzürəm içində neçə
dərd-sərin.
Qarşıda yaşanıb görəcəklərim
Ağlıma gəlməzdi iki
il öncə.
Poeziya ilə az qala,
Rəşadın yaşı
qədər ilişgimə
əsaslanıb deyirəm
ki, bu şeirdə müəyyən misraların
daha rəvan və yatımlı olması üçün
təshihlər aparıla
bilər. Amma bu, boşuna bir təklifdir. Əgər bu və Rəşadın
digər şeirlərinə
kənar müdaxilə
olsa, cərrah tikişlərinin yeri, izləri mütləq qalacaq. Bu mövzuya daha toxunmayacağam. Eləcə "Bir də
gəlməyəcək" kitabını tam bir arxayınlıqla vərəqləyib
imkan daxilində irəliləmək istəyirəm,
yəni poeziyasına,
qəlbinə, şairin
dünyasına doğru
bir qədər də irəliləmək
istəyirəm...
Rəşad Məcidin "Dastan" altyazısıyla təqdim
etdiyi böyük silsilənin vurub-tutan, qələbə qazanan, məğlubiyyət acısı
dadan baş qəhrəmanı - Koroğlusu,
Aşıq Qəribi,
Tufarqanlısı, Romeosu,
Məcnunu, Hamleti sıralanan isimlərdən
də göründüyü
kimi, sevgidir, məhəbbətdir. Yaddaşım
aldatmırsa, şairin
şeirlərində bəlkə
də ən az işlədilən də elə bu iki söz,
qoşa sinonimdir. Onun bu qəbildən
olan əsərləri
təbiətən qarmaqarışıq
eşq duyğularını
fərqli sintaksislə,
ayrı bir lüğət tərkibiylə
anladır. Bunlar, aşiqlik məqamındakı
minlərlə sevgi kodlarıdır ki, hələlik
onlar adsızdır. Həmin o dilsiz-ağızsız
sevgi, heç demə, ən dinc halında belə dibsiz dəryaymış.
Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?
Mənim
boğazıma çıxan
dənizin
Ən dayaz yerində üzə bilərsən?
...Yazmağa nə var ki, sənin halını
Sən mənim halımı yaza bilərsən?
Şairin
şeirlərində duyğular,
hisslər, həyatla estetik təmas mövzusundan asılı olmayaraq sadə və təbii şəkildə obrazlara,
ədəbiyyat faktına
çevrilir.
"Yaddaşımı sil"
adlı şeirdə şair həqiqi, yüksək eşqə layiq olmaq üçün,
sanki qüsl edirmişcəsinə ilahidən
iltimas edir ki, onu yenidən yaratsın. Deyir:
İlahi,
sən mənim yaddaşımı sil,
İlahi,
sən mənə bir sovqat eylə,
Məni
bilgisayar, ya telefon bil,
Beynimi təzələ, ya format eylə.
Şair
bütün varlığının
hüceyrələrinə qədər
yenilənməsi təmənnasındadı,
yalnız bircə şərtlə:
Bircə,
taleyimi başdan yazanda
Məni
onsuzluğa düçar
etmə sən!
Məni
susuz dodaq, çiçəksiz bahar,
Məni
kilidi yox açar etmə sən!
Obrazlı istilahın əksini
də işləmək
olardı, yəni
"açarsız kilid".
Hər iki halda məna dəyişmir. Fərd çarə axtarır, bir-birinə uyğun ya açar, ya qıfıl ortada yoxsa, deməli,
ortada olan çıxılmazlıqdır, məhdudiyyətdir, girişin
və çıxışın
yoxluğudur. Şairin
fərdiyyəti burasındadır
ki, o kilidi (əlbəttə,
bir məcaz olaraq) iri plana çəkir. Kilid yoxsa, açar nəyə gərək?
Allah kilidi də, açarı da qəhr etsin, deyirəm! Amma bununla belə düşünürəm ki, biz paslı kilidləri dərhal özümüzdən
kənarlaşdırsaq da, həyatımızın
künc-bucağı sıradan
çıxmış qıfılların
açarlarıyla doludur.
Açar,
kilid... sərt metallar bir qırağa,
"Bir də gəlməyəcək"
adlı yüzlərlə
şeirdən, poetik duyğulardan ibarət toplunun baş qəhrəmanı, şəksiz
ki, pilə kimi yumşaq, bəzən etiraza gələn, bəzən sıxılıb
bərkiyən, bəzən
damarları qan çəkən ürəkdir.
