Yerdən Göyə bir baxış...
Bəxtiyardan söz düşəndə, dəfələrlə təkrar-təkrar oxuduğum şeirlərinin bütün sətirləri gözlərim önündən keçir.
Bu keçid
o qədər sürətli,
o qədər uzun və o qədər dərindir ki, leysan yağışından sonra
nərilti ilə üzü aşağı
çağlayan bol və gur sulu dağ çayını xatırladır. Bu axının
içində dəyəri
heç bir meyarla ölçülə
bilməyən o qədər
qiymətli incilər
var ki, onları seçib
ayırmaq və ən başlıcası,
onların dəyərini
bir yazıda ifadə etmək bir ümmanı bir göldə sığışdırmaq qədər
çətin görünür.
Buna baxmayaraq, Bəxtiyar
Vahabzadə haqqında
yazmamaq da mümkün
deyil. O hələ sağlığında ikən
hər bir oxucunun qəlbində öz heykəlini yaratmış bənzərsiz
bir söz sənətkarıdır. Vətənini
sevən hər bir azərbaycanlının
ürəyində bir
Bəxtiyar dünyası
var.
Milyonların qəlbində özünə
yuva qurmuş bu "dünyaların"
vəhdətindən mütəfəkkir
şairin, böyük
söz ustadının,
vicdanlı bir müəllimin, əxlaqlı
bir vətəndaşın,
mübariz bir ziyalının, üsyankar
bir dissidentin müdrik və kamil obrazı doğulur. Hər birimizin qəlbindəki Bəxtiyar Vahabzadə bu obrazın monumental surətini yaradaraq, onu bütöv Azərbaycanın Bəxtiyar
Vahabzadə abidəsi
timsalında canlandırır.
O, qranitdən deyil. Dünənədək bizimlə
birlikdə nəfəs
alan, nəfəslərimizi
birləşdirib gurlandıran,
iradəmizi toplayıb
milli iradəyə çevirən
canlı bir ruhdur: Azərbaycan torpağının şair
obrazında zühur edən ruhu. Dünyasını dəyişməsindən
qısa zaman keçsə
də, sanki Nizami ilə yaşıddır və elə Nizami qədər də əbədidir. İllər
ötdükcə də,
yaratdığı sənətinə
nə qədər ehtiyacımız olduğunu
daha aydın dərk edirik. Həm də bir həqiqəti dərk edirik ki, zaman-zaman belə böyük şəxsiyyətləri yetişdirən
Azərbaycan öz yenilməzliyini hər bir tarixi dövrdə
daha qətiyyətlə
təsdiq etmək qüdrətindədir.
Bəxtiyar Vahabzadə yaradıcılığının
mahiyyətinə vardıqca,
şairin poeziya dünyasının incəliklərini
aradıqca, bu ulu sənətkarı yetişdirən
milli təməlin nə
qədər qüdrətli
olduğunu da görürük.
Görürük ki, milli mədəniyyətimizin
sanki bütün dalğaları gəlib Bəxtiyar Vahabzadə yaradıcılığında birləşir, burada okeanlaşaraq və külçələşərək, xalqın milli mənəviyyatına
və yaddaşına
tamamilə yeni poetik biçimdə, yeni məzmun
qapsamında, yeni ideya
tutumunda, yeni bədii-estetik
dəyərdə qayıdır.
Bəxtiyar Vahabzadə
dünyasında milli varlığımızın
bu dərəcədə
harmonik əks-səda
verməsi - milli ədəbiyyatımızın
öz zənginliyini saxlaya-saxlaya, daim yeniləşə bilməsi
deməkdir. Belə bir cəhəti zəmanəmizin görkəmli
yazıçısı, türk
dünyasının böyük
oğlu Çingiz Aytmatov dəqiqliklə göstərib: "Bəxtiyar
Vahabzadənin poetik təfəkkür mədəniyyəti
təbiətcə millidir.
Bu, müstəsna dərəcədə
zəruri haldır ki,
sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan, xalqın canlı dil memarlığına öz
töhfəni verə
biləsən". Bəxtiyar
Vahabzadə isə öz yaradıcılığı
ilə təkcə
ana dilimizin memarlığına
deyil, həm də vətən sevgisindən, millət qayğısından, Azadlıq,
İstiqlal amallarından
yoğrulmuş müasir
milli düşüncə memarlığımıza
əvəzsiz töhfələr
verdi.
