Ay işığı
Məlahətli,
şirin səsi olan qəssab Elman muğamları çox sevirdi. Qohumların, dost-tanışların məclisində,
xeyir işində oxuması üçün
ona da söz verirdilər. Elman, oğlu
Turqayın oxumaq üçün səsinin
olmasını çox
istəyirdi. Amma balaca
Turqayın bu istedadı olmadığı
üçün məktəb
yaşına çatanda
onu tar sinfinə qoydu. Xalq mahnılarını,
muğamları, onların
sirrini öyrənən
Turqay bu musiqi alətinin təmirini yaxşı bacaran müəllimi İlqara da kömək edirdi. O, atasının kəsdiyi danaların ürəyinin pərdəsini
qurudub tarın çanaq üzlüyünün
pərdəsini hazırlaması
üçün İlqar
müəllimə gətirirdi.
Ruhən bağlandığı
musiqinin sirrinə, sehrinə yaxından bələd olan Turqay başqa musiqi alətlərində
ifa etməyi də öyrəndi. Amma
tale elə gətirdi
ki, orta məktəbi bitirdikdən sonra o, mühəndis ixtisasına
yiyələndi. Təhsilindən,
işindən asılı
olmayaraq həyatını,
boş vaxtlarını
maraqlı, rəngarəng
edən musiqidən isə heç vaxt ayrılmadı...
Universiteti bitirdikdən sonra
işləməyə başlayan
Turqay musiqi zövqünə korluq vermirdi. Vaxtı olanda xoşuna gələn konsertlərə
də gedirdi. Aytəkinlə də getdiyi konsertlərdən birində tanış olmuşdu. Bu tanışlıq
onun həyat palitrasına sevgi ilə rəng qatmasına səbəb oldu. Çox keçmədi ki, bu sevgi ailə qurmaq istəyinə çevrildi. Universiteti
yeni bitirən Aytəkin
ədəbiyyat müəllimi
işləyirdi. Onun gözəlliyinə, qara,
uzun saçlarına,
işinə çoxu
aşiq olsa da o, ilk tanışlıqda Turqayın xasiyyətinə,
savadına, zövqünə
vuruldu. Bir ananın iki balası kimi xarakterizə etdikləri musiqi ilə ədəbiyyata olan maraqları, sevgiləri onları həyatda da birləşdirdi.
Gənc
yaşlarında evləndilər.
Bir qızları dünyaya
gəldi. Aytəkin digər səma cisminin - Günəşin
adını qızına
qoydu. Anası kimi gözəl olan Günəş də həyatın enişli-yoxuşlu pilləkənləri
ilə yola davam etdi: orta
məktəbi bitirdi, ali təhsil aldı, ürəyinin qapısı eşqə açıq oldu. Sevib-seçdi, ailə qurdu. Toydan sonra
ərinin işi ilə əlaqədar onunla okeanın o tayına getdi və orada yaşamalı
oldu. Turqayla Aytəkinin Günəşdən
başqa övladları
olmadı. Gözlərinin
ağı-qarası bir
övladları üçün
valideyn kimi əllərindən gələni
etdilər. Həmişə
mehriban yaşayan, bir-birlərinə can deyib,
can eşidən Turqayla
Aytəkin qızları
Günəşi ərə
verdikdən sonra baş-başa verib mehriban həyatlarına davam edirdilər...
Ay işığı üstə
hərdən bal kimi şirin mübahisələri düşürdü.
Turqay sanki ömür-gün yoldaşının
ay işığını bu qədər sevməsini qısqanır,
gecə ilə işığın bir-birlərinə
zidd olduğunu deyirdi. Aytəkin gülümsəyərək o işığın
aya məxsus olduğunu bildirir və gecə olmasa ayın, onun işığının
da olmayacağını deyirdi.
Onlar bəzən
səmaya baxanda bu səma cisimlərinin
sanki bir-birləri üçün yarandıqları
haqda danışırdılar. Bir-birləri
üçün yarananların
xoşbəxtliyi onların
əsas müzakirə
mövzusu olurdu. Həmişə həyatın
aydınlığa olan
ehtiyacı, gündüzün
günəşə, gecənin
isə qaranlığı
nura qərq edən aya məxsus
olması haqqında düşüncələrini bölüşürdülər.
Həyat yoldaşının
ay işığına çox
baxdığını görən
Turqay bəzən zümzümə də edirdi:
"Yenə gəl bizə, duraq üz-üzə
ay işığında, ay işığında..."
