Yaddaş qutusunda gizlənən bədii mətnlər
Yaddaş
insanın ən qiymətli sərvətidir.
Yaddaşın yoxdursa,
keçmişin də
yoxdur, o keçmiş
ki, insan məhz onun sayəsində həyatı öyrənir,
təcrübə qazanır,
kamilləşir. Yaddaş
insan ömrünü
kompakt şəkildə
onun beynində saxlayır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı
fraqmentlərə yenidən
nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül
prosesi də keçmişin üzərində
inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı vəhdətdən
doğan həqiqətlər
toplusudur. Əslində
heç nə bizim yaddaşımızdakı
kimi deyil. Keçmişdə baş
vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə
o hadisə də köhnə şəkillər
kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir,
sonda solğun, pozuq bir kadra
çevrilir və sən onu yüz
il əvvəlin kino lenti
kimi bir az maraqla, bir
az da həyəcanla izləyirsən.
Keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən ki, beynin qeyri-ixtiyari hadisələri
redaktə edir. Tam səmimi olmağa çalışırsan, bəzən
alınır, bəzən
yox. Nələrisə
təfərrüatı ilə
yazmaq özünüzü
öz yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə
qarşı qəddar
olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz. Zamanın dəyişdiyi olaylar yenidən, bu dəfə sizin əlinizlə təhrifə uğrayır.
Yanlış anlaşılmaqdan
qorxursunuz. Beləliklə,
bizim eqomuz xatirələrimizin qatı
düşməninə çevrilir.
Öz düşüncələrini
dəstəkləmək üçün
uydurduqları hekayələrin
arxasında gizlənən
yazıçılar gerçəyin
üzünə dik baxa bilmirlər. İş xatirə, memuar yazmağa gələndə mütləq
gerçək hadisələrin
onlara toxunan tərəflərini ixtisar
edirlər və ya detaldan yan
keçirlər. Halbuki
hadisənin mahiyyəti
məhz o detalda gizlənir. Keçmişin
insana utanc gətirən məqamlarını
yazmadıqca yazıçıya
iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir. Bəs nə etməli? Keçmişi tərəfindən
rahatlığı pozulan
insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraflardır. Və bu etirafları mətnə çevirmək.
Nəsr
yazmaq böyük əziyyət və səbir tələb edir, bu işin
əyləncə tərəfi
isə cəlbedicidir;
yazı prosesində əziyyət və əyləncə iç-içədir.
Elə yazıçılar var ki, yazmaq
onlar üçün
sadəcə, istirahətdir.
Bu tipli yazıçılar
artıq prozanın, yazmağın bütün
çətinliklərini adlamış,
yazı tərzi formalaşmış püxtə
qələm sahibləridir.
Buna qədər hələ
saatlarla, bəzənsə,
günlərlə ağ
kağızla və ya hələ bir söz belə
yazılmamış Word səhifəsi
ilə üzbəüz
qalmaq lazım gəlir.
Duyduğunuz, gördüyünüz, öyrəndiyiniz hər şey dəyirmanda üyüdülən taxıl
kimidir. Bəzən fikrinizdəki süjeti yazmaq üçün masa
arxasına keçərsiniz,
di gəl, düşüncənizin
axarı sizi tamamilə başqa səmtə çəkib
aparar, sonda nəzərdə tutduğunuz
mətn deyil, tamamilə gözlənilməz
bir hekayə ortaya çıxar. Yaradıcılığın belə
izaholunmaz gedişləri
var.
Bəzən hansısa hadisənin
təfərrüatlarını xatırlamaqda çətinlik
çəkirsən, o anda
təxəyyül köməyə
yetir. Bu anda gerçəyin təhrif olunduğunu anlayırsan, amma gerçəyi tam ifadə etmək mümkünsüzdürsə, başqa yol qalmır.
