Dilimizə hörmət edilsün
Xalid Səid Xocayevin 1919-cu ildə yazdığı məqalə Nadir Məmmədlinin təqdimatında
Dilin milli kimliyinin və
saflığının qorunması
Dilə
alınma sözlərin gəlişi, yad təsirlər təbii
inkişaf prosesidir. Dilin qorunması və inkişaf etdirilməsi
ilə bağlı müxtəlif fikirlər hər zaman
geniş müzakirə mövzusu olmuşdur.
XX əsrin əvvəllərində
əksər ziyalılarımız milli
özünüdərk və mədəni dirçəliş
prosesləri ilə əlaqədar olaraq, Azərbaycan dilinin
saflığının qorunması və təmizliyi
uğrunda mübarizənin hər hansı bir müdaxiləsiz, müstəqil
şəkildə inkişaf etməli olduğunu dəstəkləyir
və mühüm müzakirə mövzusuna çevirirlər.
Milli kimliyin qorunmasında əsas amil kimi xalqın öz saf və
zəngin dilinin inkişaf etdirilməsi nəzərdə
tutulurdu. Müzakirəyə qoşulan
ziyalılarımızdan biri də Xalid Səid Xocayev
olmuşdur. Onun haqqında ilk fundamental monoqrafiyanı
tanınmış ziyalı, filologiya üzrə fəlsəfə
doktoru, dosent Azər Turan yazmışdır.
Xalid Səid Xocayev
1893-cü ildə Daşkənddə anadan olub, orada mədrəsə
təhsili alıb. 1911-ci ildə Türkiyəyə
- İstanbul Universitetinə oxumağa göndərilib. 1917-ci
ildə Tarix-filologiya fakültəsini bitirib, 1918-ci ildə
İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə
Nuru Paşanın türk ordusunun tərkibində Azərbaycana
gəlib. Bakıda azərbaycanlı xanımla ailə qurub, bir daha nə
vətəninə, nə də Türkiyəyə
qayıdıb. Müxtəlif illərdə Azərbaycanın bir çox ali təhsil
ocaqlarında: Azərbaycan Dövlət Universitetində,
Pedaqoji Universitetdə, İndustriya Texnikumunda, Hidrotexnikumda,
Ağamalıoğlu adına texnikumda, rabfaktlarda, aspirant
kurslarında dərs deyib. Xalid Səid türkologiya tarixində
Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" ensiklopedik əsərinin ərəb
dilindən ilk tərcüməçisidir. Məhz bu kitaba və
əksinqilabi pantürkist təşkilatın üzvü kimi
"Türkiyənin xeyrinə kəşfiyyat işi
apardığı üçün" 1937-ci ildə güllələnib.
Əsərləri "xalq düşməni" kimi
müsadirə olunsa da, bəziləri vaxtı ilə işlədiyi
AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivində,
kitabxanalarda qorunub saxlanılıb. Yazılarından biri M.F.Axundzadə adına Milli Kitabxananın nadir
fondundadır.
Məqalə 30 yanvar 1919-cu ildə "Azərbaycan"
qəzetinin 101-ci sayında dərc olunub. Əski əlifbadan
transliterasiya etdiyim məqaləni oxuculara təqdim edirəm.
Nadir MƏMMƏDLİ
Filologiya elmləri
doktoru, professor
Dilimizə hörmət edilsün
Bizə pək
də iyi nazarla baqmayan bəzi Avropa mütəfəkkirləri
türk millətinin istedad və qabiliyyəti-mədəniyyədən
məhrum olduğunu iləri sürürlər. Halbuki bunlar
qürünu-vüstada möhtəşəm bir islam mədəniyyəti
mövcud olduğuna qaildirlər. Mədəniyyəti-islamiyyənin
amilləri araşdırılsa, ərəblər və
farslar qədər türklərin, türk alimlərinin dəxi
təsiri oldığı aşkardır.
Ərəbcə yazılan asari-müxəllədənin
ən nəfisi türk alimləri tərəfindən
yazılmış oldığı inkarı qabil olmayan bir həqiqətdir.