Aytəkin, adını daşıdığına
görə ayı və onun işığını
çox sevirdi. Anası ona bu adı qoyarkən
sanki qızının
aytək gözəl olacağını və adını daşıdığı
bu səma cismini də çox sevəcəyini bilirdi. O, yay gecələrində aya
tamaşa edərək
düşüncələrə dalmaqdan yorulmurdu. Baxır, baxır, gözləri yol çəkirdi - əbədi
xoşbəxtlik yolunu...
Yaşadığı günlərdən
süzülüb gələn
xatirələr nura, işığa qərq olub ömür yollarını aydınladır,
işığa çıxarırdı.
Həmişə deyirdi
ki, ayın işığı
adamı ovsunlayır elə bil. Ay işığına baxanda
özünü göy
üzündə, sakit
bir yerdə Turqayla baş-başa hiss edirdi. Turqayın, evləndikdən sonra qadının ərinin soyadını daşımaq
istəyi, onların bir-birlərinə olan sevgiləri, hətta dünyalarını dəyişdikdən
sonra məzarlarının
yanaşı olması
haqqında dediklərini
maraqla dinləyən Aytəkin, sevginin bəşəri bir hiss olduğu haqqında söhbətlərdə bəzən
ona məğlub olduğunu təbəssümlə
etiraf edirdi:
- Sənin kimi heç kim sevə bilməz, bəlkə də. Amma heç kim səni mənim qədər sevə bilməz...
Bu sevgini Günəş artırmış və onları bir-birlərinə
daha çox bağlamışdı. Hər
ikisi bilirdi ki, bu, övlad sevgisidi. Günəş dünyaya gəlməzdən
əvvəl də bir-birlərini çox sevən Turqayla Aytəkin həmişə
sevgidən, Leyli ilə Məcnundan danışır, onların
hisslərini real həyatda
yaşadıqları üçün
özlərini xoşbəxt
sanırdılar.
İşini yaxşı bacaran,
lakin vəzifəyə
təyin olunmaq üçün dost-tanışı,
maddi imkanı olmayan Turqay da, Aytəkin
də halal zəhmətlə
xoşbəxt olmağı
bacaranlardan idilər. Onlar ədəbiyyatı, incəsənəti, musiqini
çox sevirdilər.
Tez-tez teatrlara, konsertlərə, muzeylərə
gedir, günləri mütaliə, maraqlı gəzintilər, səyahətlərlə
keçirdi. Baş-başa
verib yaşayır, doğmalarından, yaxınlarından
kiməsə kömək
lazım olanda gücləri çatan qədər onlara köməklik göstərir,
dəstək olmağa
çaışırdılar; xeyirdən, şərdən
qalmazdılar. Hər ikisi həyatlarından çox razı idilər. Deyirdilər ki, bizi xoşbəxt edən sevgimiz və bir-birimizə olan hörmətimizdir. Turqayla Aytəkinin bir-birlərinə sevgisinə,
hörmətinə həsəd
aparanlar, onları gözləri götürməyənlər
də vardı. Amma
buna can atan heç kəs arzusuna çatmırdı. Onlar heç kimə, heç nəyə fikir vermir, hər
şeyə rəğmən
xoşbəxt həyatlarına
davam edirdilər.
Qəfil
ürəyinin sancması
və halının pisləşməsi Aytəkinə
xoşbəxtliyi haram etdi.
Əlindən pislik gəlməyən, heç
kimin xətrinə dəyməyən, qəlbini
sındırmayan, təmizqəlbli,
xeyirxah Aytəkinin sevən ürəyi sözünə baxmırdı.
Çox çəkmədi,
həkimlərin diaqnozu
öz təsirini göstərməyə başladı.
Ay kimi nurlu, al yanaqlı Aytəkindən
get-gedə əsər-əlamət
qalmadı. Bundan xəbər tutan qohumlar, tanışlar ona baş çəkməyə
gəlirdilər. Qızı
Günəş də
həyat yoldaşı
və üç yaşlı qızı Nurayla gəldi. O, anasını bu vəziyyətdə qoyub qürbətə gedə bilmədi.
Günəş və ay növbə
ilə göy üzündə görünürdü.