O ürək ümidlə
döyünür, bircə
xoşbəxt döyüntüsünü
belə itirmək istəmir, aldığı
çatların, zədələrin
yerini ilahi bir loğmansayaq sarıyıb sağaltmağa
can atır. Şair ürəyi başqa cür olmur, elə bu sayaq
olur. Yoxsa,
"Dastan" müəllifi durub-durub özündən
deməzdi ki:
Qanımı oynadan öpüşlərində
Ruhuma calanan ruhunu gördüm.
İstilik, od-alov qalxdı
dərindən,
Gerçəyə çevrilən yuxumu
gördüm!
Əynimin ölçüsü, oxşarım, eynim,
Ən uyğun, ən rahat çalağım mənim.
Bu ağac hələ çox bar gətirəcək,
Bardan əyiləcək budağım
mənim!
"Dastan"
müəllifinə görə
sevgi sirri xudadır. Bunu sadə insan da, filosof da söyləyə
və reallıq meyarlarıyla əsaslandıra
bilər. Məncə,
şairin işi ədəbi əsaslandırmadır
ki, onun da təzahürü
qəlb çırpıntılarının
bəhrəsi olan misralarda, sətirlərdə,
bəndlərdə, hətta
bəzən qafiyələrdə,
şeirin fərqli şəkillərində özünü
göstərir. Amma Rəşad
Məcid insan xasiyyətinə uyğun olaraq bəzən, başqa sözlə, sevgi hissləriylə ləbələb dolu olduğu hallarda qafiyəsiz, hecasız... sadəcə, insan səsiylə belə pıçıldayır:
Xoşbəxtlikdən tərpənə
bilmirəm...
Ya da belə deyir:
Gülüşümlə həyatımı
İsidəcəm şüa kimi.
Nəfəsimi kürəyimdə
Duyacaqsan
dua kimi.
Deyir:
Ən qatı qaranlığım
Gülüşünlə yox olar.
Məni
gülərək oyat,
Gülə-gülə yuxulat!
Sözügedən silsilədə şairin
"Mələk" adlı
bir şeiri "Bir də gəlməyəcək"
kitabının 135-ci səhifəsində
yer alıb. Üç bəndlik şeir belədi:
Göydən hansı endi: təyyarə, yoxsa,
Hava limanında gözləyən
mələk?
Hifz edib qoruyan, sevinc
bəxş edən,
Məni
addım-addım izləyən
mələk?
Dəli
arzusuyla, cəsarətiylə
Qatı
cəngəllikdən yol
eləyəndi.
Sərhədsiz eşqiylə, məhəbbətiylə
Adımı özünə qul
eləyəndi.
Yerdə
doğulanın çatmaz
cürəti,
Adamı
belə tez qaldırsın göyə.
İşıq sürətidi onun
sürəti
Bir anda çatdırır ən yüksəkliyə.
Açıq-aşkardır ki, şeirdə
səmavi, irreal, mifoloji
mələkdən deyil,
real, sevimli insandan, indi uçaqdan enəcək şəxsdən
gedir. O, indi uçaqdan enəcək,
o, ucalıqdan gəlir,
lap aşağıda isə
onu qarşılayan bir kimsənə var. Belə bədii-həyati təfsilatda, məncə,
bənzətmələrə, təşbehlərə, hətta
həmişə sevgiylə
bahəm təzahür
edən emosiyalara, ah-uflara yer qalmır.
Bəlkə də siz məni, yox, qardaş, "bu, Rəşadın heç də ən uğurlu şeiri deyil", - deyə qınaya bilərsiniz. Razıyam.
Amma, mən, axı irəlidə dedim, şairin əksər yazıları (poeziya) əsasən, zahiri bərbəzəkdən, nəzəri
tərtiblərdən hiss olunacaq
dərəcədə uzaqdır.
Belə hallarda bütövlükdə mətn,
məhz reallığı
və bədiiliyi ilk sətrindən sonda qoyulan nöqtəyə qədər ehtiva edir. Lap açığı,
deyim, mən Rəşadın şeirlərində
onun qəlbən sevdiyi, şeirlərini əzbər səsləndirdiyi
Ramiz Rövşənlə bərabər, "Nə xoşbəxt imişəm
bir zaman Allah" deyən
Əli Kərimlə,
"Göllər çiçəkləyir
yağış yağanda"
- deyən İsa İsmayılzadə
ilə, "Bir günah
sənindi, bir günah mənim", yaxud "Sən məni özünə öyrətmə belə"
- deyən Musa Yaqubla poetik qohumluq hiss edirəm. Deməzdim ki, Rəşad sevgi şairidir, tutalım,
Sergey Yesenin, Nüsrət Kəsəmənli
misalında. Bu şairdə
vəziyyət bir qədər fərqlidir. O
bizim doğma şeirimizin bütün kişi şairləri kimi, sevdiyini qınayıb özünü
haqlı sansa da, yenə də daha çox ağrıyan, daha çox zədələnən
onun özüdür.
