"Duino elegiyaları"ndan
Birinci elegiya
Qışqırsam,
kim eşidər məni mələklərin
mərtəbəsindən?
Və bassa belə içlərindən biri gözlənilmədən məni
bağrına:
əriyib
gedərdim onun üstün varlığı
qarşısında.
Çünki gözəl olan,
çətinliklə qatlana
bildiyimiz Qorxunun
başlanğıcıdır, sadəcə. Heyranıq ona, bizi məhv etməyi özünə
sığışdırmadığı üçün.
Bütün mələklər
qorxuncdur.
Mən də qaranlıq hıçqırıqlarımı ürəyimə basdırıb
tuturam özümü. Kimdən
kömək istəyə
bilərik ki?
Mələklərdən yox, insanlardan yox,
heyvanlar
başa düşə
bilər ancaq rahat olmadığımızı,
bu izah olunmuş dünyada. Bəlkə də bizə qalan
yamacdakı bir ağacdır,
hər gün görək deyə;
dünən gördüyümüz küçədir bizə
qalan
və bir vərdişin ərköyün sədaqətidir,
xoşuna
gəlmişik və tərk etməyib bizi, yanımızda qalıb.
Bir də gecə var, ah, gecə, dünya dolusu külək
üzümüzə vurarkən - kimə qalmaz ki o gözlənən,
xəyal
qırıqlığına uğradan, hər bir ürəyi gözləyən
çətin gecə. Sevənlər
üçün daha asandır sanki?
Ah, onlar ki bir-birini örtər, sadəcə
bəxtləri ilə.
Bilmirsən hələ də?
At qollarından boşluğu
dincəldiyimiz yerlərə; bəlkə
quşlar genişlənən
göy üzünü
hiss edər daha dərin uçuşlarla.
Hə, baharların ehtiyacı var
idi sənə. Gözləmişdi bəzi
ulduzlar sənin tərəfindən
görülməyi. Qabarıb
gəlmişdi
bir dalğa keçmişdən
və ya sən açıq bir pəncərənin
qabağından keçəndə özünü
sənə buraxmışdı
bir skripka. Bunlar sənin vəzifən idi.
Amma öhdəsindən gələ
bildinmi?
Sənə hər şey bir sevgini müjdələyərkən,
sən dağınıq gözləntilər
içində deyildin
ki? (Harada
saxlayacaqsan onu, böyük
qərib düşüncələr
yanından keçib gedərkən
və yanında gecələyərkən.)
Amma darıxsan, nəğmə
oxu sevənlər üçün;
hələ ölüb getməyib
o şanlı duyğuları.
Tərk
edilmişlərdən bəhs
et, onları qısqanırdın
az qala,
vüsala
çatanlardan daha yüksək tuturdun onları.
Həmişə təzədən başqa
heç vaxt çata bilməyəcəyin
tərifə;
fikirləş: qəhrəman daim
özünə sahibdir,
məğlubiyyət belə onun üçün varolmadır: sonuncu doğum.
Amma sevənləri qucağına
alır yorğun təbiət,
elə bil gücü bunu ikinci dəfə
etməyə çatmayacaq.
Qaspara Stampanı kifayət qədər fikirləşmisənmi?
Belə
ki, sevdiyini itirən qız bu örnəyin
önündə yüksəlib, sevənləri
başa düşsə
və
"mən də onun kimi ola bilsəm",
deyə bilsə.
Bu ən köhnə dərdlərin
çiçək açması lazım
deyildirmi içimizdə?
Vaxtı
çatmayıbmı, özümüzü
sevgilidən
sevgiylə xilas etməyin və titrəyərək
ayaq üstdə
qalmağımızın?! Necə ki ox xilas olur yaydan
uçuşunda özünü aşmaq
üçün.
Çünki haradasa qalmaq mümkün deyil.