Göydə ayı gəzən Aytəkinin gözləri nəvəsini
axtardı. Nuray nənəsinin ay işığına
olan sevgisi haqda eşitmişdi. O da nənəsi kimi ay göy üzündə görünəndən sonra
durub ona tamaşa edirdi. Balaca Nuray nənəsini
görən kimi əlini göyə uzatdı. Ay görünmürdü.
Sonra görünəcək, işığı göz
oxşayacaqdı. Amma Nuray
bu göy cismini daha tək
seyr edəcəkdi. Çünki nənəsi
Aytəkin ayı da götürüb getmişdi
başqa dünyaya...
Sevib-seçdiyi ömür-gün yoldaşı
Aytəkinin ölümündən
sonra həyat Turqay üçün dəyişmiş, sanki daha ağır addımlarla, çox ləng gedirdi. Günəşli, gül-çiçəkli,
al-əlvan baharı görməyə tələsən
qaranquşlar kimi tez keçən vaxt, zaman keçməyə
tənbəllik edirdi.
Saatın əqrəbləri
də tənbəlləşmişdi
sanki. Hər yerdə gözləri dünyalar qədər sevdiyi Aytəkini axtarırdı. Qapı döyüləndə və
telefon zəng edəndə Aytəkin olduğunu zənn edir, əvvəl sevinir, sonra isə onun heç
vaxt gəlməyəcəyini
və zəng etməyəcəyini düşünüb
kədərlənirdi. Bu kədər
göz yaşlarına
dönərək onun
dərdinə şərik
olurdu.
Aytəkinin bu dünyadan köç etmək zamanı deyildi, hələ cavan idi. Qadın kimi özünə yaxşı baxsa, əri ilə birgə sanatoriyalardan, kurortlardan qalmasa da, çağırılmamış qonaq kimi sevən
ürəyinin qapısını
döyən xəstəliyin
əlində aciz qalmışdı. Müalicələrin
də xeyiri olmamışdı. "Kaş
bu xəstəliklər
olmayaydı", - deyə
düşünürdü ömür-gün yoldaşı
xəstəliyin qurbanı
olan Turqay. Həyatın amansız qanunları isə heç kimin rəyini nəzərə
almır. İnsan dünyaya gəlir, yaşayır, böyüyür,
özünə gün-güzəran
qurur, sevir, seçir, evlənir, sonra isə yavaş-yavaş bu dünyaya səyahət başa çatır. Həyat səyahəti başa çatanlar torpağın qoynuna köç edirlər. Ana
torpaq ana sevgisini göstərərək onları
qoynuna alır. Bu dünyada həyatımız,
yaşayışımız, dolanışığımız bir-birinə bənzəməsə
də, torpağın
qoynunda hamımız onun balasına çevrilirik. Sevdiyimiz, yaşamaqdan doymadığımız həyat-günəşli,
işıqlı, gül-çiçəkli,
uca dağlı, təmiz havalı, buz bulaqlı dünya fanidir...
Qırx
gündən sonra hər kəs çəkildi öz evinə. Arada qohumlar Turqaya təskinlik verməyə gəlsələr də, tədricən onlar da çəkilib getdilər.
Nuray da atası, anası ilə birgə okeanın o tayındakı yuvalarına
çəkildi. Ay üzlü
Aytəkinin ruhu ilə tək qaldı Turqay.
O, tənhalığın nə
demək olduğunu artıq görməyə
başlayırdı. Həyatın
bu amansız qanununu heç kimə arzulamır, sevginin onu yarı
yolda qoymasına pərişan olur, üzülürdü. Qızını
da narahat etmək istəmirdi. Günəş
qürbət eldə yaşamasaydı, o da tənha
qalmazdı. Amma bu, həyatdır. Alın yazısının həkk
olunduğu həyat...
Qəssab
Elman vaxtilə dəvə
də kəsib satırdı. Hərdən
ona dəvə kəsmək üçün
kömək edən qonşusu, yekəpər Sahib
yenə köməyə
gəlmişdi. Sahib, kəsiləcək
dəvənin başına
balta ilə zərblə vurdu, dəvə nərə çəkdi, gözlərindən
yaş axdı, sanki göy guruldadı, günlərdir,
dolan buludlar yağış yükünü
səpməyə başladı.
Elman dəvə kəsəndə
qonşu uşaqları
hasarın başına
çıxıb ona baxırdılar. Düşdükləri
avtomobil qəzasında
atası gözlərinin
qarşısında həlak
olan Coşqun dəvənin gözlərindən
axan yaşa dözə bilmədi.
