Qırmızı zolaq
Bu qədər gərgin, narahat, damarları şişkin olmasının
səbəbi gördüyü
yuxu idi. Yenicə gözünü
yumsa da, real aləmdən
qopmuşdu.
Yuxusunda
yenə də son günlərdə dəfələrlə
təkrarlanan həmin
üçlük idi.
6 yaşlı özü,
44 yaşlı atası
və qara inək. Bu üçlüyün
arxasında başqa
10-15 inək və buzov, həmçinin qardaşları da var idi.
Onları
aydın seçə
bilmirdi. Nə üzləri dəqiq xatirində idi, nə də heyvanların rəngini ayıra bilirdi. Sanki qarşıdakı üçlüyə
şəffaf, arxadakılara
isə buzlu şüşədən baxırdı.
Nəsə olduğunu
bilirdi, görürdü,
amma detallar aydın deyildi. Yəqin detallar heç özünə də maraqlı gəlmirdi.
Atası
əlində iri ağacla heyvanları sağdan-soldan hürküdür,
onları tövləyə
tərəf gətirirdi.
Özü də ən qabağa qaçır, tövlənin
qapısını içəridən
açır və yenidən heyvanların arxasına keçirdi.
Heyvanlar
tövləyə girir,
əsas qapı bağlanır, atası su istəyir, çomağını əlinə
alıb tövləyə
girir...
Özünü yuxudan oyatmaq üçün çalışdı
və buna nail oldu. Son
illərdə özünü
yaxşı tərbiyələndirmişdi.
Qorxulu yuxu görəndə, yaxud sıradan bir yuxu birdən-birə korlananda tez özünü oyadırdı.
Yenə də işə yaramışdı.
Sağa-sola baxdı, heç kimi narahat etməmək üçün yenidən
başını yastığa
qoydu. Həm maykasının, həm yatdığı hissədəki
döşəkağının, həm də yastıqüzünün tərdən
islandığını gördü.
"Həll yolu axtarmağın vaxtı deyil" düşünüb,
ayağına dəyən
ağ əsgini dartdı, kürəyinə
qoydu.
Yuxuda gördüklərinin gerçəyini
xatırladı. "30 il əvvəlki
hadisələri niyə
hər gün görür?" deyə düşündü.
***
Biçinə bir aydan az vaxt qalmışdı.
Hər gün səhərdən-axşama kimi
üç qardaş əkinin yanında keşik çəkirdilər.
Buna manqurt əməyi
də demək olardı. Çünki hər üçünün
başı keçəl,
papaqsız, susuz, dörd-beş saat qırx-qırx iki dərəcə günün
altında qalmaq elə manqurtun dözə biləcəyi
bir iş idi. Səhər yeddidən on ikinin yarısına kimi böyük qardaş, on ikinin yarısından dördə kimi ortancıl qardaş, dörddən səkkizə
kimi o dayanırdı.
Səkkizdən sonra üçü də əkin sahəsinə gəlirdi. Çünki işin ən vacib hissəsi burada idi. Kənddə
inək, mal-qara sahibi olanlar heyvanları naxıra göndərirdilər. Axşam
dönüş vaxtı
bu heyvanların bir hissəsi sahibi tərəfindən evə aparılır, sahibi gəlməyənlər
isə əkinə, bağa, bostana hücum çəkirdilər.
Bu dəfə atası da gəlmişdi. Son günlər
olduqca əsəbi idi. Demək olar ki, hər gün eyni adamların
eyni mal-qarası onun əkin sahəsində qarnını
doyurmağa çalışırdı.
Bu gün əlinə aldığı yekə çomağını görəndə
qonşuluqdakı yaşlı
kişi:
- O ağac nədi? Yoxsa, Qaraca Çobanlığa
başlamısan? - soruşdu.
- Arvaddöyən ağacımdı,
- deyib şaqqanaq çəkərək güldü,
sanki bir az əvvəl əsəbdən qıpqırmızı
qızaran adam deyildi.
Və oğlanların heç biri bu sözə
nə daxildən, nə də səsli reaksiya vermədilər. Əlbəttə,
bu ağacla heç vaxt anaları döyülməmişdi,
amma zarafat o qədər iyrənc idi ki, 30 il sonra belə onun ürəyini bulandırırdı.
Sonra bağa tərəf yaxınlaşan mal-qaranı
qarşılarına qatdılar.
Sürə-sürə həyətə
kimi gətirdilər. Tövləyə saldılar.
Yarım saatdan sonra bir-bir heyvanların
sahibləri gəldi. Kimisi boynubükük, kimisi aqressiv, kimisi də vecsiz. Hamısı öz heyvanını götürüb getdi. Onun atası nə vəzifə sahibi idi, nə
də güc. Sadəcə, 3-4 hektarlıq
torpağını qoruyan
bir kəndli idi. Camaat da ona bir söz
demirdi, evdəkilər
də. Asırdı-kəsirdi,
qışqırırdı, sakitləşirdi, yatırdı-dururdu.
Beləcə günü-günə
calayıb əkinin biçiləcəyi günü
gözləyirdi.
***
Neçə gün idi yuxuları düzəlmişdi.
