Cavid fəlsəfəsi Azərbaycan

mədəniyyətinin dan yeridir  

 

Neçə-neçə illər əvvəl böyük sənətkarlarımız özlərinə uzun-uzadı künyə, ləqəb-şəcərə seçərkən, nədənsə təəccüblənirdim. Lakin sonralar başa düşdüm ki, İnsan oğlu öz nəslini, zatını heç vaxt dana bilməz. Hüseyn Cavid kimi! O, istedadı ilə yanaşı, həm də türk əsilli, turan məfkurəli və Qurd ideallı olduğunu həmişə bəyan eləyib və təəssüf ki, onun da faciəsini yaşayıb. Cavid bununla göstərdi ki, ulu Turanın ən ümumi künyəsi qurd oğullarıdır. O, Boz Qurd, yəni böyük Qurd inancı ilə dünyaya ilk fəlsəfi baxışımızın anatomiyasını açdı. Çox istəyərdim ki, Cavid haqqında yazanların çoxu da öz şəcərəsi və künyəsi haqqında məlumat verərdi. Bu çox vacib məsələdir. Çünki zatı-kökü müəmmalı insanlar zamanında Cavidə cəhənnəm əzabı yaşatdılar. Bu zamanın təbirincə desək, hələ də NKVD-nin şinelindən çıxan ədəbiyyatşünaslar, tənqidçi və nəzəriyyəçilərin bir qismi maskalanaraq özlərini üzdə "ürəyiyumşaq", "Aydan-arı..." "cavidsevər" kimi göstərir, gizlində isə qorxunc bir varlıq olaraq tüğyan edirdi. Mənə belə gəlir ki, onlar bu gün də Cavidin əleyhinə iş aparırlar.Çünki Cavidin etnik kimliyi turançılığın və Böyük istedadın cavidləşmiş obrazıdır. Bu möhtəşəm titulu bugünkü cavidşünas və cavidsevərlərin əlindən almaq üçün yuxularını gecə-gündüz qarışdıranlar yeni zaman, yeni məqam, yeni intiqam və yeni üsuli-idarə gözləyirlər.

Saman altından su yeritmək və "qəzəb"lərinin, "acıq"larının bədəlini geri qaytarmaq arzusundadılar. Bu isə xəyaldan başqa bir şey deyil. Çünki Cavidin Turan və Türk fəlsəfəsi alınmaz bir səngərdir.

Hüseyn Cavid dövrün, hakim dairələrin və siyasi rejimin deyil, yalnız və yalnız xalqının və ana dilinin nəbzini tuturdu. O, düşüncələrinin və romantikliyinin nəbzini tuturdu.

 

Əfsus ki, heçdir sonu türk ordusu varsın,

İstərsə bütün Hindi , Əfqanı da sarsın,

İstərsə bütün qarşı çıxan manei yıxsın,

Turanı basıb bağrına, Altaylara çıxsın,

Mümkün deyil, əsla olamaz naili-amal

Etdikcə xəyanət əli bu milləti pamal.

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonda siyasətdə basılmış da bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıncdan daha ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

 

"Ana" (1910), "Maral" (1912), "Şeyx Sənan" (1914), "Şeyda" (1916), "Uçurum" (1917), "İblis" (1918), "Afət" (1921), "Peyğəmbər" (1923), "Topal Teymur" (1925), "Knyaz" (1929), "Səyavuş" (1932), "Xəyyam" (1934), "Şəhla" (1935), "İblisin intiqamı" (1937) - bu on dörd əsərdən beşi "Maral", "Şeyda", "Afət", "Topal Teymur", "İblisin intiqamı" dram əsərləri ədəbiyyat tariximizin xalqımızın fikir fəlsəfəsidir. Bu fəlsəfənin kökü başlanğıcı ədəbiyyatın klassik dövründən qaynaqlanır.

