Yeddiqatlı məsələlər
Bu hekayəni çoxdan, lap çoxdan yazmışam.
Geniş auditoriyaya
on-on beş il öncə
təqdim etmişəm.
Bu gün ATƏT-in Minsk qrupunun
məsələsi yenidən
gündəmə gəldiyi
üçün, belə
qərara gəldim ki,
onların fəaliyyətini
bədii üsulla əks etdirən bu əsəri bir daha oxucuların
ixtiyarına verməyin
yeri və məqamıdır.
O gecə səhərə qədər yatmadım. Bütün gecəni
ATƏT-in Minsk qrupu üzvlərinin
xəbərlər proqramındakı
çıxışı barədə
düşündüm. Onların
dediklərini video-kaset
kimi xəyalımda dala-qabağa fırladım.
Yenə də baş aça bilmədim, onlar nə dedilər, bu yaxınlarda ikitərəfli görüş
olacaq, ya olmayacaq? Bu müşkül
məsələ bir yana qalsın, insanı
daha da çaşdıran
qəlizliyin ikinci qatıdır. Deyirlər,
ikitərəfli görüş...
Ay kişilər, əlbəttə,
görüş ikitərəfli
olar! Birtərəfli görüş ola bilməz
ki!? Birtərəfli görüş
olsa, olsa, insan, güzgü qabağında durub saçına daraq çəkəndə ola bilər,
ta münaqişədə bulunan
iki yağı düşmən arasında
yox! Bu bir yana qalsın, həmin görüşdə
Minsk qrupu da iştirak
edəcəksə, ikitərəfli
olmur axı, bir neçə tərəfli olur. Yaxşı, buna da razıyam.
Olsun, neçə tərəfli deyirsən, olsun, amma doğrudan
olsun və yaxud olmursa, o da doğrudan olmasın. Ancaq onları diqqətlə dinləsəm
də, biləmmədim,
bu ikitərəfli görüş olacaq dedilər, yoxsa, olmayacaq? Bir şey də var ki, Minsk qrupu da görüşdə iştirak
edəcəksə, ən
adi məntiqə görə, həmin görüşdə nəticə
əldə olunmayacaq,
çünki tərəflər
razılaşıb məsələni
həll edən kimi, bu vasitəçi
qrup öz əhəmiyyətini və
vəzifəsini itirir,
qrupun üç nəfər həmsədri
işsiz qalır...
İlk baxışda bu sual elə də
qəliz sual deyil, amma insan
ona baş vurduqca, dərinləşir,
dərinləşdikcə də
qəlizləşir. Elə
qəlizləşir ki, dolaşıqlarını
açmaq mümkün
olmur.
Adama deyərlər, ə, bu nə problemdir ortaya atırsan? Xəbərləri diqqətlə
izləmək lazımdır!
Kişilər ya deyərdilər, görüşəcəklər,
ya da deyərdilər,
görüşməyəcəklər; ya deyərdilər, biz də orada olacağıq,
ya da deyərdilər,
biz olmayacağıq.
Şuluq
uşağın üzünə
təpinən kimi üzümə təpinənlərə
deməliyəm ki, sizə
elə asan gəlməsin. ATƏT-in Minsk qrupunun
hər bir üzvü yüksəksəviyyəli
diplomatdır, diplomatın
hər sözünü
elə asanlıqla anlamaq mümkün olsa, ta onun nəyi
diplomat oldu? Onların
qurduqları cümlələrin
qəlizliyindən neçə
dəfə belə anlaşılmazlıqla üzləmişik.
Bir dəfə yenə xəbərlər proqramına
verdikləri müsahibədə
üzlərində müəmmalı
ifadə, nə isə dedilər. Bütün ailəliklə
oturduq, dediklərini gecə yarıya qədər təhlil elədik, qızğın
müzakirə açdıq.
Arvadla mənim izahım daban-dabana zidd olduğundan, az qaldım, inadkar arvadı kötəkləyəm də.
Sonra "lənət şeytana",
- deyib, əsəbimdən
əsən sağ əlimi sol əlimlə tutdum və bərk-bərk sıxdım
ki, yaranan fürsətdən
istifadə edib, nəzarətdən çıxmasın.