Türklərdən farsca asari-ədəbiyyə təlif
edənləri yazmaq üçün böyük tərcümeyi-hal
kitabı təlif etmək icab edər. İddia edildigi gibi
türklər təbən istedad və qabiliyyətsiz olurlarsa
hər vəqt ayni qabiliyyətsizlik təsiri altında
heç bir mövcudiyyəti-elmiyyə göstərəməzlərdi.
Halbuki qiymətdar əsərlər meydana gətirən
türk müəllifləri idi; qürunu-vustada müəssəsatı-elmiyyəsi
ilə məşhur olan və Əndəlüs üləmasından
heç də geri qalmayan alimlər yetişdirən Səmərqənd,
Buxara, Xarəzm şəhərləri türk vətəni və
orada yetişən ən məşhur müsəlman alimləri
yenə türk övladı idilər. Şu halda türk irqinə
isnad edilən "istidadsızlık" iftiradan başqa bir
şey olamaz. Yalnız bizim də itirafına məcbur
qaldığımız bir şey varsa, o da türklərin
şimdiyə qədər kəndi millətlərinə
qarşı irtikab etdikləri qeyri-qabili-əfv cinayətlərdir.
Türklər qədər kəndi millətinə biganə
qalan heç bir millət təsəvvür edilməz.
Türklər daima başqalarının hesabına
çalışmış, daima başqasına şərəf
qazandırmış və bu xidmətlərinə
qarşı olmaq üzrə eyni millətdən təhqir və
təzyif eşitmişdir. Bu iddiayı isbat etmək
içün bir az tarix səhifələrini
qarışdıracaq olursaq, görürüz ki,
zühuru-islamı mütəaqib, ərəblərlə
münasibət peyda edən türklər dərhal ərəb
əbasına büründilər; milli ənənələrini,
adətlərini, tarixlərini vəl-hasil hər şeylərini
unutaraq var qüvvətilə ərəbləşməgə
çalışdılar. Adları ərəbcə,
libasları ərəb libası, evlər ərəb evi…
Xülasə, türklügə aid şeylərin qalması qəbahət
imiş kibi, tamamilə çıqardılar atdılar. Müəlliflər,
şairlər, ədiblər daima ərəb ruhunda, ərəb
lisanında yazdılar. Bundan sonra farslarla münasibət peyda
edən türk mühiti var qüvvətilə
farslaşmağa çalışırdı, artıq
bütün ənənə, adat, tərzi-məişət
farslaşıyordı; artıq isimlər Abdullah,
Əbdürrəhman, Seyfəddin, Hüsaməddin… şəkillərindən
çıqıb Keykavus, Cəmşid, Fəridun, Təhmasb
şəkillərini alıyordı. Artıq şairlər
"bəzmi-Cəmşid, zülfi-səmbənu,
saqiyi-xoşru, meyi-dosale, məhbubi-çehardeh-sale"dən
bol-bol bəhs ediyorlardı. İş bununla da
qalmıyordı: bunlara qarşı kəndilərinə
"türk" denilincə, ən böyük həqarətə
məruz qalmış kibi kızıyorlardı.
Ruslarla münasibət başlar-başlamaz,
bir qismimiz həman rus boyasına
boyandıq; əski adətimiz mucibincə ruslaşmağa
çalışdıq. Bizim mənsub
bulındığımız bir millətin mövcud və ədəmindən
xəbərimiz belə olmadı. Bizim də bir mövcudiyyəti-milliyyəmiz,
bizim də bir şərəfi-millimiz, bizim də bir
namusi-millimiz ola biləcəgini xatirimizə böylə gətirmədik.
Əvvəla kəndi ixtiyarımızla düşdigimiz
girdaba sonra nim-məcburi bir surətdə atılurdıq, milli
təlim və tərbiyə, sərbəstlik nemətindən
məhrum edilmişdi. Bizim içün açılan
hökumət məktəbi bizə rus ülum və
fünunini ögrətməgdən ziyadə bizi
"Niqalayı təqdir edən mütəəssib bir
mujik" yapmağa çalışıyordı. Binaənəleyh
surəti-xüsusiyədə yetişdirilən misyonerlər
müəllimlik namilə bu məktəblərə göndəriliyordı.
