Gümüş durnalar

 

Hekayə

 

Elə xatirələr var ki, bahar kimidi...

O gün nənəm köhnə corablarının altını yamadı, paltarını çeşidləyib, səliqəylə üst-üstə qalaqladı, qulağındakı gümüş sırğaları çıxarıb duzlu suda yaxşı-yaxşı yuyub parıldatdı. Sonra ovcuna qoyub bir xeyli tamaşa elədi. Sözün düzü, nənəmin sırğaları gümüşdən düzəldilmiş bir cüt zərif durnaydı. Elə bil ayaqlarını suya vurub bu an havaya qalxacaqdılar. Yalan olmasın, nənəm bu durnaları bir ömür özüylə gəzdirmiş, durnalar da vəfalı çıxıb onu tərk edib uçub getməmişdilər...

Kəndin qız-gəlinləri bu sırğanı görən gündən hayıl-mayıl qalmış, gördüklərinin üstünə beşini qoyub görməyənlərin ovcuna qoymuşdular. Belə-belə nənəmin sırğalarının səsi-sorağı yeddi para kəndə yayılmış, uzun illər nənəmin sırğaları heç vaxt dəbdən düşməmişdi...

, onu deyirəm axı, nənəm pal-paltarına əl gəzdirdi, sırğalarını parıldatdı, qaloşlarını yuyub, qurusun deyə çəpərdəki ağaca keçirdi, mən fürsətdən istifadə edib, nənəmin gözündən yayınıb uşaqlara qoşuldum, kəndin ayağında yaşayan Səlimin oğlu Ələddinin toyuna baxmağa getdim. Kaş getməyəydim.

Toy mağarının qapısında ağzıpartaq Ruzigar arvadla qarşılaşdım. Ruzigar arvad əvvəlcə nənəmin halını soruşdu, sonra da qızıl dükanına oxşayan ağzını açıb elə beləcə dedi:

- Azzz, nənənə de, qulağındakı sırğaları çıxarıb atsın, indi kənddə bütün arvadların sırğası var, özü qızıldan. Day onun durnalı sırğasından ötrü ölüf-eliyən yoxdu.

Ruzigar arvadın yanındakılar toyuq kimi qaqqıldaşıb gülüşdülər. Nəsə demək istəsəm , deyə bilmədim. Pərtliyimi gizlətmək üçün toy mağarına girib gözdən itdim. Amma o gün zurna-balabanın səsi belə kefimi aça bilmədi.

Evə qayıdanda artırmada oturub lobya dənələyən nənəmə diqqətlə baxdım. Başını çalıb, koftasının qollarını dirsəyəcən çırmalamış, üstü butalı yaşıl tumanını dizlərinin arasına yığmışdı. Nənəm ağbəniz, yupyumru, ortaboylu, gözəl arvadıydı. Dəniz rəngli iri gözləri vardı. Saçını tən ortadan ayırar, səliqə ilə darayıb iki saç hörər, arxada bir-birinə çatallayardı. Yaşı səksəni haqlasa da, gözəlliyi üstündəydi. Əgər dişləri tökülməsəydi, lap cavan qıza oxşayardı. Amma xırda ağzında vur-tut, iki saralmış dişi vardı. Dişlər ağızdakı boşluqdan istifadə edib uzandıqca-uzanmışdı. Bu uzun dişlər belə nənəmin gözəlliyinə xələl gətirə bilməmişdi. Nənəm sadəcə, qocalmışdı, bəlkə həyat onu yormuşdu. Qəfildən "Nənə, ay nənə!" - deyib onu öz aləmindən ayırdım.

Diksindi. Az qala ləyəndəki lobyalar yerə töküləcəkdi.

- Vurğun vursun səni, səhərdən hansı cəhənnəmdəsən, ağzın hara düşür, ora da gedirsən, sənin tayların ev yığışdırır, nənəsinə kömək eləyir, qara yerə soxum boyunu, böyümək yerinə, günü-gündən uşaqlaşırsan! - deyib ürəyini boşaltdı.

