Əməkçi ədəbiyyatının
əhəmiyyəti və ya Yeni sinif mübahisəsi
Əməkçi
(fəhlə və əkinçi/maldarlıqla məşğul
olanlar) həyatı haqqında ədəbiyyat 1930-cu illərdə
sıçrayış etdi. Burada fəhlə sinfinin
nöqteyi-nəzərindən ədalətsizliyə
düçar olmuş cəmiyyətlərin təsvirləri
var idi. Bu gün də əməkçi ədəbiyyatı
(İng. Proletarian literature) qalır və böyüyür. Bəs
müəlliflərin cəmiyyətdə mövcud olan
haqsızlıqları, həyatın digər sahələrindən
kənarda qalmaları təsvir etmək vəzifəsi dəyişdimi?
Bu gün fəhlə ədəbiyyatı əslində cəmiyyətdə
hansı əhəmiyyətə malikdir?
Fəhlə
ədəbiyyatı və ya proletar ədəbiyyatı fəhlələr,
kəndlilər və ya fəhlə sinfi keçmişi olan
müəlliflər tərəfindən yazılmış və
əməkçi sinfinin, özəlliklə fəhlə həyat
şəraitini təsvir edən ədəbiyyatdır. Daha
geniş mənada, əməkçi ədəbiyyatı
termini müəllifin sosial mənşəyindən
asılı olmayaraq işçilərin həyat şəraitindən
bəhs edən bədii ədəbiyyata da aid edilə bilər.
Proletar və fəhlə ədəbiyyatı öz ideoloji məzmununda,
kommunizm, sindikalizm, sosializm və ya sosial-demokratiyada ideoloji
lövbər salması ilə xarakterizə olunur. Əməkçi
yazıçıların çoxu autodidaktiklərdir, yəni
ədəbiyyat üzrə təhsil almadan, özbaşına
yazmağı öyrənmişlər müəlliflərdir.
İsveçdə "əməkçi
yazıçılar" termini əvvəllər 1920-1930-cu
illərdə ədəbi səhnəyə çıxan fəhlə
sinfindən olan yazıçıları nəzərdə
tuturdu: Eyvind Conson, Rudolf Varnlund, Moa Martinson, İvar Lo-Yohansson
və başqaları. Bu gün "əməkçi
yazıçı" termini öz mühitini əsərlərində
təsvir edən, hətta sonrakı dövr fəhlə
sinfindən olan yazıçılar üçün də
işlədilir. Müasir İsveç əməkçi
yazıçıları arasında Elsi Yohansson, Aino Trosel,
Kjell Yohansson və Yohan Conson və başqalarının
adnı çəkmək olar.
Erkən
fəhlə yazıçılarından ən beynəlxalq əhəmiyyətlisi
rus yazıçısı Maksim Qorki idi. 1907-ci ildə onun "Ana"
adlı təsirli romanı nəşr olundu, ardınca
üç hissədən ibarət avtobioqrafiyası. Onun
Uşaqlığım (1913), "Dünyadan kənarda"
(1916) və "Universitetlərim" (1923) əsərləri
bir çox fəhlə yazıçıları
üçün ilham mənbəyi olmuşdur. Qorkinin
ardınca Sovet İttifaqında sosialist realizmi ideyaları ilə
yazan yazıçılar gəldi. Bunlara 1924-cü ildə
"Sement" kollektiv romanının müəllifi Fyodor
Qladkov, Valentin Katayev və Aleksandr Fadeyev kimi
yazıçılar daxildir.
Skandinaviya
və digər Avropa ölkələrində
ən gözəl örnək danimarkalı Martin Andersen Nekso
olmuşdur. Onun ən çox danışılan əsərləri
"Fateh Pelle" (dördhissəli, 1906-1910) və "Sənin
İnsan evladın" əsəridir (1920). Norveçli mədənçi
və yazıçı İohan Falkberget 1907-ci ildə Qara
Dağlar ("Svarta fjall") adlı avtobioqrafiyası ilə
diqqət çəkib. O, əməkçi tarixi romanları
da yazıb. Finlandiyada əkinçi Vainö Linna 20-ci əsrin
ortalarında debüt etdi. O, "Naməlum Əsgər"
(1954) əsərindəki müharibə təsviri,
"Saarijarvi torpaqlarının ən yüksəyi", "Ayağa qalxın, qullar!"
trilogiyası və "Bir xalqın oğulları" əsərləri
ilə məşhurdur.
