"Ninç", yaxud
insanlığın faciəsi...
Anarın "Qatardan qalan adam" hekayəsi haqqında düşüncələr
Yazıçı Anarın "Qatardan
qalan adam" hekayəsi ilk baxışda
heç nəyi ilə diqqəti çəkmir, necə deyərlər, cəlbedici
deyil. Adi, sadə süjet xəttinə
malik, ilk oxunuşda bəsit
hekayə təsiri bağışlayır. Əsərin
məzmunu da belədir
ki, hekayənin qəhrəmanı
İshaq Salmanzadə siqaret almaq üçün
mindiyi qatardan düşür və gecikdiyinə görə qatardan qalmalı olur. Vəssalam! Hekayəni ilk dəfə oxuyanda sadə süjetli hekayənin niyə bu qədər
geniş rezonans doğurması düzü,
mənə qəribə,
təəccüblü göründü.
"Bu hekayədə qeyri-adi
nə var axı?"
desəm də, fərqliliyi duymaq, hiss etmək üçün onu təkrar-təkrar oxumağı qərara aldım.
...Sonrakı, ikinci, üçüncü oxunuşda
fikrim tam dəyişdi.
Ağrımı deyim,
ağırlıqmı deyim,
İshaq Salmanzadənin
ölümqabağı keçirdiyi
ölüm acısımı
deyim, tamlığı
ilə, üşütməsi
ilə canımdan keçdi. İlk oxunuşda
sezilməyən, diqqət
çəkməyən bəsit
həqiqətin arxasında
qalan nə qədər gizlinlər, dərinliklər vardı,
ilahi! "Qatardan qalan adam" adicə hekayə deyildi, sətirlərdən
göz yaşı süzülürdü sanki,
ağırlığı ürək
sıxırdı, yandırılmış
insanın külünün
iyi baş çatladırdı... İndi əsas məsələ bu sirri, sehri açmaqla Anarın nə demək istədiyini anlamaq idi, "Anlamaq dərdi" idi.
..."Qatardan qalan adam"da gedən qatarın fit səsi, çarxların uğultusu,
bağırtısı belə,
İshaqın sətirlər
arasından eşidilən harayını,
iniltisini batıra bilmirdi. Bu ağrılı
iniltinin, yalvarışların
dili yox idi, İshaq danışa bilmədiyi macar, ingilis dillərində belə, insanlardan imdad diləyirdi, onları harayına səsləyirdi.
Bu naləni mən də eşidirdim. İskəndərin sirli-sehrli
quyusundan gələn səs kimi, lap elə bəlkə İsrafilin Suru kimi bu səda
iliyə işləyirdi.
Dayanmadan çağırırdı,
iniltisi qəlb göynədirdi, can yandırırdı
İshaq Salmanzadənin.
Əslində İshaq
Salmanzadənin ölümü
yox, nə müsəlman, nə yəhudi kimi ölə bilməməyi,
məzarsız qalmağı,
bir insanın faciəsinə ətrafdakıların
laqeydliyi, biganəliyi
idi ruhumu sarsıdan, acıdan. Elə Anarın məqsədi də bu idi, məncə.
Bütün sirlər
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə açılmalıydı,
İshaq Salmanzadə qatardan qalmaqla özünü, ətrafdakıları
tanıtmalıydı, ölümü
bahasına olsa belə.
Bir insanın, bir qəribin faciəli sonluğu çağırışdır
hamımıza, cəmiyyətə.
Ki, qatardan qalan tək İshaq Salmanzadə deyil, insanlıqdır. Anar bir insanın timsalında bütün bəşəriyyəti gözləyən
faciənin, təhlükənin
anonsunu verir - Hazır olun, hamımız bu
qatardayıq və bir gün hər
birimiz mindiyimiz qatardan qala bilərik!
...Sizi bilmirəm, mən Anarın yayın cırhacırında
yazdığı bu hekayədə sirli, sehrli, mübhəm bir qış soyuqluğu hiss etdim. Hekayəni oxuyanda əvvəldən axıra
kimi bir üşütmə keçdi
canımdan. Bəlkə
bu kimsəsiz can verən İshaqın ölümündən gələn
soyuqluq idi, ya da Anarın xatırlatması: qloballaşan
dünyanın ən böyük problemi istiləşmə deyil, ürəklərdə yaranan
buzlaşmadır, soyuqlaşmadır,
insanlıqdan uzaqlaşmadır
- yaxşı-yaxşı düşünün!
