"Türk ülküsü candan da əziz bayrağımızdır..."
Nihal Atsız
barədə düşüncələr
Ədəbiyyatın sırf estetika hadisəsi olduğunu iddia edənlər, onun məfkurəvi tərəfini
xoş görməyənlər
dönüb Nihal Atsızın
yaradıcılığına baxsın. Milli məfkurə
poeziyanın estetikası
ilə yalnız böyük şairin qələmində bu şəkildə qaynayıb-qarışa
bilər. 1931-ci ildə
"Qəhrəmanlıq" və "Qəhrəmanların
ölümü" kimi
idealist ruhlu şeirlər
yazan böyük şairin isə cəmi 26 yaşı vardı.
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Ölməzliyi düşünmək boşuna bir əməkdir,
Qəhrəmanlıq: saldırıb bir daha dönməməkdir...
Qəhrəmanlıq - içərək
acı ölüm tasından
İrəliyə atılmaq və
sonra dönməməkdir.
...Qəhrəmanlıq nə
yalnız bir yüksəliş deməkdir,
Nə də günəşlər
kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə
bir atılış gərəkdir,
Atıldıqdan sonra da bir daha dönməməkdir.
Yaxud:
Gərilir zorlu bir yay
Oxu fırlatmaq üçün;
gecə
göydə doğar
Ay
Yüksəlib batmaq üçün.
...Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün.
Şeirlər, bütövlükdə estetizm nümunəsidir, sırf şairlik hadisəsidir. Amma həm də Atsızın bütün şeirləri
kimi, milli məfkurə
daşıyıcısıdır.
O, həm də romançı idi. "Bozqurdların ölümü",
"Bozqurdlar dirilir",
"Dəli qurd" və "Ruh adam" romanları təkcə tarixi roman deyil, eyni zamanda
mötəbər tarix
kitablarıdır. Atsız
türk tarixini Zəki Vəlidi Toğan səviyyəsində,
türk mifolojisini Abdulqadir İnan səviyyəsində tədqiq
edən və bunu bədii yaradıcılığına tətbiq
edən böyük yazıçıydı. Nihal Atsız
həm də dilçidir. Yılmaz Öztuna yazırdı ki,
"Atsız bir dil və tarix
bilgini idi. Həm dilçi, həm tarixçi olanlar nadirdir və belələri tarixdə çox başarılı olurlar".
Yazıçı üçün
bundan etibarlı təməl təsəvvür
etmək çətindir...
Təkcə dil arxitekturasına,
üslub və təhkiyəsinə görə
deyil, elmi fikirdə milliyyət duyğusunun təkanlarını
yaradan "Bozqurdların
ölümü" romanı
həm tarix, həm ədəbiyyat, həm də mifdir: "Gür Şad ölmüş, fəqət, atdan düşməmişdi. Ölmüş,
fəqət, yenilməmişdi...
Yağılar, onun igid başını gövdəsindən ayırıb
Çin xaqanına götürdülər...
Gür Şad bir əliylə
tuğu yüksəldirkən,
ötəki əliylə
duman alana bir işarət yaparaq "Qalxın!" deyə hayqırdı. Qırx şəhid birdən qalxdılar. Gür Şad əliylə irəlidə
bir yeri göstərdi, "Oraya!"
- deyə gurladı. Göstərdiyi yer Tanrı Dağı idi. Təpəsində ataların ruhları dolaşırdı. Qırx
bir şəhidin ruhu bir fırtına
kimi, bir musiqi kimi, bir
işıq kimi axaraq Tanrı dağına doğru yürüməyə başladılar...
Onları orada, başlarında Alp Ər Tonqa olan atalar
qafiləsi bəkləyirdi..."
Atsızın bütün romanlarında
Böyük Çölün
rüzgarları əsir.
Böyük Ədəbiyyata
Böyük Çöldən
gəlmiş Çingiz
Aytmatov etiraf edirdi ki, "Bozqırda doğulmuş olan mən belə, bozqır həyatını,
heç bozqır görməmiş Hüseyn
Nihal Atsız qədər
canlı anlada bilməzdim".
Nihal Atsız romanlarını
da dastan poetikası üzərində
qururdu. "Üzün
aya bənzəyir. Qaşın yaya bənzəyir.
