Türk dünyası ədəbiyyatının Yaqub
Öməroğlu itkisi
Türk dünyası ədəbiyyatına və mədəniyyətinə ağır itki üz verib. Avqustun 16-da Avrasiya Yazarlar Birliyinin sədri, “Qardaş qələmlər” dərgisinin təsisçisi və baş redaktoru, Türk dünyasının tanınmış yazıçısı Yaqub Öməroğlu amansız xəstəlikdən dünyasını dəyişib.
Azərbaycan ədəbiyyatının ən yaxın dostlarından, çox fəal təbliğatçılarından olan Yaqub Öməroğlu son 30 ildə ədəbiyyatımızın Türkiyədə və ümumtürk məkanında təbliği yönündə böyük işlərə imza atıb.
Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitablarının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olub. 2006-cı ildə onun təşəbbüsü və sədrliyi ilə yaradılan Avrasiya Yazarlar Birliyi tərəfindən 2017-ci ildə ilk dəfə Türkiyənin İstanbul şəhərində Türk Dünyası Gənc Yazarlar görüşü, bütün türkdilli ölkələri əhatə edən "Mahmud Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsi", "Türk Dünyasında İlin Adamı", "Türk Dünyası Çevirmənləri", "Türk dünyası ədəbiyyat dərgiləri" konfransları, dram yazarları arasında pyes müsabiqəsi, eləcə də Türk Dünyası ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün önəmli rol oynayan digər mühüm ədəbi-mədəni layihələr məhz Yaqub Öməroğlunun rəhbərliyi ilə həyata keçirilib.
Birliyin təsis etdiyi və illərdən bəri Türk dünyasının ən parlaq imzalarına verilən "İlin Ədəbiyyat Adamı" mükafatı bu baxımdan xüsusi önəm kəsb edir. 2012-ci ildə həmin mükafata Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar layiq görülmüşdü.
Y.Öməroğlunun təsis etdiyi və baş redaktoru olduğu “Qardaş qələmlər” dərgisi Türk dünyasının yeganə ortaq ədəbi dərgisidir.
Avrasiya Yazarlar Birliyinin nəşriyyat və
poliqrafiya qurumu olan “Bengü”
Nəşrlər Evi məhz Yaqub Öməroğlunun rəhbərliyi sayəsində
türk dünyasının tarixini,
mədəniyyətini,
şəxsiyyətlərini nadir
çap məhsulları
ilə tanıdaraq
sevdirib.
Sözügedən Nəşrlər
Evində Azərbaycanın
onlarla tanınmış
şair və yazıçısının kitabları
Türkiyə türkcəsində
çap olunub.
Ədəbiyyatımızın təbliği yönündə xidmətlərinə
görə Yaqub Öməroğlu Azərbaycan
Yazıçılar Birliyinin
Bəxtiyar Vahabzadə
Beynəlxalq Mükafatı
ilə təltif edilib. 2021-ci ildə isə Türkiyədə
və ümumtürk dünyasında Azərbaycan
ədəbiyyatına verdiyi
dəyərli töhfələrə
görə AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Fəxri
dostu" adına layiq görülüb.
Mərhum
yazıçının ilk hekayələr kitabı
da məhz Azərbaycanda
nəşr edilib. Azərbaycan Yazıçılar
Birliyinin təşəbbüsü
və dəstəyi ilə "Qanun" nəşriyyatında işıq
üzü görən
“İki çinar” adlı kitabda Yaqub Öməroğlunun müxtəlif zamanlarda yazdığı hekayələri
toplanıb. Kitab təkcə
Azərbaycan və Türkiyədə deyil, ümumən Türk dünyasında böyük
maraqla qarşılanıb.
Tanınmış yazıçı, Ümumtürk
ədəbiyyatının fədakar
təbliğatçısı Yaqub Öməroğlunun vəfatından qəlbən
kədərləndiyimizi bildirir,
ailəsinə, sevənlərinə,
oxucularına və bütün Türk dünyasına dərin hüznlə başsağlığı
veririk. Yaqub Öməroğlunun əziz
xatirəsi qəlbimizdə
daim yaşayacaq, onun adı bütün
Türk dünyasında
hər zaman ehtiramla anılacaq. Allah rəhmət
eləsin!
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2024.- 17 avqust, ¹31.- S.21.