Qara rəngli dar köynəyim vardı, yadında?
Sizin evin qarşısında durardım.
Tünd
qıvırcıq, gur
saçlarım vardı,
yadında?
Bığımı da Koroğlutək
burardım.
Bizi bahar tanış etdi, yadında?
Söylədi ki, tez isinən
uşaqdı.
Sən əlini mənə tərəf uzatdın,
Mən də necə kəkələdim, yadında?
Sonra sənə üzük aldım, yadında?
Barmağına taxmaq üçün
gətirdim.
Sən də məni bir payıza ötürüb,
Çıxıb getdin, dayanmadın,
yadında?
Səndən sonra neçə
ömür yaşadım,
Səndən sonra dağı
dağa daşıdım,
Bir də gördüm, bu dünyayla yaşıdam,
Sən də yoxsan, olmamısan, yadında?
Yadımdadı, sönmüş eşqin
ocağı,
Unutmuram
o şöləsiz çırağı,
Nə qalıb ki, on, on beş il
uzağı,
Məni
necə puç elədin, yadında?
Yadımdadı, o qəmzəli baxışın,
Yadımdadı, o şahanə duruşun,
Yadımdadı, külək ilə
gəlişin,
Təkcə üzün qalmayıbdı
yadımda,
Yadında?
***
Dünya
ceyran gözüydü,
Ənbər kimi qoxurdu.
Həyat
məni sevirdi,
Dilim nəğmə oxurdu.
Arzularım quş kimi
Göy üzündə süzürdü.
Ömür şirin duş
kimi,
Gözümdən süzülürdü.
Qardaşlarım sağ idi,
Atam arxa, dağ idi.
Dünya
ağ varağ idi,
Hərflər düzülürdü.
***
Bu gün atamın anım günüdür.
Yeddi ildir ki, onunla ürəyimdə danışıram. Atam ürəyimdədir. Qardaşlarım
da ordadır. Mən də ora gömüləcəm,
ürəyimə. Ürəyim
bizim evimizdir.
Səndən sonra havalar soyuq keçir,
Səndən sonra soldu bağçadakı nar.
Səndən sonra anam dovğa bişirmir,
Deyir, atan göylərdədir, umsunar.
Səndən sonra dünya heç dəyişmədi,
Pis adamlar yenə surun sürmədə.
Səndən sonra qardaşımı
itirdim,
Tək qalmışam bir adamlıq xeymədə.
Səndən sonra yazı yaza bilmirəm,
Sözlər qulaq asmır, baxmır sözümə.
Sən ordasan, sözün bitdiyi yerdə,
Ordan bir söz göndər,
qatım sözümə.
Səndən sonra mən də çıxıb getmişəm,
Qalan mən deyiləm, bir başqasıdı.
O gün tində, qəfil çıxdım
qarşıma
Tanımadım gördüm bir
başqasıdı.
***
Qəlbimlə zikr etdim səni,
Darlıqda şükr etdim
səni.
Göylərdə fikr etdim səni,
Könlümdəsənmiş...
Qürbətin yolları duzağ,
Gözümün yaşları sazağ.
Hey axtardım yaxın-uzaq,
Könlümdəsənmiş.
"Ol!" dedin, oldum ya hu.
"Qal!" dedin, qaldım ya hu,
"Bil" dedin, bildim ya hu,
Könlümdəsənmiş.
Tanrıma...
Ovcumda bir işıq var,
Vətəndən gətirmişəm.
Bu qürbətə düşəli,
Şöləsin itirmişəm.
Qürbətin qapıları
Babi-nəfsdən keçir.
Adamları fanidi,
Baqidə
şəri seçir.
Mən Tanrının sirriyəm,
Tanrı
mənim sirrimdi.
Keçmişəm ərşi-fərşdən,
Şəffaf mənim ismimdi.
Yaddan çıxmır vətənim,
Ləbbadəmdi bu tənim.
Gəldim,
sənə əyilim,
Gəldim,
sənə çevrilim.
Əksin
aynada şəffaf,
Ha baxıram, görmürəm.
Açıqdı böyük gözüm,
Səni
qəlbdən bilirəm.
Susmuşam bu qürbətdə,
Sözüm sözündə susub.
Görmürəm bu qürbəti,
Gözüm gözündə susub.
Fanidi qürbət eli,
Bəndə nöqsansız olmur.
Baqidi könlün dili,
Bilənlər sənsiz olmur.
Bir an sənsiz olmadım,
Unutmadım vətəni.
Ruhu üfürdün mənə,
Cəza
verdin bu təni.
Səni
zikr etdim, ancaq
Səni
tanıdım, səni.
Vətəndə itirmişdim,
Qürbətdə buldum səni.
***
Atlantik okeanın sularında üzdüm,
Əlimi
səndən üzmədim...
Alp dağlarına qalxdım,
Ayağa
qalxa bilmədim,
Üfüqdən doğan günü
gördüm,
Gün görmədim...
Hamını gördüm,
Səni
görmədim...
Sən məni gördün?
Mən özümü görmədim...
***
Qızınasan deyə, günlərimi
bir-bir
yandırıram
xərabət tonqallarında,
Dünyanın sarı simi qırılsa
da, kədəri həmindi
indi...
Ölümü görmək istəsən,
üzümə bax.
Amma qorxma...
Gözlərim həmindi
İndi!
Çağırsan, gələrəm
indi.