Gözlərin yaşıl
alası. Saçların
aslan yeləsi. Yerişin durna kimi. Sallanışın sona kimi. Hankı
yerdən, qaynaqdansan? Hankı boydan, oymaqdansan?" Bir uyğur
dastanının çağdaş
türkcə ilə romanlaşması, roman içində
romana, "Ruh adam" romanına çevrilməsi Nihal Atsızın
alimliyiylə eyni vüsətdə olan yazarlığının tərzidir
və təsdiqidir.
Uyğur
masalının motivlərini
incələyərkən elə
mətnin magik və mistik cazibəsində Nihal Atsız
tarixin estetik, dini, poetik və
politik... mərhələlərini
gözdən keçirirdi.
Masalın ehtiva etdiyi şamanizm ünsürləri onun X əsrdən öncələrdə
baş verdiyinə dəlalət edir. Masal qəhrəmanının
yüzbaşı olması
isə Hunlar dövrünün əks-sədasıdır.
Masalda buddizmin əlamətləri də
var və s.
Tarixi ədəbiyyatlaşdırdığı (əslində romantikləşdirdiyi)
qədər də ədəbiyyatı tarixləşdirən
Nihal Atsızın zəkası
türk varlığının
və kimliyinin ən dərin qatlarına işıq salır və nüfuz edirdi. Atsız Sakalar çağının da ötəsinə
adlayıb, milad öncəsi XII-VII yüzilliklərdə
Şu dövlətinin
tarixini araşdırırdı.
Ziya Gökalpdan sonra Mete barəsində elmi fikri ədəbi
dövriyyəyə buraxırdı,
Tanrıkut Meteyə istinad edən təmayülü sistemləşdirir,
onu türk düşüncəsinin ciddi
tarixi faktına çevirirdi. Gürşadın
türk fikir həyatına gəlişini
də Nihal Atsızın
qələmi təmin
etdi. Alp Ər Tonqa dastanını yazıya aldı, "Kitabi-Dədə Qorqud"u,
Hunlar dövrünün
ədəbiyyatını tədqiq
etdi. "Göy Türklər zamanında ədəbiyyat" adlı
yazı yazdı.
27 yaşlı Nihal Atsız Göy Türklərlə
Oğuzların mənşəyini
araşdırmaq üçün
hələ 1932-ci ildə
Orxon-Yenisey yazıları
ilə "Kitabi-Dədə
Qorqud" mətnlərinin
müqayisəli təhlilini
təklif edirdi. Kül Tigin abidəsindəki "Körür
közim körmaz teg,
bilir bilgim bilimaz-teg boldı" epitafiyasını "Kitabi-Dədə
Qorqud"da "Dəli
Domrulun hekayəsi"ndəki
sözlərlə qiyaslandırırdı.
Nihal Atsıza görə
bu bənzəyiş,
sadəcə, oğuz
bənzəyişi deyil,
daha əski dövrün Uyğur və Xaqaniyyə ləhcələri ilə
söylənmiş mətnlərində
də eyni frazalar yer alırdısa
bu, "eyni təbirlərin Türklər
arasında nə qədər uzun müddət yaşadığını,
yəni qövmi-milli ənənələrin qüvvətini
göstərirdi".
Yaxud Dədə Qorqudun kitabındakı şeir formalarının Mahmud Kaşğari
divanındakı şeir
şəkilləri ilə
müqayisəli təhlilini
aparırdı.
Atsızın təbirincə, "Qazax türklərinin tanınmış şair
və tarixçilərindən
Oljas Süleymanoğlu"nun
(Oljas Süleymenovun) yazdıqlarına və Həsən Oraltayın ona göndərdiyi fotokopilərə istinad edərək türkoloji düşüncəyə yön
verən fikirlər söyləyirdi... Qızıl
əlbisəli döyüşçünün
məzarından tapılmış
gümüş çömçənin
üstündəki yazını
oxuyur və belə bir qənaət
irəli sürürdü
ki, bu yazılar Orhun hərflərinin başlanğıcı və
ən əski şəklidir. Bu yazılar
türk tarixinin hunlardan əvvəlki dövrünü aydınlaşdırır,
onlar Orhun yazılarından min il əvvələ,
yəni sakalar dövrünə, miladdan öncəki VII-V əsrlərə
aiddir və s. Atsız həm 2500 il əvvəl mövcud olmuş yazıları oxumağa cəhd edir, həm də Qızıl Əlbisəli Adamın məzarından tapılmış
qaşığın üzərindəki
yazını oxuyan qazax alimlərinin transkripsiyada yanlışa
yol verdiklərini bildirir. Transkripsiya edənlər hansısa sözü əsgər şəklində oxuyublar.
