Arazın o tayına
məktub
Tehran
konservatoriyasının məzunu Arif Mehmandosta
Mən
folklorçu, tədqiqatçı deyiləm. Lakin sizin və
dostlarınızın təklifinə imkanım daxilində, məmnuniyyətlə
cavab verməyə çalışacağam.
Azərbaycan
xalqının dilində, hafizəsində olan bayatılar,
atalar sözləri, dünya görmüş adamların, hətta
filosofların dedikləri kəsərli fikirlər təsadüfən
yox, yerində, əlamətdar bir məqamda deyilir ki, bu da
dövrün fəlsəfi dünyagörüşü, tarixi
yaddaşı, bir növ çağırışı,
arzusu, istəyi, andı kimi səslənir və təsir edir.
Bayatılarla,
onun yarandığı əsri, illəri belə müəyyən
etmək olur ki, bunun özü də xalqın
yaşadığı, mübarizə apardığı
dövr, epoxa haqqında müəyyən, bəzən
aydın təsəvvür yaratmış olur.
Yeri gəlmişkən,
xüsusi vurğulamaq istərdim ki, ictimai-siyasi nəğmələrimizdə
belə, bayatılarımızdan məharətlə istifadə
edilmişdir ki, bu, onların təsir dairəsini daha da
gücləndirmişdir.
Misal
üçün, məşhur "Qara gilə" nəğməsini
xatırlayaq:
Qızıl
gül əsdi,
səbrimi
kəsdi.
Sil
gözün yaşın, Qara gilə,
ağlama
bəsdi.
Başqa
bayatılarımızda da, görün, nə qədər
obrazlı fikirlər işlədilir:
Eləmi,
bulud ağlar,
çeşməli-sulu
dağlar.
Burda bir qərib
ölmüş,
göy
kişnər, bulud ağlar.
Adı
çəkilməyən bu "Qərib" bəlkə də
tarixi bir şəxsiyyət, bəlkə də həqiqətən
adi bir qəribdi. Ola bilər. Amma millətin, xalqın mənəvi
paklığı, humanistliyi aydın şəkildə ifadə
olunur.
Dağlara
çən düşəndə,
sünbülə
dən düşəndə,
ruhum bədənnən
oynar
yadıma
sən düşəndə!
Burada da sətiraltı
mənalardan söhbət gedir. Bu adi eyham, bu işarə insani
hisslərin poetikası deyilmi?!
Bir
bayatımızda da deyilir:
Bu gələn
yar olaydı,
əlində
nar olaydı.
İkimiz
bir köynəkdə,
yaxası
dar olaydı.
Başqa
bir bayatısında "Gəzməyə qərib ölkə,
ölməyə Vətən yaxşı", - deyən bir
torpağın, xalqın yuxarıdakı bayatıda vəsf
edilən məhəbbət hissi də pərəstişə
layiqdir. Lakin mənə elə gəlir ki, bizim bir çox
bayatılarımız (xüsusilə siyasi bayatılar) əsas
fikri yayındırmaq niyyətilə, sətiraltı mənalarda
deyilir. Bu yolla da, mövcud siyasi hərəkətlə həm
zamanın təqiblərindən xilas olur, həm də
sözünü deyə bilir. O Taylı-bu Taylı xalq hərəkatı
tariximizdə belə bayatılarımızın rolu əvəzsiz
olduğu qədər də, hərəkatın gizli manifesti
yaddaşlarda yaşayır.
Lakin bir həqiqəti
heç vaxt unutmaq olmaz. Araz sahillərində fars, rus əsgərləri
keşik çəkəndə belə, xalqımız
bir-birindən ayrı olmamış, onun arzusu, istəyi,
idealları uğrunda mübarizəsi bir olmuşdur.
Bayatıları da, atalar sözləri də bunu bir daha əyani
şəkildə sübut edir.
Mən,
bir sıra telefon yazılarında müğənnilərimizin
oxuduğu nəğmələrdə, bəzən televiziya
verilişlərində də bayatılarımızda,
onların düzəldilmiş, guya müasirləşdirilmiş
variantları ilə də tanış oldum.
Hünərin
var özün yeni bayatı yarat! Xalqın əsr-əsr
yaşadığı döyüşlərin, iztirabların,
qəhrəmanlıqların üstən xətt çəkmə!
Bayatılar əsasında yeni tarix kitabları yaz. Unutmayın
ki, qədim bayatılarımız tariximizdir.
Bir misal.
Qədim dünya tarixçisi Plutarx yazır ki, yunanlar
Krit-Miken mədəniyyətindən çox şey mənimsəmişlər:
bir xalq kimi yunanlarda öyrəndiklərini inkişaf etdirib,
özününküləşdirmək qabiliyyəti olduqca
güclü idi. Onlar finikiyalılardan əlifba
götürmüş və bunu təkmilləşdirərək,
özününküləşdirmişlər. Buna "yunan
möcüzəsi" də deyirlər.1
Qədim mənbələrdə
göstərilir ki, "İliada"da yeri gəldikcə
"metal", "tunc", "dəmir" sözləri
gah metafora, gah da atalar
sözü kimi işlənmişdir. Poemada "Kişiləri
dəmir özü çağırır" kimi atalar
sözü çağırış kimi də işlənir,
yəni "silaha sarıl!"2
Qədim
və şərəfli tarixə malik Azərbaycan xalqı həmişə
zəngin mənəvi irsə malik olduğunu əsr-əsr
nümayiş etdirmiş, öz mövqeyi, nüfuzu ilə
tanınmışdır və indi də tanınır.
Ulu
Öndər, unudulmaz Heydər Əliyev dəfələrlə
bu barədə danışmış və xalqın
böyüklüyü ilə fəxr etdiyini bildirmişdir.
Ata vəsiyyətlərinə
sadiq qalan cənab Prezident İlham Əliyev Qarabağ
torpaqlarını azad etməklə bu xalqın
böyüklüyünü, yenilməzliyini bir daha sübut
etdi.
Biz
ziyalılar O taylı-Bu taylı böyük bir xalqın
varisləriyik.
1. Bax: M. "Pravda"
nəşriyyatı, 1990, səh.95
2.
"Drevnyaya Qretsiya". M. 1956, səh.76
Sizə
hörmətlə,
Nəriman
HƏSƏNZADƏ
Azərbaycanın
Xalq şairi
Bakı
ş. 28 iyul 2023
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.17.