Söz yerə düşməyən yerdə

 

Tanınmış şair Əli Nəcəfxanlının son vaxtlar qələmə aldığı şeirlərin havası məni artıq illərin o üzündə qalmış anlara götürür. Necə deyərlər, həmin məqamda bu şeirlər daha çox bir xatirə dəftəri kimi gəlib qarşımda durur. İllərin tanışı dil əzbəri olan şeirdə deyildiyi kimi, "dolanır bir qəmli sevda başımda". Əli Nəcəfxanlının şeirləri illərin o üzündə qalmış həmin o qəmli sevdalara doğru yeni dönüş, çağırış ( yenidən doğuluş) nəfəsciyi, qapısı açır. Sanki zühr olunur "Ay bulud dalından, bulud gölündən". Oxuyuram. Ətrini duyuram. Hənirinə isinirəm. Öz düşüncələrim kimi bağrıma basıram. Yaddaşıma köçürürəm. O şeirlərdə yaşayıram. O şeirlərdə özümü unuduram hər dəfə yenidən Xalq şairi Sabir Rüstəmxanlının Ə.Nəcəfxanlının bu günlərdə nəşr etdirdiyi "Söz yerə düşməsin" adlı kitabına yazdığı Ön sözün həqiqətlərinə varıram: "Əli fikirlərini özününküləşdirib, yazan şairlərdəndir. Oxucuya nüfuz edə bilir, amma bunun arxasında otur məni oxu yalvarışı yox, otur məni oxu diktəsi var. Əli yazdığını gözəl bilən, auditoriyası bəlli şairdir..."

Doğrudan da, Sabir Rüstəmxanlının dərin səmimiyyətlə qeyd etdiyi kimi, Əli Nəcəfxanlının şeirləri ilə tanışlıq yerə, göyə, Tanrıya mənən, ruhən bağlı olan, ötüb-keçənlərə vəfalı bir söz adamıyla yoldaşlıq etmək, onun dünyasında yorulmadan, doyub-usanmadan yaşamaq məqamıdır. Onun "bütün şeirləri sevgi ilə yazılıb. Müraciət etdiyi bütün mövzular poetik ruhun süzgəcindən keçərək, min illik yazılı tarixi olan Azərbaycan söz sənətinin ənənələrinə yeni baxışın, yeni yanaşmanın təzahürü kimi təqdim olunur". Daha çox insaniləşdirir. Daha çox dosta, həmfikrə, gedəcək yerinə çevrilir. Sevginin ölməzliyinə şahidlik edir, kövrəldir. Ömrün peşində olduğu itkiləri içinə alır. Daha çox da, sirli sayrışları, titrəyişləri ilə adamı öz dünyasına çəkən ilğımı xatırladır. O aləmə qədəm qoyduqca, ona doğru yürüdükcə hər şeyin lap əlyetərdə, bircə addımlıqda olduğunu görüb-hiss edirsən. Amma o laubəli, sehrli aləmə doğru yürüdükcə səni cəlb edən aləmin sonsuzluğu, nəhayətsizliyi ilə üzbəüz qalırsan. bütün sevə-sevə tərk etdiklərinin önündə Əli Nəcəfxanlının aşağıdakı misralarının dili ilə etiraf etməli olursan ki:

 

 Heyf, bizimki bura qədərmiş,

Min yol köks ötürək, təəssüf edək.

Yanıb külə döndü eşq sarayımız,

Bir-iki xatirə götürüb gedək.

 

Gözəl olan odur ki, özümüzlə götürüb aparacağımız həmin azsaylı xatirələr içində Əli Nəcəfxanlının poetik aləminin oyatdığı təəssüratlar da yer alır. Sevgisi sevgini təzələyir. Təəssüfü təəssüfünə dönür. Özün-özünlə danışırmış, özün-özünə pıçıldayırmış kimi içinə çəkirsən bu misraları:

 

Dəyişə-dəyişə ayrısı oldum,

Sözə könül verdim, sayrısı oldum.

Kəpənəyi oldum, arısı oldum,

Güllər gəncliyimi alıb apardı.

 

 Əli Nəcəfxanlı üçün şeirsiz keçən anlar həzin baxışların, ala gözlərin nahaq günahına batmaq kimidir. Yəni, o şeirlərin yolunu gözləyən, o şeirlərlə isinən, qəlbindəkiləri qarşı tərəfə o şeirlərin dili, araçılığı ilə açan, o şeirlərdə yaşayan, boy atan, kamilləşən kimsələr var. Əli Nəcəfxanlı üçün şeir dəftəri daha çox əməl, fəaliyyət, yaşam dəftəridir. O, şeirlərində ən əziz, unudulmaz itiklərini arayıb tapa bilən söz adamlarındandır.