Amma bu, ola bilməz. Çünki yunanlardan ərəblərə keçmiş
"əsgər" sözü
qədim türkcədə
yox idi. Yaxud "bəxt" fars sözüdür və o, 2500 illik tarixi olan türk
yazısında işlənə
bilməzdi və s.
***
Türk
varlığının əbədi
davam etməsini istəyən Nihal Atsız
nəinki bu yolda büdrəyən çağdaşlarına, hətta
tarixdəki türk böyüklərinə də
qınayıcı nəzərlə
baxırdı. Kim tərəfindən
təlqin olunur-olunsun,
fərq etməz, türklərin savaş ruhunu uyuşduran düşüncəyə qarşı,
Atsızın qəzəb
fırtınası səngimək
bilməyib. Nəinki Yunus Əmrənin humanizminə, heç Mövlanaya da dözməyib.
Atsız Yunusun ən böyük fəzilətini onun saf türkcəsində, Mövlananın ən böyük qəbahətini
isə farscaya heyranlığında görürdü...
Mövlananın Şəms
Təbrizi ilə xəlvətə çəkilməsinin
nədənləri barədə
isə düşünmək
belə istəmirdi. Avropada Yunusun şairliyinə deyil, daha çox humanizminə dəyər verilməsinə dözmürdü:
"Yunus Əmrə türkcənin böyük
bir sənətkarıdır.
Türkcənin böyük
bir şeir və fikir dili
olduğunu ortaya qoyanlardan birisidir. Fəqət, Yunus Əmrənin fikirləri türk millətini... uyuşdurmuşdur". Yunusun:
"Döyənə əlsiz
gərək, / Söyənə
dilsiz gərək..."
misraları Nihal Atsızı
incidirdi. Çünki
ona əlsiz, dilsiz dərvişlər deyil, döyəni döyə, söyəni söyə bilən bir millət gərək idi. Döyməklə və söyməklə başa
keçmiş dünyanın
qarşısında döyənə
əlsiz, söyənə
dilsiz olacaq bir türk milləti
Nihal Atsız üçün
milli fəlakət mənbəyi
idi.
O belə düşünürdü.
Çünki ömrü
sarsıntılar, ədəbi
və siyasi qovğalar içində keçmiş, zülmün
hər üzünü
görmüş Nihal Atsız
hər şeydən əvvəl, mücadilə
və savaş adamıydı. Savaş hissindən məhrum olan "millətlərdə
əxlaqi bir pozulmanın başladığı
gözdən qaçmamaqdadır...
İsveçdə kültür
və rifah son dərəcəyə vardığı
halda, İsveç xalqının əxlaqındakı,
gündən-günə çoxalan
cırlaşma düşündürücü
bir durum almaqdadır. Bəzi bayramlarda isveçli gənclərin
kütləvi şəkildə
yapdığı rəzalətlər,
məmləkətdə homoseksual
dərnəklərin qanunla
tanınması... kimi
əcaibliklər, bu millətin bir iç sıxıntısı,
bir mənəvi çabalama içərisində
olduğunu göstərir.
İsveç iki yüz ildən bəri savaşmamışdır..."
Nihal Atsız özündən
əvvəlki turançılardan
fərqlənirdi. Onun
üçün böyük
Turanın mərkəzi,
türklüyün ilk qaynağı
Azərbaycan idi. Yazırdı ki, "Azərbaycan
Türkiyəni quran türklərin ilk yığınaq
bölgəsiydi. Anadolu, İraq və Suriya buradan irəliləməklə
ələ keçirilmişdi.
On üçüncü yüzildə
Xorasandan Akdənizə
qədər uzanmış
Böyük Türkiyəni
idarə edən İlhanlıların mərkəzi
bölgəsi Azərbaycandı.
Yəni, bir baxıma Türkiyə bu gün qədim
paytaxtını qeyb etmiş bir dövlət kimidir..."
Nihal Atsıza görə, Səfəvi-Osmanlı müharibəsi
türklərin iç
məsələsiydi, milli savaş
deyil, qardaş qovğasıydı. O, eyni
zamanda Azərbaycan şəhərlərini Türkiyə
şəhərlərindən ayırmır, Türk dövlətinə "Bursa, Ədirnə,
İstanbul, Ankara şəhərləri başkəntlik yapmışsa,
Azərbaycanın şəhərləri
də bir zamanlar eyni vəzifəni
görmüşdür" deyirdi.