Eynək
kimi dəvənin gözlərini qumdan qoruyan, qapalı vəziyyətdə də
onun işığı
görməsinə kömək
edən şəffaf göz qapaqları və o gözləri günəş şüalarından,
zərbələrdən qoruyan
ətrafındakı sümüklər
Elmanın baltasının
zərbəsi qarşısında
aciz qalmışdılar.
Qurani-Kərimin ayələrində
dəvənin xilqəti
haqda da söhbət
açılır...
Coşqun,
atasını itirəndən
hər gün ağlayır, gözlərinin
qarşısında baş
verən faciəyə
dözə bilmirdi. Yenə o hadisə yadına düşdü,
ağlaya-ağlaya hasardan
yerə tullanıb getdi. Çörəyi qəssablıqdan çıxan,
dəvə əti almaq istəyənlərin
həmişə axtardıqları
Elman, balaca Coşqunun
Sahibin zərblə dəvənin başına
vurmasına dözə
bilməyərək ağladığını
eşitmişdi. Ondan dəvə əti almaq istəyənlərə
cavabı qısa olurdu: "Bir cüt gözün yaşını
silə bilmədim. Daha dəvə ətindən pul qazanmaq istəmirəm."
Turqay, xoşbəxt dünyasının
yarıda dağılmasında
günahı bəzən
Sahibin baltasının
zərbəsinə dözə
bilməyən dəvənin
və Coşqunun göz yaşlarında görürdü...
Yemək-içməyini özü hazırlayan Turqay, bəzən kafeyə üz tuturdu. Evin təmizlik işlərinə də baxır, pal-paltarını
yuyur, bütün işlərini özü görürdü. Kişinin
qadını yarı yolda qoymağı kimi qadının da kişini yarı yolda qoymağı üzücüdür. Ömrünün,
gününün yoldaşı
onu yalnız qoyub gedəndən həyatın yorğun yolçusuna çevrilmişdi.
Bu yol onu yoranda alnının təri göz yaşlarına qarışırdı.
Musiqinin
bəzi xəstəliklərə
müsbət təsiri
haqda məlumatı olan Turqay, sevdiyi
tar da daxil olmaqla, simli alətlərin ürəyə yaxşı
təsir etdiyini bilirdi. Həkimlərin ürək ağrısından
əziyyət çəkən,
ürək əməliyyatı
keçirən xəstələrə
profilaktik məqsədlə
musiqi terapiyası almağı, şən melodiyalar dinləməyi məsləhət görməsi
haqda bildiklərini xatırladıqda fransızların
"Bizim ümummilli Depardyemiz" adlandırdıqları
aktyor və kommersant Jerar Depardye haqqında oxuduqları yadına düşürdü. Cavan
vaxtlarında danışarkən
kəkələyən Depardyeyə
həkim gündə iki saat Motsartı
dinləməyi tövsiyə
edir. Motsartı dinləməklə dilindəki
qüsurdan tezliklə
xilas olan Depardye böyük səhnəyə doğru
gedir.
O, iki əsrdir əsərləri sevilən,
ruh oxşayan böyük bəstəkarın
sayəsində musiqinin,
xüsusən, klassik əsərlərin sağlamlığa
olan faydası haqda da eşitmişdi. Klassik musiqinin insana möcüzəvi təsiri haqda məlumatı olan Turqay, alimlərin bununla bağlı araşdırmalarında Bethovenin
də adını çəkdiyini bilirdi. O,
müalicə almaqla yanaşı, əsərlərini
sevə-sevə dinlədiyi
bəstəkarlardan olan
Bethovenin "Ay işığı"
sonatasına da qulaq asır, sanki onunla təskinlik tapırdı. Musiqinin insana motivasiya, ilham, güc, qüvvət, bəzən
təskinlik verdiyini yaxşı bilən Turqayın onu dinlədikcə gözləri
önünə Aytəkin
gəlirdi. Xoşbəxt
günlərin xatirələri
hər zaman, hər an
yadına düşürdü.
