Uşaq ədəbiyyatını zənginləşdirən iki kitab haqqında düşüncələr

 

Yayın qorabişirən günlərində sərinləməyin bir çox yolu var. Kitablarla iç-içə olan adamlar üçün yaxşı əsərin mütaliəsi, düşünürəm ki, ürəyin, ruhun, ovqatın sərinləməsi üçün ən gözəl fürsətdir. Bu günlərdə ünvanıma göndərilən iki kitabı həvəslə zövqlə oxudum. İki fərqli müəllifin uşaqlar üçün qələmə aldıqları kitabları mütaliə edərkən, son illərdə ciddi müzakirə olunan uşaq ədəbiyyatı istər-istəməz düşüncəmi məşğul etməli oldu. Yeni imzaların istər nəzm, istərsə nəsr sahəsində uşaq ədəbiyyatı istiqamətində yaradıcılıq nümunəsi ortaya qoyması özlüyündə uğurlu addımdır.

Hər iki müəllif - həm Məftunə Nur Hüseynbəyli, həm Pərvanə Rasimqızı əsərlərini qələmə alarkən, ilk növbədə, uşaqları düşünüblər, onların düşüncə dünyalarını, qavrama qabiliyyətlərini, maraq dairələrini, həmçinin dil nitq bacarıqlarını, hətta kitabın rəngarəng illüstrasiyalarla gözoxşayan cəlbediciliyini belə nəzərə alıblar. Hər iki kitab haqqında həm bir oxucu kimi, həm ədəbiyyatşünaslıq nöqteyindən fikirlərimi bölüşmək istədim.

Məftunə Nur Hüseynbəylinin 80 səhifəlik "Dünya nura boyandı" kitabı Naxçıvanda "Əcəmi" nəşriyyatında nəfis tərtibatla çapdan çıxıb.

 

Diləklər budaq-budaq

Açıb çiçəklənəcək.

Gələcək bizə ancaq

Uşaqlarla gələcək,

 

- deyərək sözə başlayan Məftunə xanımın kitabının hər səhifəsində ilk əvvəl maraqlı dizayn uşaqların diqqətini çəkəcək rəngarəng şəkillər gözə dəyir. Bu rəngli çərçivələrdə təqdim olunan bədii mətnlərin çərçivəyə sığmadığını əminliklə söyləmək olar. Uşaq ağlı, uşaq düşüncəsi, balacaların sərhədsiz fantaziyası çərçivələri qəbul etmədiyindən yazar xanım da öz poetik örnəklərində uşaqların zehnini daha geniş üfüqlərə istiqamətləndirmək düşüncəsindədir.

Şair Asim Yadigar "Ön söz"ündə Məftunə Nur Hüseynbəylinin yaradıcılığına qısa nəzər salmaqla kitabdakı bəzi şeirlərin poetik özünəməxsusluğundan da bəhs edir.

Onu da deyim ki, kitabın strukturu uşaqların da diqqətindən yayınmayacaq. Azərbaycan əlifbasındakı hərflərin ardıcıllığı şeirlərin adında özünü göstərir. Belə ki, ilk şeir A hərfinə uyğun olaraq "Azərbaycan", ikinci, üçüncü şeirlər B C hərflərinə uyğun olaraq "Böyümək istəyirəm", "Coşur arzular" adlanırsa, son şeirlər V, Y, Z hərflərini yada salan "Vətən", "Yusif acıb deyəsən" "Zəfər günü" adlandırılıb. Təbii ki, bu cür hərf oyunu, dizayn gedişi şeirlərin bədii siqlətinin dəyəri ilə birləşərək müəllifin yaradıcılığına əlavə uğur qatıb.

"Azərbaycan" şeirində maraqlı süjet qurub Məftunə xanım. Sinifdə əlifbanın ilk hərfini öyrədən müəllim uşaqlardan A hərfi ilə başlayan sözlər tapmasını istəyir şeirdə oxuyuruq:

 

Nigar söylədi: adam,

Təhmasib dedi: axşam.

Mirac ayı, ağacı,

Zümrüd dedi: Arazı.

Mehri armud, almanı,

Bahadur arabanı.

Leyla ağıl söylədi,

Zümra da "ata", - dedi.

"Ana" söylədi Ayan,

Nur dedi: Azrbaycan.

 

Kitabdakı "Çobanyastığı", "Evimiz", "Əllərini yu", "Fəsillər", "Heydər baba", "Xarı bülbül", "İşıqfor" sair şeirlər uşaqların bədii zövqünü oxşayacaq onları öyrədəcək mahiyyətdədir. Həmçinin tez yadda qalması axıcılığı ilə bu şeirlərin uşaq ədəbiyyatımızın zənginləşməsində rol oynayacağı qənaətindəyik.