ABŞ-da
20-ci əsrin əvvəllərində bir neçə əməkçi
yazıçılar meydana çıxdı. Upton Sinclair
1906-cı ildə Çikaqodakı kəsimxana işçiləri
haqqında "Cəngəllik" ("The Jungle")
romanını nəşr etdi. Cek Londonun 1909-cu ildə
yazdığı "Martin İden" romanı ilk
böyük proletar inkişafı və təhsil romanı
idi. "Çikaqo şeirləri" (1916),
"Qarğıdalı qabığı"
("Cornhuskers") (1918) və "Tüstü və
Polad" ("Smoke and Steel")
(1920) kimi əsərləri ilə şair Karl Sandburq
böyük şəhəri, sənayeçiliyi, Amerika kəndini
və insanlarını qeyd etdiyi sərbəst şeirləri
ilə tanındı.
Erkən
İsveç əməkçi yazıçılar
şöhrət qazandılar və onların arasında
İsveç Ədəbiyyat Akademiyasının üzvləri
və yaxud Artur Lundkvist, Harri Martinson və Eyvind Conson kimi Nobel
mükafatçıları da var. Heç bir ölkənin ədəbiyyatında
Parnasusa qarşı bu xalq hücumun tayı-bərabəri
yoxdur! İsveç əməkçi ədəbiyyatının
öncülləri Den Andersson, Qustav Hedenvind-Eriksson, Martin Koch
və Maria Sandel idi. 1920-ci illərdə Hedenvind-Eriksson dəmir
yolu və elektrik stansiyalarının tikintisində inşaat
işçilərinin həyatı haqqında romanlar
trilogiyasını və daha sonra İsveçin
şimalında meşə və ağac məhsulları sənayesi
haqqında böyük dastanlar yazdı. Onun "İnşaat
arabası ilə şeirə doğru" ("Med rallarkarra
mot dikten") (1944) əsəri Şimal ölkələri əməkçi
ədəbiyyatında klassik avtobioqrafik ədəbiyyat
sayılır.
Əməkçi
ədəbiyyatı canlı ədəbi ənənədir və
bu gün akademik dünyanın həm tədqiqat layihələrinin,
həm də elmi konfranslarının mövzusudur. İvar Lo
mükafatı, İvar Lo-Johansson şəxsi mükafatı,
Moa mükafatı və Stig Şödin (Stig Sjödin)
mükafatı kimi ədəbiyyat üzrə bir neçə
mükafat hər il əməkçi sinfi ədəbi ənənəsinin
müasir nümayəndələrinə verilir. Əməkçi
Yazıçılar Birliyi 1990-cı ildə iş və
gündəlik həyat əsasında yazmağı təşviq
etmək və ruhlandırmaq üçün
yaradılmışdır.
İsveçli
professor Magnus Nilsson "Əməkçi Ədəbiyyatı"
(Arbetarlitteraturen) kitabında (2006) əməkçi ədəbiyyatının
əsrlər boyu necə göründüyünü
vurğulayır. Nilsson hesab edir ki, əməkçi ədəbiyyatı
unikaldır, çünki o, fəhlə və kəndli əməkçilərin
xəyalları, düşüncələri və təcrübələri
ilə doludur və bu başqa heç bir yerdə tapıla
bilməz. Ədəbiyyat sahəsi də dünyanın burjua ədəbiyyatında
təqdim olunandan fərqli mənzərəsini verir. "Ona
görə də, geniş xalq təbəqələrinin
tarixi haqqında nəsə bilmək istəyənlər
üçün əməkçi ədəbiyyatı
mühüm mənbə kimi fəaliyyət göstərə
bilər" (Nilsson, 2006). Nilsson yoxsulluğun mənası və
nüansları haqqında anlayışlar və təsəvvür
əldə etmək üçün fəhlə sinfinin həyat
və sağlamlıq haqqında öz təsvirlərinə nəzər
salmağın/qulaq asmağın vacibliyini vurğulayır.