Ədəbiyyatın klassik dövr mərhələsi burjua ədəbiyyat anlayışı ilə eyni vaxtda yarandığı üçün klassisizm, regional mədəniyyət hadisəsi kimi fərqli görünürdü. Bu fərqlilikdə antik ədəbiyyata intibah klassiklərinin təcrübəsinə daha çox meyil göstərilirdi. Əlbəttə ki, Cavid əfəndi, "klassisizm milli simadan məhrumdur!" tezisini irəli sürən müasir həyatı ədəbiyyat üçün maraqsız hesab edən qərb nəzəriyyəçilərindən fərqli olaraq Şərqin faciəsini bu faciənin kontekstində ədəbi fikir fəlsəfəsinin modellərini işləyib ortaya qoymuşdur.

Klassisizm bütün hallarda kitab ədəbiyyatıdır, prinsipi Cavid klassisizminin, Cavid romantizminin əsas mahiyyətidir.

Məlumdur ki, klassik yaradıcıların əksəriyyəti saraylarda yaşayıb öz hökmdarlarını həmişə mədh ediblər. Hüseyn Cavid isə fərqli olaraq heç vaxt saray sakini olmayıb. Onun məfkurəsində düşüncələrində daha böyük saraylar var. Cavid o sarayları söz xəzinəsi ilə hörüb, tikib. O, sultanların tikdirdiyi qan qoxusu gələn saraylara getmək istəmirdi. Nəinki getmək istəmirdi, onu təsəvvürünə belə gətirmirdi. Bu absurdluq sindromu idi Cavid üçün.

Cavid əfəndi öz sarayındakı fövqəl insanların əhatəsindən heç vaxt çıxıb cəlladı olan saraylara üz tutmurdu. Onun üçün mövcud olan iki saray: - birində Allah eşqi, Ruh, elm, müqəddəs sayılan - Ulduz, Günəş, Ay parıltıları - mənəvi zənginlik...

İkincisində isə, şahənşahlıq, müharibə, iğtişaş, çevriliş, xəyanət, ədavət, xainlik, intiqam qana-qanla əldə olunan ləl-cəvahirat, var-dövlət...

Ali fikir düşüncə zirvəsində dayanıb Ruh sarayının memarı olan Cavid Ucalığı hakim saray əyanlarını əlbəttə ki, heç vaxt rahat qoya bilməzdi.

 

Hər qulun cihanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir ilahı var,

Bənim tanrım gözəllikdir, sevgidir.

 

Yaxud:

 

Mən fəqət hüsnü-xuda şairiyəm,

Yerə enməm , səma şairiyəm!

 

- deyən şair sevgisindən gözəlliyindən ilham ala-ala öz dünyasına, öz Tanrısına şükr edir. Düşüncələrinin rahatlığına qapanır. Sığındığı Ruh sarayının ona bəxş etdiyi ilham poetik dünyanın ağuşunda nurunda dincəlir.

Ulu Cavid "Peyğəmbər" əsərində yazır:

 

Peyğəmbər:

Öylə bir əsr içindəyim ki, cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

 

Yaxud:

 

Ah, şu elmasparələr sərpən

Gecə çok möhtəşəm...fəqət onu bən

Seyrə daldıqca sanki məhv olurum,

Qəlbim oynar da, çırpınır ruhum.

Anlamam bir şu ölçüsüz, şu dərin,

Bu qaranlıq, çiçəkli pərdə niçin?

Bəni yalnız düşündürən şu məal.

Həp bu, yalnız bu, daima bu sual.

Şu siyah çarşaf ən böyük əngəl,

Uça bilsəydim, iştə ən əvvəl

Onu yırtar da, parçalar da həmən,

Qavuşurdum o hüsni-mütləqə mən.

 

Şərq klassisizminə xas olan Allahın peyğəmbərin mədhi onun konservativliyi ilə bağlı idi. Bu, Şərq klassisizmin əsas forması olan sufi ədəbiyyatında, lirik poeziyada - qəzəl, rübai formasında özünü göstərirdi.

 

Fəqət bir Tanrı ki, sana

Böylə bir gözəllik vermiş.