Bəlkə elə bu səbəbdən xilasın çarəsi kimi, o, Rəşad Məcid sevgini özündən qat-qat yuxarı
qaldırır və söyləyir ki,
Adını çəkəndə dilim bal dadır,
Üzüm işıqlanır, Güntək
yanıram.
Mələklər qolumdan tutub qaldırır,
Bir boy ucalıram, qanadlanıram.
Genimdi, soyumdu, qanımdı adın,
Minillik tarixi köçümdən
gəlir.
Ən dərin qatımda atəş oyadır,
Hüceyrəmdən qalxır, içimdən gəlir.
Qoymaram adına yanaşa kölgə,
Müqəddəs ziyarət, məkandı
adın.
Tanrı
bəxşişisən, ən
məsum körpə,
Ən ağıllı adam, ən üstün qadın.
Sevgi Tanrı lütfüdür.
Rəşad Məcidin
indi misal gətirdiyim şeirində,
çəkinmədən deyirəm,
Fərhadanə, Füzuliyanə,
Vaqifanə bir yanaşma var; bu da ondan ibarətdir ki, sevginin qırıntıları,
hissiyyatları, hüceyrələri
lap sonda toparlanıb, böyük sevgini, "ən ağıllı adam"ı, "ən üstün qadın"ı
yaradır. Və belə olduğu halda aşiqin sevgi önündə
"Savayı" harayıyla
diz çökməkdən
özgə yolu qalmır:
Yaddaşımda nə qalıb
ki,
Sirli kələkdən savayı.
Sinəmin altında nə
var
Təşnə ürəkdən savayı.
Füzulitək yanan neyəm,
Tənha
atlı, tək gəmiyəm.
Kimsə
yox dərdimi deyəm,
Əsən küləkdən savayı.
Barışdığım gərdişim
var,
Alışdığım vərdişim
var...
Mənim
özgə nə işim var
Səni
sevməkdən savayı?!
Türk
tarixinin və poeziyasının mərdanə
şairi Nəsiminin misraları yadıma düşür:
Zahidin bir barmağın kəssən
dönüb
Həqqdən qaçar,
Gör bu gerçək aşiqi
sərpa soyarlar, ağrımaz.
Bizim təpədən dırnağa
şair, nə yazıq ki, həm də sovet şairi
Süleyman Rüstəm
də Allah- təalanın
hökmü və ədəbi təcrübənin
varisliyindən bəhrələnərək
yazırdı ki:
Rüstəmin onda ki, canan görünür gözlərinə,
İmtahançün sən onun barmağın kəs, bilməz!
Rəşad Məcid bəzən
insafsızcasına özünü
"talesiz", hardasa
"uduzmuş şair"
"saysa" da və
bunu etiraf etsə də, bütün sinirləri, özünün tez-tez işlətdiyi hüceyrəsiylə
ədəbiyyat tarixinə
bağlıdır və
oradan qidalanır. Məsələn, belə:
Heç
nə sona yetən deyil,
Bu eşqə qəfəs bilmərəm.
Bu ruhumda, bu halımda
Barmağımı kəs, bilmərəm!
Oxşarlıq və fərq göz önündədir,
məncə...
***
Mən monoqrafiya yazmıram, sadəcə, uzun illərdən bəri yaradıcılığını, ədəbi-ictimai fəaliyyətini
izlədiyim, bütün
bunların mənə
yalnız və yalnız hüzur, könül şükranlığı
verən bir şəxsin 60 yaşına
yetişməyinə bir
vəsilə olduğunu
düşünərək qələmə alıram.
Və burada onun poeziya sərvətinə
münasibəti sərgiləyən
düşüncələrə nöqtə qoyuram. Fərqli mülahizələrin
Rəşad Məcidin
ədəbi çalışmalarının
daha mükəmməl
şəkildə izlənməsinə
həsr edilən digər məqalələrində
yer alacağına ümid bəsləyirəm.
Və belə inamla istəkli şairin, mötəbər qələm
sahibinin poeziya ətirli bir neçə kitabını
yazı masamdan aralayıram. Hətta, yarıdan çoxu poeziyadan ibarət olan "10 sentyabr" kitabını belə...
