Şərəf ləyaqətin uğurlu anları...

 

Hidayət-80

 

Zəngin və şərəfli tərcümeyi-hal sahibi olan Orucov Hidayət Xuduş oğlu 1944-cü il sentyabr ayının 5-də keçmiş Sovet dövrü, Ermənistan SSR-nin Meğri rayonunun Maralzəmi kəndində - "Qədim Oğuz yurdunda" - bu, onun öz ifadəsidir - dünyaya göz açmışdır.

Hidayət Orucov bir şəxsiyyət, eləcə siyasi-ictimai xadim kimi yetişdikcə, istedadına ləyaqətinə görə uzun illər vəzifədə olmuş, Azərbaycan Respublikasının  əməkdar incəsənət xadimi, diplomatı, şair dramaturqu olmaqla yanaşı, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Siyasət Məsələləri Üzrə Dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri vəzifələrində fəaliyyət göstərmişdir.

Hidayətin həyatı nəinki maraqlıdır, həm nümunəvidir. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldıqdan sonra, bir müddət doğma kəndində müəllim kimi, eyni zamanda yerli qəzet redaksiyasında ədəbi işçi işləyib. 1968-ci ilin iyul ayında C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq 16 il Azərbaycanın  bu qədim sənət ocağına başçılıq etmişdir.

Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatı fənnindən dərs demişdir. Həmin dövrdə Hidayət Orucovun bilavasitə rəhbərliyi ilə Qərbi Azərbaycanda şair nasirlərin kitabları işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.

Hidayət müəllim bu illərdə Bakı ədəbi mühiti ilə əlaqə saxlayır, yaradıcılıq ünsiyyətini kəsmirdi. Həmin illərdə mən "Ədəbiyyat incəsənət" qəzetinin baş redaktoru işləyirdim. O, yazılarını bizə göndərir, qəzetin səhifələrində çıxış edirdi.

Bu görkəmli şəxsiyyətin gəncliyi indiki kimi yadımdadır.

Günlərin bir günü Ermənistan SSR-dən, C.Cabbarlı adına teatrdan dəvət gəlmişdi. Hidayət görkəmli dövlət siyasi-ictimai xadim Nəriman Nərimanov haqqında yazdığım mənzum pyesi tamaşaya qoymağa hazırlaşdığını yazır məni ailəlikcə İrəvana dəvət edirdi.

Qısaca deyim ki, mən ailəmlə birlikdə - xanımım onda hələ sağ idi - qızım, bir oğlum gənc dramaturqun qonağı olduq "Nəriman" pyesinə C.Cabbarlı adına Ermənistan teatrında baxdıq. Tamaşaçılar da, biz çox razı qalmışdıq. Sən demə, Hidayət, bizi İrəvanı gəzdirib Bakıya yola salandan sonra, elə həmin gün onu Ermənistan KP MK-ya dəvət ediblər. "Nəriman" pyesini Ermənistanda tamaşaya qoyduğuna görə, ciddi xəbərdarlıq eləyiblər.

Mən bunu çox gec eşitdim. Hidayət özü Bakıya köçəndən sonra danışdı. Onun Bakıya köçməyi isə siyasi-ictimai xadimlərin həyatında, taleyində baş verən ictimai tufanları xatırladırdı. Əslində belə bir tufan idi...

 

Bakı ş.

 

23 avqust 2024

 

Nəriman Həsənzadə

Xalq şairi

 

Ədəbiyyat qəzeti.- 2024.- 31 avqust, ¹33.- S.4.