Səslər, səslər. Eşit,
ürəyim, sadəcə,
müqəddəslərin
eşitdiyi kimi. O əsrarəngiz
səslər onları
yerdən
qaldırmışdı; amma
onlar, o inanılmazlar
diz çökməyə davam
etmiş, fikir verməmişdilər;
eşitmişdilər beləcə. Tanrının səsinə
dözə biləcəyini
zənn
etmə. Amma əsib gələni eşit,
səssizlikdən çıxıb gələn
o fasiləsiz xəbəri.
Sənə güc ölülərdən
çağlayıb gələr
indi.
Addımını atdığın hər
yerdə, Roma və
Neapoldakı kilsələrdə danışmadımı
səninlə
taleləri? Ya da bir kitabə göstərişlə
söykənmədimi sənə, bu yaxınlarda
Santa Mariya Formasadakı o lövhə kimi?
Məndən nə istəyirlər?
Ruhlarının saf hərəkətini
vaxtaşırı bir az əngəlləyən çarəsiz
görünüşdən əl çəkməyimi.
Əlbəttə, qəribədir yer
üzündə yaşamamaq
artıq,
hələ təzə öyrənilmiş
adətləri davam etdirməmək,
güllərə və vədlər
verən başqa şeylərə insan
gələcəyinə dair məna yükləməmək,
o qorxulu əllərdə
artıq
mövcud olmamaq və öz adını belə
sınıq oyuncaq kimi kənara qoymaq. Qəribədir
arzuları bir daha diləməmək. Qəribədir
bir-birinə bağlı şeylərin
fəzada parçalandığını
görmək. Və əzablıdır
ölü olmaq, zamanla hiss etdiyi
bir əlçim sonsuzluqla ovunur insan. Amma
bu cür kəskin fərqlər qoymaq bütün canlıların
səhvidir. Mələklər (deyilənlərə
görə) çox vaxt
başa
düşə bilmirlər
ki, dirilərdəndirlər,
yoxsa, ölülərdən, əbədi
çay hər iki aləmdə
caynağına keçirir hamını,
özünə qatır,
yuyub aparır və batırır səslərini.
Ehtiyacı yoxdur bizə belə tez yox
olanların,
əlaqələri üzülür dünyayla
yavaş-yavaş, uşağın
ana südündən kəsilməsi
kimi. Amma bizlərin
sirrinə möhtac olanlar,
kədərindən xoşbəxt
addımlar yarananlar: onlarsız
var ola bilərdikmi?
Əbəs yerə yaranmayıb
ki, bir vaxtlar musiqinin
ilk cəsur nəğmələrinin
Line üçün oxunan
ağıdan
quraq donuqluğu deşib çıxması əfsanəsi;
o
yarımüqəddəs gəncin qəfil və əbədiyyətlə
addımladığı fəzada başlayıb bu gün bizi sehrləyən,
təsəlli verən, əl
uzadan boşluq ilk dəfə titrəməyə.
Rayner Mariya Rilke
Rilkenin iki ən məşhur
əsərindən birincisi
"Duino elegiyaları"
silsiləsidir (digəri
"Orfey üçün
sonetlər" silsiləsidir).
1912-ci ildə Rilke mənəvi
sarsıntılar keçirirdi.
Həmin dövrdə
knyaginya Mariya fon Turn-und-Taksis Qoqenloenin dəvəti ilə Triyest şəhərindəki Duino
qəsrinə qonaq gedir. Bir neçə ay orada yaşayan şair ilk elegiyanı elə həmin ildə qələmə alır. Sonuncu elegiyanı isə on ildən sonra - 1922-ci ildə tamamlayır. Əksər tənqidçilər
tərəfindən bu
on illik dövr Rilkenin şəxsiyyət
və şair kimi formalaşdığı
dövr olaraq qəbul edilir.
Rayner Mariya Rilke
Tərcümə etdi: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti. - 2024.- 24 avqust,
№32.- S. 32.