Ölüm ayrılıq deyil...
Fuad Biləsuvarlı
Şahmar Əkbərzadə
haqqında yazır
Şahmar Əkbərzadənin "Xarıbülbül nəğmələr" kitabını birnəfəsə, həm də çox böyük maraqla oxudum. Şairin nəfis tərtibatlı bu toplusunda toplanmış şeirlər öz mövzu rəngarəngliyi ilə seçilir. Bu şeirlərdə sevgi-məhəbbət də var, vətən həsrəti də var, həyat fəlsəfəsi də var. Həmişə öz çılğınlığı ilə diqqət çəkən Şahmar Əkbərzadə, hətta dünya futbolunun ilk ulduzlarından biri olan məşhur braziliyalı futbolçu Peleyə də şeir həsr edib.
Aldatmaq insanı gözdən
salsa da,
Çatdırdı Peleni şöhrətə-şana.
Həsəd aparırdı ağıllı
başlar
Ağlı topuğunda olan
oğlana.
Şahmar
Əkbərzadənin bu
kitabda toplanmış
şeirlərini oxuduqdan
sonra onun digər nəşr olunmuş kitablarını
əldə etməyə
çalışdım. Çox
təəssüf. Açıq
etiraf edirəm ki, dəydiyim bir sıra kitab satış mərkəzlərində də
tapılmadı. Nə
yaxşı ki, kitabxanalarda
Şahmar müəllimin
kitablarına rast gəldim.
Bəlkə də çılğınlığından
irəli gəlir və ya təbinin
güclülüyündən Şahmar müəllim gördüyü ən adi bir şeydən
belə təsirlənir
və həmin anları poetik şəkildə oxucularına
təqdim edir:
Qan eləyir oğrun baxan baxışın,
Qoy eləsin, belə xoşbəxt qəza yox.
Məni
oda-közə yaxan baxışın
İldırımdır, ildırıma cəza yox.
Bir vaxtlar qapımızı demək olar ki, hər gün döyən, müjdələr
gətirən, hər
evin istəkli qonağına çevrilən
poçtalyonlar haqqında
çox şeirlər
yazılıb. Böyük
şairimiz Süleyman
Rüstəm də, Əli Kərim də poçtalyona şeir həsr ediblər. Ancaq Şahmar Əkbərzadənin
"Poçtalyon İmran" şeiri də çox təsirlidir. Sanki
hamımız, bütün
oxucular poçtalyon İmranı tanıyır.
Axı, hansı kənddə, hansı obada poçtalyon olmayıb?!
Səhərlər obaşdan əl
açıb yenə
Poçtu gətirməyə yollanardı
o.
Davadan bəd xəbər gəlməsin deyə,
Gözəgörünməzə yalvarardı
o.
Amma nə edəsən ki, mənfur müharibənin
öz qanunları var.
Müharibə varsa, ölüm də var. Bu, qaçılmazdır. Müharibə
dövrünün bütün
poçtalyonları kimi
sadə peşə sahibi İmran kişi də belə xoşagəlməz, ürəkdağlayan
hallarla rastlaşır.
Ölüm xəbərini nə
təhər verim,
Ay Allah,
ay Allah, ölüm mənimdi,
deyir -
İmran kişi...
Çox
təsirli misralardır.
İnsanı düşündürür,
o anları yaşadır.
Kədər sahiblərinin
dərdinə uzaqdan-uzağa
da olsa, şərik olmaq, təsəlli vermək istəyirsən.
Əsl poeziyanın gücü də elə bundadır.
Müharibə illərinin poçtalyonu
İmran kişi də
belə nəcib hisslər keçirir.
Şahmar
Əkbərzadə xeyirxah
hisslərə köklənmiş
bu şeiri təsirli bir sonluqla bitirir.
Goru nurla dolsun İmran əminin,
Beləcə özünə ölüm
dilərdi.
Cəbhədən dönməyən hər
bir kimsəni
Doğmaca balası, oğlu
bilərdi.
Və yaxud Şahmar müəllimin başqa bir şeirinə nəzər salaq: "İşıqçəkən". Bu şeirin qəhrəmanı
adi bir elektrik
montyorudur. Evlərə
işıq çəkir,
dünyanı nura qərq edir. Gəncdir, hələ heç ailə də qurmayıb. Özünün ürək
parasını hələ
tapa bilməyib. Bəlkə
də başı özünün xeyirxah peşəsinə o qədər
qarışıb ki, hələ
özü haqqında
düşünməyə vaxt tapmayıb.