Nədən xor bakarsın ona,

Niçin etməzsin pərəstiş?

 

- deyən müəllif qadının sevgisinin Tanrı sevgisinin yanında heç olduğunu göstərir onu dinə inanmağa çağırır.

Azərbaycan klassisizminin təcəssümü Füzuli ədəbi məktəbi olsa da, klassik Azərbaycan ədəbiyyatı XIX əsrə qədər bu klassisizmin prinsipləri əsasında inkişaf etmişdir. M.F.Axundov müasirliyi Azərbaycan ədəbiyyatına gətirərkən, böyük ustad Füzulini "formalist" adlandırması da yuxarıda dediyimiz ictimai fikrin əsas inkişaf prinsipləri ilə bağlı idi. Hüseyn Cavid çox gözəl dərk eləyirdi ki, sufizm islam mədəniyyətində ancaq poeziya formasında təzahür edir. Daha doğrusu, dini mətn forması kimi islam mədəniyyətində poeziya simvolu kimi yaşamaqdadır bu gün ona müraciət edənlər az deyil. Odur ki, yazırdı:

 

Bəni anlatma ki eşq, aləmi-sevda imiş?

Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!

Duydum artıq sənin eşqindəki məna imiş!

 

Şair burada dini qadağalara məhəl qoymadan insanların təbii hissiyyatlarını sentimentalistlər kimi onun şəxsi həyatı şəklində poeziyaya gətirir. Çünki sentimentalistlər demokratik əqidəli adamlar olmaqla, sevgi kimi zərif daha incə hisslərini ədəbiyyat hadisəsinə çevirirdilər.

 

Çünki röyada gördüyün uçurum

Səni eylər bu feyzdən məhrum,

Baş verir səndən öylə bir hərəkət,

Ki, bütün xalq edər həman nifrət.

Alçalır, ruhun alçalır... Ancaq

Səni alçaldan ehtiras olacaq.

 

Göründüyü kimi, xam xəyalın, nəfsin, ehtirasın qurbanı olduğunu Şeyx Sənanın dili ilə mistik-fəlsəfi yozumla təqdim edir. Ruhun poetik tamlığına xələl gəlməsin deyə, onu kölgəsiz görmək istəyir.

O, "Qoca bir Türkün vəsiyyəti" şeirində yazır:

 

Namus, vicdan insanlarda iki böyük qanatdır,

Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.

Namus, vicdan bizlər için daimi bir həyatdır,

Türk eli həp o hiss için doğmuş, onunla yaşar.

Bir millətin tarixidir kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əskik olmasın.

"Altay" dağı, "Makan" çölü, həm "Yasın" ovası"

Birər aydın səhifədir, hər türk gərək anlasın.

 

Hər əsərində milli ab-hava milli koloriti tərənnüm edən, canı qanından gələn dəyərləri misralara hopduran Cavid öz kökünə doğma vətəninə möhkəm tellərlə bağlılığını nümayiş etdirirdi.

Ümumiyyətlə, milli kolorit anlayışı "tanımayan klassist ədəbiyyat"dan fərqli olaraq romantiklərdə millilik, kimlik, etnik bünövrəlik, milli dəyərlər, adət-ənənə bir sözlə, milli keyfiyyət daha güclü idi. Bu onlarda millətçilik hissiyyatları formasında büruzə verirdi.

Çünki o dövrdə xalqın fərdi koloritinin gücü romantizmin yaranmasını tələb edirdi. Mən deyərdim ki, onları ədəbiyyata məhz həmən milli kolorit dediyimiz keyfiyyət gətirmişdi. Əbəs yerə deyil ki, dünyada ilk milli şairləri romantizm hərəkatı yetişdirdi. Hüqo, Bayron, Şelli, Puşkin kimi dahi sənətkarlar da romantizm hərəkatının yetirmələri idilər.