Mən qızılgül kolunun ətrafında qurdalanıb özümü elə apardım ki, guya nənəmin dediklərini eşitmirəm.

Amma onu da bilirəm ki, nənəmin hirsi yaz qarı kimidi, yerə düşməmiş əriyir.

Axır ki, nənəm deyinə-deyinə oturduğu yerdən qımıldandı.

- Keç içəri, acından-susuzdan öldün, evim yıxıldı. Stolun üstündə kasada qaymaq qoymuşam, təhnədən çörək götür, ye. Bayaq əmin gəlmişdi, sənə konfet gətirib, servantın alt gözünə qoymuşam, - dedi.

Konfet adını eşidəndə gözlərimə işıq gəldi, nənəmin yanından güllə kimi keçdim. Əvvəlcə şokoladı, üstündən camış qaymağını yeyib ayağa qalxmaq istəyirdim ki, nənəmin səsini eşitdim:

Axşam düşür, qaç bulaqdan su gətir, çay qaynadaq.

Balaca səhəngimi götürüb Damcılı bulağa qaçdım.

Səhəngim elə balacaydı ki, gətirdiyim su çayniki güclə doldurdu. Bulağa bir qayıdası oldum. Kəndin ayağından hələ nağaranın səsi gəlirdi.

Nənəm dənələdiyi lobyanı mis siniyə töküb, ləngərli yerişlə gedib bir qalaq odunun üstünə qoydu. Mənə tapşırdı ki, gözdə-qulaqda olum, toyuqlar çıxıb dağıtmasın.

Özümü elə göstərdim ki, guya dediyinə əməl edirəm, amma toyuqları güdmək fikrim yox idi. Bekarçılıqdan əlimi səliqə ilə üst-üstə düzülmüş odunlara sürtdüm. Üstü mamırlı yaş odunların ətri dalğa-dalğa ətrafa yayılırdı. Nənəm, əli çatsın deyə ayağının altına qoyduğu kötüyü diyirləndirə-diyirləndirə mənə tapşırıqlar verirdi.

- Sabah dükana gedib paltar sabunu alarsan. Ordan da poçta gedərsən, Məhəmməd əminə deyərsən ki, keçən ay "Göyərçin" jurnalım gəlməyib, məsələdi?

- Yaxşı, - deyərəm.

Günəş dağın arxasına keçəndə, birdən-birə kefim tamam pozuldu. Ürəyim tora düşən balıq kimi çırpındı. Sıxıldım. Bilmirəm, mənə əzab verən hissin adı idi, elə bil nənəmə isə vacib, çox vacib bir söz deməliydim. Amma deyəcəkdim, Ruzigar arvadın qurdlu sözlərinimi? Yox, nənəmin kefini heç nədən pozmayacaqdım. Nənəm heç kimin işinə qarışmır, heç kimin sözünü danışmır, ipək kimidir. Bütün gün işləyir, bilir ki, mənim bu dünyada ondan başqa heç kimim yoxdu.

Yadımdadı, bir dəfə nənəm bərk xəstələnmişdi, kəndimizin ara həkimi Ağabikə qarı dedi ki, bəs Humayın axırıdı. Gecə nənəmlə tək qalanda, pıçıltıyla Allaha yalvardığını eşitdim. Nənəm durmadan danışırdı: "Bilirəm, qocalmışam, amma nəvəmi qoyub ölən deyiləm. Bax, sözümüz sözdü, ha. Ata-anasını vaxtsız-  vədəsiz apardın, sözüm yox, özün yaratmısan, özün bilərsən. Mən qalası deyiləm, ha, gec-tez dərgahına gələcəm. Amma azacıq möhlət ver. Onu bu həyət-bacada, bu evdə tək qoyub gedə bilmərəm..."