Amma qorxma,
qorxma, belə ağır tərpənməyimdən...
Sevgim həmindi.
İndi
Azadlıq istəyən kişilərin
çoxu
azadlıqdadı
indi.
İt döyürlər Keşlə
bazarının arxasındakı
torpaq yollarda...
Tanrı
mənə güvənmir
daha,
İmtahan etmir.
Daha qarşıma yaxşı
adamlar çıxmır,
Başıma pis işlər
gəlir...
İndi
Sevdiyim qadınların nazı demodedir,
Köhnədi baxışları.
Dostların yarısı kirə
çıxdı,
yarısı pula.
İndi
Ancaq küləklər əskisi
kimi gözəl əsirlər,
Havalandırırlar məni.
Ancaq küləkli günlərdə
gözlərim ayılır
Görürəm səni
İndi
Sən hardasan indi?
İndi
Mən hardayam, indi?
İndi.
***
Su axar yalın-yalın,
Əridir
dağın qarın.
Dənə dən, narın-narın
Suda ömrüm görünür...
Bir damcıda uşağam,
Ərgənəm bir damcıda.
Bir axarda dədəyəm,
Babayam bir axarda.
Ömrüm su kimi axır,
Əl eyləyir uzaqdan.
Ağ bacalı gəmiyəm,
Tüstü çıxır bacamdan.
Saf qar idim, əridim.
Axarla axdım arxdan.
Mən Mələk doğulmuşdum,
Çıxa bilmədim vaxtdan.
***
"Ol!" dedin, oldum,
"Qul" dedin, oldum.
"Gəl" dedin, oldum,
Oldummu, ya Hu?
Nəfsi-kübra
Ləfsi-zəhra
Ara-ara, sıra-sıra
Qaldımmı, ya Hu?
Xəlvətdən aşkara,
İşrakdan pünhana
Çatdım pəncərəsiz hana
Gördünmü, ya Hu?
Dərd
verdi ruzi kimi,
Güldüm lal quzu kimi.
Faniydim,
Baqi oldum,
Hu çəkdim, razı kimi.
***
Dərdini deməyə qardaşın
yoxsa,
Sirrini deməyə sirdaşın
yoxsa,
Sənə yol olacaq yoldaşın yoxsa,
Demək,
ya Tanrısan, ya da ki tənha.
Əgər Tanrısansa, sənə
nə deyim?
Əgər tənhasansa, zamanı
əyir.
Əgər Tanrısansa, dünyan
mübarək,
Əgər tənhasansa, ölümün
xeyir!
Tanrı
da tənhadı, sən
də tənhasan,
Səni
özü kimi yaratdı mövlan.
Darıxma, bu ömür göz qırpımıdı,
Tanrı
darıxmır ki, tənhalığından.
***
Əcəl başımın üstə
Durub əmr gözləyir.
Anam başımın üstə
Sabaha nəzir deyir.
Aldadıram əcəli,
Aldadıram anamı.
Allaha
can borcum var,
Başa
salın anamı.
Ömür anadan başlar,
Ana Allah amanı.
Ölüm anadan başlar,
ölüm Allah amanı.
Nə yaşadım, nə yapdım?
Nə itirdim? Nə tapdım?
Bu fanidə ha çapdım,
Bulammadım amanı.
***
Səninlə oynamıram,
Zər tutursan, İlahi.
Şeş-beş atıb uduzuram,
Yeklə
udursan, İlahi.
Aldın
verdiklərini,
Verdin bildiklərini.
Gördüm gördüklərimi,
Mən gedirəm, İlahi.
Mərdin
namərdə quldur,
Yaxşın pisin əsiri.
Şeytan
tutub əlimdən,
Oynamıram, İlahi.
Oyun sənin oyunundu,
Hökmü-zər sənsən, İlahi!
Hamı
fanidi dünyada,
Baqi tək sənsən, İlahi.
Mən səni sevmək istədim,
Sənə bənzəmək istədim,
Səndən şeş-qoşa istədim,
Du bir verdin, İlahi.
***
Ölüm yuxu kimidir,
Kipriyindən sallanır.
Ömür güzgü kimidir,
Adam baxır, hallanır.
Hər anı bir zaman bil,
Hər günü bir güman bil,
Bu dünyanı yalan bil,
Adam baxır, aldanır.
Yox olacaq hər nə var,
Əldə əsa, saçda
qar.
Bu beşikdi, ya məzar?
Adam baxır, yollanır!
***
Qar yağır gorgah üstünə,
Gah altına, gah üstünə,
Qar yağır, bir ah üstünə,
Üşüyürsənmi, ata?
Bu dünya sənə dar idi,
Hər sözün bir nübar idi,
Söyüşün də kübar idi,
Eşidirsənmi, ata?
Qardaşlarım yanındamı?
Burdakılar yadındamı?
Yerin altı gümandımı?
Məni
görürsənmi, ata?
***
Sənin
gözlərin göydü,
Göy üzü kimi.
Göy üzü göydü,
Sənin
gözlərin kimi.
Mənim
gözlərim qaradır,
Gecə
kimi.
Gecə
qaradır,
Mənim
gözlərim kimi.
Mən göy üzü maviyə baxdım bir ömür,
Sən gecənin qaranlığına.
Mən səni gördüm bir ömür,
Sən məni qaranlıqdı deyə, görmədin, amma
Görmədin, amma.
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.2-3.