XIX əsr milli mədəniyyət
düşüncəmizə Mirzə Fətəli Axundzadənin verdiyi təkandan sonra davam edən hərəkat XX əsrin ikinci yarısında Bəxtiyar Vahabzadə ilə özünün ən güclü "poetik rezonansı"nı
yaradır. Təsadüfi
deyil ki, altmış-səksəninci
illərdə Mirzə
Fətəli Axundzadəyə
həsr etdiyi iki şeirində Bəxtiyar Vahabzadə məhz ictimai-milli şüur oyanışını
diqqət mərkəzinə
gətirir, "sarayların
zülmətinə daxmasından
nur saçan",
"Şərqi cəhalət
yuxusundan oyadan" Mirzə Fətəlinin mübarizə yolunu özünə örnək
seçir.
Milli mədəniyyət, milli əxlaq
və milli mənəviyyatımıza
bu dərəcədə
sadiq qalaraq, onların irəliyə doğru hərəkətində
daha dərin ictimailəşdirici xüsusiyyətləri,
müasirləşdirici tendensiyaları
tapıb qabartmaq - Bəxtiyar Vahabzadə sözünün başlıca
missiyasıdır. Buna görə
də Bəxtiyar Vahabzadənin arxasında dayanan milli klassika, sanki "zamanlara səpələnmiş" ayrı-ayrı
fraqmentlər deyil, bütün enerjisini bir nöqtəyə toplayan gur işıqdır.
Bu işıq - Dədə
Qorquddan zəmanəmizə
qədər saçılaraq,
bütün mədəniyyət
tariximizin yaradıcı
gücünü səfərbər
edir və məhz Bəxtiyar Vahabzadə yaradıcılığında
özünün ən
yüksək parlaqlığına
çatır. Bəxtiyar
Vahabzadə bir mütəfəkkir sənətkar
olaraq, öz arxasında belə bir möhtəşəm irsin qüdrətini bütün varlığı
ilə, qələminin
gücü ilə
hiss etdiyindəndir ki, onun
poetik sözü bu qədər sərrast, qətiyyətli,
özünə inamlı
və həqiqətə
sadiqdir. Belə bir sarsılmaz təməl üzərində
yüksəldiyindəndir ki, Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətinin
yaradıcılarına, Azərbaycan
tarixinin həlledici hadisələrinə, milli varlığımızın
təlatümlərinə bu
qədər doğma,
həssas, ərkyana, həm də yeri gəldikcə, tənqidi münasibətini
bildirən əsərlər
yazır.
Bəxtiyar Vahabzadə müdrikliyində
Dədə Qorquda,
monumental epik təsvirlərində
Nizamiyə, incə, hüznlü lirikasında
Füzuliyə, dünyanın
ilahi mahiyyətinə
varmasında, müqəddəs
hissləri dilləndirməsində
Nəsimiyə, Sözü
Fatehlik qüdrətinə
çatdırmasında Şah
İsmayıl Xətaiyə,
varlığımızı didən cəhalətə,
idraksızlığa qarşı
üsyan etməsində
Mirzə Fətəli
Axundzadəyə, Mirzə
Ələkbər Sabirə,
Cəlil Məmmədquluzadəyə,
romantik duyğuların
qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə,
milli ideologiyanın poetik-fəlsəfi
laylarını açmasında
Əli bəy Hüseynzadəyə, Məhəmməd
Əmin Rəsulzadəyə,
mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində
Üzeyir bəy Hacıbəyliyə, Vətən
torpağının ülviyyətini
real cizgilərlə canlandırmasında
Səməd Vurğuna
bənzəyir. Amma əlbəttə
ki, bütün bunlarla
yanaşı, Bəxtiyar
Vahabzadə hər yerdə özüdür və öz Sözünün ustadıdır.
Bəxtiyar Vahabzadə Azərbaycanı
- onun dünəni, bugünü və sabahının bütövlüyündə
görür. Keçmişimizdən
gələcəyimizə uzanan
yolda milli-ictimai ideallarımızın varisliyinə
ehtiramı vətəndaş
əxlaqının ən
yüksək örnəyi
sanır. Hamıdan öncə o özünü
- Vətəninin şair
oğlunu bu əxlaqın daşıyıcısı
missiyasında təqdim
edir. "Şair kimdir?" - sualına da ustadın cavabı belədir:
Şair
- fikirlərin çırpınan
seli,
Şair
- həqiqətin müğənnisidir.
Şair
- təbiətin danışan
dili,
Şair
- cəmiyyətin üsyan
səsidir.
Şair
- zəmanənin, əsrin
vicdanı,
Şair
- tarixlərin şərəfi,
şanı.
Şair
- bu dünyada zamanın sözü,
Şair
- həqiqətin, haqqın
güzgüsü!
Məhz
belə bir həqiqətsevərlik mövqeyinin
getdikcə dərinləşməsi
- Bəxtiyar Vahabzadə
yaradıcılığında fəlsəfi poeziya janrını ön plana çıxarır. Azərbaycan
poeziyasının elə
bir janrı yoxdur ki, Bəxtiyar Vahabzadə həmin janrda yazmasın və o janrı öz dəst-xətti ilə təzələməsin.