Onda mən nənəmin qədər əlacsız olduğunu görüb qorxdum, özü bərk qorxdum. Anladım ki, bu dünyda nənəmdən əziz heç kimim yoxdu. O olmasa, kim mənim qeydimə qalar? Kim saçımı darayar, paltarlarımı yuyar, kim yumurta satıb Novruz bayramında mənə dükandan qırmızı güllü don alar? Kim məktəbə gedəndə mənim çantama qoz-fındıq tökər, kim mənə yun əlcək, corab toxuyar, aldığı qocalıq pulundan kim hər gün 20 qəpik ayırıb "özünə bufetdən bir şey al" - deyər? Nənəmin elədiyini kim eləyər? - Heç kim! Canım nənəm!

Axşam yatmamışdan əvvəl nənəm işığı söndürüb yerinə girəndə Ay ağacların budaqlarından süzülüb pəncərədən otağımıza boylandı. Divarda nənəmin iri kölgəsi titrədi.

Nənəmlə qədim taxtın üstündə baş-ayaq yatırdıq. Mənə görə dünyada nənəmin ayağı altında yatmaqdan gözəl heç ola bilməzdi. Nənəm ayaqlarımı qucaqlayırdı, elə qucaqlayırdı ki, ürəyinin döyüntüsünü hiss edirdim. Mən nənəmin yupyumru ayaqlarını qucaqlayırdım, hərdən şitliyim tutanda ayaqlarının altını qıdıqlayırdım. Nənəm elə gülürdü ki, bütün bədəni yırğalanırdı. Axırı da onunla qurtarırdı ki, əl çəkim deyə mənə təpinirdi.

O axşam şitliyim tutmadı, nənə-bala ordan-burdan danışıb, dərdləşdik.

- Sabah paltar sabunu alarsan, ha, yadından çıxmasın.

- Yadımdadı, - dedim.

Sonra sözü hərləyib-fırlayıb sırğalarının üstünə gətirdim. Durnalı sırğalarını tərifləyib dedim ki, yer üzündə bu gözəllikdə sırğa yoxdu.

Nənəm ürəkdən güldü, bədəni qayıq kimi yırğalandı.

- Bu sırğaları mənə baban alıb. Üçcə günün gəliniydim. Soyuq payız günü idi. Bir səhər baban sübh tezdən evdən çıxdı. Axşam oldu, gəlib çıxmadı. Narahat oldum, dedim balam, bu kişi hara getmiş olar? Lampanın yanında oturub, yumub-tökdüm, qapı qəfil cırıltıyla açıldı. Babanıydı. Əlləri bumbuz idi. Əlini cibinə salıb bir cüt sırğa çıxardı. Sırğanı görəndə ürəyim uçum-uçum uçundu.

- Zərgərliyə getmişdim, bu sırğaları zərgər Rəsul düzəldib, - dedi.

Baban sırğaları mənə uzatdı, alıb qulağıma taxdım. Vallah, elə bil dünyanı mənə verdilər.

Baban nəsilli-nəcabətli bir kişiydi. Ata-babası bu mahalın varlı-karlı adamıymış. Sürü-sürü mal-qaraları, tuluq-tuluq qızıl-gümüşü. Şura hökuməti hamısını əllərindən almışdı.

Baban kasıbçılıqdan sıxılırdı, məni sevindirmək üçün yeddi kənd aşıb bu sırğaları gətirmişdi.

Durnalı sırğa o gündən kəndə səs saldı. Qız-gəlinlər axşam-səhər bulağa gedəndə qarşımı kəsib sırğaya baxardılar. Neçə kərə kənddən zərgər Rəsulun yanına gedib durnalı sırğa istəyən oldu, düzəltmədi, dedi, "əsl zərgər bir düzəltdiyini iki kərə düzəltməz, başqa istəyirsiz, düzəldim, durnalı sırğa Həmidin istəyi idi, mən onun istəyini yerinə yetirdim".