Kasıbların özlərindən başqa kimsə bizə
kasıbların həyatı haqqında daha dərindən
anlayış verə bilməz. Bəlkə də yoxsulluqda
olanların səslərinin çıxmaması səbəb
olmuşdur ki, biz çox vaxt yoxsulluğu ağ-qara bir şey
kimi görürük - ya məhdudlaşdıran bir maneə
kimi, ya da motivasiya edən hərəkətverici qüvvə
kimi. Biz əməkçi ədəbiyyatına müraciət
etdikdə, isə bizə yoxsulluğun mürəkkəb
nüanslarına və fərqlərinə birbaşa görüntü
verilir. Bu əsərlərdə biz səthi və birtərəfli
təsvirlərdən kənara çıxmaq imkanı əldə
edirik.
Nilsson
müasir cəmiyyətin siniflərini də
işıqlandırır və burada bu gün fəhlə
sinfinin insanların güman etdiyindən qat-qat böyük
olduğunu vurğulayır. Nilsson hesab edir ki, əslində
İsveçdə əhalinin təxminən, 60%-i əməkçi
sinfi kimi təsnif olunur, lakin çoxları bu sinfin yox olmaq
üzrə olduğunu güman edir. Keçmişdə əməkçi
sinfinin nümunəsi Malmö limanında bir işçi heyəti
ilə işləyən Kristian Lundberqdir (Ekman 2009). Bu həm
fiziki, həm də sosial müstəvidə ağır iş
idi. Ksenofobiya və işçilərə qarşı kobud rəftar
adi hal idi və işin özü çox vaxt həyat
üçün təhlükəli hallardan ibarət idi.
Nilsson izah edir ki, əgər siz qlobal səviyyədə fəhlə
sinfinə baxsanız, görərsiniz ki, o, çox
böyüyür və
"dünyada daha çox ölkə sənayeləşdikcə
çatlamalar verir" (2006). Aşağı əməkçi
sinfinin bugünkü versiyası müvəqqəti
işçilər olmaqda davam edir. Güman edilir ki, bu
işçilər məşğulluqdan təhsil
aldığı müddətdə və ya buna bənzər
hallarda əlavə kimi istifadə edəcəklər, lakin
statistikaya baş vurduqda görürük ki, bir
çoxları bu iş növlərindən yeganə gəlir
kimi istifadə edirlər (Arpi 2012). Lundberqdən fərqli
olaraq, iş yerlərində şərait artıq təhlükəli
deyildir, amma hələ də çətindir. Qeyri-müəyyən
əmək müqavilələri, axşam növbələrindən
sonra səhər növbələri və birdən-birə
son verilən işlər müasir dövrdə həyatı
çətinləşdirir.
Əvvəllər
siniflər maddi imkandan asılı idi, indi isə hər kəsin
bu yuxarı siniflərə keçmək imkanı var. Onda
birdən-birə insanın uşaqlıq tətilləri
başqaları ilə necə ünsiyyət qura biləcəyinə
və kimin hansı qrupa qəbul olunduğuna aid olur (Lerner
2012). Yəni, müəyyən ortamlarda qəbul olunmaq
üçün artıq müəyyən miqdarda pul qazanmaq
kifayət deyil, ortaq təcrübələr və mədəni
bacarıqlar önəmli olur. Mədəni ümumi təhsilə
sahib olmaq bu fərqlərə qarşı çıxmaq
ideyası kimi qiymətləndirilə bilər, lakin eyni zamanda
təhsil imkanı onu öncədən vurğulayan bir amil
olur. Siyasi cəhətdən nə qədər sinfi fərqləri
azaltmağa çalışsaq da, ortaya başqa bir şey
çıxır. İnsanın mənşəyi və tərbiyəsi
həmişə insanın sosial statusunun bir hissəsi olub və
olmaqdadır.