Romantizmin klassik dövrü Böyük Fransa inqilabından XIX əsrin birinci yarısına qədərki mərhələni əhatə edir; Azərbaycanda isə XX əsrin əvvəllərində realist cərəyanla eyni vaxtda meydana gəlib. Hadi, Cavid, Səhhət kimi simalar romantizm cərəyanının yetişdirdiyi ən böyük söz sahibləri sayılır.

Cavid romantizminin ən dramatik kulminasiyası onun özünün ruh kimi realist qiyafədə zühür olunması metafizik anlamda enerjinin itməməsi prosesinin İlahi varlığa olan dönüşüdür.

Uzaq Sibirin Şevçenko qəbiristanlığının 59 saylı məzarında 41 il qərib-qərib uyuyan Cavidi öz vətəninə gətirən İnsan, mən deyərdim ki, məhz Cavidin yarımçıq qalmış arzularını əsərlərini özü yazıb başa çatdırmışdı. O, ulu öndər Heydər Əliyev idi. Mən belə başa düşürəm ki, Heydər Əliyev Cavid üçün ən son əsər ən son söz idi.

Onun Tanrı qarşısında elədiyi bu savab bir bütün insanlarda xeyir-dua kimi səslənir. Ruhların yaşadığı böyük bir məmləkətin bütün müqəddəs kitabları açılaraq hökmdar rəhminə dualar oxunur. Allah nidasını üstündə saxlayan bu şəxsiyyət dahi Cavidin Ruhuna böyük bir məqbərə tikdirdi (bu barədə 1997-ci ildə "Elm" nəşriyyatında kütləvi tirajla çap olunan "Qalxın, Cavid gəlir!" kitabımda geniş məlumat vermişəm).

Doğrudan da, Cavid vücudunu bütün edən hissəciklər (sümüklər) öz maddiliyini İlahi müqəddəsliyin mövcudluğuna qovuşdurdu. Bu qovuşuq insanı öz-özünə göstərməklikdir. Bu qovuşuqluq: nədir, kimdir İnsan? - sualına əsıl fəlsəfi cavabdır. Bu, böyük İlahi möcüzə həqiqətdir (bu barədə 1999-cu ildə Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulan "İnsan İblis" dramımda fikir fəlsəfəsi reallıqlar sindromu geniş təhlil olunur).

Bəlkə Cavid hissələri böyük bir təriqətin hissəcikləridir?! Bəlkə Tanrı onları köməyə çağırıb - Millət üçün, İnsan üçün, Bəşər üçün...?! Bəlkə insanın insanlığın çatışmayan sütunlarıdır Cavid hissələri?! Cavid hissələnsə belə, öz bütövlüyünü ömür yazısına köçürür. Bu bütövlük Cavid fəhmindən, Cavid fenomenindən, Cavid-Ruh vəhyindən yer üzünə səpələnib. Cavidlik dünyanı öz problemlərindən xilası üçün baş verir. Cavid öz ziyarətini böyük Ədəbiyyata etmişdi, onun özünü ziyarət edənlər isə Yeri axtarmağa üz tuturlar. Mənə belə gəlir ki, o ruh göylərdən çox, həm yerdədir. Yer adlı planet əhatəcə böyük olsa da, Cavid o ərazidə zühur olunub. O, yerə-göyə sığmır.

Cavid öz ölümü ilə sübut elədi ki, o, heç bir təriqətin konstitusiyasına sığmır. O, İnsanın səma torpaq fəlsəfəsini tamamladı. Cavid dünyanın bütün torpaqlarından sərhədləri götürdü. Cavidin sümükləri düşüncə fikir ağırlığından - çəkisi qədər dərk olunandır.

Cavidi Cavid yükünü aparmaq qədər asandırsa, bir o qədər müşküldür. Ona hər kəsin gücü çatmır. Cavid isti soyuq kainat fəlsəfəsində yenilik idi.O, Şimalın soyuqluğu ilə Şərqin istiliyi arasında dayanan əbədiyyət ədəbiyyat məfkurəsi idi.

 

Əmir PƏHLƏVAN

 

Ədəbiyyat qəzeti.- 2024.- 31 avqust, №33.- S.25.