O vaxt çox gənc idim, illər sonra babandan soruşdum ki, a kişi, bu durna məsələsi hardan çıxdı, baban altdan-altdan qımışdı. Dedi ki, ilk dəfə səni görəndə incə, durnaboyunlu bir qızıydın. Sən mənim qəlbimə durna kimi girdin, sənə görə durnaları sevdim. Bir durnalar vəfalı olur, pis zəmanədir, bu əmanəti qoru, həyatı bilmək olmaz, başımıza gəlirsə-gəlsin, bu sırğanı qulağından çıxarma.

Nənəm susdu, kim bilir, fikri haralara getdi?!

Handan-hana danışmağa başladı:

- Heç çıxarammadım da... Baban olacaqları elə bil əvvəlcədən duymuşdu. Bu durnalardan başqa heç babanın istədiyi kimi olmadı.

37-ci il başlayar-başlamaz, qara xəbərlər qara ilan kimi el-el, ev-ev dolaşdı. Baban narahat idi. Filankəsi tutdular, filankəsi xalq düşməni elədilər, filankəs xain çıxdı... Qonşu kənddən Səlim müəllimi apardılar, Molla Hümbəti xalq düşməni adıyla güllələdilər, mənim sırğalarımı düzəldən zərgər Rəsulu damğaladılar, bu elin, bu torpağın say-seçmə oğullarını budadılar. Bir gün babanı rayon mərkəzinə çağırdılar. Baban kəndin yeganə təhsil almış adamıydı. Baban özünü tox tutdu, özünü elə apardı ki, guya onu elə-belə çağırıblar. Gedəndə dedi ki, uşaqları sənə, səni Allaha tapşırıram. Baban birdəfəlik getdi, əvvəlcə səsi Şuşa türməsindən, sonra Sibirdən gəldi. Mən iki uşaqla damın altında qaldım.

Babanı aparandan sonra çörəyimizi yeyən, bizə pənah gətirən adamlar evimizi yağmaladılar, bizi quru yurdda qoydular.

Bir vaxtlar babanın mal-qarasını otaran Bəbiri kolxoza sədr qoyanda arvadı üç dəfə adam yollayıb məndən sırğamı istədi, vermədim. O da boş oturmadı, Əmir əmini meşədə döydürtdü. Onda əminin cəmi-cümü 12 yaşı vardı. Uşaq öldü, ölümdən qayıtdı. O vaxt kənd Bəbirə görükdü, arvadı qorxub bir biz tərəflərə baxmadı. Amma uzun illər, Stalin ölənəcən "kulak ailəsi," "kulak uşaqları" deyib, bizə göz verib işıq vermədilər.

- Babamdan ötrü darıxırsan?

Qəfil sualım nənəmi kövrəltdi, səsi titrədi.

- Ümidimi heç vaxt üzmədim, babanın vaxtsa geri dönəcəyini gözlədim. Dərdimi, sirrimi qulağımdakı durnalarla bölüşdüm. İndi day heç nədən qorxmuram, o qayıda bilmədi, mən onun yanına gedəcəm.

 Baban bu evdən çıxanda mənim 19, babanın 28 yaşı vardı. Deyirəm, görən məni bu yaşda görsə, tanıyar? Axı aradan çox illər keçib.

Bir yadımdan çıxmamış bir söz deyim, mən oldum-olmadım, bu sırğaları heç kimə vermə. Demə ki, dəmir qırığıdı, bu durnalar omrümün şahidi, babanın yadigarıdı.

Araya sükut çökdü. Mən nənəmə nəsə vacib, çox vacib bir söz demək istəyirdim.

Başımı yastığımdan dikəldib:

- Nənə, ay nənə! - dedim.

Nənəm yatmışdı.

Ay otaqda dolaşdıqca gümüş durnaları, Ruzigar arvadın bitib-tükənməyən həsədini sabah alacağım sabunu düşünürdüm...

 

Təranə Vahid

 

Ədəbiyyat qəzeti.- 2024.- 31 avqust, №33.- S.2.