Böyük ziyalının yaradıcılıq üfüqləri
Hidayət-80
Yaradıcı
insan,
dəfələrlə deyilmiş
fikri bir daha təkrar etsək, bütöv bir Dünyadır ki, onun zəngin tarixi,
geniş
coğrafiyası
var. Və bu Dünya mənsub olduğu xalqın möhtəşəm Dünyasının
ayrılmaz tərkib hissəsidir... Hidayətin
Dünyası kimi...
Müasir
Azərbaycan ziyalılığının
görkəmli nümayəndələrindən
olan Hidayət artıq neçə on illərdir ki, həm Azərbaycanda, həm də onun sərhədlərindən
uzaqlarda böyük şair, nasir, dramaturq, publisist, tərcüməçi, ictimai
xadim (və dövlət xadimi) kimi tanınır.
Uzun illər Azərbaycan təhsilinə uğurla rəhbərlik etmiş görkəmli (və milli)
ictimai xadim, professor Misir Mərdanov, haqlı olaraq, yazır:
"Ziyalı xalqın düşünən beyni,
mənəvi diriliyidir.
Ziyalı Vətən
və millət yolunda zəkasını, ağlını, intellektual
potensialını əsirgəməyən
İNSANdır. Ziyalı
xalqına, dövlətinə,
dövlətçiliyinə sədaqətli xidməti ilə, onlara verdiklərinin sanbalı və miqyası ilə böyükdür.
Ziyalı üçün
Vətən sevgisindən,
millət duyğusundan
ali hiss yoxdur!!!
Hidayət Orucov məhz bu sadaladığım
milli-mənəvi dəyərləri
özündə cəmləşdirən,
fəaliyyətində onları
gerçəkləşdirən milli ruhlu, vətəndaş qeyrətli, xeyirxah ziyalılardandır"...
Hidayət Xuduş oğlu
Orucov 1944-cü ilin sentyabr ayının 5-də
Zəngəzur mahalı
Mığrı bölgəsinin
Maralzəmi kəndində
anadan olmuşdur. Səməd Vurğun adına Aldərə kənd orta məktəbini qızıl
medalla qurtardıqdan sonra təhsilini Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində davam
etdirmişdir.
Doğma
kəndində məktəb
müdiri işləmək
qərarına gələn
Hidayət Universitetin daxil olduğu əyani şöbəsindən
qiyabiyə keçir.
Və bir neçə il bu vəzifədə çalışdıqdan
sonra İrəvanda çıxan "Sovet Ermənistanı" qəzetinə
ədəbi işçi
dəvət olunur.
Lakin bu işində də çox qalmır... Universiteti müvəffəqiyyətlə bitirib, 1968-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına direktor
təyin edilir. Hidayət on beş ildən artıq - Bakıya köçənə
qədər Azərbaycanın
Ermənistanda bir beyin (və təfəkkür!) mərkəzi
olan həmin teatra rəhbərlik edir.
Bu illər hələ kifayət qədər gənc qələm (və coşqun ürək!) sahibinin dünyagörüşünün genişlənməsində, həyatı
dərindən öyrənməsində,
təşkilatçılıq istedadının mükəmməlləşməsində
həlledici rol oynamış, özünəməxsus
(və təkrarsız!)
yaradıcı şəxsiyyətini
formalaşdırmışdı. Bütün Ermənistanı
- qədim Azərbaycan
- türk torpaqlarını
öz teatrı ilə addım-addım gəzərək, məlum
açıq və ya gizli maneələr
olsa da, geri çəkilməyib Ermənistan
azərbaycanlılarını mədəniyyətə, dəyanətli,
qürurlu olmağa çağıranda Hidayət
iyirmi, otuz yaşlarında idi. Bir-birinin ardınca İrəvanda şeir kitabları nəşr olunur, dramları teatrda tamaşaya qoyulurdu.
Azərbaycan ziyalısının 1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət
xadimi fəxri adını alması təsadüfi deyildi. Və görünür, bu fəxri adı
istedadlı, zəhmətkeş
gəncə verməmək,
sadəcə, mümkün
olmamışdı...
Artıq
Ermənistanda yaşayıb-yaratmağın
bir azərbaycanlı ziyalı üçün
tamamilə dözülməz
olduğu dövrdə
Hidayət Bakıya köçmək məcburiyyəti
altında qalır. Və çox keçmir ki, Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
başlayır, azərbaycanlılar
kütləvi şəkildə
Ermənistandan deportasiya
edilirlər.