 

Sadəcə, yazılmayıb, ömrün həsrət, intizar nəğməsi kimi oxunub, dilə gəlib aşağıdakı sətirlər:

 

 Atamı yadıma salır qatarlar,

Dəmir yollarında azır gözlərim.

Vağzalı, perronu, yol qovşağını,

Körpünü, keçidi gəzir gözlərim.

 

Ümidim itəndə gəzirəm onu,

Dar gündə, çətində gəzirəm onu.

Atam qatar kimi şütüyüb keçib,

Paravoz fitində gəzirəm onu...

 

Buracan Əli Nəcəfxanlının öz əliylə qələmə aldıqları, yazdıqlarıdır. Buradan beləsinin hər sətirində, misrasında, nöqtə-vergülündə çoxsaylı oxucuların məhz öz anıları, yaddaşlarında yaşayanlar var. Misradan-misraya təsvir olunan, təqdim edilən Ata obrazında hər kəsə doğma, əziz olan bir varlıq təcəlli edir. Hər kəs öz düşüncəsi daxilində yadına salır ki:

 

Atalı günlərim güləyən olub,

Atasız günlərim ağlayır indi.

Xəyal çəkə-çəkə gətirib məni

Həsrət qatarına bağlayır indi.

 

Uca boyu vardı, iri əlləri,

Gözünün içindən gülərdi atam.

Məni çox sevərdi, az oxşayardı,

Hər şeyin həddini bilərdi atam.

 

Uzun qollarının göy damarları

Dəmir yollarıdı, elə bilirdim.

Bizim ömrümüzün yük qatarları

Onun qollarıdı, elə bilirdim.

 

Hamını hamıya birləşdirən, hamını eyni düşüncəyə hazırlayan, doğmalaşdıran misralardır bu misaralar. Belə ki, fərd ümumiləşir, birinə mənsub olan hamının doğmasına, əzizinə dönür. Ata atalaşır, hər kəs onda öz doğmasının bir nişanəsini arayır, görür, bulur...

Şeir təkcə ürək qanı, göz yaşı deyil ki! Həm ( daha çox) dirəniş gətirməyə, ümidlə, inamla, nikbinliklə yaşamağa vəsilə olan, mübarizə aparmağa stimul verən missionerdir. Əli Nəcəfxanlının poetik təqdimatları bu vacib missionerliyə daha çox sahib çıxır. Daha çox vətəndaşlıq duyğularına, dünyanın, yerin-göyün, cəmiyyətin taleyi sarıdan narahatçılığın ifadəsinə hesablanıb bu şeirlər. Onun "Vətən dağları", "Gün kimi şaxıyan türk", "Atılmış kənd", "Qaçqın", "Şuşanı görmədim gözüdolusu" kimi şeirləri bu qəbildən olan nümunələrdir.

Əlinin müşahidələri olduqca dəqiq təkzibolunmazdır. Hayana yozsan da, gəlib o yerə çıxırsan, razılaşmalı olursan ki,

 

Həyatdan şütüyüb keçir,

Şəkillərdə qalır zaman.

 

 Əlinin şeirləri daha çox barışa hesablanıb. Hər an, ömrün hər məqamında adamın içini gəmirən, didib-tökən şübhələrin unudulmasına çağırışdır. "Həsrətin üstündən yol salıb gedək" dərsi, məsləhəti verir. Onun şeirləri bütün halıyla xalq ruhundan, zamanlara hökm edən poeziya ənənələrindən gəlir. Bu baxımdan, "Qız göyə dartınır" şeiri daha xarakterikdi:

 

Anası ürək eyləyib, Allah,

Çölə qoyarlarmı heç beləsini?

Yellənib haynan, küynən gedir,      

Belə qoyarlarmı heç beləsini.

 

Quşlar qanadına alıb aparır,

Buludlar yanına salıb aparır,

Elə yuxarıdan gedir ki, vallah,

Göydə yaxalayar eşq beləsini.

 

 Fələknən oynayan, aləmə naz satan, atdığı hər addımı bir sevgi xatası olan bu qızın durumunu ( tərənnümünü) bundan da gözəl, bundan da yaddaqalan, məcnunanə təsvirini necə vermək olar? Şeirdən çox heyranlığın mükəmməl ifadəsi, şəklidi bu! Axarlı, gəlimli olsun...

 

 Sərvaz Hüseynoğlu

Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S.25.