Bitib-tükənməyən nəğmə çələngi
Söz insan dünyasının səs heykəlidir. Bu heykəlin duruşu, əzəməti, daşıdığı
məna çalarları
onun sahibindən asılıdır. Söz
var ki, lazım gəlsə,
dağı yerindən
oynadar, söz də var ki, ruhsuz, nəfəssiz, ölü
doğular...
...Bu hisslərin ağuşunda
şair Həzi Həsənlinin yeni çapdan
çıxan "Kövrək
könül pıçıltıları"
(Bakı-2024, "Füyuzat") kitabını vərəqləyirəm.
Şeirləri bir-bir oxuyub keçdikcə, burada bir dənə
də olsa, "ölü" sözə
rast gəlmədiyimə
görə rahatlıq
hissi keçirirəm.
Şair
hər nədən yazırsa-yazsın, misralarında
bir ardıcıllıq,
bir canlılıq özünü göstərir.
Hiss edirsən ki, yan-yana
düzülmüş misralar
bir-birindən güc alır... Bu misraların hansındasa bir solğunluq özünü
göstərə bilər.
Baxarsan ki, həmin misranın məna tutumu, çəkisi yüngüldür. Amma həmin
misrada yenə də bir hənirti
hiss edərsən...
H.Həsənli qədim
oğuzlar oylağı,
şeir-sənət, söz
məskəni Borçalı
mahalında dünyaya
göz açmışdır.
Ömrünün uşaqlıq
və ilk gənclik çağları da bu torpaqda keçmişdir.
İlk poetik heyrəti
də bu torpağın gülündə,
çiçəyində, çölündə, çəmənində,
meşəsində, bulağında
baş qaldırmışdır.
Yaşadığımız sınaqlarla dolu bir zamanda bu
yurd, bu yuva daim onun
bədii düşüncə
tərzində öz poetik əksini tapmışdır.
Şairin
yaradıcılığında özünü göstərən
poetik eyhamlar da oxucuya çox söz deyir:
Ümidimi duyğularım oyatmır,
Arzularım zaman-zaman azalır.
Köçüb gedən durnalar
da qayıtmır,
Daha qayıtmağa güman azalır,
Azalır
Ay Vətən, yaman azalır!..
"Azalır"
Şəhərdə təndirə baxıram dinməz,
Odunu-ocağı de, hardadır bəs?!
Bərəkət var idi onda, tükənməz -
Anam bir dünyaydı, təndir həyatdı.
"Anamın təndir kökəsi"
və
s.
Həzi
Həsənlinin yaradıcılığına
nəzər yetirərkən,
ilk baxışda oxucuda
o, bir təbiət şairi təsiri doğurur. Ancaq misraların sətiraltı
məna çalarlarına
göz yetirərkən
görürük ki, şair
öz fəlsəfi düşüncələrini, həyata
psixoloji yanaşmalarını,
mənəvi-estetik anlayışlarını
təbiət fonunda əks etdirir.
"Dağlar" mövzusu demək olar ki, əli qələm tutan, yaxşı-yaman düzüb-qoşan müəlliflər
üçün bir tramplin olmuşdur. H.Həsənlinin bu mövzuda yazmış olduğu
"Ay dağlar, ay dağlar!.."
gəraylısı başqalarından
seçilir:
Sığınam sıx ormanına,
Bürünəm gül yorğanına,
Ətəyində xırmanına
Vələm, ay dağlar, ay dağlar!..
Çox
gözəl!.. Amma elə düşünürəm ki, vəlin
nə olduğunu bilməyən kəs bu şeirin gözəlliyini çətin
tutar.
Vətən, torpaq, yurd-yuva uğrunda gedən döyüşlərdə qazanılan
qələbə şəhidlərin
qanı bahasına başa gəlir. Şəhidlik elə bir müqəddəs zirvədir ki, bu zirvəni ancaq məğrur, qeyrətli, cəsur və qorxmaz oğullar fəth edə bilir. Şairin "Bir dəqiqəlik sükut və şəhid atası" şeirində
oxuyuruq:
Axdı qara qanlar, axdı,
duruldu,
Bir anlıq sükutdan hamı yoruldu.
Bayraqtək tabuta özü
sarıldı,
Özü bayraq kimi bükülən ata.
Bu bircə bənddə belə övlad itkisini nə qədər acı olsa da, dözümlə və qürurla qarşılayan şəhid
atasının portreti
sözlə elə təsvir olunur ki, əlavə izaha ehtiyac qalmır...
H.Həsənlinin yaradıcılığında
lirik məhəbbət
hissləri də həzin bir poetik axarda özünü
göstərir. Onun
"Səni düşünürəm"
adlı iki bəndlik şeiri istər məna, istər məzmun cəhətcə cəlbedicidir:
Gör necə də bənzəyir
Ay gümüşə, gümüşə.
Ulduzlarla
gözəldir
Göy həmişə, həmişə.
Hey səni düşünürəm
Ayrılıq limanında.
Sən mənim könlümdəsən,
Mən sənin gümanında...
Kitaba daxil edilmiş bu səpkili şeirlərdə ən ülvi, ən müqəddəs, ən zərif sayılan məhəbbət hissləri
ayrı-ayrı kontekstdə
özünü büruzə
verir.
H.Həsənlinin "Kövrək
könül pıçıltıları"
kitabında verilmiş
"Duyumlar" silsiləsindəki
beyt və bəndlərdən ibarət
nümunələr də
maraq doğurur. Daim axtarışda olan və ömrünün
ən gözəl çağlarını səfərlərdə
tapan şair yazır:
O qədər gəzməli,
görməli yer var,
Bu da bir növbəti xoş səfərimdir.
Belə
səfərlərdə mənim
qazancım
Hələ oxunmamış nəğmələrimdir...
Fikrimizin
sonunda müəllifə
uğurlar arzulamaqla demək istəyirik ki, xoş səfərlərinizin
sayı bitib-tükənməsin,
şair! Onda hələ oxunmamış
nəğmələriniz də
bitib-tükənməz!..
Ələsgər Əlioğlu
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust,
¹32.- S. 21.