Söz-sözü çəkir...
Tənqidçi-şairə Bəsti xanım Əlibəylinin olduqca məzmunlu Ön sözü ilə təqdim olunan "10 sentyabr" kitabı yazarın iki hekayəsi ilə açılır:
"10 sentyabr" və
dırnaq işarəsi
altında "Cənnət
dərəsi". Hər
iki hekayə barədə son 20 ilin mətbuatında, ədəbi
icmallarda, yazıçının
yaradıcılığına həsr olunan məqalələrdə geniş
bəhs edilib. Bu hekayələrin dünya və milli nəşrimizin
bədii-estetik parametrləri
əsasında qurulduğu
şübhə doğurmur.
Yazıçının ciddi
məramı, yüksək
humanizm, süjet xəttinin bütövlüyü,
fərdiyyət və
qloballaşmanın qarşıdurmasından
doğan təbii, dəqiq situasiya, yığcam bir mətn daxilində yaddaqalan obrazların unudulmayan simaları... bütün bunlar "10 yanvar" hekayəsinin nəsr uğurunu təmin edir...
Rəşad Məcidin 60 illik
uğurlu ömür yolunu qutlayarkən ədibin publisistika yaradıcılığından söz salmamaq ən azı natamamlığa səbəb
ola bilər. Mən Rəşad müəllimin
son illərdə "Qələmsiz
yazılanlar" silsiləsinə
dayanan bütün publisistik yazılarını
işıq üzü
gördüyü anında
izləmişəm.
Bu yazıların az bir qismi nəzərdən
keçirdiyimiz kitablarda
yer alıb ("10 sentyabr", "Əlvida
və salam", "Dəlicəsinə", "Qələmsiz
yazılanlar"). Həmin
əsərlər sırasında
"Yazıçının bicliyi", "Elifə mədhiyyə", "Gəncədəki
ruh", "57 il öncənin
borcu", "İranda
bir həftə",
"Əsəd bəy
və Nuridə xanım", "Ağrı
qardaşlarımız - bəlalı
Krım tatarları"
və s. əsərləri
ayrıca qeyd etməyə dəyər.
Məhz bu yazılarda publisist Rəşad Məcidin fakt, mövzu seçimi istedadını,
mövzunu ən oxunaqlı tərzdə qələmə almaq səriştəsini, təhlil,
tənqid imkanlarının
genişliyini görə
bilirik. Rəşadın
bədii-publisistik yazılarında
şairanəlik vətəndaş
məsuliyyəti ilə
birləşib itilik, kəskinlik, heyrətamiz təsir gücü qazanır. Tək bircə misal gətirmək istəyirəm,
"Gəncədəki ruh"
yazısından.
"Elə bizim xalqımızın soyuq, rasional düşüncəli
xalqlardan fərqi də məhz o ruhdadı. O ruhu bizim qanımızda qoruyub saxlayan, ölməyə qoymayan bizim musiqimizdi, muğamımızdı, sazımız,
sözümüzdü. Bəzən
muğama da həqarət
yağdıranlar tapılıb.
Amma onun qanımızın
dərinliklərindəki hüceyrələrimizi
dipdiri saxladığını
kim dana bilər ki? Kim
o ruhun yaşamasında
Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin, Mirzə Cəlilin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın... rolunu inkar edə
bilər? Üzeyir bəyə də ara-sıra ağız büzənlər olur...
Amma kim Üzeyir bəyin musiqisinin böyüklüyünə şübhə
edə bilər ki? Kim
onun bizim xalqın formalaşmasındakı
müstəsna rolunu
dana bilər? Kim onun çərçivələrə sığmayan hədsiz-hüdudsuz
improvizələrini, insan
qanını coşduran
əsrarəngiz musiqisini
soyuq, bumbuz halıyla dinləyə bilər ki? Amma təəssüf
ki, tapılır - dəyərlərimizə
qara yaxanlar, öz içinin kəsafətini, kin-küdurətini
dahi insanlarımızdan
çıxmağa çalışanlar
hələ də tapılır. Böyük
ziyalılarımızı absurd ittihamlarla sovetə, molla rejiminə xidmət etməkdə qınayanlar tapılır.
Nadanın biri yerindən qalxıb birliyimizin çox seyrək ümid nöqtələrindən olan
Şəhriyarı molla
rejiminə xidmətdə
suçlayır. Başqa
biri Bəxtiyar Vahabzadəni sovetdən mükafat almaqda, o birisi dəyərli yazarımızı hansısa
təltifdə ittiham edir.