Şahmar
müəllim öz şirin təhkiyəsi ilə bu anları
gözəl və təsirli təsvir edir:
Öz könül şamını
yandıra bilmir,
Baxma, evlərə nur paylamağından.
Görən, hansı gözəl
işıq çəkəcək,
Bu işıq oğlunun qəlb otağına?!
"Xarıbülbül nəğmələri"
kitabının bu bölməsində Şahmar
müəllimin yaxın
dostlarına, elm, incəsənət
xadimlərinə, yaxından
tanıdığı sənət
adamlarına ithafla yazılmış şeirləri
toplanıb. Bu təsirli
ithaflar kimlərə həsr olunmayıb?! Bəxtiyar Vahabzadəyə,
ölməz Bülbülə,
Üzeyir bəyə,
böyük alim Xudu Məmmədova, Səməd
Vurğuna, maestro Niyaziyə,
bəstəkar Süleyman
Ələsgərova, dostu
Zeynal Məmmədova,
tarixi romanlar ustası Fərman Kərimzadəyə...
Bu siyahı çox genişdir. Və ithaf olunmuş bu şeirlərin hər birində ürəklərə təsir
edən səmimi hisslər var. Bu şəxslərin,
görkəmli adamların,
xadimlərin çoxları
ilə Şahmar Əkbərzadəni sıx
dostluq telləri bağlayır.
Şahmar
müəllim dostluqda
çox sədaqətli,
etibarlı, əvəzsiz
bir ziyalı olub. Bunu "Xarıbülbül nəğmələri"
kitabının naşiri
və Ön sözün müəllifi,
tanınmış naşir
Əlövsət Ağalarov
da Ön sözdə qeyd edir: "Əsl dost okeanların dibindəki mirvari kimidir, az tapılır,
ildırımlar kimi qaranlıq çökəndə
ilk onlar görünürlər.
Şahmar Əkbərzadə
də əsl dost idi..."
Məhəbbət mövzusu da Şahmar
müəllimin əbədi
mövzularındandır. Bu qəbildən olan şeirlərində çox
kövrək hisslər
var. Şahmar müəllim
bu şeirində saf məhəbbəti tərənnüm edir:
Səndən zülümlər görsəm,
Zülümdən gözəl nə
var?!
Dizin üstə can versəm,
Ölümdən gözəl nə
var?!
Şahmar
Əkbərzadə nə
qədər ürəkdən,
poeziyaya sonsuz məhəbbətlə yazıb-yaratsa
da, ürəyində ağır
nisgil gəzdirirdi; Qarabağ nisgili, Ağdam nisgili... Uşaqlıq illəri bu torpaqlarda keçmiş Şahmar müəllimi işğal
altında olan yurd həsrəti üzürdü. Və bu həsrət nisgil dolu misralara
çevirilirdi. "Laçın
dağlarına məktub"
şeirində yazır:
Behiştdən gözəlmiş cəhənnəm
dərə,
Cənnət deyəydilər gərək
o yerə.
Nərdivan dağıyla qalxdım
göylərə,
Dünyaya sığmadı vüqarım
mənim.
Şahmar
müəllim torpaqlarımızın
işğal altında
olmasına heç cür dözə bilmirdi. Bu ağrı-acını
yazdığı şeirlərlə,
kövrək misralarla
ovundururdu.
Daha danışmağa sözmü
qalıbdır?
Gərək söz tutmasın
dodaqlarımız.
Ulu Xan qızının baş örpəyindən
Götürsün payını papaqlarımız.
Bir şeirində isə ürək həsrətini
belə təqdim edirdi:
Həsrət qoxlayıram çiçək
yerinə.
Min-min təəssüf ki, Şahmar
Əkbərzadə torpaqlarımızın
30 illik işğalına
son qoyulan günü görmədi. Vaxtsız əcəl onu bizdən tez ayırdı. Yəqin ki, bu gün biz Zəfər qələbəsinə
sevindiyimiz kimi, onun da ruhu şaddır.
Onun ruhu və bizim könlümüz
indi çox rahatdı. Ona görə
ki, Şahmar müəllimin
canından çox sevdiyi əzəli və əbədi dədə-baba torpaqları
azaddı. Həm də sevindirici hallardan biri də odur ki, Ağdamda küçələrin
biri Şahmar Əkbərzadənin adını
daşıyır. Ölüm
bu istedadlı ziyalını bizdən cismən ayırdı, ona olan əbədi
sevgi isə həmişə ürəyimizdədir.
Şair demişkən,
"sevgi varsa, ölüm ayrılıq deyil..."
Fuad Biləsuvarlı
Ədəbiyyat qəzeti.- 2024.-
31 avqust, №33.- S.12.