Hekayələr
Drap palto
və bir ətək pul
Şura hökumətinin vaxtları
idi. Yerli adamlardan biri - Gətir Aparov rayon xalq deputatları soveti icra komitəsinin
sədri, yəni ispalkom seçilmişdi. Qabağından yeməyənin
və də təmənnalı adamlardan
biri idi. Bunu bildiklərindən idarə, təşkilat, müəssisə rəhbərləri
gəlib onu təbrik edir, "baxım-görüm" edirdilər.
29 nömrəli məktəbin
direktoru yerindən qımıldanmırdı: "Təqdim olunanda təbrik etmişəm, gedib nə deyəcəyəm
ki?!"
Gətir
Aparov məktəb direktoru Şakir müəllimin saymazlığından
qeyzlənir ürəyində:
"Bunun yekəxanalığına bax. Belə çıxır ki, məni
saymır. Unudur ki, bu rayonun əsas
iki yiyəsi var. Birinci katib, bir də mən.
Prokuror da, polis rəisi
də, məhkəmə
də mənimlə hesablaşır. Sən kimsən ki, hüzuruma gəlmirsən?" - deyə
asıb-kəsir, onu vurmaq üçün məqam gözləyirdi.
Şakir
müəllim də özünü sındırmır,
onun nə düşündüyünü bilsə də, inadından dönmürdü:
"Haqqımda partiya
komitəsinin birinci katibində mənfi rəy formalaşdırmaq
istəyir. Amma xeyri yoxdur. O kişi məni yaxşı tanıyır".
Bir gün qonşu məktəb müəllimlərindən
Həcər xanım qapını açıb
Şakir müəllimin
otağına girdi. Şakir müəllim mehribanlıqla onu qarşıladı, əyləşmək
üçün yer göstərdi. Katibə limonlu, qarağat mürəbbəli çay
gətirdi.
Həcər xanım sözlü
adama oxşayırdı.
Axır ki, mətləb
üstünə gəldi:
- Şakir müəllim, mən məsələmi həll elədim.
Şakir
müəllim sual dolu baxışlarını
ona zillədi:
- Hansı məsələni?
Həcər xanım cavabında
dedi:
- İspalkomla danışmışam,
məni direktor təyin etdirəcək.
Şakir
müəllim Həcər
müəllimi yaxşı
tanıyırdı. Fərli
savadı, bacarığı
yox idi. Amma xoş söz deməyə borclu idi və dedi
də:
- Təbrik edirəm.
Həcər xanımın sifərinə
xoş təbəssüm
yayıldı:
- Bilirsən, sənin xeyir-duanı almağa gəmişəm.
Şakir
müəllim tez:
- Xeyirli olsun, - dedi.
Həcər xanım aydınlaşdırdı:
- Məsələ bir qədər başqa cürdür. Məni sənin yerinə təyin edəcəklər.
Şakir
müəllim təəccüblə
ona baxdı:
- Mənim yerimə?
- Hə, sənin yerinə. Gəlmişəm,
sənin razılığını
alım.
Şakir
müəllim qollarını
geniş açdı:
- Yəni deyirsən, durub yerimi sənə
verim?
Həcər xanım heç
nə olmayıbmış
kimi:
- Yox, razılıq versəydin, səni də özümə direktor müavini götürərdim, - dedi.- Necə
olmasa, təcrübəlisən.
Mənə də köməyin dəyər.
Şakir
müəllimin matı-mutu
qurumuşdu: "Bu nə
danışır? Mən
nə günahın sahibiyəm? İspalkomun deməyi ilə deyil ki? İşdən çıxarılmaq üçün
səbəb olmalıdır".
Odur ki, Şakir müəllim soyuqqanlı:
- Yəni sən əminsən ki, məni çıxarıb səni
mənim yerimə qoyacaqlar? - deyə soruşdu.
Həcər müəllim inamla:
- Məsələ artıq həll olunub, - dedi. - Xeyri yoxdur.
Razılıq ver, səni özümə müavin götürüm.
Şakir
müəllim artıq
əsəblərini cilovlaya
bilmirdi:
- Boş-boş danışma.
Bu məsələ sən
deyən qədər asanlıqla həll oluna bilməz. Rayonun yiyəsi - birinci katib var, Təhsil Nazirliyi var.
Həcər xanım:
- Şakir müəllim, gəl inad eləmə,
- dedi. - İspalkomla həll eləmişik. Bir
drap palto özünə, birini də arvadına almışam. Bir ətək
də pul vermişəm.
