Sonuncu dərvişə...

 

Yenə oxursan, havalı dərviş,

Oynaya-oynaya közlərin üstə.

İlahi sevdalar qoxur nəfəsin,

Bəzəkli-düzəkli sözlərin üstə.

 

Eşqin xirqəsini geyib əyninə,

Bu sevda ola, dolub beyninə?!

Yerləri-göyləri alıb çiyninə,

Hara uçunursan dizlərin üstə?!

 

Behin-bazarın yox dünya heçində,

Baş alıb gedirsən durna köçündə,

O nədir oynayır ovcun içində,

Öpüb oxşayırsan gözlərin üstə?..

 

Doğrumu gəlmişəm bu səsə, Ya Hu?

Mən sevən qumrular oxumur, axı...

İtən itiyimin sonuncu ahı

Yoxsa, Cicək açıb izlərin üstə?!.

 

Gözün aydın...

 

Bu sevda havalı dəli ozandı,

Nəyi itirmişdi, nəyi qazandı?

Çölüm çiçək açdı, içim xəzandı,

Düşdü aramıza qış, gözün aydın.

 

Daha könlüm - çiçək, ürəyim - arı,

Neyləyəcək mənə bu dağın qarı?!

Süzüb badələrə ayrılıqları

Mey bilib eylədim nuş, gözün aydın.

 

Bir ömür yaşadım dünya heçində,

Bihudə dolandım səhra köçündə,

Xəyallarım gedir durna köçündə,

Olub bir köçəri quş, gözün aydın...

 

Leyli pərvanələr oduma gəlmir,

Küskün xatirələr dadıma gəlmir,

Adın, rəngin, ətrin yadıma gəlmir,

Qalmayıb başımda huş, gözün aydın...

 

Görməmişdin axı, məni...

 

Görməmişdin axı, məni,

Necə sevdin, ahu, məni?

Bu dünyanın ahı məni -

Demədinmi tutar sənsiz?!

 

Demədinmi diləklərin,

Qanadında mələklərin,

Enib görər çiçəklərin,

Daşlar altda yatar sənsiz?!

 

Ac ruhuma balıydınmı,

Lalə bağra xalıydınmı?!

Heç halımdan halıydınmı,

Halım necə betər sənsiz?!

 

Qönçə üzüm gün görməmiş,

Şeh-şeh öpdün, gün görməmiş,

Heç demədin güngörməmiş,

Başın nəynən qatar sənsiz?!

 

Sevməkdisə, günahlarım

Gül könlümdə - gül ahlarım,

Harda olsan bil, ahlarım

Səni bir gün tutar, mənsiz.

 

Bənövşə yaşlar

 

Kipriklər altında büküb boynunu,

Quzey gözlərimdə bənövşə yaşlar.

Qönçə yanağımdan şeh-şeh süzülür

Bu payız könlümə yağan yağışlar.

 

Küləklər vidamdı son yarpaqlara,

Deyəsən, düşəcək son ümidim ...

Tumurcuq içində bükülü qaldı

Sevdalı çiçəyim - yaz ümidində...

 

Yarıb qayaları, çapıb daşları

Bir dərdim yol gəlir dəvə belində.

Mənim nisgilimin dilimi var ki?

Oxudur daşları kəklik dilində...

 

Son ümid, son yarpaq - bənövşə yaşlar,

Quzey gözlərimdən süzüləcəkdir.

Mənim həsrətimin bənövşə dərdi

Qayalar dibində düzüləcəkdir.

 

Xəzana dönməsə, sonuncu yarpaq,

Bənövşə ümidlər göyərəcəkdir.

Yenə çiçəklərin sevda qoxusu

Quzey könülləri bürüyəcəkdir...

 

Hardasan, könül yiyəsi?!

 

Ulduzlar sökülüb gəlir,

Buludlar bükülüb gəlir,

Ah olub, tökülüb gəlir,

Lələk-lələk durna səsi,

Hardasan, könül yiyəsi?!

 

Dan yerində can sıxılır,

Nar ürəkdə qan sıxılır,

Hər saat, hər an yıxılır

Tacı-taxtı, bünövrəsi,

Hardasan, könül yiyəsi?!

 

Sevgiyə dön, eşqə boyan,

Məcnun olmaz eşqə doyan.

Bağrımın başını oyan -

Ayrılıq - neştər tiyəsi,

Hardasan, könül yiyəsi?!

 

Ay baharım, çiçək nazım,

Zimistana döndü yazım.

