Şeir adam yaxud sərhədli dünyanın sərhədsiz adamı

 

"Qəşəm Nəcəfzadə ya seçilmiş əsərləri" kitabından sonra...

 

İllər əvvəl  aşağıdakı misralarla başlayan şeir oxumuşdum:

 

 Bəlkə dünən sındırdığın budaqdı,

Oğlum, qapını , qapıda bir külək ölür.

Bəlkə dünən əkmədiyin ağacdı,

Bəs niyə qapımızda ölsün bu külək?..

 

Bu şeirlə Qəşəm Nəcəfzadə yaradıcılığı ilə tanışlığım yarandı. Sonralar müəllifin müxtəlif kitablarını, o cümlədən, bu günlərdə işıq üzü görən "Qəşəm Nəcəfzadə ya seçilmiş əsərləri"ni əldə elədim çox böyük zövqlə mütaliəyə başladım. Sanki eyni rəngli, eyni ölçülü hasarlar, darvazalar, adamları olan, hər küncünü-bucağını tanıdığm bir şəhərdən birdən-birə ucu-bucağı bilinməyən, tanımadığım, bilmədiyim bir məkana düşmüşdüm. Bu məkanı - Qəşəm Nəcəfzadə yaradıcılığını hava kimi, su kimi içimə çəkdikcə, ruhumda bir dinclik yaranırdı. Mənə elə gəlirdi ki, bir başqasını deyil, özümü oxuyurdum, bu introspektivlik hətta özümə belə qaranlıq olan tərəflərə işıq salırdı.

 

Əlinə bir düşmən bayrağı keçsə

            onu ayaqlamaqla bitmir,

Yatmış bir düşməni öldürməklə

            məsələ həll olmur,

Açılan bütün topların əvəzinə Salam!

Quşun xəbəri varmı

            düşmən tərəfdə uçur, ya biz tərəfdə...

...Quşlara salam!

 

"Hər ölüm yenidən başlar müharibəni" - deyə müharibələri lənətləyən, "Səhərlərin bir səhəri... //Sərhədlər uçacaq"  pıçıldayaraq ölkələr, insanlar arasındakı sərhədləri uçurmağa çalışan,

 

Gəlin, düşək səngərlərdən, çəkilək bir az geri,

Qaldıraq səngərlərə balaca uşaqları.

qədər uşaq var qoy onlar da gətirsin,

Dayansınlar üz-üzə, açılsın dodaqları...

 

- deyə, dünyadakı bütün uşaqlara sülh, əminamanlıq arzulayan, müharibə amirləri - generallara "...atın rütbələri uşaqlar oynasın, // Atın silahları, ağac götürün!" deyə, sülh uğrunda Eynşteynsayağı müharibə edən ("Mən sülh uğrunda müharibə etmək istəyirəm" A.Eynşteyn), insanlar arasında din, dil, irq, təbəqə ayrıseçkiliyi görmədən, quşları, ağacları, otları sevən, əzizləyən əməldə mömini oxuyurdum sanki...

 

Məni müharibəyə aparmayın,

Düşmən öldürən deyiləm!

Mənə silah verməyin, satıb, kitab alacam.

Mənə düşmən göstərməyin, dost olacam.

Şeir oxuyacam əsgərlərə səhərdən-axşamacan...

 

Allah! Allah! Bu adam pafosun qulpundan tutaraq hayqırmır, gurlamır, əsmir, vurub-dağıtmır. Bu adam düşmənə mülayim yanaşır, bu adam düşməni qəlbinin ən titrək, ən həzin səsi olan şeirlə ram etməyə çalışır, bu adam mənim içimdəkiləri yazır, bu adam mənim yaza bilmədiklərimi, mənimlə doğulan, mənimlə böyüyən fikirlərimi, arzularımı, sevincimi, dərdimi-sərimi yazır, bədii yazır, lakonik, fəlsəfi tutumlu, içı-dışı məntiqə söykənən, dünyada oxuna biləcək şəkildə yazır, sevgi dilində yazır. Sərhədli dünyanın sərhədsiz adamıdır bu adam - doğuluşu, boya-başa çatışı, yerişi-duruşu, baxışı, düşüncələri əməlləriylə... Bu adam inanır ki, müharibələr dayansa quşlar da adamlara qoşulub yeriyəcək, yaxud adamlar da quşlara qoşulub uçacaq, ölkələri bir-birindən ayıran bayraqlar hamısı bir rəngdə - həyat rəngində, nəfəs rəngində olacaq, vaxt-zaman işə-gücə, yamanlığa-pisliyə görə deyil, körpələrin səsinə görə ayırd ediləcək, hamı Allahın yaratdığı bircə sözə "Ol!"a bürünəcək, sevəcək, seviləcək, yaşayacaq, OLacaq!