Bərabərliyin
iqtisadi aspektinə gəldikdə, İsveç böyük
irəliləyiş əldə etdi. Ən aydın fərqlər
bu gün təhsildə, sosial şəbəkələrdə
və mədəniyyət kapitalında görünür. Bu
sinif fərqləri gənclərin həyatda uğur qazanmaq
imkanlarına təsir edir, onların özləri haqqında
düşüncələri və imicinə və gələcək
perspektivlərinə təsir göstərir. Eyni zamanda
bütün dünyada olduğu kimi, İsveçdə də
yoxsulluğun problem olaraq qaldığını inkar etmək
olmaz. "Yeni sinif debatı" məqaləsində
isveçli jurnalist Tomas Lerner tələbə Hanna Adenbekdən
aldığı müsahibəsindən yazır. Adenbek
özünün bugünkü cəmiyyətdə sinfi fərqləri
necə yaşadığını təsvir edir. Lerner
"Biz kinoya gedirdik - teatra deyil" mətnində tələbə
Hanna Adenbekin özünün və başqalarının sinif
mənsubiyyəti haqqında düşüncələrini təsvir
edir. Adenbek deyir ki, o, bir orta sinif mühitində
böyüdüyü üçün iqtisadi sinif fərqlərindən
təsirlənməyib. O, əslində ali incəsənət
məktəbində oxumağa başlayana qədər sosial
sinif fərqlərini hiss etməmişdi və başqa
şagirdlərin sosial və mədəni həyat tərzindən
o qədər də xəbərdar deyildi. Onun fikrincə, bir fərdin
hansı sinfə aid olub-olmadığını onun
özünün uyğun olub-olmamaq hissi müəyyən edir
(Lerner 2012). Hanna yoxsulluğun həyatın necə
formalaşdığı, hansı məhdudiyyətlərə
səbəb olduğu, eyni zamanda onun hansı imkanlar yarada biləcəyi
üçün əhəmiyyətini dərindən əks
etdirir. Hannanın arqumenti ona əsaslanır ki, yoxsulluq maliyyə
məhdudiyyətləri ilə nəticələnir, lakin eyni
zamanda sərvətin çox vaxt insanı kor etdiyi dünya
haqqında fikir və biliklər üçün fürsət
də yaradır. Hanna üçün aşağı sinif mənsubiyyəti
və bəlkə də, əsasən, bu mənsubiyyəti dərk
etməsi onu irəliyə aparan güclü hərəkətverici
qüvvə olmuşdur. Bu, həm də Hanna üçün
uğurlu bir mənsubiyyət və daxili zənginliyi
formalaşdıran bir mövcudluğa gətirib
çıxarmışdır. Bu özünüdərk sayəsində
Hanna məhdudiyyətləri hərəkətverici qüvvəyə
çevirə bilmişdir və bununla da uğura aparan öz
yolunu yarada bilmişdir. Bu gün Azərbaycan cəmiyyətində
bu mövzunu ələ alan milli əsərlərə
böyük ehtiyac vardır!
Sinif cəmiyyətinin
bizimlə son bir neçə əsrdə mövcud olması
faktı insanların öz sinfinə uyğunlaşmasına təsir
etdi, eyni zamanda insanları özlərinin doğulduğu
sinifdən fərqli bir təbəqəyə
sığdırmaq istəyinə səbəb oldu. Məşhur
futbolçu Zlatan İbrahimoviç özünün "Mən
Zlatan İbrahimoviçəm" adlı avtobioqrafik
romanında (2011) yazdığı kimi, liseydə
(İsveç sistemində 12 illik məktəbin son
üç ili ayrıca təmayüllü məktəbdir)
oxumağa başlayanda o, Malmö şəhərindəki
yuxarı siniflə uyğunlaşmaq və bu məktəbdə
daim "Rosengorddan gəlmə" biri kimi tanınmaq istəmirdi
[Rosengord bölgəsinin əhalisi əsasən, mühacirlərdən
və kasıb təbəqədən ibarətdir]. Əlbəttə,
daha yüksək təbəqəyə mənsub olmaq arzusu
insanların uzun müddət mübarizə apardıqları
bir şeydir, əslində bunun səbəbini yalnız
özümüzdən soruşa bilərik. İsveçlilərin
əksəriyyətinin kökləri kənd təsərrüfatı
cəmiyyəti olmasından bəri aşağı siniflərə
söykənir deyə, burada aristokratiya böyük
olmamışdır. İsveçdə burjuaziya nisbətən
gənc təbəqədir və ümumən baxanda, onun əcdadları
ötən əsrin əvvələrinə qədər fəhlə,
əkinçilər və kiçik fermerlər olublar. Bu mənzərə
təxminən, Azərbaycanda da eynidir. Nilssonun (2006) əməkçi
sinfi haqqında böyük həcmdə məlumat ehtiva edən
əməkçi ədəbiyyatı haqqında mülahizələri
birbaşa "Mən Zlatan İbrahimoviçəm" əsəri
ilə əlaqələndirilə bilər, çunki burada,
Nilssonun da qeyd etdiyi kimi, biz fəhlə sinfinin
düşüncələri, arzuları və təcrübələri
ilə yaxından tanış oluruq. Nilssonun da çox əhəmiyyətli
hesab etdiyi İbrahimoviçin əsərində öyrənə
biləcəyimiz bir məqam da sosial təbəqə ilə
bağlı suallardır. "Mən
Zlatan İbrahimoviçəm" kitabında Zlatanın
məktəb mühitində iz buraxan təcrid və kənarda
qalma şəklində sosial təbəqəyə aid məsələlərə
diqqət yetirilir. Zlatan, Rosengorddan olan oğlanın əvvəlcə
Adidas və ya Nike firmasının idman paltarlarını
geyindiyini, lakin tədricən məktəbdəki digər
şagirdlərlə uyğunlaşmadığını
aşkar edir. O, müxtəlif yollarla paltarın köməyi
ilə necə uyğunlaşmağa
çalışdığını təsvir edir və
deyir: "Biz kənar qəsəbələrdən olanlar
onlarla heç vaxt uyğun gəlmirdik. Biz fərqli idik".