Qəribədir, Anarın bu hekayəsindəki insan surətlərinin heç
birinin qəlbində hərarət
yox idi, nəsə, mən hiss etmədim. "Qatardan qalan adam"ın - İshaqın özünün
ürəyi də buz kimi soyuq
gəldi mənə. Getdiyi qatarın kupesinə bütün
biletləri özü
alması, kimsəni yaxınına buraxmaq istəməməsi qəlbinin
soyuqluğundan xəbər
verirdi. Bəlkə bu hərəkəti, insanlardan uzaq qalmaq düşüncəsi
ilə öz qədərinə özü
cığır salmışdı
İshaq: "Avropa qatarlarına xas olan oturaq kupeni
bütünlüklə almışdı
ki, yol yoldaşı olmasın, tanımadığı
adamlarla ünsiyyəti
sevmirdi".
Elə ona görə sevilmədi də. Fikir verdinizmi? Sanki İshaq Salmanzadənin qatardan qalarkən rastlaşdığı,
kömək umduğu,
üz tutduğu insanların hamısı onun açdığı
bu cığırdan yola çıxanlar idi. Biganə, soyuq, sevgisiz. Yeri gəlmişkən, Anar qəhrəmanını
elə kupenin özündə də həyatdan edə bilərdi. Kupedə tək olduğu üçün
kimsə İshaq Salmanzadənin harayına yetə bilməyəcəkdi
onsuz da. Görünən
budur ki, Anarın məqsədi İshaqın faciəli ölümünü əks
etdirmək yox, bu faciənin fonunda bütün cəmiyyətin xislətini,
can çəkişməsini göstərmək olub. Anar məqsədinə
nail ola bildimi? Məncə,
hə!
"Hafizəsinə arxalanmadığına
görə bütün
telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə
Egerə gedən qatarın kupesində idi. Nə qədər
səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç
birini yada sala bilmirdi". Anarın hekayə qəhrəmanının
bir faciəsi də budur - yaddaşını arxa
plana keçirməsi, bu
yaddaşda doğmalarına
belə yer ayırmağa ehtiyac duymaması. Hətta həyat yoldaşının,
şərikinin belə
telefon nömrəsini xatırlaya bilməməsi çox mətləblərdən xəbər
verir - bu unutqanlıq, yaddaşsızlıq
bizi hara aparır?
Milli kökümüzdən qopmağamı, milli yaddaşdan
aralanmağamı?
Anarın
hekayə qəhrəmanı
- XXI əsrin insanı
qloballaşan dünyanın
faciəsini yaşayır
əslində. Amma İshaq
Salmanzadə Daniel Defonun
qəhrəmanı Robinzon
Kruzo ilə müqayisədə daha bədbəxtdir, daha şansızdır. "Ətrafa
boylanıb tualet lövhəsini axtardı,
tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi,
özünü tualetə
güclə çatdırdı.
İçəri keçmək
istəyirdi ki, qapıda
dayanan yaşlı gözətçi qabağını
kəsdi. Əvvəl
onu niyə saxladığını anlamadı.
Hansı dildəsə,
nə isə demək istədi. Kişi divardakı yazını göstərdi.
Tualetə girməyin qiyməti yazılmışdı.
İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini
çevirdi, yəni
ki, pulu yoxdu: "Ninç". Kişi laqeydcəsinə başını
buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa, "Kent"in əvəzinə
onu içəri buraxsın. İndi də kişi "ninç"
dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır
olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri
keçdi, qapını
bağlıyıb, yüngülləşdi".
Fərq
budur ki, Robinzon Kruzo öz təbii
ehtiyacını təbiətdə
ödədiyinə görə
onu heç bir həbsxana həyatı gözləmir,
təbiətlə təmas
ona güc verir. İshaq Salmanzadə isə bu köməkdən, dayaqdan məhrumdur. "Tualetdən çıxanda
qapıçının yanında
pəzəvəng bir
polisi gördü.
Polis vərdişli hərəkətlə
İshaqın qollarını
burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə
girdilər. Polis İshaqı
qəfəsə salıb
qapısını bağladı.
İshaq azərbaycanca
və rusca danışa-danışa əlinin
işarəsilə ac olduğunu
bildirdi. Polis başını
buladı. İshaq: Ay
em diabet - dedi, qolunu göstərdi
və iynə vururmuş kimi: - insulin - dedi. Polis "ninç"
dedi".
"Ninç". Qatardan Avropanın
mərkəzinə düşən
İshaqa bir nəfər belə həyan durmur... Hamı "ninç", yəni
"yox" deyir və bir insan
həyatını itirir.
Dərindən düşünəndə
ölən insan yox, insanlıqdır əslində. Yazıçı
Anarın göstərmək
istədiyi həqiqət də
budur - ayrı-ayrı
baxış bucaqlarından
fərqli şəkildə
görünsə də!