 

Gülləni atın göyə..

 Quşlar enəcək,

...bayraqlar yarpaq olacaq,

...saatımız körpə səsiylə işləyəcək,

...bütün dillər səs olacaq...

 

Aman Allah! Bu adamın hirsi, hikkəsi, nifrəti vulqarizmdən, barbarizmdən, uzaq, evfemizm köynəyi geyinmiş sevgiylə doludur:

 

Heç fikir eləmə, qurbanın olum,

Adam başqasını gedib sevər ,

Adam sevdiyini ata bilər ...

Təzə deyil ki, başına gələn,

Başına dönüm!..

 

 Bu ürəyə, bu qəlbə, bu sevgiyə, bu həsrətə, bu nifrətə heyran qalmaya bilmirsən. Onun lənəti, qarğışı da sevgi doludur:

 

Ay kişi, döymə arvadını,

            ay əllərin qurusun!

Heç bilirsən onu kim sevirdi?

 

yaxud:

 

...yolun ortasında qoyub getməli yar,

Acığa düşüb başqasını sevməli yar.

 

Bu adamın nəinki nifrəti, üsyanı, Allaha şikayəti sevgi doludur. O, heç vaxt özünə görə Göydəkinə ağız açmır, o, bütün məzlumların, bütün kimsəsizlərin ah-naləsini misralarına düzüb Allahı çağırır. "Bu gecə itləri güllələdilər" şeirinə diqqət yetirək:

 

 İtin boğazından kəsilən çörək,

Asvaltın üstündə can verən ürək

Allahı çağırdı, Allah baxırdı,

Allah eşidirdi, Allah bilirdi...

 

Yaxud:

 

Atları kəsdinizmi, qanadı yerə enməz,

Otlar at qanı görsə, bir örüş göyərməz...

 

Elə buna görə "Çöldə taxılımız göyərməyirdi", elə buna görə "Ruzimiz, suyumuz yoxa çıxırdı" dedi halal adam, düz adam!

Qəşəm Nəcəfzadənin saxta tərif, saxta vəd verən insanlara, yalançılara, yaltaqlara, qaragüruhçulara, vətənşüvənlərə olan üsyanı da özünəməxsusdur, sakitdir, tövrlüdür, səbrlidir:

 

 Kim belə ağzımda sözü sındırıb?

Kim belə alnımda vüqarı döyüb?

Kim belə atamı-anamı söyüb?

Kim belə ağzımda dili yandırıb?

Dərənin dibinə diyirlənib səs -

Mənə bir stəkan su!

 

Yaxud:

 

Məni çağırmayın iclasınıza,

Qoyun sabah üçün üzüm olsun.

 

Qəşəm Nəcəfzadənin bədii yaradıcılığı əvvəli, sonu olmayan mədəni proses, Derrudanın təbirincə desək, dekonstruksiyadır. Onun şeirlərini modern ədəbiyyata, daha çox gənclərin axın etdiyi postmodernizmə aid etmək olmaz. Onun bütün şeirlərində transendential dəyərlər yer alır, yəni, şairin fərdi təcrübəsi intuisiyası birləşərək transsendentalizmi çılpaqlığıyla qabartmağı bacarır. O, təbiətə insan ruhuna sayğı, sevgi, diqqət hissiylə cəmiyyətin əksər normativ qaydalarına qarşı çıxır. Onun bu həlim, sakit, pıçıltılı şeirləri başdan-başa haqsızlığa, Allahsızlığa, insansızlığa üsyandır:

 

Meşədə kölgəni satırlar,

Deyirlər, bizim ağacın kölgəsidir.

 

Yaxud:

 

İnsan kəmliyi var,

Məndə, səndə, hamıda...

Vətən sağdı, sərhəd sağdı şeirdə,

İnsan ölür həm əruzda, hecada...

 

yaxud:

 

Öldü qoşma atlar, gəraylı atlar,

Dolan bulud kimi endirdi gözün.

Atın başınacan qalxdı göy otlar,

Yandırdı çölləri, yandırdı düzü.

 

Şair qınağını, tənqidini arifanə, şairanə bir tərzdə ərz edir:

 

 ...dərilib göylərin küləkləri.

Yerdəki insanların təntiyən nəfəsləri

Həmin küləklərin

            yoluq-yoluq olmuş qanadlarıdı...

