Ən kədərli sevinc
"Mən Qranada düzənliyindəki kiçik bir Əndəlüs kəndində
doğulmuşam. Atam - Federiko
Qarsia Rodriges, anam - Visente Lorka Romerodur. Yeddi yaşımda məni Almeriyada monastır məktəbinə
verdilər. İmtahanlardan
sonra möhkəm xəstələndim, boğazım
elə bərk ağrıyırdı ki, danışa
bilmirdim. Güzgüdə
şişkin sir-sifətimi
gördüm, danışa
bilmədiyimdən yazmağa
məcbur oldum və beləcə ilk yumorlu şeirimi yazdım. Həmin şeirdə özümü
şişman Mərakeş
sultanı Mulya Hafidə oxşatmışdım.
Sonra Qranadaya köçdük.
İlk şeir kitabımı
musiqi müəllimim
don Antonio Sequraya - Verdidən
dərs almış qoca bəstəkara ithaf etdim. Məndə qədim Əndəlüs nəğmələrinə
ilk marağı məhz
Antonio Sequra oyatmışdı..."
Siyasətdən uzaqda dayanmağa
çalışan, yalnız
sənət yanğısıyla
yaşayan Lorka öz qısa ömrünün tərcümeyi-halına,
adətən, belə
başlayırdı.
Əfsuslar olsun ki, siyasət
ondan gen dayanmamışdı
və faşizm İspaniyaya ayaq açanda nasizm qurbanlarının müdafiəsi
üçün ispan
manifestinə imza atan ilk şair məhz Lorka oldu. 1935-ci ildə o, ikinci Antifaşist manifesti imzalamaqdan da çəkinmədi. 1936-cı ilin 14 fevral tarixli "Ziyalılar Xalq cəbhəsini dəstəkləyir" çağırışındakı
birinci imza da Lorkaya məxsus idi.
Lorka ilk
baxışda, göründüyü
qədər də sadəlövh deyildi və bütün bu ötkəm hərəkətlərin nə
ilə nəticələnəcəyini,
hara aparıb çıxaracağını,
hər halda, dərk edirdi. Bununla belə, səmimiyyətdən irəli
gələn bir duyğuyla o, bircə dəfə də olsun ürəyinin istəyinə qarşı
getmədi. Məşhur
ispan ziyalıları arasında onun hamıdan öncə həbs olunması da təsadüfi deyildi, baxmayaraq ki, çoxları
bunu adi yanlışlıq kimi düşünüb, şairin
tezliklə azad olunacağına sadəlövh
ümidlər bəsləyirdi.
Amma dostlar yanılırdı:
Lorka İspaniyada faşizmin ilk qurbanı oldu!
Lorkanın ardınca ispan ziyalılarını fəlakətə
aparan yolun qapıları taybatay açıldı: görkəmli
publisist Ruis Karnero vəhşicəsinə
öldürüldü; Qranadanın
alkaldı doktor
Montesinos güllələndi; "La Barraka" teatr truppasının on cavan aktyoru qiyamda həlak oldu, bombalanan binada Lorkanın əlyazmaları
ilə birgə teatrın bütün arxivi külə döndü; qiyam günləri qaçqınlara
qoşulub Pireney dağlarını aşan
ixtiyar yaşlı
Antonio Maçado dünyaya
iztirablar içində
göz yumdu; gənc şair Migel Ernandes faşist həbsxanasında
qətlə yetirildi;
Rafael Alberti vətəndən didərgin düşdü;
dünya şöhrətli
bəstəkar Manuel de Falya
və sonradan Nobel mükafatına layiq görülən şair
Xuan Ramon Ximenes qürbətdə həlak oldu.
Lorkanın gec-tez həbs ediləcəyi labüd idi, ancaq, görəsən,
məhz ilk qurban olacağını özü
təsəvvür edirdimi?
Hər halda, Salvador
Dali dostunun qətl xəbərini eşidəndə
acı-acı gülümsünüb
belə demişdi:
"Onun həyatı
üçün bundan
gözəl sonluq düşünüb tapmaq
heç mümkün
də deyildi..."
1936-cı
ilin məşum avqustu...
Lorkanı məhz 1936-cı ilin
avqustunda həbs etdilər. İkicə gündən sonra, gecə yarısı həbsxana maşını
Qranadadan çıxıb
kiçik bir Əndəlüs kəndinin
yaxınlığında dayandı
- maşında 38 yaşlı
Lorka idi, tanımadığı qoca
bir dustaq idi, bir də
üç falanqaçı.
Cəlladlar kənarda
dayanıb səhərin
açılmasını gözləyirdilər,
kameranın darısqallığından
sıxılıb yumağa
dönmüş Lorka
isə gecənin əsrarəngiz gözəlliyindən
vəcdə gəlmişdi.
Ağlına gəlməzdi
ki, bir azdan güllələnəcək...
İşıqlaşanda təzədən
maşına doluşdular,
ancaq maşın kənddən azacıq aralanıb təkrar dayandı. Öncə qoca dustağı düşürüb apardılar.
Lorka hələ də heç nədən şübhələnmirdi,
ancaq güllə səsi eşidiləndə
içindən soyuq bir gizilti keçdi.
Ölmək istəmirdi... əllərini
maşından güclə
qopartdılar; bu zaman ağladı da.
Dalbadal bir neçə güllə açıldı,
amma o dikəlmək istəyirdi. Ölümünə
heç cür inana bilmir, hər
atəşdən sonra
təkrar dikəlib qalxırdı. Axırda zalım falanqaçı ayağı ilə onun sinəsindən yerə basdı və düz sifətinə atəş
açdı.
38 yaşlı şair beləcə ölümünə
inanmadan köçdü
dünyadan...
Öləndə -
siz məni çay qırağında
gitaramla
qoşa basdırarsınız...
Belə
demişdi Lorka.
Ancaq Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər...
"Ən kədərli sevinc - şair olmaqdır!"
Bunu da Lorka demişdi. Və çox güman ki, 38 illik qısa ömründə Lorka şair olmaq sevincinin bütün kədərini
yaşamağa, duymağa
macal tapdı...
...Bir zamanlar bu dünyada
bir gitara səslənirdi. O gitara
lap elə bil dünən çalınırdı.
Hərdən adama elə gəlir ki, o gitara heç zaman susmayıb; dünya yaranan gündən çalınır, həmişə
də çalınacaq...
Mahir N.Qarayev
Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.- S.13.