Duyursanmı...

 

 

Bilirsənmi qəlbindəki

genişliyi;

dar yuva ...

Sığınmısan bir eşq ilə

Göy - yuvana,  yer - yuvana...

 

Bir daş götür ki, ovcunun

qabarından sərt deyildir.

İmanını çəpər elə,

inamını hör yuvana...

 

Alıb-verdiyin nəfəsdir,

nəfəsinlə havalandır,

Gözünün işığı olsun,

həmişə göz ol yuvana...

 

Əgər uçarsa bir qaya,

üstünə bir dağ gələrsə,

Ürəyini sipər edə

bilərsənmi, gör, yuvana...

 

bir xoş sözündən, sevgindən

günün doğar, ayın çıxar,

Hara getsən, dönüb-dolan

atını düz sür yuvana!

 

 

R.Həbiboğluna

 

qədər ki, uşaqdıq,

hər cür yalan-yanlışdan da uzaqdıq.

Tanrının qolu boynumuzda idi,

istəsək, ovcumuzda,

öz oynumuzda idik...

 

 Buludların üstünə çıxırdıq,

əlimizi çəkirdik ayın gözəl üzünə;

dolayırdıq belimizə

göyqurşağını,

yağışdan sonra

soyunub yaş paltarımızı sıxırdıq...

 

Nəyə əl uzatsaq, ələ gələrdi,

elə bil hər şey danışar, dilə gələrdi...

suyumuz ağaclarımıza yetirdi,

daş üstə əkdiyimiz bitirdi...

 

Dünyamız

bu dünyadan qırağıydı,

ocağımız

evimizin həm çırağıydı, yanırdı,

yığışırdıq dövrəsinə,

amma ən çox

bir-birimizin nəfəsinə

                        isinə-isinə...

 

 

***

 

Ocaq eşələyim maşa götürüb,

Külünü, közünü bir yan eləyim.

Baxım otağımın hər əşyasına,

Yığım-yığışdırım, sahman eləyim...

Çəngəli neynirəm, qoy bıçaq qalsın,

Qazanın arxası ağappaq qalsın...

...Əlimin zəhməti bağça-bağ qalsın,

Bir az xəyallarda seyran eləyim...

 

Samovar qaynayır, çaynik dəmdədir,

Həmişə ağlayan, günah kimdədir?

Fikirlər, arzular ürəyimdədir;

çinləyim üst-üstə, çin-çin eləyim.

 

Rahlayım yerinə iynə-sapı da...

Kimin kölgəsidi durub qapıda?

Bir adam görsənir min bir qayğıda;

Özümdə bir canı min can eləyim!

 

 

Darıxırsan

 

Sən indi hayandasan,

harada darıxırsan,

Ağda xəyala gedib,

qarada darıxırsan...

 

Düşdün boşa-bərkə ,

ürəyin səksəkədə...

Dayandığın cərgədə -

sırada darıxırsan...

 

 Kim yaxşıdı, kim yaman,

seç bu doğru, o yalan.

Hiss edirsən, qalmısan

arada, darıxırsan...

 

Niyə açılmır eynin?!

Səsisən qırıq neyin.

Ta Dosta da yox meylin,

yara da, darıxırsan...

 

 

Dənizə baxa-baxa...

 

 Hərdən düşünürəm

özümü neçə yerə parçalayım,

neçə yerə bölüm;

fikirdən

götürüm düşür adam, götürüm.

 

Dənizə bir çiçək atılıb,

üzmək bilmirəm,

gərək suların üstüylə yeriyə-yeriyə

gedib onu götürüm.

 

***

 

...elə bil quşların səsi

bir-birinə dolaşa-dolaşa,

düyün düşə-düşə

                        səhər açılır...

 

 Bənzərlik

 

 Bir səkil atımız vardı,

şəkil kimi at idi,

hansı ayağından axsayanda

bilirdim qaranaldı...

 

Acıların kəsilmir ki, heç ardı;

baxıram, gətirməyəndə

yaxşı getmir,

axsamağa başlayır

bir yerindən işim ...

 

 

Ürək qoymaq

 

Qələmin naxışlar düzür varaqda,

şeirdə hər sətrə ürək qoyursan.

Elə atırsan ki, addımlarını

iz deyil, sən yerə ürək qoyursan.

 

İstəsən, bir fikri tərəzidə çək;

ağırı, yüngülü ayarlayırsan.

Kiminsə adını yazıb, önünə

bəzən bir işarə - ürək qoyursan.

 

Təmasın elədi bir ağacla da,

sevgiylə hiss edib onu duyursan.

Bir ürəyin varkən, necə olur ki,

gördüyün hər işə ürək qoyursan?!

 

 

Vaqif Mustafazadənin xatirəsinə

 

 Düşür pianodan, elə sanıram

Tək-tək, gilə-gilə səs damcıları;

hardasa yüngülcə su daman kimi

Sanki qulağıma səs damcılayır...

 

Demə ki, bu xəyal ilğımı nədir;

Gəlir hər tərəfdən göz önünə səs.

Gerçəklə əfsanə qovuşuğunda

Gerçəyin özüdür bu əfsanə səs...

 

Belə xəyal eylə yağış altdasan;

Yağış yağır,

                        amma heç islanmırsan.

Deyək, şimşək çaxır bu saat, bu an,

Yenə fərqində olmursan, inan...

 

 Hərdən tutulasan səs yağmuruna,

Ruhunu yuyasan dönə-dönə sən.

Bilmirəm, bir qəlbə yol tapmaq üçün

Gərək Yer üzünə göydən enəsən!..

 

 

Xoşbəxt adam

 

 ...yatıb daş döşəkçə üstdə,

başının altda daş yastıq -

Tanrı, bu necə rahatlıq?!

 

Üstündə tikanlı yorğan;

min ilin yorğunluğunu

sanki çıxarır canından...

Şəhid general Polad Həşimovun xatirəsinə

 

Əlinə götürürdü,

hər yerə əlində aparıb-gətirirdi -

ovcunda gəzdirirdi sanki evini;

əlindən salacağından çox qorxurdu

bir gün evini...

 

Qapısı açılıb-örtülürdü,

əllərində işığı yanırdı  evinin,

ocağı yanırdı;

evi həmişə

imdad diləyir kimiydi ondan.

 

 Silmək istəyirdi gözündən qəmi,

gülmək istəyirdi bir yol ürəkdən -

o da oldu -

Ana torpaq uğruna

Ana torpağın qolları üstdə candan oldu;

kim bilir, o zaman bəlkə

arzuladığı təbəssüm

qondu üzünə?!

 

 

Dinləmək

 

 Eşit, gör əlin deyir,

deyir ayağın, gör.

Tikan üstdən necə keçir

bir ayağıyalın, gör.

 

Yolu elə yoxuşasan;

dinlə, dizin danışır.

Damcı-damcı, gilə-gilə,

dinlə, gözün danışır.

 

süfrəni, tikə-tikə

çörəyini danışdır.

Arada sıxıl köksünə,

ürəyini danışdır...

 

Kaş dilini anlayasan

alnının, qırışanda...

Bax ovcuna, ən ağrılı,

göynərtili söz onda!..

 

 

Biləsuvar rayonu

 

 

Şakir XANHÜSEYN

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.22.