Şairin ardından...

 

Şair Elman Tovuzu torpağa tapşırarkən yağış başladı. Yay üçün o qədər xarakterik olmayan selləmə yağışı öz-özümə yozmağa çalışdım. - Mənə elə gəldi, Göylər bizim - Elmanın dostlarının donub qaldığını, göz yaşı tökmədiyini görüncə, özü dolub, yağış tökmək qərarına gəldi... El-obada "Yer , Göy ağladı" deyimi var - bax, o kimi... Dəfn bitər-bitməz güclənən yağış, bir , biz Şıxheybətə çatarkən dayanmaqdaydı.

Yağış bizim Elmanın son mənzili üstündə törən keçirməyimizə izn vermədi sanki; sudan, insandan doymayan qara torpaq, qoynuna yeni aldığı şair oğluyla bir an öncə baş-başa qalmaq, dərdləşmək istəyirdi bizim bir an öncə Qoşasuyu tərk etməyimizi istəyirdi elə bil... Elə bil, Göy-Yer eyni ahənglə, bir alqoritmlə çalışırdı... Zatən, kainatın öz qanunauyğunluqları vardır, bilirik...

Uşaq vaxtı biz bəzən qardan, yağışdan incik danışarkən, rəhmətlik atam deyərdi, "a bala, kərəminə şükür olmuş bizdənmi soruşacaq, öz mülküdür, yağdırır"...

Bəli, biz Yaradanın işinə qarışmırıq, ancaq öz işimizi bəzən yetərincə yerinə yetirmirik, bəlkə. Elman Tovuzun xəstəxanaya düşdüyü gündən bəri, xəyalımda hər gün yanına gedirdim; ancaq nıxtı tutulmuş kimi, "ha bu gün- ha sabah" deyə-deyə, gedib Abşeron xəstəxanasına çıxmadım da, çıxmadım... Bilirsiz, bu nıxtı tutulmuşluqda bir təsəlli, bəraət məqamı da var: deyirəm, Yaradanın kəramətinə yaraşdırdıqlarımıza, öz diləklərimizin çin olacağına elə inanırıq, elə inanırıq, ölümü qəti yaxın qoymuruq... Elman Tovuz uzun illərdi sağlıq qayğıları ilə yaşayırdı, lakin biz dostları, doğmaları ölümün bunca yaxında olduğunu düşünmür, yaman düşüncələri yaxına buraxmırdıq. Hərdən , düşünürük, biz xəstəxanaya getməklə, artıq sona yaxınlaşdığımızla barışmış oluruq sanki - doğru deyil, əlbəttə; əlbəttə, gedən gələcək, bir üz-üzə gələcəyik, o ziyarət məqamı olacaq bir ... Olan oldu!..

Təqvim ilinin 7-ci ayının son günüydü, biz Elmanı doğma Tovuzun Şıxheybət kəndinin qəbiristanlığı yerləşən Qoşasu adlanan, Qoca Palıdın bitdiyi yerdə - anasının yanında torpağa tapşırdıq... O, yeni ayın ilk gününü o dünyada qarşılayacaqdı. Uzun illər ayağa qalxacağı günün hicranı, o umudlu günün vicdanına güvənərək yaşayan şairçün bu dünyada təqvimlər "ölmüş"kən, o dünyada nəyə yarar?..

Dədə-babamızdan qalma belə bir inanc var, bəs, biz tərəflərin ilk ağacı Qoca Palıd olub; qərinələr dolanıb, yüzillər keçib, bir nəfər çıxıb da, o köklü-köməcli, irigövdəli ağacı dibindən oda verib nəhayətində, saatlarla korun-korun yanan ağac dünya qopurmuşcasına yıxılıb, o yaramaz işi görən adam da karsalaya dönüb, ömrünün qalan günlərini dəli-dəng keçirib... El-oba Qoca Palıdın qalıqlarını qoruyur, yanından hər keçən, onun üstünə bir budaq, şax-şəvəl atmadan keçməz. Həmçinin yaz-yay gül-çiçək, niyyətlilərsə ilmüdam kömbə, şirniyyat qoyar Qoca Palıda. Son illər orada balaca bir türbə tikilib. Bilirsiz, el-obanın gələnəklərində illah, bir hikmət olduğuna şübhə etmirəm; bundan da irəli, söhbət bir ağacdan gedir - burada hər qədər ilkinlik olsa da, qutsal yanaşma, yaraşdırma da var. Necə ki bizim yaradıcı dədələrimiz törəyişi, doğuluşu, insanın artışını, (uzaq olsun) başqaları kimi, əkiz qardaş-bacıların çarpaz evlənməsində, yaxud cinlərlə evlənmədə deyil, ağac bağrından çıxan qızla - haqdan verilmiş buta ilə evlənmədə görüb... Ağacla bağlı alqışlar, inanclar günümüzədək gəlib çıxıb. Bəli, bax, söhbəti keçən həmin o, Qoca Palıd bitən yerdi Qoşasu... Elman Tovuz, necə deyərlər, Qoca Palıd kimi bir insanıydı - xarakterli, dözümlü, başıuca ... dərdi dərin!