"Ay işığı" sonatasının yaranması
haqda oxuduğunu xatırladıqca isə
lap mütəəssir olurdu:
Pianoçu, bəstəkar
Bethoven dostu ilə birlikdə Vyana küçələrini
gəzərkən pianoda
möhtəşəm ifa
eşidir. O, piano çalan
adamı görmək
istədiyini deyir. Və məlum olur ki, bu, gözləri
görməyən bir
qızdır. Bethoven qızı görür və ondan nə
isə istəməsini
xahiş edir. O, bunun maddi nə
isə olacağını
düşünürdü. Gözləri işığa
həsrət qalan qız isə ay işığını heç
görmədiyini deyir
və bəstəkardan
ay işığını ona izah etməsini
istəyir. Beləcə,
Bethoven pianoda "Ay işığı" sonatasını
birbaşa ifa edir. Turqay bu
sonataya qulaq asdıqca bəstəkardan
ay işığının izahını istəyən
qızın nələr
yaşadığını daha yaxşı başa düşürdü.
O da sevdiyi insanın yoxluğu ilə zülmətə dönən
həyatının ay işığı
ilə aydınlanacağını
düşünürdü.
Günəşgil gəlmişdi həmin
vaxt. Nuray böyüsə də, nənəsini yadından çıxarmır, tez-tez
əlini səmaya uzadıb babasından onu soruşurdu. Turqay isə nəvəsinin sualına əlindəki telefonda qulaq asdığı Bethovenin "Ay işığı"
sonatası ilə dinib-danışmadan cavab verirdi. Bu cavab heç nə demədən uzaqlara zillənən gözlər,
dərdə mübtəla
olan ürəyin heç nə ilə ört-basdır olunmadığını göstərən
soyuq, kədərli baxışlar idi. Artıq Nuray da ona qulaq asır,
babasının kədərini
anlayırdı. Bethovenin
ruhu sanki həyətdə gəzir,
Turqaya səbirli olmağı tapşırırdı...
Gələn gündən axşamlar
həyətə çıxıb
ay işığında səmanı,
ayı seyr edən Nuray, babası Turqayın tənhalığını anlayırdı.
Qızı Günəşlə
kürəkəni Turqayı
özləri ilə aparmaq istəsələr də, yola gətirə
bilmədilər. Ömür-gün
yoldaşı dünyasını
dəyişdikdən sonra
qohumları ona ailə qurmağı məsləhət görürdülər.
Deyirdilər, evin-eşiyin,
işin var, ailə qur, qulaq həyanın
olsun. O isə razılaşmır, heç
kimin üzü aytək nurlu Aytəkini əvəz edə bilməyəcəyini
deyirdi.
Sevgi ilə döyünən ürəyi son vaxtlar Aytəkinin dərdindən,
həsrətindən dərdlə,
kədərlə, ağrı
ilə döyünməyə
başlamışdı. Göz
yaşları yanaqlarında,
ağ saçlar isə qara tellərində
onsuz da iz açmışdı. İndi o izlər də çoxalırdı. Tənha
qalan Turqayın kimsəsiz adanı xatırladan evinə gələn yox idi. Axşam düşürdü. Havanın
qanı qaralır, göyün üzündən
zəhrimar yağırdı.
Yayın istisinə gilavar öz sərinliyi ilə cavab verdi. Seyrək
dişlər kimi bir-birlərindən aralı
düşən buludların
arasındakı yerini
çətinliklə axtarıb
tapan ayı özünə məskən
seçən Aytəkinin
ruhu Turqayı tənha qalıb darıxmağa qoymadı.
Ayın vətəni olan göy üzü
həyəcandan əsib-coşur,
titrəyir, onu çox sevən sevgililərin qovuşmasını
istəmirdi. Buludlar da
bunu istəməyərək
Turqayın arxasınca
göz yaşlarını
səpdilər.
İllər öncə zaman su
kimi axıb gedir, olub-keçənlər
lazımsız əşya
kimi geridə qalırdı. İndi zaman yük
daşımaqdan yorulmuş
dəvə kimi yavaş-yavaş gedir, yeriyəndə ləngər
vururdu. Gələcəyi
dəvə yükü
kimi ömür çuvalında, sandığında,
səbətində, tuluğunda
gizli saxlayan həyat yola davam edirdi.
Günlər, aylar, illər bir-birini əvəz edəcək, həyat öz axarından çıxmayacaqdı. Nuray
həmişə o günü
xatırladıqda nənəsi
Aytəkinlə babası
Turqayın "Ay işığı"nın
sədaları altında
ay işığını seyr etdiklərini düşünəcəkdi...
Xuraman Hüseyn
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.10; 11.