***
Daşçatladan ayazdı
Dilindəki əlvida.
Elə unut ki məni,
Düşməyim bir də yada.
Qıfıl vur, xatirələr
Birdən
yolundan edər.
Bütün vaxtsız gedənlər
Solundan çıxıb gedər.
Kaş heç vaxt olmayaydı
Eşqin
vida tərəfi.
"Sən məndən yaxşısına
layiqsən" sözü olur
Gedənlərin "tərifi."
Tərifini söylədin,
Gərək yox təsəlliyə.
Bəhanəylə gedənlər
Dönməz bir də geriyə.
***
Bir çatdaquş tamıdı
uşaqlığım,
Bir xınadaşı qoxusu,
Bir "hökumətağacı" qorxusu.
Çardaqdan ulduzlara boylanan
qayğısız
baxışlar,
Məktəbli çantasında işlənməmiş,
bəzəkli
say çubuqlar,
Müəllimdən gizlədilmiş
qırmızı qələm,
Bir də
Biləyimdə zamanı donduran
"diş saatım",
Bununla bitir uşaqlıq əhvalatım.
Sonra
Boz dumanlı havada qaçaqaç,
Boğulmaqdan qurtulduğumuz Araz,
Arazın
bu tayı dərd-ələm.
Və...
Uşaqlığını yaşamadan böyüməyə
məhkum
edilmiş mən.
Yoxdur başqa bir xatirəm.
***
Qanadın açmasın deyə,
Qəlbin
sinə qəfəsi
var.
Sevmək
yetmir tək insana,
Sevilməyə həvəsi var.
Yarım
qalan yara həmdəm,
Tapan tapar ruha vətən.
Yer üzünün sərinlədən
Günəşin Ay kölgəsi var.
Eşqə ümidlənib gələr,
Sevgini müqəddəs bilər.
Sevdimi, ömürlük sevər
-
Hər ürəyin öz kəsi var.
Özü yıxılan kəsin
Özü yıxılan kəsin
Gözündə yaşı olmaz.
Darıxmağın vədəsi,
"Bəlkə"si, "kaş"ı
olmaz.
Xoşbəxtlik ilıq mehtək
Toxunar, qəlbə keçər.
Tale ölçü götürər,
Həsrəti ömrə biçər.
Keçər ömür qatarı,
Arzuları aparar.
Xatirələr qoynunda,
Xəyallardan qoparar.
Gündüzün fikirləri,
Gecənin dərd, ələmi.
Görən, xoşbəxt olaram
Yerə
qoysam qələmi?
Həsrət yolu
Sənsiz
bu şəhərə
Nə gecənin qaranlığını
yaran
Ay mavisi boylanır,
Nə gündüzünü aydınladan
şəfəq sarısı.
Alatoranlıqdı xəyallar,
Ümidsizdi arzular.
Hər şey kəm-kəsir
Ürəyim qəfəsdə susqun,
əsir.
Darıxmaq var, darıxmaq,
Ağlamaq var - gözü dolu.
Saxsıdakı çiçəkləri
Göz yaşıyla sulayaraq
Pəncərə önündən başlayır
həsrət yolu.
Vardır betərin betəri
Baş söykəyib ağ vərəqə
Şeir-şeir ağlayıram.
Misralardan
köz götürüb
Ürəyimi dağlayıram.
Bəm görünən dərdlər
zildir,
Gizli-gizli
qəlbi didir.
Gecənin biri bir ildir,
Zülm
ilə sabahlayıram.
Sənsiz
ömrüm, günüm
talan,
Nə düşündü ayrı
salan?!
Darağının üstə qalan
Bir telini qoxlayıram.
Dünya
beşgünlük, ötəri,
Hər döngədə bir xətəri.
"Vardı betərin betəri", -
Deyib bir az toxtayıram.
Nöqtə hünəri çatmır
Nöqtəsi qoyulmayıb sənə yazılan şeirlərin,
Ara-sıra boy göstərir misraların arasından
Boynubükük suallar.
Nəticələr səbəb tapmır.
"Bəlkə"li, "kaş"lı
bəndlərin önünə
Bir "ehh"li sətir keçir, nidası özündən böyük,
"Son olsun!" deməyə
Nöqtə hünəri çatmır.
***
Qərənfil qoxusuna bürünər
Xatirəsi qızılgüllü xəyallar.
Arzular ümidinə gecikər,
Xəzəllərə sarılar payız ayrılıqları,
Qürbət ürəkdən həsrət
yol çəkər.