Əlifba ardıcıllığına əməl edən müəllifin Ğ I hərfləriylə bağlı şeirləri yaradıcı təfəkkürün nümunəsi kimi oxunaqlıdır:

 

 Çəməndə yox, bağda var,

Dərədə yox, dağda var.

Qarada yox, ağda var,

Pendirdə yox, yağda var.

 

Qarğada var, quşda yox,

Ağılda var, huşda yox.

Ağacda var, kolda yox,

Sağda da var, solda yox.

 

Alın, sizə tapmaca:

Düşünün bir balaca.

Başında da var papaq,

Bu hərfi kim tapacaq?!

 

 Yaxud I hərfiylə bağlı yazılmış şeirin oxunaqlılığı maraqlılığı da diqqətdən yayınmır:

 

Gül sevən arıdayam,

Bal sevən ayıdayam.

Balıqdayam, dənizdə,

Pambıqdayam, çöl-düzdə.

 

rəqəməm, bucaq,

nöqtə, üçbucaq.

İ hərfinə dostam mən,

Məni tapana əhsən!

 

 Əyilməklə yox aram,

Düz xətt kimi duraram.

Mənə oxşayır qələm,

Tapın görək, mən kiməm?

 

Müəllif şair olmaqdan əlavə, həm bir anadır. Valideynlik vəzifələrinin icrası zamanı bir yaradıcı ananın sinəsindən süzülüb gələn övladıyla bağlı arzular, diləklər laylalarda, oxşamalarda da özünü göstərə bilir. Şifahi xalq ədəbiyyatımızdakı uşaq folklorunun bu zəngin janrlarına aid nümunələr bəhs etdiyimiz kitabda özünə geniş yer tutub. Əzbər bildiyimiz xalq yaradıcılığının məhsulu olan laylalar oxşamalardan geri qalmayan müəllif mətnləri, heç şübhəsiz, gələcəkdə folklor nümunələri içərisində əriyib gedəcək, xalqın məhsuluna çevriləcəkdir. Müəllifin xalq dilinə bələdliyi, xalq ruhuna yaxınlığı onun ərsəyə gətirdiyi laylaların oxşamaların da ruhuna sirayət edib:

 

Layla, gül-çiçək qızım,

Hamıdan göyçək qızım.

Səninlə bir böyüyür

Qəlbimdə dilək, qızım.

Laylay, balam, a laylay,

Körpə balam, a laylay.

 

 Yat, iki gözüm oğlum,

Gecəm, gündüzüm oğlum.

Böyü, şadlığın görüm,

Toyunda süzüm, oğlum.

Laylay, balam, a laylay,

Körpə balam, a laylay.

 

Yaxud bir oxşamasında Məftunə xanım axıcı dillə sözə başlayır:

 

Qolumsan, qanadımsan,

Arzumsan, muradımsan.

Yeməyim duzu neylər,

Damağımda dadımsan.

 

Onu da qeyd edim ki, gənc rəssam Araz Xudiyev tərəfindən çəkilən illüstrasiyalar nəşrin diqqətçəkiciliyini daha da artırmışdır.

İndiyə kimi dörd şeirlər kitabı çap olunan Məftunə xanım "Dünya nura boyandı" kitabı ilə balaca oxucuların ürəyini fəth edəcək, öz poetik dünyasını isə uşaqların zehnindən süzülən şüarlar nurlandırmağa nail olacaqdır.

"Dünya nura boyandı" şeirlər kitabı bağçalarda məktəbə hazırlıq qruplarının, həmçinin ibtidai sinif şagirdlərinin sevərək oxuyacağı kitabları ola bilər.

Haqqında bəhs etmək istədiyim digər nəşr - "Göydən üç alma düşdü" kitabı gənc yazıçı Pərvanə Rasimqızının oxucularla ilk görüşüdür. Birbaşa balacalara üz tutaraq bədii yaradıcılığa başlayan Pərvanə xanım bu kitabı əsərlərinin ərsəyə gəlməsində ən böyük dəstəkçisi ilham mənbəyi olan övladlarına - Turana Fidana, onların timsalında bütün uşaqlara həsr edib. 

Bakıda "Nərmin" yayın evində nəşr olunan 44 səhifəlik kitabda adından da anlaşıldığı kimi nağıllar yer alıb. Pərvanə Rasimqızının qələmə aldığı nağılları oxuyanda hamımızın uşaqlığında böyük təsirə malik olan Azərbaycan dünya nağılları yada düşür. Burdakı nağılların həcmi uşaqları - istər dinləyən, istər oxuyan balacaları yormayacaq. Eyni zamanda bu nağıllarda tərbiyəvi cəhətlər, uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmağa hesablanmış mətndaxili mesajlar Azərbaycan uşaq ədəbiyyatına yeni maraqlı gənc nasirin gəldiyi ümidi yaradır.