"Düzəlmişdi" dediyim başqa şeylər görürdü.
Başını (və
yuxularını) qatmaq
üçün hər
gün ən azı iki filmə
baxırdı, səsli
kitaba qulaq asırdı. Faydası da
olurdu.
Axırıncı dəfə Okan
Bayülgenin səsi ilə "Satranç"a
- Zvayqın "Şahmat"ına
qulaq asmışdı.
Elə həmin gecəni də özü ilə şahmat oynamışdı.
Amma elə ki, bütün
günü yollarda qaldı, həmin gecədəcə qara inək gəldi.
Qara inək bu dəfə
çox böyük idi. Qeyri-adi nəhənglik deyildi bu, sadəcə, qarnı şişmişdi,
boğaz idi. Boğaz, yəni hamilə, yəni qarnında balası var idi.
Qardaşları ən arxada görünürdülər. Bir az irəlidə 6 inək, atası - əlində çomağı
və ən öndə qara inək. İnəyin dərisindəki tükləri
alnından quyruğuna
qədər qapqara idi və parıldayırdı.
Gözləri də, burun dəlikləri də qara idi.
Əgər bu inək inəklərin gözəllik müsabiqəsinə
qatılsa, dəqiq birinci yer olardı.
Hamiləlik də ona çox yaraşmışdı. Bel sümüyünün
altındakı boşluq
dolmuşdu, bədənində
bütün keçidlər
ideal idi. Sanki peşəkar
dizayner hazırlamışdı
onun fiqurasını.
6 yaşında uşaq yenə qabağa qaçdı. Tövlənin
qapısının açılması
onun məsul vəzifəsi idi, heyvanlar içəri girdilər. Atası su istədi. Çomağını götürüb
tövləyə girdi.
Əlini və əlindəki ağacı
yuxarı qaldırdı,
endirmədən yuxudan
oyandı. Nəfəsinin
az qala kəsildiyini
gördü, yerindən
qalxdı, eyvana çıxdı. Havanı
acgözlüklə ciyərlərinə
çəkdi. "Kaş
siqaret çəkən
olaydım", - deyə
düşündü. "Bax, əsil onun havasıdır. Görəsən, doğrudan
da, siqaret belə şeyləri unutmağa kömək edir?" - özünə sual verib bir saatdan
çox çöldə
qaldı.
***
Kombaynlar
kəndi 2 ay idi ki, tərk etmişdilər. Artıq hər kəsin buğdası, arpası evində, anbarında idi. Gələn ilin toxumluğu ayrılmış,
dəyirmana göndəriləcəklər
işarələnmiş, qalanı
da müştərisini gözləyirdi.
Bu qədər əziyyətin
qarşılığında 6666 kq buğda əldə
etmişdilər. Hətta
son 6 kq düzəlsin
deyə yerdəki tozu, zibili də
son kisəyə doldurmuşdular.
Amma nə buğdanın çəkisi onların vecinə idi, nə də zəhmətləri. Heç
gələn il əkin
əkmək barədə
fikirləri də qəti deyildi.
Səbəbini bilirdilər. Özləri
bilirdilər. 3 qardaş
da bilirdi, digər ailə üzvləri də bilirdi. Bilirdilər ki, sahibi qara inəyin balasını götürüb.
Doğa bilməyib, baytar gəlib balanı inəyin qarnından dartıb çıxarıb - ölü
balanı.
Balanın niyə öldüyünü
də yalnız onlar bilirdilər.
***
Neçə gün idi ki, nəinki yuxularında, heç oyaq vaxtında belə qara inəyi düşünmədən dayana
bilmirdi. Gözünü
yuman kimi qara inəyin qara gözləri parıldayırdı. Əvvəl
psixoloq yanına getməyi bildirdilər, getdi, dərdini danışdı. Psixoloq
3 seansdan sonra yaxşı tövsiyə
verdi: kəndə get,
atanın qəbri üstündə "Quran" oxutdur. Keçib gedəcək.
Ertəsi
gün yola çıxdı.
3 saatdan sonra gəlib
qəbiristanlığın qarşısında dayandı.
Qapını açmaq üçün
5-6 dəqiqə əlləşdi.
İçəridən bir,
çöldən başqa
cəftə ilə bağlamışdılar.
Qapıdan 100-120 addım qabaqda
idi atasının məzarı. Məzarlığın
ən hündür başdaşılarından birini
də atası üçün düzəltdirmişdilər.
Qapını içəridən bağladı,
geri dönüb addımlamağa başladı.
Atasının məzar
daşının tərpəndiyini
gördü. Məzar
daşı yavaş-yavaş
irəli-geri gəlirdi,
sanki kimsə onu aşırmağa çalışırdı. Qaçmağa
başladı.
Məzar
daşının betonunun
qırılma səsini
eşitdi. Var gücü
ilə qaçıb özünü daşın
yanına yetirdi. Daş düz ayağının dibinə
aşdı.
Daşı aşıranı da o an gördü, gördü və tanıdı. İki parıldayan göz, qapqara tüklər.
Və
bel sümüyündən sola doğru qırmızı
bir zolaq. Çomaqla vurulan neçəncisə zərbəsinin
yeri.
Adəm
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, №32.- S. 6.