Etiraz əlaməti olaraq on il qabaq aldığı Ermənistan SSR Əməkdar
mədəniyyət xadimi
fəxri adından imtina edən Hidayət Bakıda "Gənclik" nəşriyyatının
rəhbəri kimi Ermənistanın və onun havadarlarının iç üzünü tarixi sənədlərlə
açıb göstərən
nəşrlərin meydana
çıxmasında əzmlə,
peşəkarlıqla çalışır.
Yazdığı bədii,
elmi-publisistik əsərlərdə
Ermənistan azərbaycanlılarının
ən yeni tarixinin canlı şahidi olaraq çoxlarına, ya məlum olmayan,
ya da az məlum olan ictimai-siyasi hadisələrin
hərtərəfli (və
obyektiv!) təhlilini verir.
Yaradıcı ruhunun - istedadının
"ilk məhəbbəti" olan poeziyanın ilham pərisi isə Ermənistanda olduğu kimi, Azərbaycanda - Bakıda
da Hidayəti heç
zaman tərk etmir. Geniş oxucu kütləsinin diqqətini
cəlb edən şeirləri, eləcə
də kitabları nəşr olunur. Və 1991-ci ildə Azərbaycan Respublikasının
Əməkdar incəsənət
xadimi fəxri adına layiq görülür.
1990-cı
illərin əvvəllərindən
etibarən Hidayət bədii yaradıcılığını
davam etdirməklə yanaşı mühüm dövlət işlərinə
irəli çəkilir.
1992-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
millətlərarası münasibətlər
üzrə Müşaviri
təyin olunur. Yeddi ay sonra isə Azərbaycan Respublikasının Milli siyasət
məsələləri üzrə
Dövlət müşaviri
olur.
Həmin
yüksək dövlət
vəzifələrində Hidayət
Orucov özünün
böyük təşkilatçılıq
istedadını göstərir,
ümummilli lider Heydər Əliyevin öndərliyilə Azərbaycanda
gedən genişmiqyaslı
milli dövlət quruculuğu
prosesində fəal iştirak edir. Və 2004-cü ildə
"Şöhrət" ordenilə
təltif olunur.
Xalq şairi Nəriman Həsənzadə Hidayət
haqqında özünəməxsus
(və gözəl!) demişdir:
"Hidayət böyük sənətkarlara xas olan çoxşaxəli yaradıcılığı ilə
ölkəmizin görkəmli
ədəbi simalarından
biri kimi, ictimai-siyasi xadimlərindən
biri kimi tanınır və sevilir...
Hidayət bu millətin bəxtinə doğulanlardandır.
Öz taleyi ağır olsa da, xalqının, başqa xalqların taleyində mühüm rolu olub. Və
indi də var, zaman onu tamam yeni ruhlu, yeni təfəkkür
tərzinə malik, yeni tipli
sənətkar kimi yetişdirdi. Böyük bir şəxsiyyətin (Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin - N.C.)
yanında formalaşmışdır...
Buna görə Hidayət
başqa həmkarlarından,
sözün geniş mənasında, seçilir.
Şeirləri, publisistikası,
tərcümələri, çıxışları,
müsahibələri dediklərimi
sübut edir.
Hidayətin şəxsində Azərbaycan
ədəbiyyatı müstəqil
Azərbaycan dövlətçiliyinə
xidmət edir. Bu onun taleyi və
şərəfli tərcümeyi-halıdır".
Hidayət 2005-ci ildə Azərbaycan
Respublikasının milli azlıqlar
və dini qurumlarla iş üzrə Dövlət müşaviri, 2006-cı ildə
isə Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri təyin edilir.
Əgər nəzərə alsaq
ki, həmin yüksək
vəzifələrə, yaxud
ali dövlət idarəçilik strukturlarına
rəhbərliyə təyin
olunanda Hidayət Orucovun ilk missiyası bu vəzifə-strukturları
formalaşdırmaq idi,
o zaman onun nə qədər tarixi işlər gördüyünü
təsəvvür etmək
çətin deyil. O,
Azərbaycanda milli siyasətin
prinsiplərinin, milli azlıqlarla,
dini qurumlarla işin normativlərinin müəyyənləşməsində heç zaman unudulmayacaq işlər görmüşdür.
Hidayət Orucov on il Azərbaycan
Respublikasının qardaş
Qırğız Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
olmuşdur.