 

Bu misralar təbiətin məhv edilməsinə, harınların pula olan hərisliyi ucbatından ağacların qırılmasına, suların qurudulmasına etirazıdır şairin. O, bədii bir dildə, özünəməxsus tərzdə insanlara mesaj verir ki, adamlar, bu dünya əbədi deyil, bu dünya malı əbədi deyil, yadındadı,

 

 Yadındadı,

Stolun üstə açarlar vardı,

Açarların ağzında qapılar,

Qapıların ağzında

Səni unutmağa gələn

Adamlar.

 

İndi onların heç biri yoxdur, sarayların, maşınların, ofislərin açarlarını, qapının ağzında duran, sənə yalmanan adamları özünlə aparmayacaqsan. İnsan oğlu bu dünyadan əbədiyyətə bircə nemətlə - yaxşılıqla gedəcək...

Qəşəm Nəcəfzadə yeddi əsrdir yol gələn Fəzlullah Nəiminin,  Əhməd Lorun, Nəsiminin, Sururinin, Əli-ül Əlanın ruhunu köynək edib onların dolaşdığı yerlərdən bir keçir, o yolları gözüyumulu keçənləri dayandıraraq əbədi kaninatda hərflərin vacibliyini, Allaha aid sirrlərin hərf rəqəmlərdə gizləndiyini söyləməyə çalışır. Bütün bunlar Quranın iyirmi doqquz surəsinin əvvəlindəki hərflərin müxtəlif mənalara gəldiyini söyləmirmi? Burada biz Qəşəm Nəcəfzadənin dini baxışlarının da dekonstruksiyasını görürük. Bu fikrim təpədən-dırnağa sufi olan Cəlaləddin Rumiyə yazdığı şeirdə qabarır:

 

Girdim ruhum içinə,

Misraları qapı kimi çəkib,

Örtdüm üstümə,

Baş çıxartdım hərflərin içindən...

 

Başqa bir örnəyə diqqət edək:

 

"Gülümsə, Qəşəm"

Ya da bir misra içində "ə" hərfini,

Çək üstünə, gizlən, yat.

Ötüb keçsin vaxt...

 

  bu hərflər bir-birinə qovuşaraq söz-söz, misra-misra, bənd-bənd şeirləşir. Şair adamın, şeir adamın özü hərf-hərf, misra-misra böyüyərək, "Qafiyə", "Gəraylı", "Çöl müxəmməsi", "Qoşma", "Bayatı" olur, kitab olur... Bu kitablar insanları bir araya gətirmək istəyi kimi dini cərəyanları, məzhəbləri birləşdirməyə, barışdırmağa, dost eləməyə çalışır, bütün xilqətin tək bir Yaradanının əfvinə sığınaraq...

 

Ey böyük yaradan, qurbanın olum,

Mən sənin əsirin, mən sənin qulun.

Şairəm, duyğuyam, mənə rəhm elə,

Yanında günahım varsa, bağışla!

 

Qəşəm Nəcəfzadə başdan-başa sevgi adamı, vüsal adamıdır. O hətta özünün yaşam tərzi olan poeziya ilə prozanı da vüsala yetirməyi sevir, poema kimi, mənzum, mənsur  hekayə kimi deyil, məhz öz tutduğu yolla - poeziyanın bətnindən eqzoterik cücərtilərlə boy verən prozaya dönüşlə...   bu dönüşdə bir insan, yaxud da bir neçə insan taleyini vərəqləyirsən, oxuyursan... "Tələbəlik illərində", "Vaxt, saat", "Köhnə evimiz", "Qızım, qələmim hanı?", Şeirimə bax, şəklimi əzbərlə", "Qocalıq pulu", "Pis valideyn", "Niyə şagirdlərin duymurlar səni?"  s. şeirlər belə dönüşlərdir. Bu şeirlərdən biri barədə ayrıca danışmaq istəyirəm.  Şair kimi özünəməxsus bu adam həm ən fərqli ömür yoldaşı ("Mən sənin ən pinti, dəcəl balanam, // Hər gün üst-başımı təmizləyirsən". "Evə qayıdanda"), ən istənilən, arzuolunan atadır.

 

Məktəb direktoru məni çağırdı yanına:

- Sən ən pis valideynsən,

11-də oxuyan oğlun qız sevir, - dedi.

Sinif rəhbəri bir yandan

- Məktubunu tutmuşuq,

Özü şeirlə yazır. - dedi.

...Utandım direktordan soruşmağa

Görəsən, qız fikirdədir?