Bəxtiyarın sənət
dünyasında söz
də, fikir də, janr da, bədii formanın bütün komponentləri
də yeni və orijinaldır. Əlbəttə,
mahiyyətcə, bu poeziya - ən kiçik janrlarından ən böyük janrlarına qədər ideyalı poeziyadır.
Milli-ideoloji başlanğıcı
həmişə qüvvətli
olmuş Bəxtiyar Vahabzadə yaradıcılığı
yüksək poetik sənətkarlıq keyfiyyətlərinə
malik olmaqla yanaşı,
həm də ideya-məzmun dərinliyi ilə seçilir. Bəxtiyar yaradıcılığına
məxsus seçkin poetik xüsusiyyətlərdən
başlıcası isə
budur: əsərin əvvəlindən sonuna doğru ideya "hərəkət edir",
bu ideyanın sözbəsöz, sətirbəsətir
inkişafı son bənddə
tam dolğunluğunda, həm
də çox zaman paradoksal poetik nəticə ilə başa çatır. Buludlar arasından şəfəqləri süzülən
günəşin birdən
bütün parlaqlığı
və əzəməti
ilə görünməsi
kimi! Oxucunu ehtizaza gətirən də elə budur. Əsərin son akkordunun novellaya xas, gözlənilməz və cazibədar şəkildə bitməsi
güclü poetik effekt yaradır və onun ideya-tapıntısı
oxucu yaddaşında özünə əbədi
"psixoloji yuva" qurur. Məsələn, ustadın böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə
həsr etdiyi, romantik duyğuların selində yaradılmış
"Şəbi-hicran" poemasının
"hərəkət edən"
ideyası günəş
parlaqlığında yalnız
son bənddə belə
açılır:
"...Gələndə Məhəmməd
gəldin cahana, // Gedəndə: Füzuli getdi - dedilər".
Bəxtiyar Vahabzadə yaradıcılığında
orijinallığı yaradan
digər xüsusiyyət
- poetik təzadlardan bir sənətkar məharəti ilə istifadə edilməsidir (müəllifin "Təzadlar"
adlı ayrıca poeması da var). Şair sanki zidd dünyaları
"toqquşdurur" ki, bu
toqquşmadan qopan
"qığılcımlar"ı -
"ideya toxumları"nı
yığıb-toplaya bilsin.
Ona görə də Bəxtiyar poeziyasının
ümumi arxitektonikasına
gərilmiş bir ruh - dramatizm ruhu hakimdir. Bu dramatizm onun süjetli lirik şeirlərində də,
epik-monumental poemalarında
da kifayət qədər
qabarıqdır. "Əbədi
heykəl", "İztirabın
sonu", "Gülüstan",
"Etiraf", "Ağlar
güləyən", "Həyat - Ölüm",
"Qəm içində
sevinc", "Dörd
yüz on altı",
"Vətən mənəm,
mən Vətənəm",
"Muğam", "Atılmışlar",
"Ləyaqət", "İki qorxu", "İstiqlal", "Şəhidlər"
kimi əsərləri
bu dramatizmi bütün ağırlığı
ilə oxucuya çox uğurlu bir şəkildə təlqin edə bilir. Ancaq ümumiyyətlə
şairin yaradıcılığında
lirizmdən dramatizmə,
dramatizmdən lirizmə
keçid də çox ahəngdar və yumşaqdır. Ustadın lirik poeziyasında dil o qədər axıcı, üslub o qədər bənzərsiz, duyğu o
qədər əlvandır
ki, bu biçimdə olan əsərlərə
zaman-zaman musiqi bəstələnməsi
də Azərbaycan incəsənətinə yeni ifadə
tərzi, yeni ifaçılıq
maneraları gətirə
bilmişdir.
Bu gün artıq Azərbaycan musiqisini Bəxtiyar lirikası, Bəxtiyar qəzəlləri
olmadan təsəvvür
etmək mümkün
deyil. Şair elə "Muğam" poemasını da sadəcə,
Azərbaycan klassik musiqi mədəniyyətinin
dəyərlərinə ehtiram
bəsləməyin gərək
olduğunu göstərmək
üçün qələmə
almamış, həm
də muğam sənətini dünya mədəniyyətinin zirvə
qatına yüksəltmək
məramı ilə yazmışdır. Ümumiyyətlə,
Azərbaycanın tarixinin
və mədəniyyətinin
elə bir mühüm hadisəsi yoxdur ki, Bəxtiyar Vahabzadə ona öz münasibətini orijinal bir refleksiyada
bildirməsin.
