Fəhm
Həyətində durduğum, hər
cür şəraiti və yaraşıqlı görkəmi olan bu binanın 10 il bundan qabaq bizim
idarənin sərəcamına
verildiyini xatırladım.
Bina artıq tikilməyə
başlayanda idarəmiz
üçün nəzərdə
tutulduğunu bilirdik.
Ona görə də
biz işçilər də
tikinti ilə maraqlanır və tez-tez bura baş
çəkirdik. İdarə
binası hazır olandan sonra, binanın fasadı aqlay lövhələrə
sadə həndəsi
fiqurlar verməklə
üzləndi.
Nəhayət, səbrsizliklə gözlədiyimiz
gün gəlib çatdı. Hər bir şəraitə malik olan ikimərtəbəli bina bizim idarənin
sərəncamına verildi.
Ancaq bina boş bir ərazidə
inşa edildiyindən
darıxdırıcı görünürdü.
Demək olar ki, yaşıllığı yox
idi. Bu işləri isə işçilərimiz
öz üzərinə
götürdü. Hasar
boyu şam ağacları əkdik. İdarənin arxa tərəfində isə
çox da böyük
olmayan bir bağ salıb alma, ərik, əncir, nar, üzüm, zeytun ağacları əkdik.
Ötən bu on il ərzində
ağaclar xeyli böyüyüb qol-budaq atmış, bar da gətirmişdilər.
Həyətdə bir neçə
dövrə vurduqdan sonra dayanıb, orada saldığımız
bağa tamaşa etməyə başladım.
Birdən diqqətimi hasarın yanında balasını ağzında
saxlamış bir pişik cəlb etdi. Pişik divarın o biri tərəfinə aşmaq
istəyirdi. Amma aşa
bilmirdi. Buna baxmayaraq,
o, dayanıb durmaq da bilmirdi.
Əvvəl buna elə bir əhəmiyyət vermədim.
Ancaq pişiyin sonrakı hərəkətləri
- davamlı olaraq hasarın o biri tərəfinə aşmaq
cəhdləri məni
maraqlandırıb düşündürməyə
vadar etdi. Baxdım ki, bu pişik elə bizim idarənin bağında təzəlikcə
yaşamağa başlayan
pişikdir. İşçilərimiz
idarənin bağında,
hasarın iki divarının kəsişməsində
ona bir dam da düzəltmişdilər. Hündür
və işıqlı
olsun deyə, damın üçüncü
divarı da hasar hündürlükdə hörülüb,
şiferlə örtülmüşdü.
Etibarlı olsun deyə, şiferin üzərinə ağır
dəmir parçası
da qoyulmuşdu.
Pişiyə tikilən bu dam
onu məmnun etməyə bilməzdi. İşçilər danışırdılar
ki, təzə damda pişiyin iki balası da olub. Belə qayğının
müqabilində pişiyin
balasını da götürüb
burdan getməsi mənim üçün müəmmalı görünürdü.
Pişik
hey hasarı aşmaq üçün cəhdlər
edirdi. Hər tullananda ağzında balasını tutduğundan
ya o hündürlüyə
çata bilmirdi, ya da o hündürlüyə
çatanda balası ağzından düşmüş
olurdu.
Amma pişik inadından dönmürdü. Təkrar-təkrar
hasarı aşmaq cəhdini davam etdirirdi. Görünür,
pişik balalarına qarşı nəsə bir təhlükənin gəldiyini duyub. Ona görə də balalarını bu təhlükəli ərazidən
çıxartmağa çalışır.
Ancaq bunun dəqiqini onun özündən başqa
bilən yox idi. Pişiyin balası da körpə olduğundan bu təhlükədən xəbərsiz
idi. Pişik balasının gözləri
körpə olduğu
üçün təzə-təzə
açılırdı. Hələ
heç tam miyoldaya da
bilmirdi. Hər anasının ağzından
düşəndə yerdə
yumalanıb, zığıltılı-iniltili
qarışıq zəif
bir səs çıxarırdı. Ayaqları
əsə-əsə ayaq
üstə güclə
dururdu. Pişik balası lap aciz idi. Çox miskin görünürdü. Ona yazığım
gəldi. Halına acıdım. Pişiyin özünün isə hünərinə, fədakarlığına,
balasına qarşı
qayğı və məhəbbətinə mat qalmışdım.
Arada istədim pişiyə necəsə bir köməklik göstərim
ki, o hündürlüyə qalxsın. Ancaq ehtiyat etdim: birdən o mənim köməyimi düz başa düşməz, məndən qorxar. Ozüm də çəkinirdim ki, əgər
müdaxilə etsəm,
pişiyin bu müqəddəs mübarizəsini
yarımçıq qoyaram.