Atsız,
panfarsistlərinin 1950-ci illərdə
İran mətbuatında Azərbaycan
dili əleyhinə yazdıqları əsilsiz
və məkrli fikirlərə də sərt reaksiya vermişdi. Bildirirdi ki, Azərbaycanın türklüyü
"əcəmləri də
qərib iddialara sövq edir: onların fikrincə, Elxanlılar Azərbaycanı
alıb əcəm olan əhalisinin dilinə iynələr batırmaq surətiylə
xalqı türkcə
danışmağa zorlamışlar.
Bir millətin dilinə
iynə batırıldığı
üçün yabançı
bir dili kütləvi şəkildə
öyrənərək danışmağa
başlamasının gerçəklə
bağdaşlaşdırılmasındakı
gülünclük meydandadır".
İran mətbuatında Azərbaycan
pantürkistlərinin əleyhinə
dərc olunan yazılara cavab verməyi də özünə borc bilirdi: "Türklərin
pantürkizm ülküsünü
güdmələri bir
qüsursa, iranlıların
panaryanizm düşüncələri
nədir? Pantürkizm
gerçəkləşə bilən bir ülkü olduğunu keçmişlə isbat edə biləcək durumda olduğu və yalnız türkləri düşündüyü
halda fars və erməniləri içinə almaq xəyalındakı panaryanizmə
nə deməli? Hələ farslarla ermənilərin birləşməsi
əsla gerçəkləşməyəcək
olan bir düşüncənin ardındakılar
nasıl insanlardır?"
***
Dünyasını 70 yaşında dəyişsə
də, Nihal Atsızın
ulduzu 39 yaşında
söndü. 1944-cü ilin
19 mayında Gənclik
və İdman bayramında (sonralar
Atatürk Gənclik və
Spor bayramı) keçirilən mitinqə
qatılan Adilə Ayda "Böylə idilər yaşarkən..."
kitabında həmin mitinqi xatırlayaraq yazır: "Tribunadakı
yerim cümhurbaşqanı
İsmət İnönüyə
olduqca yaxındı...
Çıxışının yarısına çatdığı
zaman içimi dəhşət
bürüdü. Bir türk
dövlətinin başqanı
bu sözləri necə söyləyə bilərdi?..
Fəqət, başqa
bir şey ağlıma gəldi. Bu çıxışı İnönünün
həyatında əbədiyyən
silinməyəcək bir
ləkə olaraq qalacaq".
İsmət İnönü həmin
mitinqdə turançılıq
dalğasını qabardan
insanları, "şüursuz
və vicdansız fəsadçılar" adlandırır,
onları ittiham edirdi. Nihal Atsızı özünə rəqib görürdü. Hətta
bunu 1944-cü ildə
Stalin Rusiyasına xoş
gəlmək üçün
turançılara böhtan
ataraq edirdi. İsmət İnönü
inanmışdı ki, guya
"Nihal Atsız Almaniyadan
para alaraq hökuməti
devirmək və cümhurbaşqanı olmaq
qayəsindədir" və
s. İnönü Atatürkü
anma törənində
Nihal Atsıza qarşı
cəbhə açırdı.
Nə baş verirdi? İki il əvvəl, yəni 1942-ci il avqustun 5-də
Türkiyənin baş
naziri Şükrü
Saracoğlu başçılıq
edəcəyi hökumətin
türkçülüyün əsaslarına dayanacağını
bəyan etmişdi.
Nihal Atsız da o zaman nəşr
etdiyi "Orhun" dərgisinin 1944-cü il aprel
sayından etibarən,
Saracoğluna bir neçə məktub ünvanlamış, Türkiyəni
içəridən vuran,
türk düşüncəsinə
düşmən olan cərəyanların əsl
mahiyyətini bir-bir sadalamışdı.
Və türkçülük hərəkatına
yeni vüsət qazandıran
həmin məktubların
ardından Türkiyədə
turançı-irqçi blok
"ifşa" edilmişdi
(eynən, Stalin metodu ilə və həm də Stalinə xoş gəlmək üçün).