Bir dəfə keçmişdə
baş vermiş hadisələrlə bağlı
yazı yazmaq istəyirdim, bu hadisələrin hansının
gerçək, hansının
uydurma olduğunu ayırd etməkdə çətinlik çəkirdim.
Uzaq keçmişdə
qalmış hadisənin
bəzi məqamlarını
dəqiqləşdirmək üçün yaxın qohumlardan biriylə söhbət etdim, qəribədir, o, həmin
hadisəni mən xatırladığımdan tamamilə
fərqli formada xatırladı və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı.
Görəsən, mənim
yaddaşımda o əhvalat
niyə başqa biçimdə qalıbmış?
Yoxsa, zaman bizdən xəbərsiz hadisələri
kollaj edir? Çox vaxt söhbət əsnasında
keçmişlə bağlı
əhvalatları xatırlayanda
adları, məkanları
belə qarışıq
salırıq, hətta
mübahisə etməkdən
belə çəkinmirik.
Bəlkə elə qarşı tərəf də hansısa məqamda yanlışa yol verir?
Hə, yaddaş olduqca mürəkkəb mexanizmdir.
Kompüter yaddaşının
tutumu olduğu kimi, insan yaddaşının
da ölçüsü var. Alimlər müəyyən
edib ki, beynin sağ və sol yarısı quş qanadına bənzəyir.
Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün istifadə
olunur. Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində
yerləşir. Çox
qəribədir ki, biz yaddaş
qutusuna yığılan
keçmişi beynin
sol yarımkürəsində yerləşən xəyalın
gücüylə yenidən
canlandıra bilirik.
Biz informasiya əsrində
yaşayırıq və
yaddaşımız həddən
artıq yüklənmiş
vəziyyətdədir. Beynimiz
hər gün onlarla informasiya qəbul edir və sözsüz ki, yaddaş bu informasiyaları özündə
saxlaya bilmir. Deyilənə görə,
Avropa alimləri müasir texnologiyaların
köməyi ilə insan yaddaşının yaxşılaşmasına şərait
yaradan yeni proqram hazırlayıblar. Əslində
zəifləyən insan
yaddaşı deyil, gün ərzində sel kimi axıb
gələn informasiya
axını yaddaşa
təzyiq göstərməkdədir.
Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına hansısa
detalı əlavə
edə bilməz. Texnologiya yalnız robot yarada bilir, robotun
isə yaddaşı olmur.
Söz və rəsm yaddaşı maddiləşdirən
yeganə üsullardır.
Biz keçmişi yalnız
sözlər və rəsmlər, şəkillər,
filmlər vasitəsilə
"geri" qaytara bilirik. Beynimizin labirintlərində dolaşırıq,
unudulmayan xatirələr
bizi keçmişə
doğru sürükləyir.
Tək bircə görüntü keçmişin
sərt qabığını
parçalayır və
içindən çoxdan
unutduğumuz adamlar, cizgiləri itməkdə olan küçələr
çıxır. Yaddaşımızın
bizi keçmişə
daşıyan gücü
bəzən zəifləyir,
hansısa hadisəylə
bağlı ən vacib detalı unuduruq. Bir müddət keçəndən sonra qatarda və ya avtobusda gedərkən,
yaxud sakit bir guşədə kitab oxuyarkən qəfildən
həmin təfərrüatı
xatırlayırsınız. Gördüyünüz bir
adam, bir məkan, oxuduğunuz kitabdan hansısa söz, fikir sizə ipucu verir. Yaddaşınızın
itirdiyiniz guşəsi
işıqlanır və
siz hər şeyi aydınlığı
ilə xatırlayırsınız.
Yenə
qayıdaq xatirə və təəssüratların
bədii mətnə çevrilməsinə. Bir maşının
dörd təkəri olduğu kimi, mətnin də (süjetin) irəliləməsi
üçün struktural
elementlər mövcuddur,
sadəcə, bu elementləri tapıb mətnin içinə yerləşdirmək lazımdır.