Daha sonra o, özünü futbola həsr etməli olduğunu
və futbolun köməyi ilə sinif keçidi etməsinin
hamı tərəfindən qəbul edilən bir həqiqət
olduğunu qeyd edir.
Əməkçi
ədəbiyyatı cəmiyyət dəyişdikcə daim
inkişafdadır. Nəticə olaraq,
yazıçıların cəmiyyətdə mövcud olan ədalətsizlikləri,
istisnaları təsvir etmək vəzifəsi dəyişdimi?
Bəs bu gün əməkçi ədəbiyyatı əslində
cəmiyyətdə hansı əhəmiyyətə malikdir?
Sadaladığım mənbələrin məzmununa əsaslanaraq
belə nəticəyə gəlmək olar ki, əməkçi
ədəbiyyatı burjua ədəbiyyatında veriləndən
daha realist dünyagörüşü haqqında cəmiyyətə
daha çox məlumat vermək kimi mühüm vəzifə
daşıyır. Digər tərəfdən, gələcək
əməkçi ədəbiyyatının dizaynında
öz izini qoyan bütöv bir cəmiyyətdir. Müəlliflərin
mövcud olan haqsızlıqları və təcridi təsvir
etmək vəzifəsi tamamilə ədalətsizliyin müəyyən
bir müddət ərzində cəmiyyətdə ən
böyük iz qoymasına əsaslanır. XX əsrdə kənd
təsərrüfatı cəmiyyəti əməkçi ədəbiyyatında
da öz izini qoydu (Nilsson, 2006). XXI əsrdə fəhlə ədəbiyyatı,
digər aspektlərlə yanaşı, şəhərətrafı
bölgələrdə (qəsəbə və kənar məhəllələrdə)
sinif fərqləri şəklində təcrid və ədalətsizlik
tərəfindən formalaşmışdır. Bəlkə
XXI əsr fəhlə ədəbiyyatı gələcəkdə
dünyaya təsir edə biləcək təbii fəlakətlərlə
yadda qalacaq?! Hələlik dəqiq deyə bilərik ki,
dünya və cəmiyyət dəyişdikcə müəlliflərin
vəzifəsi də dəyişəcək.
İsveç
çox vaxt rifah cəmiyyəti, hər kəsin imkanlara malik
olmalı və malik olduğu dünyanın ən
yaxşı rifah cəmiyyətlərindən biri kimi təsvir
edilir. Ensiklopediyalarda rifah cəmiyyəti "Bütün vətəndaşları
maddi rifah və sosial-iqtisadi təminatla təmin etməyə
çalışan cəmiyyət" cümləsi ilə təsvir
olunur. "Sinif cəmiyyəti" isə, "Müxtəlif
siniflər arasında (böyük) iqtisadi və sosial fərqlərlə
xarakterizə olunan, adətən mülk sahibi siniflərin
üstünlük təşkil etdiyi cəmiyyət" kimi təsvir
edilir. Ortaya çıxan maraqlı bir sual "Rifah cəmiyyətinin
sinif cəmiyyəti ilə bir yerdə yaşaya biləcəyi
mümkünmüdür?" sualıdır.