Məcbur olub onun hasarı aşmaq cəhdinə sadəcə bir tamaşaçı kimi baxmağa başladım. Ancaq bekar da qalmadım. Başladım
pişiyin hasarı aşmaq cəhdlərini saymağa.
Pişik
mən baxandan əvvəl neçə dəfə hasarı aşmağa cəhd etdiyini bilmədim. Ancaq mən yenidən saymağa başladım. Bir, iki, üç... pişik heç cürə hasarı aşa bilmirdi. Hər dəfə sayanda ürəyimdə pişiyin
hasardan aşa bilməsini arzulayırdım.
Pişiyin hasardan aşmaq cəhdlərinin uğursuzluğu məni narahat etməyə başlamışdı. Hər
dəfə onun balası ağzından düşəndə istəyirdim
ki, pişiyə köməklik
edim: yaxınlaşıb
bala pişiyi götürüb, hasarın
o biri üzünə
qoyum. Ancaq mən bu fikrimi
beynimdə qətiləşdirməmiş
pişik ya hasarın üstündən,
ya da elə havadaca geriyə fırlanıb balası ağzından düşən
yerə tullanırdı.
Pişik hər dəfə də ağzından düşüb
toz-torpağa batmış
balasının üz-gözünü
yalayıb təmizləyirdi.
Pişiklə bərabər
mənim də həyəcanım artmışdı.
Pişiyə yuxarıda
dediyim səbəbdən
kömək etməkdə
aciz idim. Hələlik isə pişiyə ancaq uğurlar diləyirdim.
Artıq
pişiyin çılğınlığı
pik həddə çatmışdı: tüklərini
qabardır, dodaqlarını
sağa-sola tərpədib
bığlarını oynadır,
dişlərini qıcayır,
cürbəcür həyəcanlı
səslər çıxarırdı.
Sanki ağlayırdı, dayanıb
durmadan fəryad edirdi. Elə bil ki, havalanmışdı.
Yazıq, deyəsən,
yavaş-yavaş taqətdən
də düşürdü.
Divarı aşmaq cəhdlərində ləngimələr
olurdu. Mən də pişiyin hərəkətlərinə uyğun
rəqəmləri aramla
sayıb uzadırdım:
beeeşş... aaaltıı...
Sanki bununla pişiyə
kömək edir, özümə isə təskinlik verirdim.
Ancaq pişiyin sonuncu cəhdində sanki möcüzə baş verdi. Mən yeddi deyib qurtarmamış
pişiyin cəhdi uğurlu oldu. O, balası ağzında hasarın üstünə
qalxdı. Artıq onun əzab-əziyyəti
arxada qalmışdı.
Pişik bir anlığa hasarın üstündə dayandı.
Qələbə qazanmış
qəhrəman kimi bayrağını - balasını
ağzında yuxarı
qaldırıb bir anlıq saxladı. Bəlkə də o artıq ürəyində
öz qələbə
nəğməsini oxuyurdu...
Təbii
ki, pişiyin bu qələbəsinə yeganə
tamaşaçı kimi
məndən çox
sevinən olmadı. Xeyli rahatlaşdım.
Sonra pişik ağzında
balası hasarın o biri üzünə - bayır tərəfinə
düşüb, xeyli
aralıda görünən
seyrək ağaclığa
girib gözdən itdi.
Bildim
ki, pişik mütləq
burda qalan balasından ötrü geri qayıdacaq. Tez gedib onun damına
baxdım. Dam boş idi. Dedim, yəqin
pişik o biri balasını aparanda, bu biri balası
anasının dalınca
çıxıb. Ancaq
ola da bilərdi ki, pişik
baş verəcək təhlükəni nəzərə
alıb digər balasını artıq aparıb bağın başqa yerində gizlədib. Ətrafı axtarsam da, pişiyin o biri balasını tapmadım. Qayıdıb pişik gözdən itən səmtə bir də baxdım.
Güman etdim ki, pişik az vaxta
qayıdar. Xeyli vaxt ötdü. Pişik görünmədi...
Bir az da gözlədim. Ancaq pişik geri qayıtmadı... Özlüyümdə yəqin
etdim ki, o qayıtmayacaq.
Çünki onun fədakarlığını, balalarına
sonsuz qayğısını,
məhəbbətini ki, mən
görmüşdüm, o bu
səbrin yiyəsi ola
bilməzdi. Qayıtsaydı,
çoxdan qayıtmışdı.
