Tamarit divanı

 

Tamarit - İspaniyada tez-tez rast gəlinən mavritan toponimidir. Qranadanın ucqarında, Lorkanın ata mülkünün qonşuluğunda yerləşən Tamarit bağı (Uerta del Tamarit) şairin dayısı Qarsia Rodrigesə məxsus idi.

Sevgi tənhalıq mövzusunda yazdığı "Tamarit Divanı" ("Dıvan del Tamarıt") şeirlər toplusunu Lorka "misraları əl-Həmranın divarlarına həkk olunmuş" ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib.

Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl qəsidə janrı üçün mütləq sayılan klassik norma qaydalara tam sərbəst yanaşır.

12 qəzəldən 9 qəsidədən ibarət kitab 1934-cü ildə Qranada Universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin Ön sözüylə çap olunmalıydı. Lakin xeyli yubandığından həmin nəşr alınmadı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi "Tamarit Divanı" ilk dəfə şairin faciəli ölümündən dörd il sonra, 1940-cı ildə Nyu-Yorkda "Revista İspanika Moderna" dərgisində işıq üzü gördü.

 

 

I. Gözlənilməz sevgiyə qəzəl

 

 Bu şirin qoxusu gözəl ağuşun

kimsə baş açmadı nədəndi axı;

bilmədilər sıxıb sevgi quşunu

dişlərinlə necə ağrıtdığını.

 

Min-min Əcəm atı yuxuya getdi,

Ay işığı düşən soyuq alında;

sənin qar düşməni qoynuna girib,

dörd gecə oxşayıb sığallayanda.

 

 Şəffaf toxumlartək göz qapaqların

uçub getdi jasminlər arasından;

ürəyimdə mərmər sözlər aradım,

istədim ki, bu həsrət yarasından

 

 

səninçün bir əbədi bağ yaradım:

bir bağ ki ömürlük həyatın olsun,

ağzım dolsun damarının qanıyla,

dodaqların ölüm saatım olsun.

 

II. Qorxulu yaxınlıq haqqında qəzəl

 

 Uçurub-dağıtmasın

kaş sular bənd-bərəni,

cənginə keçirməsin kaş külək dağ-dərəni.

 

Kaş gecələr kor qalıb

yeri-göyü görməsin,

kaş ürək xumarlığın ləzzətini bilməsin.

 

Xısınlaşsın öküzlər

ağacın yarpağıyla,

soxulcanlar gəbərsin yerin qaranlığında.

Ağartsın dişlərini

kəllələr səhər-axşam,

ipək üstündəki sarıya çox baxmışam.

 

Çox görmüşəm

gündüzə yaralı bir gürzətək

dolanaraq çırpınan yarımcan gecəni mən.

 

Zəhər dadan qürubun

ağusundan içərəm,

illərin külü qalan tağın altdan keçərəm.

 

Amma qırçın sularda

bir qara kaktus kimi 

məsum çılpaqlığınla qamaşdırma gözümü.

 

Həsrətindən boğulum

qoy uzaqda doyunca,

 

kaş unudum dərinin sərinliyini ancaq.

 

III. Ümidsiz sevgiyə qəzəl

 

Gəlmək istəmir gecə -

necə durum gedim mən,

ya sən gələsən necə?

Amma gedəsiyəm mən -

bürkü əqrəbə dönüb, lap məni sancsa belə.

 

 Onsuz da gələcəksən -

yağışın şor suyundan dilin acışsa belə.

 

Açılmaq bilmir səhər -

açılmır ki, gedim mən,

açılmır ki, gələsən.

 

Amma gedəsiyəm mən -

bu çeynənmiş saplağı atıb qurbağalara.

 

Onsuz da gələcəksən -

 

bu sonsuz qaranlığın zülmət lağımlarıyla.

 

Gəlmək istəmir gecə,

açılmaq bilmir səhər -

sənsiz öləm mən deyə,

mənsiz öləsən, deyə.

 

IV. Gizli sevgiyə qəzəl

 

Sənin gül çələnginə

mən bir verbena hördüm -

Vela çanından ötrü, Vela çanından ötrü. 

 

Ayın itib-batdığı

otların arasında

 

Qranada elə bil zərli güləbətindi.

