"Başqası"nın
səsi
I
Babam Həmid
kişini arxadan çağıranda acığı tuturdu və
heç zaman dönüb cavab vermirdi. Ya özünü eşitməzliyə
vururdu, ya da bunu ona irad tutanda: "A kişi,
çağıranda niyə hay vermirsən?" - deyirdi:
"Cin-şeytansan, oğrusan, arxadan
çağırırsan?" Sonra əlavə edirdi:
"Kişinin adı üzünə deyilər".
Evdəkilər artıq buna vərdiş
eləmişdilər. Yalnız nənəm aradabir deyinirdi:
"Bəlkə bir sözümüz var! Hər sözdən
ötrü dalınca qaçmalıyıq?"
Ona elə gəlirdi ki, arxadan
gələn səs tanımadığı adamın səsidir
və bu səs təhlükəli, qorxulu səsdir.
Babam qəti inanırdı: Əgər insanın adı arxadan
çağırılırsa, xeyirliyə deyil...
II
Antonen
Arto deyirdi: "Təhtəlşüurumda mən
başqalarını eşidirəm" (sitat
üçün Jak Derridaya istinad edirəm). Artonun mətnləri
onun səsini oğurlayan oxşarı ilə sonsuz mübarizəsidir.
Taleyin işinə baxın: 1930-cu illərdə Müqəddəs
Anna xəstəxanasında onu müalicə edən həkimlərdən
biri də məşhur fransız psixoanalitiki Jak Lakan olub. Jak
Lakan da oxşar fikri bölüşür: "Səs nəysə
boşluğa ünvanlanmış Başqasıdır".
Marsel Prustun roman silsiləsinin
üçüncü cildində bir epizodu xatırlamalı
oluram. Əsərin qəhrəmanı nənəsinin telefon zənginə
cavab verəndən sonra düşünür ki, demə, nənəsinin
əsl səsini indi dinləməli olub. "...Hayıf ki, o səs
indiyəcən mənə tanış gəlməyib" və
bu abzasın sonunda belə bir kəlmə gəlir:
"üzü maskasız" səs.
III
Təxminən,
bir il bundan öncə rəhmətlik şair dostum İnqilab
İsaqla Gəncədə, Xan bağında gəzişib
söhbət edirdik. Parkda bir neçə dəfə dövrə
vurandan sonra "gəl, oturaq, sənə təzə şeirlərimi
oxumaq istəyirəm", - dedi.
- Buyur, şair, qulağım səndədir, - dedim.
Telefonunu
çıxartdı, düyməciyini
basıb: şeirlər telefonun
yaddaşındadır, - dedi.
Şeirlər səsləndi. Zarafata salıb
soruşdum:
- Şeiri deyən sənsən, şair?
- Özüməm, - dedi.
- Elə bil səsin
dəyişib. Bəlkə yorğun vaxtına
düşüb? - dedim.
- Ola bilsin...
Dostumun gözü məndə olsa da, fikri səsinin yanındaydı.
Özü öz səsinin sanki sehrinə
düşmüşdü. Desəm ki, üzündə "o
səs"in şəkli var idi. İnanın, gerçək
İnqilab İsaq yanımda oturan şair deyil, telefondakı səsin
yiyəsi idi...
Nobel ödüllü yazar Semuel Bekketin "Krappın son lenti" pyesinin
qəhrəmanı maqnitofonda bir vaxt özünün söylədiyi
sözləri dinləyə-dinləyə öz aləmində
öz həyatını "söküb
dağıdır" və belə qənaətə gəlir
ki, "ömrünün ən yaxşı illəri"nə
qayıtmaq istəməzdi.
Bekket öz sağlığında
səsinin yazıya alınmasına hər
cür mane olurdu. İçindəki mistik bir qüvvə səsinin
yazıya alınmasına qarşı çıxırdı.
Ona görə də bu gün yazıçının
audioyazıları barmaqla sayılacaq qədərdir...
IV
XX əsr
Azərbaycan ədəbiyyatında qeyri-adi səs həssaslığına
malik yazıçılar sırasında Mirzə Cəlil,
Mikayıl Müşfiq və Anardan sonra,
düşünürəm ki, Yusif Səmədoğlunun
adını çəkə bilərik. "Qətl
günü" romanı nadir bədii mətnlərdən
biridir ki, orda səs-küy bir qədər mürəkkəb
assosiativ mənalar sırasına malikdir. Küləyin
uğultusu, zınqırov səsi, vertolyotun uğultusu,
kontrabasın əcaib səsi və s. - misallar çox çəkmək
olar.
Romanın qəhrəmanları ya son nəfəsdə naməlum bir səsin
dalınca gedirlər və qeyb olurlar, ya da
başqasının səsi ilə həqiqət onlara
çatdırılır:
"- Tapdım, tapdım! - Səlimə
xanımın səsi uğultulu küləyin əsdiyi yerdən,
hardansa çox uzaqdan gəlirdi.
- Sənə epikriz vermişdim ha, orda bir həkim adı
varıydı, Akop Mirzayan, onun oğlu Sergey
Mirzayandaymış. Başa düşdün? Akop Mirzayanın
oğlu Sergey Mirzayanda-a-a!
- Daha bəsdi, çox danışma!
Bu dəfə xəstə öz səsini eşitdi.
- Adı
nədi?
- Kimin?
- Əsərin... - Telefonda gələn
uğultulu küləyin həmlələri otağın pəncərələrini
dolu kimi döyəcləyirdi. - Əsərin adı nədi?
- Qətl günü
..."
Həmin
epizodda araya bir ritorik sual düşüb: "Bu səs
kimin səsiydi, ilahi?"
V
İyun
ayının ortasıydı. Günorta olsa da, havada
bürkü yoxdu. Babam köhnə yurd yerinin sirkan,
çayır basmış kalafalığına
baxırdı. Göydə bir topa ağ bulud Qarayazıya,
Kürün üstünə tərəf
sürünürdü.
Kişinin qulağına səs
gəldi. Bu dəfə səs arxadan gəlirdi.
Onun adını çağırırdılar: Həmid, Həmid...
Yəqin
arvad çağırır,
əsəbiləşdi: "Axı,
yüz dəfə demişəm..."
Yenə
çağırdılar. Yox, arvadın səsi
belə deyil...
Bu səs hardasa özünün də səsinə oxşayırdı.
Dönüb arxaya baxdı, kimsə yox idi. Bir az havalı, bir
az da ərincək bir xallı kəpənək çəpər
sarmaşığının çiçəyinə qonmaq
istədi, amma nədənsə fikrindən daşındı
və bağın içinə uçdu.
Və bircə onu dedi ki, Həmid mənəm!
Bir də onu dedi
ki, gəlirəm... gəlirəm...
Uşaqlardan biri maşınla
Molla Xaloğlu Söyünün
dalınca getdi...
Rüstəm KAMAL
Ədəbiyyat
qəzeti.- 2024.- 31 avqust, №33.- S.29.