Kitabda bir-birindən fərqli mövzularda 14 nağıl yer alıb. İlk səhifələrdən qarşımıza çıxan "Dörd qardaş" nağılı ilin dörd fəsli - yaz, yay, payız qış arasında gedən söhbət üzərində qurulub. Hər bir fəsil - qardaşlar ayrı-ayrılıqda insanlara daha çox lazım olduğunu, xeyir verdiyini deyir. Sıra payıza gələndə o ümidsiz halda heç deyə bilmir ağlamağa başlayır. Bu söhbətə qulaq asan babanın son sözləri balaca oxucular üçün tərbiyəvi, maarifləndirici məlumatlandırıcı əhəmiyyət daşıyır: "Mənim balam, sən boş yerə özünü üzürsən. Sizin dördünüz insanlara, təbiətə lazımsınız. Hamınız gözəlsiniz. Payızım, bəs sən olmasan, təbiət vaxt dincələr? Yayda gözəl meyvələr verə bilmək üçün sən gələndə ağaclar yarpaqlarını tökür. Tökür ki, bir az yorğunluğu çıxsın. Sən özünlə yağış gətirməsən, yazda otlar, bitkilər necə çiçək açar? Sən gələndə təbiət , torpaq da sevinir.

Bu sözlər payızın kefini açdı, üzü güldü. Dörd qardaş qucaqlaşıb gülüşdülər. Əl-ələ verib oynamağa getdilər".

Azərbaycan nağıllarının ənənəvi pişrovlarını xatırladan girişlə sözünə başlayan müəllif ənənəvi sonluqla da sözünü bitirir. Amma müəllifin özünəməxsus əlavəsi var sonluqda. Belə ki, göydən düşən üç almanı "biri sənin, biri mənim" şəklində bölərkən üçüncü almanı hər nağılın qəhrəmanına pay verir.

Pərvanə Rasimqızının nağıllarındakı ənənəvi giriş sonluq mətndaxili yeniliyə qarışaraq uğurlu nümunənin ortaya çıxmasına səbəb olur. Müəllif ənənə ilə novatorluğu sintez halında təqdim edərək ənənələr üzərində böyüyən yenilikçi balaca nəsillərin mütaliə damarını tuta bilir. "Qaranquş sərçə", "Quşların dostu", "Porsi Torsi", "Canelin oyuncaqları", "Ən gözəl hədiyyə", "Pəri qızın nağılı", "Əhməd kəndə qonaq gedir", "Dəcəl Kərim", "Gülüşün qiyməti", "Şaxta baba", "Bulud gülün dostluğu" kimi nağılların hər birinin adı oxucuda qismən olsa, müəyyən fikir formalaşdırır. Bu nağıllarda bizə bəlli olan Pəri qız, Şaxta baba kimi nağıl qəhrəmanları obrazlarla yanaşı tanımadığımız yeni obrazlarla da qarşılaşırıq, texnologiya əsrinin, süni intellekt dövrünün qəhrəmanları kimi Porsi Torsi kimi robotlarla tanış oluruq.

Texnoloji avadanlıqlarla yaxşı mənada, davranış, yeni texniki cihazların yaradılması, telefonların, kompüterlərin sadəcə, oyun üçün deyil, eyni zamanda maraqlı kəşflərin ortaya qoyulması üçün daha çox işə yaradığı fikrini təlqin edən müəllifin Robotlar diyarından gələn Porsi Torsi vasitəsi ilə balaca oxucularda yeniliklərə maraq oyadacağını deyə bilərik. Porsi Torsi uşaqlarla dost olaraq robotların qorxulu varlıqlar deyil, lazımi faydalılıqla istifadə olunacağı təqdirdə xeyir verəcəklərini göstərirlər.

Uşaqların zövqünə xoş gələn dizaynda tərtib olunan kitabda yeri gəldikcə, verilmiş illüstrasiyalar müəllif mətnlərinin daha aydın rahat anlaşılmasına şərait yaradır. Bu mənada, Pərvanə Rasimqızının nağılları yeni dövrün yeni mövzulu nağılları kimi sevilə bilər, həmçinin yetişən yeni nəslin mütaliə marağını artıra onların sevdiyi əsərlərdən ola bilər.

Haqqında qısa da olsa, bəhs etdiyim kitabların müəlliflərinə - həm Məftunə Nur Hüseynbəyliyə, həm Pərvanə Rasimqızına yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, uşaq ədəbiyyatı sahəsinin zənginləşməsində rol oynayacaq hər iki kitabı həm balacalar sevərək oxuyacaq, həm ədəbi-tənqid bu cür nümunələrə layiqli qiymətini verəcəkdir.

 

Elxan YURDOĞLU

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.23.