Azərbaycanın böyük ictimai
xadimi Bəxtiyar Vahabzadə xalqımızın
ən dar günlərində onun varlığını qoruyan
bir mücahid olduğu üçün,
qələmindən çıxanlarla
dilindən çıxanlar
üst-üstə düşdüyü
üçün, ədəbi
şəxsiyyəti əməli
fəaliyyətindən ayrılmaz
olduğu üçün,
ən kiçik şeirləri belə həqiqət saçır,
dolğun bir poetik ideyanın təcəssümü olur.
Cavanşir Feyziyev Bəxtiyar
Vahabzadənin son dövr
yaradıcılığı, bir filosof-sənətkar olaraq, zəmanəsinin hadisələrinə onun daha miqyaslı vətəndaş münasibətini
əks etdirən mükəmməl və cilalı əsərlər
yazması ilə səciyyələnir. Bütün
yaradıcılığının əvvəli ilə sonunu birləşdirən
bir sönməz amal isə hər
zaman - Azərbaycan və
onun istiqlalı olaraq qalır. Bəxtiyarın özündən
sonrakı dövrlərə
baxışlarında da Vətənin
İstiqlalı başlıca
qayə kimi görünür. Babaların
milli müstəqilliyə qovuşan
yolunu nəvələr
- istiqlal çağında
doğulan və doğulacaq yeni-yeni nəsillər
davam etdirir:
Nəvəm beşiyində mışhamış
yatır,
Yatır,
çəkdiyimiz dərddən
bixəbər.
Birimiz əvvəlik, birimiz axır,
Mən batan günəşəm,
o, doğan səhər.
Nəvəm yavaş-yavaş böyüyür
hələ,
Bizim istiqlalın həmyaşıdır
o.
Bizim ay-ulduzlu bayrağımızla
Mənim
nəzərimdə yanaşıdır
o...
...Oğullar, nəvələr
qoruyar, yəqin,
Babalar qazanan bu istiqlalı.
Bu bayraq altında böyüyənlərin
Ruhu da özütək azad olmalı!
Azərbaycanın müstəqillik dövrünün
"poetik tarixini"
yaradan Bəxtiyar Vahabzadənin poeziyası bu mərhələdə yetərincə müdrikləşir,
həm də əzəl mahiyyətinin
yeni görsənişləri kimi, daha da inqilabiləşir,
misraları qığılcım
saçır... Çünki
Azərbaycan torpağının
Qarabağ ürəyi
düşmənin caynağındadır!..
Ona görə də ölkəmizin müstəqilləşməsi
ilə Qarabağın
işğal edilməsi
- bir-birini inkar edən iki tarixi
fakt kimi Bəxtiyar poeziyasında Azərbaycanın tarixi taleyinin ən böyük təzadı olaraq təqdim edilir. Bu dramatik situasiyanı şair ürək yanğısı
ilə təsvir edir. Vətən torpağının bir parçasını itirmiş
azərbaycanlının ürəyində,
yaddaşında tufan qoparır!
Onu bu fikrin
həqiqətinə inandırır
ki, müstəqillik ideallarının
tam qələbəsi - yalnız
Qarabağın azad edilməsi ilə, ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi ilə öz təntənəsinə çatır.
Bəxtiyar Vahabzadənin təqribən,
60 ili əhatə edən zəngin yaradıcılığı Azərbaycanda
və xaricdə, xüsusilə, Türkiyədə
çox geniş şəkildə öyrənilib,
haqqında yüzlərlə
dəyərli tədqiqat
əsərləri yazılıb.
Müasir Azərbaycan
mədəniyyətinin öncül
yaradıcılarından, demək
olar, bir kimsə yoxdur ki, Bəxtiyar Vahabzadə haqqında söz deməsin. Bəxtiyar Vahabzadənin poeziyası,
dramaturgiyası, ədəbi-siyasi
publisistikası, ədəbiyyat
tariximiz haqqında tədqiqatları müasir
Azərbaycan mədəniyyətinin
daim öyrənilməyə
layiq olan, zəngin irsidir. Onun hər bir
əsəri bu möhtəşəm irsin
ulduzlar kimi çox uzaqlardan belə görünən çox kiçik, lakin elə o ulduzlar qədər də parlaq zərrələridir. İnsanlığın
beşiyi olan Yerdən dayanıb göy üzünün dərinliklərində sayrışan
ulduzları seyr etdikcə onların əlçatmaz olduğunu
anlayırsan. Bəxtiyar
Vahabzadə ulduzunun müstəsnalığı isə
ondadır ki, o nə qədər əlçatmaz
görünsə də,
onun parlaq zərrələri hər
bir oxucunun qəlbinə asanlıqla yol tapıb onun Vətən və millət sevgisini, milli və bəşəri dəyərlərə
sayğı hisslərini
alovlandırmağa qadirdir.
Cavanşir Feyziyev
Ədəbiyyat qəzeti.- 2024.- 17 avqust, №31.-
S.12-13.