Artıq işimiz təhlükə yolını
dutmışdı. Qabiliyəti-təmsiliyəmizə bir də
mahir misyonerlərin dəssas tədbirləri inzimam edincə
bir qaç sənə içində millətimiz,
türklügümüz və buna aid bütün
hissiyatımız aramızdan uzaqlaşub gedəcəkdi.
İşin vəxamətini anlayan münəvvərlərimiz,
millətin qulağına intibah azanını oqumağa
başladılar; fəqət nə çarə ki insaniyətlə
əlaqəsi olmayan və bütün səadətini təbəəsinin
cəhalətində arayan Niqalay hökuməti bunları vətənlərindən
tard etdi.
Nəhayət, bu gün əsərləri ancaq tarix səhifələrində
qalan bütün zalım hökumətlər kibi Niqalay
hökuməti də yıqıldı, parçalandı.
Əsarət altında əzilüb inləyən
bütün məhkum millətlər kəndilərini idarə
etmək haqqını bil-feil qazandılar. Uzun zamanlar istiqlal
eşqilə yanan qəlblərə sərin ümidlər sərpildi.
Nəhayət, bu gün Lehistan, o bir gün Uqraniya... Arqa sıra böyük sürur
talğaları arasında istiqlallarını elan etdilər.
Ən ziyadə əzilən biz oldığımızdan
tolayı ən əvvəl istiqlalını elan edən də
biz olmamış icab edərdi, lakin səciyyeyi-milliyəmiz
arasında kökləşən "xatirnəvazlıq"
xəsisəsi bizi ən sonra elanı-istiqlal etməgə məcbur
etdi. Nəhayət, ümumi cərəyanlara
qarışdıq, biz də istiqlalımızı elan etdik.
Etdik, amma bizim istiqlalımız Rusiyada olan gürci, erməni
və sair millətlərin istiqlalından pək fərqli
qaldı. Onlarda ümuri əllərinə alır-almaz əvvəl-əvvəl
hər şeylərini milliləşdirməgə
başladıqları kibi, müamilati-rəsmiyyələrini
dəxi milli lisanlarında icra etmək içün də heç bir dəqiqələrini
fövt etmədilər.
Millətlərə sahei-siyasət və mədəniyyətdə
bir mövqei-məxsus təyin etdirən, ancaq milli
lisanlarıdır. Bir millətin dərəceyi-tərəqqi
və təkamüli ancaq lisanlarilə
ölçülür. İştə bunı fərq edən
millətlər, kəndilərini səhneyi-siyasət və mədəniyyətdə
bariz bir surətdə göstərmək içün birinci
işləri rəsmi müamilələrini milli
lisanlarında yapmaq oldı. Halbuki bizim rəsmi dairələrimizdə
işlər hala rus dililə görülüyor.
- Əcəba, nədən?
Bu suala cavab vermək
içün üç ehtimal xatirə gəlir:
1. Bəzi
kimsələrin və bilxassə ümumiyyətlə avam təbəqəmizin
düşündükləri kibi "məmləkətimizdə
bulunan bir qaç rus vətəndaşlarımızın
xatirlərini saydıqda" ondan tolayı rəsmi müamilələrimizi
rusca görüyoruz; dimağlarımızda yerləşən
əski "xatirnəvazlıq" səciyyəsi
tolayısıyla bu ehtimal xatirə gəlir. Fəqət mənafeyi-milliyəmizlə
qeyri-qabili-təlif və arzuyi-ümumiyəyə müxalif
olan bu ehtimalı pək uzaq görüyorum. İş
başında bulunan zəvatın böylə bir qaç kimsənin
xatiri içün mənafeyi-milliyəyi fəda edəcək
adamlar olmadığına qaneyəm. Fərzi-muhal olaraq
işbu səbəbdən tolayı ruscayı qullanıyorsaq,
bu dəfə də ən böyük xətayı irtikab
etmiş olacağız. Çünki yarın bizə
qarşı "siz istiqlala müstəhəq bir millət
olsaydınız, əlbəttə, sizin də bir diliniz
olacaqdı; halbuki qullandığınız dil bizim dildir"
deyə bağıran yenə bizim xatirlərini
saydığımız rus vətəndaşlarımızın
bir qismi olacaqdır. Nitəkim böylələri bizi təkrar
əsarət və məhkumiyət altına soqmaq
içün əllərindən gələni əsirgəmiyorlar.