Həcər xanım bu sözləri deyib otağı tərk etdi. Şakir müəllim bir müddət özünə
yer tapmadı. Sonra dağı Arana, Aranı dağa apardı. Ölçdü-biçdi. Ağsaqqal
müəllimlərdən, xalq deputatları soveti icra komitəsinin
sədri Gətir Aparovu yaxşı tanıyan, ona söz deməyə qabil adamlardan ikisini onun yanına
göndərdi.
Xanlar müəllimlə Rahil müəllim
ertəsi gün Gətir Aparovun yanına getdilər:
- Eşitdiyimizə görə,
Həcər xanımı
bizim məktəbə
direktor qoymaq istəyirsiniz.
Gətir
Aparov ağır-ağır:
- Hə, elə bir fikrimiz var, - dedi.
Rahil müəllim sözə başladı:
- Gətir müəllim, aramızda xətir-hörmət
var, ona görə ayıb olar ki, həqiqəti sizdən gizlədək. Əvvəla,
bizim direktor öz işini bacarandır, gözü toxdur, kollektivin qayğısına qalandır.
İspalkomun sədri başını
buladı:
- Amma yekəbaşdır, yerini
bilən deyil.
Bu dəfə Xanlar müəllim dilləndi:
- Deyirlər, onu çıxarıb yerinə
Həcər xanımı
qoymaq istəyirsiniz.
- Elədir.
Rahil müəllim dedi:
- Həcər xanım, gözəl-göyçək xanımdır.
Ola bilsin, yaxşı
plov, yarpaq dolması, borş bişirir, zövqlə geyinib-keçinir. Bu işləri
gözəlcə bacara
bilər, amma ondan direktor olmaz.
Gətir
Aparov etirazını bildirdi:
- İşləyib öyrənər.
Xanlar müəllim fikrini bildirdi:
- Burada başqa məsələ var, sənin
adına, vəzifənə
xələl gətirir.
İspalkomun sədri gözlərini
ona dikdi:
- Nə xələl, nə vəzifə?
- Heç bilirsən, o Həcər xanım məktəbləri gəzib
nə deyir?
- Nə?
Rahil müəllim aydınlıq
gətirdi:
- Deyir ki, mən direktorluq məsələsini
ispalkomla, şəxsən
Gətir Aparovla artıq həll eləmişəm. Ona bir drap palto, birini
də arvadına almışam, üstəlik,
bir ətək pul da vermişəm sədrə.
Bunu eşidən Gətir Aparovu elə bil cin vurdu.
Dik ayaq üstə qalxdı:
- Elə belə deyib?
- Elə beləcə də. Yoxsa, biz haradan bilirik?
Gətir
Aparov tez köməkçisini çağırdı:
- O asılqandakı paltonu götür. Sonra da bizim evə dəy. Evdə bu paltodan
biri də var. Onları götürüb
o Həcərdir, nədir
apar, sox onun gözlərinə...
İspalkomun sədri üzünü
gələnlərə tutaraq:
- Deyirsiniz, Şakir müəllim yaxşı
direktordur?
- Hə.
- Yaxşıdırsa, nə
problem var? İşləsin də. Mən nə deyirəm ki...
İllər keçdi. Şakir
müəllim uzun müddət məktəb
direktoru işlədi,
təhsil şöbəsinin
müdiri oldu. Həcər müəllim
hələ də məktəbdə müəllim
işləyir, ən böyük arzusu məktəb direktoru olmaqdır.
Nuri kişiylə söhbət
edirdim
Oqtay atası Əhməd kişiylə Kislovodskiyə
dincəlməyə gedir.
İstirahət evində
yerbəyer olandan sonra həyətə düşürlər. Buralar
hər ikisinin xoşuna gəlir. Elə bil cənnətə
düşüblər. Təmiz
hava, yaşıllıqlar
qoynu, hər cür əyləncə, daha adama nə
lazımdır?!
Kislovodskidə təkcə yeyib-yatmırdılar.
Kefləri saz idi. Axşamlar konsertə, rəqsə, kinoya, gəzintiyə, restorana gedirdilər. Kənddə olanda Əhməd kişi çox vaxt narahat yatırdı. Burada isə gecələr xurt düşürdü, kəlləsini
yerə qoyan kimi yuxu onu
aparırdı.
Bir gün Oqtay yorulub istirahət evindəki otağına ertə qayıtmışdı.
Bir az yatıb, indi də televizora
baxırdı. Çayını
içib saatına baxdı. Axşam saat on bir idi.
Əhməd kişi nədənsə ləngiyirdi.
Oqtay narahat olub ayağa qalxdı. Parkın içərisilə ətrafına
göz gəzdirə-gəzdirə
yol gedirdi. Qarşıdan adamlar iki-bir, üç-bir ona sarı gəlirdilər.