Anar
"Qatardan qalan adam" hekayəsində biganəlik, laqeydlik məngənəsində can verən
insanın - İshaqın
yox, insanlığın
portretini yaratmaq istəyib. Solğun, ölgün rənglər
palitrasında can üstə
olan insanlıq çabalayır. Yazıçı
İshaq Salmanzadə ilə birgə bizi də robot insanlarla tanışdırır, rastlaşdırır,
"baxın, yaxşı
baxın" - deyir,
"hər qatara minəndə qala biləcəyinizin də fərqində olun, bu halı yaşayacağınızı
gözünüzə alın",
- deyir. Çatdırmaq
istəyir ki, qatardan enən hər birimizi belə bir acı sonluq
gözləyə bilər,
elə dünyamız
da bu gedişilə qatardan qalan adam timsalındadır. Anarın hekayə qəhrəmanının faciəli
ölümü "Sivilizasiyaların
toqquşması" əsərində
dünya sivilizasiyasının
mərkəzi kimi Avropanı görən, mədəniyyəti bəşəriyyətin
xilası hesab edən Samuel Hantinqtona da bir xatırlatmadır - dünyanın gələcəyi
mədh etdiyiniz mədəniyyətdən yox,
mərhəmətdən keçir!
...Çingiz Aytmatovun zamanında böyük əks-səda doğuran,
milli yaddaş problemini
önə çəkən
"Gün var əsrə
bərabər" romanında
vermək istədiyi ali həqiqət də elə bu idi - manqurtluq gec-tez insanlığın,
bəşəriyyətin axırına
çıxacaq, hazır
olun. İshaq Salmanzadəni ayaqyoluna qoymayan qaravulçunun manqurtdan fərqi nədir? Ya da ki, onu həbsxanaya aparan, ağrıdan qıvrıldığını görə-görə heç
bir tibbi yardım göstərməyən,
ac olduğunu bilə-bilə
bir tikə çörəyi əsirgəyən,
kameraya salan polislərin robotdan fərqimi var? Bu robotlaşmış
insanlar yardıma ehtiyacı olan, heç bir dil bilməyən, bir acı təsadüf
səbəbindən hər
şeyini itirmiş, pulsuz-parasız qalmış
qərib kimsəyə
həyan olub, dərdinə şərik
çıxmaqdansa, yaxalarını
kənara çəkirlər,
insanlığı, insafı
yox, insanın yazdığı qanunları
əsas götürürlər.
"Sənin işinə
sabah baxılacaq" deməklə işlərini
bitmiş sayan robot məmurları qədim insan - Homo sapienslə müqayisə etsək, müasir insan uduzacaq. Baxmayaraq ki, böyük zaman fərqi
var, sivilizasiyalar dəyişilib,
amma bu yenilənmələrdə
insanlıq itirə-itirə
gedir.
Bəlkə də Anar qəhrəmanını qatardan
Robinzon Kruzonun cəngəlliyinə düşürsəydi,
taleyi bu cür faciəli olmayacaqdı. Ən azından, təbii ehtiyacını ödəmək
üçün kimsəyə
pul ödəmək lazım gəlməyəcəkdi,
təbiətlə təmasda
olub yeməyə, içməyə bir şey tapıb aclığını aradan
qaldırardı İshaq
Salmanzadə. Amma Anarın
qəhrəmanı XXI əsrin
3-cü onilliyində bunlardan
məhrumdur, acizdir. Hekayədən gələn,
Anarın demək istədiyi ali, acı həqiqət budur - mədəniyyətin
inkişafı heç
də həmişə
insanlığın inkişafı
ilə üst-üstə
düşmür, bəzən tərs mütənasiblik də təşkil edir.
Əslində yazıçı Anar
bu hekayəni tam ayrı bir istiqamətdə
işləyə də
bilərdi. Gi de Mopassanın
"Gombul"unda olduğu
kimi, ən azından fahişə qadının əli ilə İshaqı qurtara bilərdi. Bacarmadı... Niyə? Çünki bu taleyi özünə insanlardan qaçmaqla elə İshaq özü yazmışdı.
Kupesində kimsənin
getməsini istəmədiyinə,
özünə yaraşdırmadığına,
imkanlı iş adamı kimi özünü digərlərindən
üstün hesab etdiyinə, insanları sevmədiyinə görə.