...Azərbaycanı istəməyən
qüvvələrin ən
birinci amalı bax, elə budu
- dəyərlərimizi gözdən
salmaq, onu aşağılamaq və
sonda ruhumuzu öldürmək.
...Bir neçə il öncə
"İrşad" otelində
keçirilən bir tədbirdə Bəxtiyar Vahabzadəni xəstə,
zəif vücudu ilə bir kənarda
oturan gördüm.
Aman Allah, üzünü qırışlar
bürümüş bu
böyük insan uzun illər öz şeirləri ilə ürəklərimizə
hakim kəsilmiş, ruhumuzu
oyatmış, qəlbimizi
coşdurmuşdu. İndi xəstəhal
görkəmli bu insan bir qıraqda
oturub nigaran baxışlarla tədbirə
gələnləri süzürdü.
Yaxınlaşıb əllərindən
öpdüm. Bu gün
o səhnə yadıma
düşəndə Bəxtiyar
Vahabzadənin böyük
şəxsiyyətinə sonsuz
ehtiramla bərabər,
nə gizlədim, içimdə özümə
də hörmətim artır. Mən millətimizə, xalqımıza
xidmət edən dəyərli insanların
əllərini öpməkdən
heç vaxt çəkinmədim. Otağıma
gələndə ayağa
sıçradım, qabaqlarına
yüyürdüm.
Rəşad Məcidin publisistik
arsenalı həqiqətən,
zəngin, çoxistiqamətlidir.
Onlar mahir bir yazarın qələmiylə yonulmuş
örnək abidələr
kimidi. Onların bir çoxu əlinə yeni qələm
alan gənclər üçün nümunə
və dərslikdir - bu mənada ki, hansı mövzunu seçməli, təfərrüatı
necə öyrənməli,
publisistik məntiqi necə qoruyub nizamlamalı, necə yığcam yazmalı...
Amma yəqin siz də fikrimə şərik olarsınız
ki, Rəşad Məcidin
qələminin təsir
gücü bir az öncə "Gəncədəki ruh"
yazısından misal gətirdiyim sətirlərdə
ideal şəkildə ehtiva
olunmuşdur!
***
Ömrünün 60-cı pilləsinə yüksələn Rəşad
müəllim Azərbaycanın
ən sevilən qəzetlərindən birini
yaradıb və aşağı-yuxarı, 30 ildir
ki, ona rəhbərlik,
baş redaktorluq edir. Bu qəzet ən demokratik, azad fikirli, hər
kəsin öz imzasını onun səhifələrində görmək
istədiyi sözün
böyük mənasında
müəllif qəzetidir.
Hansı
zümrəyə, cincə,
təvəllüdə sahibliyindən
asılı olmayaraq elə bir qələm
adamı yoxdur ki, onun imzası "525-ci qəzet"in səhifələrindən
kənarda qalsın.
"525-ci
qəzet" praktik jurnalistika məktəbidir.
Orada püxtələşən
gənc jurnalistlər
illər boyu çalışıb, tər
töküb, axtarışlar
aparıblar. İndi onlar
müasir mətbuatımızın
özəyini təşkil
edən nüfuzlu mətbuat xadimləridir.
"525-ci
qəzet" xalqımızın
mədəniyyət, mənəviyyat,
ədəbiyyat aynalarından
biridir. Bu nəşr zamanın real konyukturasını
hər zaman və digərlərindən daha
öncə nəzərə
almağı, üslub
və tərtibat, mövzu və maraq dairəsi baxımından dəyişməyi,
yeniləşməyi bacarmış,
indi də bacarır.
"525-ci
qəzet"in uğurları
həm də bu istedadlı redaksiyanın milli mətbuat
ənənələrini göz
bəbəyi kimi qoruması səbəbindəndir.
Elə Rəşad Məcidin özünün şəxsiyyətində
və yaradıcılığında
Mirzə Fətəli
Axundzadənin, Həsən
bəy Zərdabinin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin...
təravət və hərarətini duymaq o qədər də çətin deyil.
Rəşad Məcid də onlar kimi zamanın
və taleyin sözçüsüdür. Sadəcə,
aradan 100-150 il vaxt keçib. Zaman ötüb
keçir, ancaq məram, vətən və millət sevgisi, insanlığa xidmət duyğusu heç zaman öz adını və mahiyyətini dəyişmir.
Bu, ilahi, tarixi bir ruhdur ki, nəsildən-nəsilə ötürülür.
Vaqif Bəhmənli
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.8-11.