 

"Pis valideyn" şeirində mən övladını sevən, dünyanın ən ali hissi olan sevgiyə dəyər verən, başqalarının görə bilmədiyi sevgi işığını görən, o işığa tərəf addımlayan, övladını da işıqlı yolla addımlamağa öyrədən, dünyanın ən yaxşı valideynini tanıdım. Allahın sevgiylə yaratdığı bəndəsi o sevgiyə qədər inansa, tapınsa, o sevgini başqalarına qədər aşılasa dünyamız o qədər işıqlı, nurlu, bərəkətli olar...

Şairlərin əksəriyyətinin yaradıcılığında ithaf şeirləri geniş yer alıb. Belə şeirlər Nəcəfzadə yaradıcılığından da yan keçməyib. Amma bu ithaflar o qədər fərqli, o qədər səmimi, o qədər bədiidir ki, oxucu bu nümunələri içinə, ruhuna çəkmədən ötə bilmir. Həmişə gənc, nakam ömürlü, sevgi dolu Mikayıl Müşfiqə yazdığı şeirdən bir parçaya diqqət edək:

 

Adam qədər şəkil çəkdirər,

Şəkil adama qədər oxşamaz.

Adamın üzündə vaxt əylənməz,

Adamın üzündə zaman dayanmaz.

 

Şair burada Müşfiqin başına gələnləri, çəkdiyi acıları, qorxuları, saat-saat, dəqiqə-dəqiqə qocalan simasını, ucalan mənəviyyatını necə poetik bir dildə qələmə alıb. yaxud, uşaqların sevimlisi İlyas Tapdığa yazdığı şeirə baxaq:

 

 Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq

Ayaqlarına bax,

Birini götürür, birini qoyur,

Elə bil ki, sözlərinə vergül qoyur, nöqtə qoyur...

 

 Bu örnəkdə biz İlyas Tapdığı hərf-hərf, söz-söz, bənd-bənd oxuyuruq böyük şairin bədii portretinə kinolentinə baxırmış kimi boylanırıq:

Başqa bir örnəyə diqqət edək:

 

Məni bir az gözlə, Xəqani müəllim,

Bənövşəyə salam verib gəlirəm.

Bir gül var, səndən salam gətirib,

O salamı güldən dərib, gəlirəm.

 

Burada müəllifin həm Qəşəm Nəcəfzadə şeirlərinə ağız büzənlərə, bu ezoterik şeirləri həzm edə bilməyənlərə, "hecası yox, qafiyəsi yox, o şeirlərdir" deyərək, tənqidə meyllilərə cavabıdır (Sən vaxtında gəlmədin, ay oxucum, // Mən tək qaldım onun-bunun əlində). Amma, hər bir halda, həqiqi ədəbiyyat adamları Nəcəfzadənin bircə şeirini oxuyanda əmin olur ki, şair Azərbaycanın həm şifahi, həm yazılı ədəbiyyatına dərindən bələddir:

 

Çaylar yerə qonan buluddu, bax, bax,

Qoşa əllərimi dörd dolandırarar,

Ayə, əllərimi şeir yandırar,

Balıqla öpüşüb bu əllər, əllər...

 

yaxud:

 

Bir sirr uçurmuşam kəpənəklərə,

Yaz ağzı uçanda soruşarsınız.

olsun, keçən il bar verməyiblər,

Bu il arılarla barışarsınız.

 

Bir zamanlar Araz - ayrılıq, həsrət, ağrı, intizar simvoluna çevrilmişdi. bu həsrəti, intizarı qəlbində, gözlərində, şeirlərində yaşadan şairlər ordusu var idi - Söhrab Tahir, Balaş Azəroğlu, Əli Tudə, Mədinə Gülgün, Hökumə Billuri... Şeir adam Qəşəm Nəcəfzadə bu həsrət dolu şairləri Arazın övladları adlandırır:

 

"Şairlər doğulur"

Bir gözəl, bir şair ağrısındadır,

Araz yer üzünə şairlər əkir.

 

Bu günümüzə şükür. 44 günlük şanlı tariximizdən sonra Araz da azadlığına, səadətinə qovuşdu. Bundan sonra Arazın ovladları həsrətdən, intizardan deyil, vüsaldan, sevgidən, sevincdən doğulacaq.

Yaşasın bizə qalibiyyəti daddıran Ali Baş Komandanım!

Yaşasın Azərbaycan Ordusu!

Şəhidlərimin ruhu şadlığına, qazilərimin canı sağlığına qovuşsun!

 

İradə Aytel

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.18; 19.