Eşqlə doğmalaşar insan
insana,
Ürək döyüntüsün sevgidən alar.
Eşq olmadan ürəklər də yadlaşar,
Yadelliyə dönər vətən
olanlar.
Ovutmaz ruhumu heç bir təsəlli
Yatar ürəyinə söhbətim-sözüm,
Çətin bildiklərin görünər
asan.
Möhürlə yolunu səssizliyimə,
Mənim
sükutuma qapılmayasan.
Dolanbac ömrümün yolu tikanlı,
Qara kölgələr var hər
ağlığında.
Ən yaxşı məsafə durduğun yerdi,
Mən daha yaxşıyam uzaqlığında.
Dalma ürəyimin dərinliyinə,
Səni
kədər boğar,
qəm qaçaq salar.
Məndən duyduqların şeirə
sığar,
Dastanlara
sığmaz ağrılarım
var.
Ovutmaz ruhumu heç bir təsəlli,
Dilə
tutulası dərd deyil dərdim.
Həyat
əzəlindən sınaq
meydanı,
Mən də sınaqlardan keçməyə gəldim.
Ruh bədəndə
yerin danır...
Bilsən, necə qəm çəkirəm,
Divar nəmi çəkən kimi.
Göz yaşlarım selə dönür
Gün gecəyə keçən
kimi.
Düyünlənib acı qəhər,
Boğur
məni yenə gecə.
Ürəyimə verir kədər,
Həsrət olub bir bilməcə.
Bilmirəm ki, bu nə sirdir?..
Bilməm,
niyə narahatam...
Yadıma
gəlmir, bir ildir
Başım atıb rahat yatam.
Vücudumun təpəri yox,
Ruh bədəndə yerin danır.
Nə göylərə təslim
olur,
Nə yerdəki yerin anır.
Yazan özü belə yazıb,
Taleyi mən seçməmişəm.
Ölüdən betərəm, onsuz,
Bir dünyadan köçməmişəm.
Elə intəhasız
darıxıram ki...
Elə intəhasız darıxıram
ki,
Dilimdə ən şirin sözüm darıxır.
Nəmli
kirpiyimin sığal çəkdiyi
Çuxuru göllənmiş gözüm
darıxır.
Elə intəhasız darıxıram
ki,
Bu şəhərin mənəm
qərib sakini.
Qayğılardan yosun tutmuş ürəyim,
Qarışdırmış nifrət ilə sevgini.
Elə intəhasız darıxıram
ki,
Uzaq düşər sevinc, kədər boylanar.
Pəncərəmi xısın-xısın döyəclər
Qaranquşu yola salan son bahar.
Elə intəhasız darıxıram
ki,
Üzərimdə nakam arzu kölgəsi.
Bu dünyaya ruhum sığmır əzəldən,
Yəqin,
odur darıxmağın
"bəlkə"si.
Daha nağıllardakı
xoxanlardan
qorxmuram, ana!
Həyat
çox bəzəkli-düzəklisin
çıxardı
qarşıma.
Daha mən də
Nə Cırtdanam, nə şahzadə,
Nə də ki, yatmış gözəl.
Dönüb oldum yeddibaşlı
əjdaha -
Öldürdülər, dirildim,
Ağlatdılar, kiridim.
Uzaqlaşdım hər kəsdən,
Yazdım
öz hekayəmi, özüm başına keçdim.
Onları
"böyütmədim" gözümdə,
Dedim, cılız qalsınlar, daha betər olsunlar,
Həyatı rəqib seçdim.
Davam da onunladır,
müharibəm
də, mübarizəm
də...
Dərdlə bükdükcə belimi,
tutub ürəyimdən ayaqlandım,
Ona qarşı duruşumla canlandım.
Qorxma,
ana, indi mənə
ən doğma duyğudur ölüm.
Həyat
ölümdən qorxanlara
əzizdir.
Ölüm qorxusuyla insanlar
həyata
tutunub, biləsən,
Ölüm olmasa, həyat
da kimsəsizdir...
Yenə
də mən qalibəm...
***
Sən şənbə gününün
rahatlığıyla
Sevdin -
Bazar ertəsinə hələ
bazar var kimi.
Halbuki anlamadın,
Yaşamaq üçün bəhanəydi
bu eşq.
Kaş
ki, sevə biləydin,
Yarına
yar,
Şirin
bir yuxunu bəxtinə yozar kimi.
Aysel Nəsirzadə
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, ¹32.- S. 30.