 

Bağım Kartaxenada

saraldı, soldu, getdi   -

Vela çanından ötrü, Vela çanından ötrü.

 

Tənha yelqovanların

o üzündə qızaran

Qranada elə bil yaralı bir cüyürdü. 

 

Yandım, alışdım

sənin bədəninin odunda -

Vela çanından ötrü, Vela çanından ötrü.

 

 Yandım bütün gecəni,

qovruldum sübhə qədər,

amma yenə bilmədim kiminkidi bu bədən.

 

V. Ölmüş uşağa qəzəl

 

Hər axşam,

hər axşam bir uşaq ölür,

bir uşaq gömülür Qranadada.

Hər gecə sular da verib baş-başa

danışır bu dərddən, bu qan-qadadan.

 

 Buludlu, buludsuz

qoşa külək var -

ölənlər hamısı yosun qanadlı.

 

Qüllənin başında

bir cüt qırqovul -

uşaq yarasıtək qürub da qanlı.

 

Göydə

qaranquşun kölgəsi qalmaz

şərab kahasında səni görüncə.

 

Yerdə

bulud izi, göy izi qalmaz -

çayın sularına sən gömülüncə.

Batdı sel-suyunda

güllər, köpəklər

dağların başında əriyən qarın.

 

Uyu bu sahildə,

sən ey buz mələk -

uyu kölgəsində ovuclarımın.

 

VI. Acı kök haqqında qəzəl

 

Dünyada bir acı kök var

minlərlə ayıq-sayıq pəncərə.

Ən ufacıq əllər belə

qırmaz suyun qapısını heç cürə.

 

 Acı kök.

Acıdan acı.

 

 Hara gedirsən axı?

Arıların bir-birini qırdığı

min qatlı, min pəncərəli açıq göy,

bir kök var -

həmin kökdür, həmin kök.

 

 Acı kök.

Acıdan acı.

 

Ağrıların göynərtisi

asta-asta axır üzdən dabana;

inildəyir, sızıldayır gecənin

isti-isti kəsilmiş ağacında.

 

Çeynə, öz acı kökünü

eşqim mənim -

sən ey qanlı düşmənim!

 

 

VII. Anlaşılmaz ölümə qəzəl

 

Mən bir güz almasının yuxusuyla uyumaq,

qəbristan bolluğundan yayınmaq istəyirəm.

Ürəyini dənizə ismarlayan çocuğun

röyasına bələnib bayılmaq istəyirəm.

 

Demə qanı diridir cansız meyitlərin ,

guya suya təşnədir çürümüş dodaqları.

Danışma ot olmağın sonsuz əziyyətindən,

hilal necə andırır qorxunc ilan ağzını.

 

Kaş qəfildən bayılım,

yatım bir göz qırpımı, yatım yüz illər boyu!

 

Amma hamı da mənim

ölmədiyimi bilsin,

bilsin ki, qızıl axur bax, bu dodaqlardı var,

məğrib küləklərinin mənəm dostu, munisi,

yepyekə kölgəsiyəm bir damcı göz yaşımın.

 

Sübh çağı örtərsiniz

üzümü yaxşı-yaxşı,

qapqara qarışqalar gözümə doluşmasın.

Su vurub isladarsız ayağımın altını,

əqrəblərin neştəri sürüşüb boşa çıxsın.

 

Qoy payız almasının

yuxusuyla yatıb da

yer üzünü yuyacaq bir ağını öyrənim.

 

Çünki açıq dənizdə

elə hey can atıb da

ürəyini köksündən qoparmağa çalışan

o dəcəl uşaqdaca qalmaqdı arzum mənim.

 

 

VIII. Qənirsiz sevgiyə qəzəl

 

Bu amansız səhranın

odu, közü, atəşi -

sən mənim ürəyimdə bir jasmin jaləsiydin.

 

 Bu amansız göylərin

göz deşən parıltısı -

sən mənim ürəyimdə qarın xışıltısıydın.

 

 Bu göy üzü, bu səhra

qolumu qandalladı.

 

Bu cəhənnəm atəşi

yarama duz bağladı.

 

IX. Sevgi xatirəsinə qəzəl

 

Qal mənim yaddaşımda

gözəl bir kölgə kimi, 

 

amma bağışla mənə sevgi xatirəsini.