Birdən Oqtayın gözləri atasına sataşdı. 35-40 yaşlarında
sarışın bir rus qadınının qoluna girib şirin-şirin
söhbət edə-edə
gəlirdi. Oqtay cəld kənara çəkildi ki, atası
onu görməsin.
Sonra tez otağına
qayıtdı və gözləməyə başladı.
Bir müddət keçmiş
Əhməd kişi kefi saz otağa
girdi:
- Axşamın xeyir, oğul. Əcəb yerdir, əcəb havadır. Gəzməkdən
doymaq, yorulmaq bilmirsən. Adamın dərdi-səri dağılır...
Oqtay özünü bilməməzliyə
vurub soruşdu:
- Ay ata, səhərdən haralarda qalmısan? Gözləməkdən gözümün
kökü saraldı.
Narahat olmağa başlamışdım.
Əhməd kişi özünü
o yerə qoymayıb cavab verdi:
- Ay oğul, daha burada adam yeyən
yoxdur ha. Allah saxlamış
Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Bir
də gördüm gecə yarı olub.
Oqtay soruşdu:
- Nuru kişi kimdir, ay ata?
- Gəl indi Nuru
kişini də tanıma. Rayon sovetinin katibi.
Bu əhvalatdan bir neçə gün keçdi. İndi Əhməd
kişi otaqda oturub Oqtayı gözləyirdi. Gecədən
xeyli keçmişdi.
Kişinin yuxusu ərşə çəkilmişdi.
Oqtay gəlib çıxmaq bilmirdi. Və o gecə Oqtay həqiqətən, gəlib çıxmadı.
Nataşa ilə restoranda yeyib-içəndən
sonra ona qoşulub gedib Nataşanın otağında
qalmışdı...
Ertəsi
gün Oqtay istirahət evindəki otağına qayıdanda Əhməd kişini qanıqara gördü. Çırtma vursaydın,
qanı çıxmazdı.
Acıqlı-acıqlı oğlundan
soruşdu:
- Ay oğul, adam belə iş tutar?! Yad yerdir, ürəyimin içini yemişəm. Harada itib-qalmısan?
Oqtay özünü sındırmadan:
- Ay ata, Nuru kişiyə
rast gəldim. Söhbətə tutdu. Sən düz deyirmişsən. Allah saxlamış
yaman söhbətcil imiş, düz səhərə qədər
o danışıb, mən
qulaq asmışam. Nə edim, ağsaqqal
adamdır. Fikirləşdim:
xudahafizləşib evə
gələrəm, birdən
xətrinə dəyər.
Odur ki, birtəhər
dözdüm.
Əhməd kişi arif adam idi. Barmağını
dişləyib bir söz demədi.
A vam borş?
Qaçay kənd mağazasında
işlərini sahmana salıb Bakıya yola düşdü. Bir az şəhəri gəzdikdən sonra bəzi şeyləri alıb Kislovodsk qatarına
əyləşdi.
Mağazanı oğlu Yadullaya
tapşırmışdı. İstilər qəfil düşdüyündən dözə
bilməmişdi. Sərin
yerdən ötrü burnunun ucu göynəyirdi.
Yaşıllıqlar qoynunda öz gözəl ömrünü yaşayan,
adamlara rahatlıq, dinclik, sağlamlıq bəxş edən kurort şəhərində
yenə də qələbəlik idi. Qaçay istirahət evində yerləşdikdən
sonra birinci mərtəbəyə düşüb
nahar etdi. Sonra həyətə çıxıb
oturacaqlardan birində
əyləşdi.
Kəndin
od ələyən istisindən
sonra, sanki cənnətə düşmüşdü.
Sərin külək əsdikcə, neçə
ayın yorğunluğu
elə bil, birdən-birə canından
çıxır, xoş
ovqat onu bürüyürdü. Qarşısından
keçən cavan rus qızlarını, qadınları oğrun-oğrun
süzürdü. Xoş
havanın təsirindən,
gül-çiçəyin, yaşıllığın ətrafa
yaydığı ətir
saçan rayihəsindən,
sanki bihuş olur, şirin xəyallara dalırdı.
Eyni zamanda hiss edirdi ki, onu mürgü basır.
Qaraşın çöhrəli adamlar
yaxınlaşdıqca bir
qədər diqqətli
olur, bir çoxunun azərbaycanlı
olduğunu görəndə
başını dikəldir,
yüngülcə təzim
edir, salamlaşırdı.
Yəqin bilirdi ki, gec-tez tanış adamlarla də rastlaşacaq. Elə bu fikirlər içərisində idi
ki, qonşusu Əhliman
kişinin gülümsəyərək,
ona sarı gəldiyini gördü:
- Səni xoş gördük, Qaçay.