İsveçli
jurnalist Tomas Lerner Dagens nyheter qəzeti üçün
yazdığı məqalələrin birində universitet tələbəsi, 24 yaşlı
Hanna Adenbekdən müsahibə alır. Hanna Zlatan kimi, qəsəbədə
böyüdüyünü təsvir edir və qeyd edir ki,
sinif mənsubiyyəti haqqında düşünməsi onun
incəsənəti öyrənməyə başlamazdan əvvəl
düşündüyü bir şey deyildir. Hannanın təsvir
etdiyi ünsür mütləq pulla əlaqəli sinif fərqi
deyil - mədəni və sosial təcrid formasıdır. Bu
mühitdə məsələn, onun rəssamlar və digər
sənətçilər haqqında bilməsi gözlənilir,
lakin onun bu biliyə malik olmaması onu yuxarı sinif/zadəgan
ailələrindən olan tələbələrdən fərqləndirir.
Məsələn, Hanna uşaqlıqda kinoya getdiyini, tələbə
yoldaşlarının isə daha çox teatra getdiyini
müqayisə edir. Finlandiya kökənli yazar Susanna Alakoski
"Kasıb İsveçdə Oktyabr" adlı
kitabında (2012) özünün uşaqlıqdan
yazdığı gündəliyində yoxsulluq və təcrid
kimi təsvir etdiyi məqamlardan bəhs edir. Bunların
arasında, həmçinin polis raportları da var. Valideynlərinin
minimum əməkhaqqı ilə necə işlədiyini və
dolanmaq üçün, hətta "qara" gəlir əldə
etdiyini (qeyri-qanuni işlədiyini), həyatın onlar
üçün "dolanmaq" və baş saxlamaqdan ibarət
olduğunu ətraflı təsvir edir. Bu yoxsulluğun insanlara
bir növ, damğa vurmasını qeyd edir, "Bu
ümidsizliklə yan-yana yaşamaqdır. Sən kasıbsan,
aşağı maaşla işləyirsən, işləyirsən,
amma kasıb qalırsan" deyir. Yəni Zlatan və Hanna bizim
rifah cəmiyyətimizdə istədikləri məktəbə
getmək fürsətini necə əldə etdiklərini,
lakin sinif cəmiyyətinin bunu müxtəlif yollarla çətinləşdirdiyini
təsvir edir. Alakoski və Hanna Adenbek iqtisadi aktivlərin
imkanlar yaratdığını və bunların
olmamasının cəmiyyəti daha çox çətinləşdirdiyini
bildirirlər. "Yoxsulluq söz sahibi olmamaq, həyata təsir
edə bilməmək deməkdir. Yoxsulluq öz vəziyyətinizi
dəyişə biləcəyinə, işləsəniz də
vəziyyətinizin yaxşılaşa bilməyəcəyinə
inanmamaq deməkdir", - deyir Alakoski. O, "Yoxsulluq çarəsizlikdir,
istefadır (...), [yoxsulluq] adamı qorxaq edir, bəzən isə
qətl törədir" kimi təsvir edir. Hanna Adenbek isə
belə ifadə edir: "Mənim demək istədiyim
hansı şəkildə yaşamağın daha yaxşı
olduğu deyildir. Demək istədiyim odur ki, bu gün bir sinfə
aidiyyət və sinif hissi təkcə şəxsin
maaşının ölçüsündən asılı
deyil, bu həm də başqa bir çox ünsürlər də
deməkdir." Əlbəttə ki, Hannanın da dediyi kimi,
pul öz arzularını həyata keçirmək imkanı
üçün çox şey deməkdir. Pul beləliklə,
güc verir. "Zəngin olanlar həm özlərinin, həm
də başqalarının həyatını idarə edə
bilir, kasıb və sosial yardım almağa məcbur
olanların isə öz gündəlik həyatlarına belə
səlahiyyəti yoxdur" (Lerner 2012). Amma baxmayaraq ki, sinif cəmiyyəti
haqqında danışarkən, çox vaxt maddi imkanlar
gündəmə gəlir, unutmamalıyıq ki, digər
ünsürlər mövcud olmadıqda bu da problemli olur.