 

Bağışla o qaranlıq,

soyuq yanvar axşamı

gilasın gözündəki titrək yalvarışları.

 

Yuxusuz gecələrim

keçir sayıqlamada,

qalmışam ölülərlə eləcə bir dam altda.

 

Sarmaşığın hasara

dırmaşan gülləritək

acı göz yaşlarını soldurur bu gips ürək.

 

İtə dönüb gözlərim,

daha mənimki deyil,

 

gəzirlər, dolaşırlar bağçada veyil-veyil.

 

Bəzən bütün gecəni

sülənirlər hardasa,

zəhərli meyvələrin, kolların arasında.

 

Ara vermədən əsən

bu çovğun yellərinin

nəfəsindən vahimə tülpan kimi yellənir. 

 

Erkən qış səhərinin

qaranlığı, zülməti 

solğun ətirşahların qarğışından betərdi.

 

Yuxusuz gecələrim

keçir sayıqlamada,

qalmışam ölülərlə eləcə bir dam altda.

 

Sayıqlayan gecənin

qapısı arxasında

ölülər sübh çağını gözləyir intizarla.

 

Lal bədənin dərəsi tüstüyə bələndi,

duman tutdu hər yanı.

 

Bizim görüşdüyümüz tağın altında indi

matəm şamları yanır.

 

Yox ol, gözəl kölgətək,

Dağıl, duman kimi -

amma bağışla mənə sevgi xatirəsini.

 

 

X. Qaçış haqqında qəzəl

 

Neçə dəfə dənizdə

itirmişəm özümü -

yaddaşımda işıqlı, çiçəkli xatirələr;

dilim ağrılarımla, sevgilərimlə dolu.

 

Neçə dəfə dənizdə

itirmişəm özümü -

uşaqların qəlbində yoxa çıxdığım kimi.

 

Elə bir kəs yoxdu ki,

öpüşərkən duymasın

üzü olmayanların xəfif təbəssümünü;

beşikdəki körpəyə toxunarkən anmasın,

düşünməsin bir anlıq atların kəlləsini.

Çünki sərt görünüşlü

alın sümüklərində

çiçəklər soraqlanır, qızılgüllər aranır;

çünki bizim əlimiz torpağın altındakı

köklərə bənzəməkdən özgə işə yaramır.

 

Neçə dəfə özümü

itirmişəm dənizdə -

uşaqların qəlbində hərdən itdiyim kimi.

İndi kor dənizçitək axtarıram, gəzirəm

məni məhv eləyəcək gur işıqlı ölümü.

 

XI. Səhər bazarına qəzəl

 

 Mən Elvira qapısında

sübhdən durub gözləyəcəm;

Adını öyrənib, sonra

ağlayıb çıxıb gedəcəm.

 

Yanağında donub-qalan

hansı Ayın şöləsidir?

Qar üstdəki bu tonqalın

kim yığacaq zərrəsini?

Bülluru məhv edən tikan,

görəsən, hansı qanqalın,

ya kaktusun iynəsidir?

 

Adını öyrənmək üçün,

ağlayıb hönkürmək üçün

gözləyəcəm səhər tezdən

Elvira qapısında mən.

 

Bazarın bu hay-küyündə

zilə qalxdı səsin, qəfil!

Buğda qalağı içində

sən ey sevimli qərənfil!

qədər uzağam sənə

lap yanında bitsəm belə;

qədər yaxınsan mənə

uzaqlaşıb getsən belə!

 

Mən Elvira qapısında

sübhdən durub gözləyəcəm;

Adını öyrənib, sonra

ağlayıb çıxıb gedəcəm.

 

XII. Yüziilik sevgiyə qəzəl

 

Küçənin o başında

göründü dörd kavaler.

 

 Ay, ay, ay, ayy.

 

Gedir üzüaşağı

küçəylə üç kavaler.

 

Ay, ay, ayy.

 

Əli belində, şəstlə

gəzir iki kavaler.

 

Ay, ayy.

O dönüb gedənə bax -

necə gözəldir, Allah!

 

Ayy.

 

 Mərsinlərin altında

bir kimsə gəzmir daha.

 

 

Federiko Qarsiya LORKA

Çevirəni: Mahir N.Qarayev (ispancadan sətri tərcümə əsasında)

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.12; 13.