Kəndi dilimizlə qonuşmağa
başladığımızı görüncə, "Xeyr,
olmaz! Rusca danışmalı" deyə
bağırıyorlar.
2.
Dilimizin təkamülati-hazirəsi məmləkət idarəsinə
kafi olmadığından rəsmi müamilələrimizi
türkcə yapmadıq; və yaxud yapamadıq. İştə
qəlbimizə rişeyi-xüsran verən və gözlərimizi
məğmum-məğmum yaşartan əlim bir hadisə!
Əsrimizin əqlə heyrətlər verən tərəqqiyatı
arasında dilimizin hala müamilatımıza kifayət edəcək
dərəcədə bulunmaması, nə dərəcədə
şayani-əsəf bir hal... Lakin bu ihtimal da doğrı
olamaz. Çünki: dilimiz müamilatı-rəsmiyəmizi əcnəbi
bir lisanla icraya məcbur edəcəkdir kibi çoqdan
keçmişdir. Vaqeən fransız, alman, rus lisanları dərəcəsində
olmadığını itiraf etməgə məcburuz: fəqət
olduqca oqulur, yazılır bir lisan olduğunu da kimsə inkar
edəməz, bilxassə milli intibahın az, çoq runüma
oldığı zamandan bəri dilimiz də olduqca iləriləmiş
bir halda bulunuyor. Kəndi ihtiyacımızın mühim bir
qismini ifa edə biləcəgində şübhə yoqdur. Bu
gün qırıq, dökük bir halda olsa belə,
ihtiyacımızı təmin edən dilimiz - bir az hörmət
və itina edildigi təqdirdə, yarın bütün
ehtiyacımıza kafi gələcək bir hal kəsb edəcəginə
əmin olalım. Qaba əski, püski olub da bizim
malımız olan bir şey, nazik və nəfis olub da "əcnəbi"
olan şeylərdən daha iyi degilmi!
3.
Dilimizin oquyub yazanlarımızın kafi dərəcədə
olmayub az bulunması ki ən qəvi ihtimal da budur. İştə
binlərcə yıllar milli
hisslərə biganə olaraq yaşamamızın bizə
yadigar bıraqdığı müdhiş bir fəlakət. Məmləkət
idarəsi içün kifayət edəcək miqdarda rusca bilənlərimiz
bulundığı halda, kəndi dilimizi bilənlər
bulunmaması bizi nə qədər düşündürsə,
nə qədər məhzun edərsə yenə azdır;
halbuki yanı başımızda bulunan daha dünə qədər
eyni məhkumiyət, eyni şəraiti-həyat altında
yaşayan gürci və erməni qomşularımız
böyləmidir? Onlar nə qədər rusca ögrənmişlərsə,
o qədər də kəndi dillərini ögrənmişlərdir.
Çünki onlarda milli hiss, milli duyğu vardı...
Artıq
namusi-millimizi təmizləmək
istərsək, tam mənasilə hür və
müstəqil olaraq yaşamaq arzu edərsək, milli dilimizi təqdis
edəlim və onı ögrənmək içün ən
qısa yollar arayalım. Vəssəlam.
Azərbaycan
qəzeti, 30 kanuni-sani
(yanvar) 1919, nömrə
101, səhifə 3.
Taşkəndli Xalid Səid
Ədəbiyyat qəzeti.- 2024.- 31 avqust, ¹33.- S.15.