Şair Elman Tovuzu Qoca Palıdlı Qoşasuda torpağa tapşırdıq... Şair, yəqin anası ilə, o dünyadakı digər doğmaları ilə dərdləşdikdən sonra, qara torpağın özüylə illah, Qoca Palıdla da həmsöhbət olub...

Elman Tovuz dağlar başında yerləşən Şıxheybətdə doğulub, boya-başa çatdı, paytaxt Bakıda oxudu, Tovuz-Bakı yolunda avtomobil qəzasına düşüb, sağlamlığını itirdi, ondan sonra ömrü Bakıda keçdi mən bilən, bir daha Şıxheybətə getmədi... Onun doğma kəndinə eləcə , Qoşasuya gəlişi, Qoca Palıdla "görüş"ü bir ... canını tapşırandan sonra mümkün oldu...

 

Şıxheybət, üstünə sağlıq!

Qoca Palıd, o dünyan xeyir!

Qoşasu, sənə deyim? -

Ah, Qara Torpaq, Qara Torpaq!..

Sən "o dünya"mısan, "bu dünya"mısan?..

Əziz Şıxheybət,

pir bilinən Qoca Palıd,

a barlı-bərəkətli Qoşasu,

şair oğlunuz Elmanı necə gördünüz? Ondan küsməmişdiniz - əminəm; bilirsiniz, onu sizdən uzaqlarda şair edib, söz qoşduran elə sizlər, digər əlçatmaz, gözgörməz, ünyetməzləri oldu...

"Getməsək , gəlməsək , o köy bizim köyümüzdür" deyirik deməsinə, ancaq işə baxın, son ərkimiz üzrə gedirik o köyə... Sanki o hicranın bitişi üçün bircə yol var: canını tapşırıb getmək!..

Elman bir köyün, el-obanın miqyasını çoxdan aşmışdı, ölkə çapında tanınan-bilinən, sevilən şair idi; lakin Bakıda deyil, bir başqa ölkənin paytaxtında yaşayıb-yaratsaq da, başqa ölkələrdə tanınsaq da, ilk yuvamız bizi həmişə özünə çəkir, çəkir... O ilk yuvanın "göz"ünə sağlamlığımızdakı üzüntülərlə görünmək istəməsək , gün gəlir, son ərkimizi edirik: "məni ora apararsız"...

Elman öncə oxucularının, dostlarının könlündə özünə yurd edindi, sonra getdi...

Avtoqəzadan sonra Elmanın öz fiziki sağlamlıq durumu yerində olmasa da, o, həmişə şax duruşu, qüruru, ilahi təsəllisi ilə seçildi.

"Mən olmasam, olardı,

Bir adamın azalardı?..

...Dərdin tökülüb qalardı,

yaxşı ki, varam, Allah"!

Elman Tovuz avtoqəza keçirsə , onun ağır sonucuna təslim olmadı, yazdı-yaratdı, ümidləndi, ümid verdi, ümid oldu...

Şair Elman Tovuzun şeirləri dillərdə, aşıqların sazında ötür;

Kitabxanalarda, hər dostunun evində, internet resurslarında Elman Tovuzun şeirləri yayılıb, yayılır, yayılacaqdır;

Şairin onu tanıyan, bilən, oxuyan hər kəsdə xatirəsi var; özü bu dünyadaykən xatiri əziz olduğu kimi, xatirələri əzizdir, unudulmazdır...

İndi dağlar qoynunda, anasının da uyuduğu torpaqların qoynunda, Qoca Palıdlı Qoşasuda uyuyan şair Elman Tovuzu şair, şeirlər unudar, el qədri bilən, el üçün çalışanlar - elmanlar yaddan çıxarar, , təxəllüsü Tovuz, oxuduğu, yaşadığı Bakı, canından çox sevdiyi Can Azərbaycan!..

Bir şair üçün bundan yuxarı gərəkdir?..

Ruhuna sayğılar!

 

Əkbər Qoşalı

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, №32.- S.13.