Başa düşdüm
ki, mənim axtardığım
o biri pişik balasını anası əvvəl aparıb. Buna
görə də xeyli rahatlaşdım. Amma
düşündüm ki, görəsən,
pişik balalarını
aparanda onlara fərq qoyub, yoxsa yox? Yəni,
pişik əvvəl hansı balasını aparıb? Bəlkə əvvəlinci apardığı
balası axırıncıya
nisbətən zəif
imiş? Ona görə
də onu qabağa salıb və yaxud əksinə,
ona daha çox güvənib?.. Bunu onun
özündən başqa
bilən olardımı?
Elə bu fikirlərlə də idarəyə daxil olub, iş
otağımıza keçdim.
Çox vaxt bir yerdə nahar etdiyim dostum
məni belə pəjmürdə görüb
soruşdu:
- Yeməkxanada səni soruşdum. Dedilər ki, tez çıxmısan. Nolub, gözümə birtəhər dəyirsən?
Fikrim hələ pişiyin yanında olduğundan dostumun sualına susmaqla cavab verdim.
Elə bu an, idarəmizin gülərüz, mehriban xanımının - müdirin
katibəsinin dəhlizdə
ayaq səsləri eşidildi. Onun yerişində həmişəki
kimi bir ahəngdarlıq vardı.
Elə bil addımlarını atanda
dabanlarını döşəməyə
ürəyinin ritminə
uyğun vururdu. Ayaq səsləri bizim otağın yanında dayandı. O, qapını açıb
təbəssümlə dedi:
- Xahiş edirəm, hamınız iclas zalına buyurasınız.
Bir azdan hamı iclas zalında idi. Amma hamıda bir narahatlıq da hiss olunurdu. -Görəsən,
bu fövqəladə
iclas nə üçündür? -Nə
məsələdir? -Xeyirdimi?
-Adətən, müdir
iclası səhərlər
edir - deyənlər də oldu.
Müdir
zala daxil oldu. Həmişə gülərüz görünən
müdir, bu gün fərqli görünürdü: halı
pərişan, hərəkətlərində
isə bir narahatlıq hiss olunurdu. Baxışlarını zalda
gəzdirib gah susur,
gah da vacib nəsə
demək istəyən
bir görkəm alırdı. Amma yenə heç bir şey demirdi. Müdir hamının üzünə diqqətlə
baxır, elə bil nəsə bir bəd xəbəri
bizə demək istəmirdi. Ancaq demək məcburiyyətində
idi. Sanki deyəcəyi
sözün zala necə təsir edəcəyindən ehtiyatlanırdı.
Müdir
bir neçə dəqiqəlik bu davranışının zalda
darıxdırıcı sükut
yaratdığını görüb,
nəhayət, çıxışa
başladı. Çıxışı
çox qısa oldu:
- Bizim bu idarənin
binası plana düşüb.
Buradan magistral yol çəkiləcək, bu
bina söküləcək.
Təcili idarəni boşaltmalıyıq. Ola bilər
elə bu gün axşam idarənin hasarını sökməyə başlasınlar.
Ona görə elə
indidən şəxsi
əşyalarınızı özünüzlə götürün,
idarəyə aid sənədləri və başqa şeyləri qablaşdırın. Hələlik
biz müvəqqəti olaraq
idarəmizin terminaldakı
binasında yerləşəcəyik.
Bizə cəmi bir gün vaxt
veriblər. Xahiş edirəm, təcili işə başlayın.
İclas
qurtarandan sonra müdir kürsüdən
düşüb gedə-gedə
işçilərə təskinlik
də verirdi. Yəqin mənim daha fikirli, dalğın
olduğumu sezib bir anlıq mənim yanımda dayandı. Mənə üzünü tutub, amma sanki hamıya
müraciət edirmiş
kimi dedi:
- Bilirəm, bu idarədə
hamınızın zəhməti
çox olub. Bir az səbr edin,
tezliklə daha gözəl binamız olacaq. Mənim isə fikrim müdirin "bu bina plana düşüb, söküləcək"- deyən
andan hələ də pişiyin yanında idi. İdarənin işçilərindən
pişik və balalarından ötrü narahat olanlar da oldu. Nahar vaxtı pişik balalarını
da bağdan götürüb,
buranı tərk etdiyini təfsilatı ilə onlara danışdım. İşçilərdən
pişiyin bu hərəkətinə təəssüflənən
də oldu, təəccüblənən də.
Müdirin tapşırdığı bütün işləri
tam yerinə yetirdiyimizdən
idarədən çox
gec çıxdıq.
Artıq söküntüyə
hazır olan texnikalar idarə hasarının bayır tərəfində hazır
vəziyyətə gətirilmişdi.
Nəriman Fərman
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust, №32.- S. 31.