Amma bütün dini mətnlərdə uca Xaliqə söykənən
ilahi bir həqiqət var - Allahın
gözündə bütün
yaratdıqları birdir
və kimsə kimsədən üstün
deyil. Düzdür,
ulu Nizami Gəncəvi
"Ancaq biliklədir,
özgə cür heç kəs, heç kəsə üstünlük eyləyə
bilməz" deyirdi.
Bu prizmadan yanaşdığımızda
da İshaq gücsüzdür,
çünki o heç
bir dil bilmir,
ən əsası, ünsiyyətə girdiyi adamlarla qəlb dilində danışmağı
bacarmır. Onun bildiyi tək bir dil var - pul,
dollar. Qatara çata bilməyəndə də
təssüfləndiyi bu
olur - niyə minlərlə dollarından
heç olmasa,
200-300-ü cibində deyil...
Nədənsə bu yerdə ilahi həqiqətin bərqərar
olacağı deyilən
Məhşər günü
yadıma düşdü.
O məhşər günü
ki, bəşər övladına nə qazandıqları, nə oğul-uşaqları kömək
ola bilməyəcək...
Anarın
qəhrəmanını yuxuda
olsa belə, yaddaşına qaytarması
yaxşı tapıntıdır,
xarakterini açmağa
imkan verir. "Qəfildən evlərinin
düz qənşərində,
elə binalarının
mərtəbələrinin sayı qədər sal bir divar
əmələ gəldi.
Bu divar yavaş-yavaş
əyilib İshaqgilin
binasının üstünə
yeriməyə başladı.
İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz,
qapısız məşum
divar onların binalarının üstünə
yıxılıb yerlə-yeksan
edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər,
kəndlər tar-mar olacaq.
Neçə vaxtdır
gözlənilən nüvə
müharibəsi belə
başlayıb, anındaca
bitəcəkdi, zəncirvari
reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi".
Anar qəhrəmanının ölüm
öncəsi yuxusu ilə onun haqqında
çox şey deyir, portretini tamamlayır: "Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir,
nə vahimələnir,
nə dəhşətə
gəlirdi. Əksinə,
içini qəribə
bir fərəh hissi, bəxtəvərlik
duyğusu doldurmuşdu.
Bütün insanlığın
bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş." Deməli, İshaqın faciəli ölümü
heç də təsadüfi deyil, ilahi ədalətin təzahürüdür. Bütün
insanlığın məhvindən
rahatlıq duyan insan övladının, hətta yuxusunda olsa belə, ölümündən kimsə
niyə narahat olmalıdır ki? Axı,
ilahi həqiqətə
görə hər kəs bir gün
əkdiyini biçməli,
haqq etdiyini yaşamalıdır.
...Yazıçı Anarın
hekayələrinin alt qatında
qəribə bir hüzn duyulur. "Gürcü familiyası"ndan
tutmuş, "Qatardan
qalan adam"a kimi Anarın qəhrəmanlarının heç
biri tam mənada xoşbəxt deyillər. L.Tolstoyun məşhur
"Bütün xoşbəxt
ailələr bir-birinə
bənzəyir, bədbəxtlərin
hərəsi bir cür bədbəxtdir"
deyimini dəyişilmiş
şəkildə belə
ifadə etmək olar: "Anarın hekayə qəhrəmanlarının
hərəsi bir cür bədbəxtdir".
"Sübh tezdən polis qəfəsin cəftəsini
açanda məhbusu yerə yıxılmış
gördü. Nəbzini
yoxladı. Tez polis həkimini
çağırdı. Həkim
adamın təqribən,
gecə yarısı keçindiyini müəyyənləşdirdi.
Morqda məlum əlamətə görə
meyitin müsəlman,
yaxud yəhudi olduğu aydınlaşdı.
Qəsəbədə müsəlman
qəbiristanlığı olmadığı üçün
yəhudi qəbiristanlığında
basdırmağı qərarlaşdırdılar.
Amma yəhudiliyini qəti
təsdiq edən heç bir sənəd olmadığı
üçün ravvin
buna izin vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə havaya sovurdular".
"Qatardan qalan adam"ın sonluğu kədərli olduğu qədər də, düşündürücüdür. Bir tərəfdən,
"Gəzməyə qərib
ölkə, ölməyə
vətən yaxşı"
deyiminin doğruluğunu
göstərir, digər
tərəfdən də,
bu dünyanın faniliyini, xoşbəxtliyin
aniliyini, hamımızı
"ninç" təhlükəsinin
gözlədiyini...
...Bir də "külün göyə sovrulsun" qarğışını heç
kimsəyə etməyin
- heç düşmənə
də!
Esmira İsmayılova
Ədəbiyyat
qəzeti.- 2025.- 17 avqust, ¹31.- S.16-17.