Xülasə, həmin gecə
qızğın mübahisədə
uşaqlar da dediyimi qismən təsdiqlədiklərindən,
mənim sözüm keçdi. Belə bir nikbin qənaətə
gəldik ki, Minsk qrupunun
cəfakeş üzvləri
deyiblər, qarşı
tərəf işğal
olunan əraziləri qeyd-şərtsiz boşaltmağa,
aldığı kimi də qaytarmağa hazırdır. Bunu yəqinləyəndən sonra,
bir sevinmək sevindik, bir sevinmək
sevindik, gəl ki görəsən! Qonşulara
da haray çəkdik,
onlar da ATƏT diplomatlarının
sözlərini təxminən,
biz izah etdiyimiz məzmunda izah etmisdilər. Məhləyə
tökülüşdük. Səhərə qədər
yatmadıq, kasıbçılıq
da olsa, evdən hərə bir şey gətirdi, ərazi probleminin qan tökülmədən
həll edilməsini təmtəraqlı şəkildə
qeyd etdik. Məhləmizdən göyün
yeddinci qatına atəşfəşanlar də
ünvanlandı, uşaqlar
şad xəbər üçün xüsusi
olaraq saxlayırlarmış.
Amma sən saydığını
say, gör, gözünə
döndüyüm fələk
nə sayır. Səhər məlum oldu ki, usanmadan qayğımızı çəkən
üçlük diplomatiya
dilində deyirmiş
ki, hələ ATƏT işğalçının
kim olduğunu müəyyənləşdirməlidir. Kim bilir, bəlkə işğalçı torpaqları
zəbt edən tərəf deyil, həmin torpaqlardan didərgin düşən
tərəfdir!
Bu yerdə dönüb deyə bilərsiniz, didərgin düşən
xalq doğma torpağı necə zəbt edə bilər? Elə beynəlxalq təşkilatların
da üstündə baş
sındırdıqları sual
budur. Bunun cavabını
tapsalar, daha yerdə qalana nə var ki!? "Yerdə
qalan" deyəndə,
başqa qəliz suallar da var. Məsələn,
Xocalı soyqırımını
rus-erməni hərbi birləşmələri törətdi,
yoxsa, rusu, ermənini sivil bəşəriyyətin gözündən
salmaq məqsədi ilə Xocalı camaatı (Allah onlara rəhmət eləsin) bilərəkdən, qəsdən
qırılıb!? Bax,
belə-belə mürəkkəb
məsələlərdir ki, mötəbər təşkilatları
çaşbaş salıb.
Nə isə... Beləcə bir gecəlik şənlik səhər burnumuzdan gəldi.
Hə,
o gecə yenə düşdüm növbəti
deyim-rebusun ağuşuna.
Nə qədər götür-qoy eləsəm
də, heç vəchlə müəyyənləşdirə
bilmədim, hörmətli
Minsk qrupu görüşəcəklər
dedi, yoxsa, görüşməyəcəklər dedi.
Beləcə, daxilimdəki fikir
çaxnaşmasında səhəri
diri gözlə açdım. Səhər
tezdən əl-üzümü
yumamış məhəlləyə
çıxdım ki, bir
görüm, məhlə
uşaqları nə fikirdədilər, diplomatik
üçlüyün eksklüziv
müsahibəsindən necə
çıxır, ikitərəfli
görüş olacaq,
ya yox?
Məni
tələm-tələsik dartıb
bayıra çəkən
çöldən eşidilən
hay-küy olmasaydı,
bəlkə də özümü səliqə-sahmana
salıb məhləyə
elə çıxardım.
Həyət qapısını açan
kimi gördüm, küçədə iki nəfər qonşu əlbəyaxa olub. Biri höcətləyir, Minsk qrupu
"tərəflər görüşəcəklər"
dedi, o birisi inadlaşıb deyir, öz qulağımla eşitdim, dedi "görüşməyəcəklər".
Görüşəcəklər dedi! Görüşməyəcəklər dedi! Görüşəcəklər
dedi! Görüşməyəcəklər
dedi! Bunların çığırtısına- bağırtısına o biri
qonum-qonşu da tökülüşdü.
Onlar da bayıra çıxan kimi horuldaşa-horuldaşa iki
yerə bölünüb
davaya qoşuldular. Bədnam müsahibənin
məzmununu "görüşəcəklər"
kimi başa düşən qonşular
"görüşəcəklər"
deyən kişinin tərəfini, "görüşməyəcəklər"
kimi başa düşənlər "görüşməyəcəklər"
deyən kişinin tərəfini tutdular.