Sinəmin üstündə sazım,

Kərəmin ağlar Lələsi -

Hardasan, könül yiyəsi?!

 

Könlüm nədi - dağ lalası,

Ləçəyində şeh nalası.

Yetim qalan quş balası,

Yurd-yuvasın kim tikəsi?

Hardasan, könül yiyəsi?!

 

Gülüm ləçəklərdə qaldı,

Şirəm pətəklərdə qaldı,

Əlim ətəklərdə qaldı,

İsmarıcım var, deyəsi -

Hardasan, könül yiyəsi?!

 

Darıxdım

 

Dərdlərimdən can qurtara bilmirəm,

Şirin-şirin gülmək üçün darıxdım.

Sənsiz keçən bu günü ölmədim,

Ay üzünü görmək üçün darıxdım.

 

Dağa qalsın  öz çiskini, öz çəni,

Aya verdim bu nisgilli gecəni.

Könüldaşım, hər könlümdən keçəni

Sənin ilə bölmək üçün darıxdım.

 

Ruhum kimi Ay qərq olub qəhərə,

Ülkər arzum axıb-çıxmır səhərə.

Pıçıltıyla "can-can" deyib min kərə,

Sinən üstə ölmək üçün darıxdım.

 

Könlümün

 

Bəndi, bərəsimi vardı könlümün?!

Amanat  yuvaydı, dağıldı getdi.

Neynirsən, axtarıb gidi dünyanı?!

Bu qız da bir yuxu, nağıldı, getdi.

 

Səhranın ortası kimsiz-kimsəsiz,

Küləklər külümü sovurasıydı.

Bilirdim, bu sevda məni vaxtsa,

Tapıb diri-diri qovurasıydı.

 

Mənim kəbinim dərdnən kəsilib,

Şükür ki, getməyə dərdim-sərim var.

Bağlama üzümə könül qapını,

Mənim o könüldə məzar  yerim var...

 

Allah eşqinə...

 

Tər qönçədə çiçək idim,

Açıldım sabah eşqinə,

biləydim ətrim-rəngim,

Yazılır günah eşqinə.

 

Gəzdin məni yerdə, göydə,

neydəydim, meydə,

Könül adlı qəmli neydə

Oxurdum, bir ah eşqinə.

 

Sükutundan keçirmədin,

Bal sevdanı içirmədin,

Sən könlünə köçürmədin,

Mən öldüm, Allah eşqinə...

 

Getdi...

 

Xəbərin oldumu, ey dili-qafil,

Başına pərvanən dolandı, getdi?

Gecəni sübhəcən sənin qapında

Yandı şam ömrünə, qalandı, getdi.

 

Döndü yolların qara daşına,

Bir sultan mülkünün qaravaşına

Min ümid qırıldı qəm savaşına,

Bir ürək qanına bulandı, getdi.

 

Dərdimin dərmanı - dəvalı sevda,

Deyirdin sev, sevil - səfalı sevda,

Bir perikmiş ruhla, havalı sevda,

Gördülər köç yolu talandı, getdi.

 

Deyirlər, yaz gəlir - həyat olacaq,

Qoxla Çiçəyini,  bir gün solacaq,

Onsuz da, bu sevda boyat olacaq,

Gördü nimdaş dünya yalandı, getdi...  

 

İçimdə çiçək bitir...

 

İçimdə ağlayan var

Gecənin lal səsində.

Allah, kimdi hönkürən-

Ruhumun kölgəsində?

 

Əlim əlinə yetmir,

Uçuram, çatammıram,

Hər yerdən səsi gəlir,

Heç yerdə tapammıram.

 

Beləmi olur görən,

Aşiqlərin eşq səsi?

İtiyini axtaran -

Anadilin nəğməsi?!

 

Azıb qalmışam, Allah,

Məni bu səsdən ötür.

Göz yaşını gül eylə -

İçimdə Çiçək bitir...

 

Mən sevən dünya

 

Daha mən sevən dünya

İlmə-ilmə sökülür.

Gül açdığım budaqlar

Yarpaq-yarpaq tökülür.

 

Daha doğmur ulduzlar

Gecələrin ahından.

Oxumur qumru quşlar

Ahların günahından.

 

Gümanların əlində

Sönürəm şam kimi.

Səhər nəyə doğulum

Ölməyə axşam kimi?

Ölməyə axşam kimi...

 

Çiçək MAHMUDQIZI

 

Ədəbiyyat qəzeti.- 2024.- 31 avqust, ¹33.- S.21.