Hekayəsi olmayan bir xarakter, dili
olmayan bir hekayə, yaxud üslubsuz, formasız bir dil bədii
mətnin bütövlüyünə
xələl gətirir.
Bədii mətn bu ünsürlərin hamısını özündə
ehtiva etməlidir. Qalır nə? - İdeya. Mətni yazmazdan öncə ideya səninçün aydın olmalıdır, çünki ideyadan məhrum əsər içi boş qazan kimidir. Bəzən təcrübəsizlik
ideyadan istifadəni çətinləşdirir, oxucu
üçün ideya
aydın olmur. Mətnin strukturu, təhkiyəsi, dili gözəldir, amma ideya yoxdur. Bu, mükəmməl quruluşlu
bir evin içində heç kəsin yaşamamasına
bənzəyir. Bina gözəldir,
içində yaşamaq
üçün ideal şərait
var, amma bu binada heç kim yaşamır. İdeyasız əsər
də boş binaya bənzəyir.
Biz
gündəlik yaşamımızda
ətrafımızda saysız-hesabsız
detallarla rastlaşırıq,
amma bu detallara
diqqət kəsilmə
şansımızı tanımırıq.
Ətrafımız hadisələrlə
dolub-daşır, sadəcə,
əlimizi uzadıb o hadisələri mətnə
gətirmək lazımdır.
Bu detalları tuta bilmək üçün
əvvəlcə özümüzdə
müşahidə qabiliyyətini
inkişaf etdirməliyik.
Güclü müşahidə
bacarığı o detalları
görməyinizi təmin
edəcək, görəcəksiniz
ki, xırda bir detal əslində böyük bir hekayənin rüşeymidir,
onu inkişaf etdirib bədii mətnə çevirsən,
ortaya gözəl bir əsər çıxacaq. Özünüz
də buna heyrətlənəcəksiniz.
Yaşı 70-80 civarında olan
bir ixtiyarın yaddaşında iki-üç
xatirə qalır ki, qarşısına çıxan
hər kəsə o hadisələri danışır.
O hadisələr o qədər
təkrar danışılır
ki, boyatlaşır. O, ağzını
açanda artıq bilirsən ki, hansı hadisəni danışacaq.
Mexaniki şəkildə
təkrarlanan bu bir ovuc xatirə
ixtiyar adamın qos-qoca ömründən qalan yeganə mirasdır. Keçmişindən
bir-iki boyat xatirə qalan qocalar o hadisələri təsbeh kimi, bütün günü o üz-bu üzə çevirirlər. Belə
insanlarla tez-tez qarşılaşırıq və
hər dəfə əli həyatdan, keçmişdən üzülməkdə
olan, ölümün
soyuq nəfəsi üz-gözündə dolaşan
ixtiyar insanları görəndə həyatın
amansızlığı, etibarsızlığı,
ömrün faniliyi içimi üşüdür...
Yaddaş
sözlər vasitəsilə
mənim yaşadığım,
mənim gördüyüm
tarixi fiksə edir. Təkcə mənim yox, həm də Bakının dünəni
və bu gününün tarixini...
Bu gün həm də gələcəyin tarixidir, gələcək
həm də keçmişə görə
var olacaq. Bu günümüzə
keçmişin sayəsində
gəlib çıxmışıq.
Həm də insanın həmişə
keçmişə ehtiyacı
var, o, keçmişindən heç də asanlıqla qopmur. Zaman bizi keçmişdən ayırsa da, xəyal bizi həmişə geriyə qaytarır. Fantaziyamız itirilmiş zamanı yaddaşımızda
bərpa edə bilir. Yazılan kitablar da bizi keçmi?ə aparan "sehrli xalat" misalındadır.
Bu baxımdan, yəqin
ki, yazdıqlarımızda bir fayda var. Hər halda yazılan qalır.
Kənan HACI
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, №32.- S. 29.