Kəpənək
1
Necə deyim, ölüsən?!
Sən bircə gün yaşadın.
Tanrı
zarafatında
Bu incə eyhama bax:
"Sən yaşadın" deməyə
Mən heç macal tapmadan,
Elə doğulduğun gün
Ovcumda toza döndün.
İndi mən necə çıxım
Bir gündən həmin günü?!
2
Axı bizlərdən ötrü
Bir gün heç nədir, heç nə.
Günlər nə könül
oxşar,
Nə yaxaya taxılar.
Təndən məhrum o günlər
Ağ fondan seçilməzlər,
Onlar da sənə bənzər -
Axı
on yol kiçilmiş
Günlərdən hər birinin
Siqləti nə qədərdir?
3
Necə deyim ki, yoxsan?!
Ovcumda qalanların
Sənlə bağlı nəyi
var?
Axı rəngin özü də
Yoxluq nişanı deyil.
Və onun diktəsiylə
Yaxılmır ki, boyalar...
Məntək rənglər naşısı,
Durmadan donquldanan
Biri çətin ki, o rəng
Aləmini dərk edə.
4
Sənin
qanadlarında
Xeyli incə nişan var.
Bir dilbərin, bir quşun
Kirpiyindən, gözündən
Qanadların açıbdır
Onlara öz ağuşun.
Yoxsa,
de, bu gördüyüm
Hansısa nəsnələrdən,
Bəhərdən, nemətlərdən,
Ya da balıq ovundan
Gələn qənimətlərdən
Qurulan natürmortun
Zərrəsi, detalıdır?
5
Bəlkə sən - mənzərəsən?
Zərrəbin ilə baxsam,
Səndə su pəriləri,
Çimərlik, rəqs görərəm.
Gündüz işıq var orda?
Yoxsa, gecətək kordur?
Nə doğur, necə doğur
Oranın
səmasında?
Orda hansı fiqurlar
Cəlb
edirmiş diqqəti?
Onu hardan və necə
Xəlq
eləyib Yaradan?
6
Məncə, səndə cəmləşib
Ulduzlardan,
üzlərdən,
Nəsnələrdən nişanlar -
Sən həm osan, həm də bu.
O, necə zərgərmiş
ki,
Qaşlarını çatmadan
Ağlasığmaz şəkildə
Həm həkk edir o incə
Naxışlara dünyanı?!
Dara çəkildiyimiz
O sehrli aləmdə
Sən
- nəsnə haqda fikir,
Bizsə,
həmin nəsnəyik.
7
Bu göllər diyarında
Bircə
gün yaşa deyə,
Niyə
bu şux naxışlar
Sənə bəxş olunubmuş?!
Niyə
onların bərqin
Qoruyur hələ fəza?!
Axı bir tora düşüb,
Ovucda çırpındığın
Qısa
anlarda belə,
Ardınca düşənlərin
Gözünü, ya könlünü
Oxşamana vaxt qalmır.
8
Artıq bu suallara
Cavab verən deyilsən.
Ona görə yox ki, sən
Utancaq, ya inciksən,
Ya da artıq... ölü(b)sən.
Tanrı
hər bir məxluqa
- Fərq etməz: ölü, diri -
Ünsiyyət qursun deyə,
Oxusun, ötsün, ya da,
Anı,
məqamı, günü
Qismən
uzatsın deyə,
Səs verib, nəva verib.
9
Təkcə sənə çox görüb
O neməti Yaradan.
Bir az dərin düşünsək,
Bəlkə belə yaxşıdır:
Axı niyə nədəsə
Göyə borclu qalasan?!
Ömrünün, siqlətinin
Üstündən sükut ilə
Keçirlərsə - qəm yemə.
Axı səs də bir yükdür,
Zamantək tənsiz ikən
Səssizlikdir nəsibin.
10
Kol üstə uçuşarkən,
Sən küldən də yüngülsən.
Qorxu nədir - bilməzsən,
Hürküdən xəbərsizsən.
Keçmişlə gələcəyin
O kəsif zindanına
Girən
biri deyilsən.
Odur ki, yem dalınca
Çəmənə üz tutanda,
Sanki hava özü də
Qəfil
bir şəkil alır.
11
Miləmil vərəq üstə
Şütüyərkən qələm də
Eynən
bu cür davranır:
Müdrikliklə küfrdən
Yoğrulan bir misranın
Taleyindən xəbərsiz
Şair
təbə güc verir.
O yazdıqca lal sözlər
Pardaxlanır, canlanır.
O, çiçəkdən tozu
yox,
Çiynindən yükü atır.
12
Bu cür şux gözəllərin
Ömrü də qısa olur.
Odur ki, qınaq ilə
Büzülür dodaqları.
Başqa
necə deyəsən
Dünyanı xəlq etməkdən
Tanrı
niyyət güdməyib?
Hətta
güdsəydi belə,
O niyyət - biz deyildik.
Hə, entomoloq dostum,
Bil ki, nurla, zülmətlə
Saplanan iynə yoxdur.
13
Bəlkə
"əlvida" deyim?..
Adamlar tapılır ki,
Özündən də xəbərsiz
Yumurtadan
yun qırxır.
Ancaq,
buna da səbəb -
Onların cütadamlıq
Çarpayıda daddığı
Dərin
yuxular və ya
Yaşanmış keçmiş deyil,
Kəpənək sürüsüdür!
14
Sən Yoxluq fövqündəsən
Ondan daha yaxın və
Gözəgörünən ikən,
Daxili məğzin ilə
Ona hədsiz oxşarsan.
Sən uçduqca, Yoxluq da
Cana gəldi, göründü.
Elə
buna görə də
Ömrün lal axarında
Sən onunla aramda
Görülməyə dəyəcək
Zərif
pərdəyə döndün.
İosif Brodski
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.9.