Türkçülük yalnız bundan sonra əks-həmləyə
keçərək Türkiyəni
silkələmiş, Türkiyə
yenidən Atatürk dönəmindəki
türk ruhuna sahib çıxmışdı. Məncə,
bu, bir düşüncə
adamı olaraq, Nihal Atsızın Türkiyə
tarixində və türk milləti qarşısında ən
böyük xidmətidir.
Bu tarixi xidmətin müqabilində İsmət
İnönü onun həbsinə qərar verdi. Nihal Atsız Vətəni, milləti sevdiyi üçün
"Vətənə xəyanət"
maddəsilə həbs
olundu. Öztunanın
təbirincə, "olduqca
mütəvazi, utancaq,
insanlardan qaçan, tərbiyəli, səmimi,
incə bir insan" olan Atsız işgəncələr
və təhdidlər
altında istintaq olundu. Həbsxanada yatdı. Əfvindən sonra da ömrünün sonuna qədər müəllimlik hüququ yasaqlandı.
Nihal Atsız türkçüydü
və tükçülüyə
ideologiya kimi baxırdı. O zaman, Fransa
üçün demokratiya,
Rusiya üçün
kommunizm nə idisə, Nihal Atsıza görə, Türkiyə
üçün türkçülük
də o olmalıydı.
Hətta türkçülüyün
mənəvi və siyasi izahını da o yaratmışdı: "Türkçü
əyyampərəst və
yaltaq ola bilməz... Ən böyük sərtliyi də nəfsinə qarşı
göstərir... Hələ
türkçülüyün müqəddəsatını dağıdanları
əsla bağışlamaz
və bunları bağışlayanları milli düşmən sayar...Türkçü alçaqkönüllü
(təvəzökar) olmağa
məcburdur. Özünü
gözə soxmaq etdiyinin əvəzini gözləmək və təqdir olunmaq üçündür. Halbuki
təqdir gözləmək
bir məncillikdir, xudbinlikdir. Türkçü
millətinə bir xidmət göstərərkən,
bunu bəyənilmək
üçün deyil,
vəzifə bildiyi üçün edir və göstərdiyi ən böyük xidmətin belə adı-sanı bilinmədən
ölüb məzarsız
yatan şəhidlərin
hizməti yanında çox kiçik qalacağına inanır...
Türkçü, heç
şübhəsiz, türkdən
olur. Fəqət, hər "türkçüyəm"
deyən türk, türkçü deyildir".
Beləliklə, Nihal Atsız turançıydı,
türkçüydü, amma
irqçi deyildi. İrqçilik anlayışını
Türkiyənin siyasi
leksikonuna 1944-cü ildə
İsmət İnönü
daxil etdi və bu, Nihal Atsızın soy anlayışına
İsmət İnönünün
verdiyi yanlış təfsir idi... 1944-cü ildə belə bir ittihamla yarğılanmaq
hitlerizmdə suçlanılmaq
mənasına gəlirdi.
Atsız necə irqçi ola bilərdi ki,
onun ilk savaş hədəflərindən biri
irqçiliyin, nasizmin
qurucusu Mussolini olmuşdu?
Aşağıdakı misralar
onun Mussoliniyə ünvanladığı "Dəvətiyyə"
şeirindəndir:
Duydum
ki, yelkənləri edib
də fora,
Gələcəkmiş orduların yaşıl Bosfora.
Buyursunlar...
Bizim üçün
savaş düyündür,
Din ərəbin, hüquq sizin, hərb türklüyündür.
Aclar nasıl bir istəklə qoşarsa aşa,
Türk
əri də böylə gedər qanlı savaşa.
...Çağrı bəylə
Tuğrul bəyin qurduğu dövlət
İtaliyalı mələzlərdən üstündür, əlbət.
...Dirilərək başınıza
keçsə də Sezar,
Yenə
olur Anadolu sizə bir məzar.
...Tanıyoruz Attiladan bəri Germanı,
Farklımıdır Prusyalı, yaxud Erməni?
...Gərçi bu gün əskisindən daha çox diksən.
Fəqət, yenə biz osmanlı,
sən venediksən!
...İnsan oğlu umudlarla aşıb-daşmalı,
Aryalarla
Turanlılar qarşılaşmalı!
...Bizim yanıq Füzulimiz əngin bir dəniz,
Qarşısında bir göl qalır sizin Danteniz.
Bizlər
ulu bir çinarız,
sizlər sarmaşıq!
