Ağır itki
Ankaradan
ağır xəbər
gəldi - Yaqub Öməroğlunu qeyb etdik.
Türkiyədə çoxlu dostlarım,
tanışlarım var. Yaqub
bəy ən çox rəğbət bəslədiyim dostlarımdan
idi. Kübarlığı
ilə, ziyalılığı
ilə, mülayim rəftarı ilə, əsas isə gördüyü böyük
işləri ilə qəlbimdə öz yeri vardı.
İki cür insan olur - çox danışıb, az iş görənlər və az danışıb,
çox iş görənlər.
Yaqub Öməroğlu ikincilərdəndir.
Uzun-uzadı bəyanatlar
verməyi sevməzdi,
özündən deməyi
sevməzdi, uğurlarını
şişirtməyi sevməzdi.
Bütün bunların
əvəzinə, türk
dünyasının ədəbi
birliyi yolunda misilsiz xidmətlər göstərirdi. Biz indi sevinclə türk ölkələrinin hər
cəhətdən yaxınlaşmasını
görürük. Çox-çox
illər bu işi ədəbiyyat sahəsində başlayanlardan,
ilklərdən biri Yaqub Öməroğlu idi.
Avrasiya Yazarlar Birliyinin əsasını qoyanda,
"Qardaş qələmlər"
dərgisini çap etməyə başlayanda mənimlə də məsləhətləşirdi. Yaxşı dərk edirdim ki, mənim tövsiyələrimə bir
elə ehtiyacı yoxdur, amma bunu
yaşıma hörmət
əlaməti olaraq, daha çox bir Azəri türkünə, ağsaqqala
ehtiram əlaməti olaraq edirdi. 2012-ci ildə mənə Türk dünyası
"İlin ədəbiyyat
adamı" ödülü
də Yaqub bəyin təşəbbüsü
ilə verildi.
Yaqub bəyin soyadı Dəliöməroğludur. Bir dəfə söhbətdə
"Azərbaycan türkcəsində
"dəli" sözünün
mənfi çalarları
da var", dedik. Azərbaycan
xalqına hörmət
əlaməti olaraq Yaqub bəy yazılarını sadəcə,
Öməroğlu soyadı
ilə imzalamağa başladı.
Ankarada,
İstanbulda, Bakıda,
son dəfə Özbəkistanda
unudulmaz görüşlərimiz
gözlərim qarşısında
canlanır. Ankarada məni ay parçası kimi övladları ilə - oğlu və qızıyla tanış etmişdi.
İndi onların dərdli
gözlərini xəyalımda
canlandırıb çox
acıyıram.
Yaqub bəyin vəfatı bütün türk dünyasının ədəbi
həyatında əvəzsiz
itkidir. Deyirlər,
"əvəzolunmaz insan
yoxdur", düz deyil, var.
Var əvəzolunmaz insanlar. Yaqub Öməroğlu belə əvəzolunmaz insanlardandır.
Allah ona qəni-qəni rəhmət
eləsin.
19 avqust 2024
Anar
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.3.