Qaçay əl uzadıb
görüşdü:
- Xoş günün olsun, Əhliman kişi. Çoxdan burdasan?
- Bir həftə olar.
- Əhliman kişi, əşi, bayaq, istirahət evinin yeməkxanasında nahar etdim. Yarım saat keçməyib, mədəm sıyrılır.
Bunların yeməyindən,
deyəsən, kar aşmayacaq. Arada gərək başımıza
çarə qılaq.
- Düz deyirsən, ay Qaçay, mən də onların yeməyindən yarımıram.
Hiss edirəm ki, zəifləmişəm.
Buraların yaxşı
havası var, sərinlikdir.
Burdan yeyirsən, ordan acırsan. Elə mən də özümü arada verirəm restoranların birinə. Qarnımı doyuzdururam.
Qaçay ayağa qalxıb
Əhliman kişiyə:
- Elə isə, daha nə gözləyirik.
Sən artıq buralara bələd olmusan. Yaxşı restoran-filan harada var? Gedək, həm yaxşıca şam edək, həm də görüşümüzü
qeyd edək. Özümüzçün yaşayaq
biz az.
Əhliman kişi:
- Nə deyirəm ki, - deyə dilləndi. - Bir az aralıda yaxşı restoran var. Zəiflədiyimi hiss edəndən
arada oraya gedirəm.
Qonşular gəzə-gəzə restorana gəldilər. Pəncərəyə yaxın
stolların birinin arxasına keçdilər.
Qaçay menyunu götürüb baxdı.
Nərmənazik, beli üzükdən keçən,
sarışın bənizli
xörəkpaylayan qız
yaxın gəlib Qaçaya müracətlə:
- Bizim restorana xoş gəlmisən. Nə buyuracaqsan? - deyə xəbər aldı.
Qaçay menyuya baxa-baxa:
- Deməli, belə, qəşəng qız, soyuq yeməklərdən gətir. Sonra... iki lülə, iki tikə, iki ağ balıq, yağla kürü də olsun. Bir şüşə araq, iki şüşə pivə... hələlik bunları...
Qaçay dedikcə qız
dəftərçəsində yazırdı. Sonra Əhliman
kişiyə sarı dönüb:
- A vam borş? - deyə soruşdu.
Qaçay duruxdu, bir qıza, bir də Əhliman kişiyə baxıb, əvvəlcə bir şey başa düşmədi. Əhliman
kişinin dinmədiyini,
qızın isə dayanıb cavab gözlədiyini görüb
hər şeyi anladı. Onu gülmək tutdu, öz-özünə: "Oyunun
olsun, Əhliman kişi", - deyə düşündü. "Zəifləmişəm"
deyirsən, buraya da borş içməyə
gəlirsənmiş. Zəifləyərsən
də, taqətdən
düşərsən də.
İstirahət evində
də borş, restoranda da borş... Daha şirə-pələngə
dönməyəcəksən ki..."
Sonra üzünü qıza tutub:
- Krasavitsa, mı vmeste, - dedi. - İşində ol, get, sifarişləri gətir.
Sonra Əhliman kişiyə müraciətlə:
- Amma yaman məzəli qıza oxşayır ha, -
dedi.
Zahir də
yanımdadır
(Hekayənin ardı)
Sabirabaddan gələn avtobus Əli Bayramlıya çatıb dayandı. Əhliman kişi, ardınca Zahir maşından düşdülər.
Yol gəldiklərindən,
həm də səhər ertə yola çıxdıqlarından
yorulmuşdular. Əhliman
kişi bir-iki yerə dəyəsi idi. Nahar etməsəydi, üzülərdi. Ona görə
də Zahirlə avtovağzaldakı yeməkxanaya
girdi. Əyləşən
kimi xörəkpaylayan
oğlanı səslədi:
- A bala, bir bura
zəhmət çək.
Oğlan
cəld yaxınlaşdı:
- Eşidirəm, dayı.
Əhliman kişi çirkli
dəsmalı ilə alnının puçurlanmış
tərini silib:
- Oğul, bir pay borş gətir, - dedi, - suyunu da bol elə, iki
dənə də qaşıq gətir. Zahir də yanımdadır.
Demə,
Qaçay da yeməkxanada
imiş. Bir nəfərlə
oturub çay içirmiş. Əhliman
kişinin sifarişini
eşidib qəhqəhə
çəkdi. Üzünü
ona sarı çevirib ucadan dedi:
- A vam borş, Axliman kişi?
Akif ABBASOV
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.24; 25.