Hannadan fərqli olaraq, Alakoski üçün yoxsulluq
çox real bir şeydir - maddidir, Hannaya görə isə
iqtisadi yoxsulluqla yanaşı, fərdin həm də mədəni
kasıblığın yaşanması reallığına
şahidlik etməli olmasıdır. Hanna bildirir ki, "mədəni
materiallara imkanın olmaması puldan daha çox önəmli
rol oynayır". Bununla belə, o, bilik olmadan puldan
düzgün istifadə edə bilmədiyiniz təqdirdə
pulun dəyərsiz olduğunu iddia edir. O, "yuxarı
işçi sinfindən" biri olaraq, məsələnin həllini
mədəni və maddi sərvətlərə
çıxışın əl-ələ verməsində təkidlə
irəli sürür. İbrahimoviç Alakoski və Adenbekin
qeyd etdiyi yoxsulluq haqqında bəzi fikirləri, daha
doğrusu, təcridolunma hisslərini əks etdirir: "Mən
nə etsəm də, məndən Rosengord iyi gəlirdi, kənar
məhəllə uşağı kimi
görünürdüm. Mən bura uyğun gəlmirdim"
deyir. O, aid olmaq, "məhəllə uşağı
kimi" görünməmək arzusunu təsvir edir. Bəlkə
də bu məqam çoxlarınıza Bakıya tələbə
olaraq gəldiyiniz ilk illərdə "rayonlu", "kəndli"
damğası ilə boğuşmağınızı
xatırladır. Bu çətinlik
Zlatanı futbol oynamağa davam etməyə təşviq
etdi. Bu məqam isə bəlkə çoxlarınıza
valideynlərinizin təkidlə
"oxu, özünü bir yerə çıxar!"
tövsiyə etməsini xatırladır.
Bəlkə
də bu kontekstdə ən paradoksal şey, Susanna Alakoskini də
qorumalı olduğu rifah cəmiyyətinin də jurnallarda dəfələrlə
sənədləşdirən və idarələrin/ səlahiyyətlilərin
necə uğursuz olduğunu bildirən rifah cəmiyyəti
olmasıdır. Sualın cavabı, bəlkə də belə
ola bilər ki, nə qədər ki, insanlar sinfi cəmiyyətə
yuxarı qalxmağa çalışırlar, tam rifah cəmiyyətinə
nail olmaq çətin olacaq.
Yoxsulluğun
nüansları bir başqa üslubda yazıçı
Kristian Lundberq tərəfindən "Yarden" romanında təsvir
edilmişdir. Kitab Lundberqin çətin iqtisadi şəraitə
görə əmək bazarının dibinə düşmək
təcrübəsinə əsaslanır. Burada iş təkcə
onun fiziki quruluşunu yormur, həm də onu psixi çətinliklər
və sui-istifadə ilə xarakterizə olunan bir mühitə
salır. Yoxsulluq içində keçən qaranlıq həyatın
təsvirinə baxmayaraq, Lundberqin hekayəsi yoxsulluğun vəziyyətinin
nüanslı mənzərəsini verir. Bu hekayə onun və
fəhlə dostlarının yaşadığı
ağır həyatı və bütün çətinliklərə
baxmayaraq, birlikdə olmağa ehtiyac, xeyirxahlıq və
özləri kimi onlara hörmət və qayğı hissi
yaratmasını işıqlandırır. "Onlar
kiçiklik hisslərində, hər günün sonuncu ola biləcəyini
bilməkdə birləşirlər və bu paylaşılan təcrübədə
həm onların daxilində, həm də onların
arasında bir mənəvi güc artır" (Ekman, 2009).
Hanna və Lundberqin səslərinin bizə verdiyi əsas
şey daha dərin bilikdir ki, yoxsulluq həm hər şey, həm
də heç nə ola bilər. Yəni, necə
baxdığımıza bağlıdır. Yoxsulluq insanı
tamamilə məhdudlaşdıra bilər və bu məhdudiyyət
bəzən orta sinif və yuxarı təbəqənin təsvirlərinə
əsaslanaraq xüsusilə güclü şəkildə
vurğulana bilər. Amma Hannanın və Lundberqin hekayələrini
dinləməklə oxucu görür ki, yoxsulluq həm də
güclənmək, birləşmək və uğurun nədən
ibarət olduğuna dair öz obrazlarımızı yaratmaq
potensialına malikdir. Onların nöqteyi-nəzərindən
oxucu öyrənir ki, məhdudiyyət və uğur çox
vaxt əl-ələ verir və həyatın bizə izin
verdiyi yollarla formalaşır. Məhz bu nüansları və
mürəkkəblikləri dərk etməklə biz
yoxsulluğun fərdin həyatına və imkanlarına təsiri
haqqında daha dolğun təsəvvür əldə edə
bilərik.
Səadət
KƏRİMİ
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S. 26-27.