Generallar
Paşalarla atamaz aşıq!..
...İrqinizi heçə saydı Həzrəti
Fateh,
Bir az daha yaşasaydı
Həzrəti Fateh
Nə Venedik qalacaqdı, nə Floransa...
"Xoş gəldiniz" deyəcəkdi bizə Fransa!
1940-cı
ildə Türkiyədən
torpaq istəyən Mussoliniyə verdiyi bu cavabdan dörd
il sonra, dediyim kimi, ona irqçilik
damğasını vurub,
həyatının qalan
hissəsini zəhərə
döndərdilər. Amma Atsız məfkurəsinə sona qədər sadiq qaldı. Hətta ömrünün lap axırında
son şeirini də türk bayrağına, daha doğrusu, bayraqlaşdırdığı türk ülküsünə
həsr edib dünyadan köçdü:
Türk
duyğusu hər türkçüyə ən
dadlı kımızdır,
Türk
ülküsü candan
da əziz bayrağımızdır.
Bayraq
ki, onun kölgəsi Bozqurdları toplar,
Bayraq
ki, bütün qeyb edilən yurdları toplar.
Hardan gəliyor? Tanrıkutun ordularından!
Lakin bizə bir beyt
oxuyur qutlu yarından.
Zərbəylə könüllərdə yatan ülkü silinməz!
Atsız
yerə düşməklə
bu bayraq yerə enməz.
1944-cü
ildən sonra otuz il iqtisadi sarsıntılar içində
ömür sürdü...
Amma məfkurəsindən dönmədi.
Dövlət işlərində
çalışmaq ona
yasaq edilsə də, "sərt zərbələrlə yıpranan
ələmli və ümidsiz" (Banarlı)
ömründə türk
birliyi düşüncəsini
daim ayaqda tutacaq əsərlər yaratdı. Adilə Ayda yuxarıda xatırlatdığım kitabında
yazırdı ki: "1975-ci ildə... Köçdüyü
Bostaniçidəki evi
Atsızın başına
bəla olmuşdu. Dərdlər, problemlər
arasında bunalırkən,
yalnız, yapayalnızdı.
Bir neçə il öncə
onu tərk edib Almaniyaya yerləşən xanımından
boşanması o il içində
sonuclanmışdı. Oğullarından
da vəfa və bağlılıq görmürdü..."
11 dekabr 1975-ci ildə elə həmin ruh halıyla da, İbrahim
Kafesoğlunun sözləri
ilə desək, "türk milliyyətçiliyinin
fikir və əxlaq cəbhələrində
dərin bir boşluq buraxaraq" dünyasını dəyişdi:
Tanrı
dağı Tanrılar,
Tanrılaşanlar dağı,
Orda on üç əsrdir bizi bir gözləyən
var.
Savaş
türküləriylə aylı-qızıl
bayrağı,
Kəfənsiz ölülərin ruhunu
özləyən var...
Ulu Tanrı! Gur Şadın yenilməyən ruhunu
Uca Tanrı Dağında bir az daha
barındır.
Gələcəyiz yakında... Yarın
bütün oralar
Dəmir
biləklərdəki çelik
qılınclarındır.
O sarayda bulunca tanrılaşan ərləri
Artıq
gözüm arxaya bir daha dönməyəcək.
Həpsi
sussa da, Gur Şad uzadaraq əlini:
"Xoş gəldin, oğlum Atsız, kutlu olsun!" - deyəcək.
1989-cu ildə Nihal Atsız barədə "Qeybə
və sevgiyə çəkilən türklər"
adlı bir məqalə yazmışdım.
O zaman Nihal Atsızın məfkurəsi
- Turan bir xəyal əsəriydi.
İndi ideallar, az qala, gerçək olub... Turanın bir addımlığındayıq.
İkinci Qarabağ savaşından sonra qələbəmizlə bağlı
duyğularımı "Zəfər
paradı və Nihal Atsız" adlı yazımda ifadə etməyə çalışdım.
"Türk ülküsü
candan da əziz bayrağımızdır" isə bu günün yazısıdır.
Nihal Atsız ay-ulduzlu
bayrağı Turana səsləyir... "Bayraq
ki, onun kölgəsi Bozqurdları toplar, / Bayraq ki, bütün qeyb edilən yurdları toplar".
22 avqust 2024
Azər TURAN
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.16; 17.