Bu ana kimi mehriban yaşayan
qonşular bir an içində yarıbayarı
rəqib tərəflərə
bölüşdülər.
Mənim
kimi tərəddüd
içində bitərəf
mövqe tutan cəmi beş-altı nəfər var idi. Biz araya sülh salıb onları sakitləşdirməyə, aralamağa
cani-dildən səy göstərsək də,
cəhdlərimiz bir nəticə vermədi. Mübahisə get-gedə qızışdı, əlbəyaxa
dartışanlar oldu.
Oldu, olanı danmağın nə mənası?!.
Mübahisə gah səngiyir, gah alovlanır,
gah da yenidən səngiyirdi.
Bir-iki saatdan sonra odunu qurtarmış
od kimi xeyli öləzidi.
Öləzisə də, hər iki tərəf dediyini dedi. Əşyayi-dəlil kimi
Minsk qrupunun həmin çıxışının lent yazısını da gətirtdilər.
Kaseti maqnitofona qoyub düz yetmiş yeddi dəfə dala-qabağa fırladılar, yenə də baş aça bilmədilər, diplomatik üçlük
nə deyib. Səs mütəxəssislərinin
iştirakı ilə
ekspertiza da keçirtdilər,
bu nadir tədbir də bir nəticə
vermədi. Ekspertiza prosesində iştirak edən yüksəksəviyyəli
mütəxəssislərin fikirləri də iki yerə haçalandı,
bir qismi dedi, hörmətli üçlük görüşəcəklər
söyləyib, digər
qismi dedi, yox canım, deyəsən, görüşməyəcəklər
söyləyib. Bu minvalla
məsələ açıq
qaldı.
Bu səhər qanımı bir xəbər də qaraltdı; RTR tv-dən verdilər. Dedilər, Fransa parlamentinin erməni soyqırımı ilə
bağlı üzdəniraq
qərarından dərhal
sonra, tarixi həqiqəti fransızlara
sübut etmək üçün mahir türk tarixçilərindən
ibarət böyük
nümayəndə heyəti
özünü Parisə
çatdırıb.
Onlar gedəndən iki aydan çox keçir. Diktorun dediyinə görə, elə axırıncı iki aydır Fransanın büdcəsi bu ölkədən gedən tarixçilərin
cərimə kimi ödədikləri məbləğin
hesabına dolur. Nümayəndə heyətinin
fədakar üzvləri
təkidlə "erməni
soyqırımını tanımırıq
və sizi də tanımamağa çağırırıq" dedikcə, fransızlar öz türk həmkarlarının sözünə
əməl etmək əvəzinə, onları
böyük miqdarda məbləğlə cərimələyirlər.
Bunlar, "tanımırıq,
sizi də tanımamağa çağırırıq"
cümləsini təkrarladıqca
cərimənin məbləği
birə-beş artır.
Maraqlıdır ki, ömürlərinin son illərini məcburi köçkün həyatı
yaşaya-yaşaya yurd
həsrəti çəkən
ağbirçəklərin əlləri qoynunda, dodaqlarında zümzümə
etdikləri bayatılar
da, Minsk qrupunun son dərəcə
qəliz və dumanlı ifadələrinin
yaratdığı gerçəkliyin
poetik təcəssümü
olaraq formaca eyni olsa da, məzmun
baxımından daban-dabana
ziddir. Məsələn:
Əzizinəm, hörüşlər,
Yaşıl otdu hörüşlər.
Diplomatlar
dedilər,
Olacaqdı görüşlər.
Və yaxud:
Əzizinəm, hörüşlər,
Quruyubdur
hörüşlər.
Diplomatlar
dedilər,
Olmayacaq
görüşlər.
Mən deyə bilmirəm, ikitərəfli görüş
olacaq, ya olmayacaq. Bir onu yəqin bilirəm ki, mötəbər üçlüyün
labirint xarakterli, dolaşıq fikirlərinin
izahlı təhlili məsələsində bitərəfəm.
Vaxt keçdikcə, bu qrupun çözümü
müşkül deyimləri
barədə yaxşı-yaxşı
düşündükcə, haqlı olduğumu yəqinləşdirirəm.
P.S. İllər ötdü, Azərbaycan qazandığı
qələbə nəticəsində
öz ərazi bütövlüyünü bərpa
etdi. Bununla da
ATƏT-in Minsk qrupunun missiyası
və vəzifəsi bitdi.
İmir Məmmədli
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S. 28.