Xalq yazıçısı Anar
Hidayətin istedadından,
ağrı-acılarla, keşməkeşlərlə
(və böyük uğurlarla!) zəngin tərcümeyi-halından, daxili
mədəniyyətindən bəhs etdikdən sonra fikrini belə
yekunlaşdırır:
"Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi
vədədə başa
vurur. Lakin heç də hər bir insan həyatının
hansısa məqamında
arxada qalan ömrə, illərə,
görülmüş işlərə,
dəyişdirilməsi mümkün
olmayan əməllərə
baxıb, Hidayət kimi özünəməxsus
təvazökarlıqla deyə
bilmir: bəli, mən yaşamışam..."
İlk şeirlərini hələ
çox gənc yaşlarında - orta məktəbdə oxuduğu
illərdə yazmış,
"Nəyim var" adlı
ilk şeiri isə
1963-cü ildə "Ədəbi
Ermənistan" almanaxında
dərc olunmuşdur.
"Məni səsləyəndə"
ilk şeirlər kitabı
(İrəvan, 1970) nəşr
ediləndə Hidayət
artıq ilhamlı (və məhsuldar) şair idi. 70-ci illərdə gənc şairin bir-birinin ardınca İrəvanda
"Məhəbbət qocalmır",
"Bir az gözləyin
məni", Bakıda
"Dənizi harayladım"
şeir kitabları işıq üzü görür, rəhbərlik
etdiyi teatrda "Məhəbbət yaşayır
hələ..." pyesi
tamaşaya qoyulur. Və həmin illərdə yazdığı
"Bir teatrın üç
aktyoru" kitabı Ermənistan Teatr Cəmiyyəti tərəfindən
nəşr olunur.
Səksəninci illər yaradıcılığında
poeziya yenə aparıcı olsa da, Hidayətin nəsr, dramaturgiya və publisistika sahəsində fəaliyyətinin genişləndiyi
də diqqəti cəlb edir. "Eviniz analı olsun", "Zirvə cığırı", "Qatardan
məktub" şeir
kitabları ilə yanaşı, "İrəvanda
xal qalmadı",
"Sabaha çox
var" nəsr, dramaturgiya
və publisistika kitabları nəşr olunur. İrəvan Dövlət Azərbaycan
Dram Teatrında "Məni
qınamayın" pyesi
oynanılır ... Və
Bakıya köçüb
"Gənclik" nəşriyyatında
rəhbərliyə başladıqdan
sonra Hidayətin bir mühüm xidməti də ondan ibarət olur ki, həm Azərbaycan cəmiyyəti
üçün zəruri
ədəbiyyatın nəşrinə
çalışır, həm
də milli-ictimai şüuru səfərbər
edəcək kitablar tərtib edir. İctimai-siyasi şərait
mürəkkəb, əlverişsiz
olsa da, "Gənclik"
nəşriyyatı Hidayətin
təşəbbüsü, eləcə də rəhbərliyilə "Dünya
uşaq ədəbiyyatı
kitabxanası" (50 cilddə),
"Macəra və fantastika", "SSRI xalqları
ədəbiyyatı", "Azərbaycan folkloru" və s. kitabxana-seriyaları
qısa bir müddətdə nəşr
etdirməyə nail olmaqla
Azərbaycan kitab mədəniyyətinə
böyük töhfələr
verir.
70, 80-ci illərdə olduğu kimi, 90-cı illərdə
də, mürəkkəb
tarixi şəraitdə
yüksək dövlət
vəzifələrində çalışmasına
baxmayaraq, Hidayət bədii yaradıcılıqla
ardıcıl, məhsuldar
bir şəkildə məşğul olur. Və onun "Doxsanıncı il", "Həsrət",
"Hərdən xatırla
məni" şeir,
"Sözün vaxtı"
publisistika kitabları
nəşr edilir,
"Bu dünyanın adamları"
pyesi Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında tamaşaya
qoyulur.
Müstəqillik illəri Hidayətin
yaradıcılığına həm kəmiyyət, həm də keyfiyyət baxımından
öz əhəmiyyətli
təsirini göstərmiş,
görkəmli ziyalı-ideoloqun,
ictimai xadimin (və dövlət xadiminin) müxtəlif janrlardakı əsərləri
mövzusunun aktuallığına,
məzmun-mündərəcəsinə, yüksək vətənpərvərlik
(və dövlətçilik!)
ideallarına görə
həmişə böyük
maraq doğurmuşdur.
Xüsusilə 2000-ci illərdə
bir neçə dəfə (Azərbaycan dilindən başqa, ingilis, rus, ərəb,
türk və gürcü dillərində)
nəşr olunan
"Heydər Əliyev
və Azərbaycanda
milli siyasət", "İrəvana
7 məktub", "Burdan
min atlı keçdi",
"Qurucu Əziz",
"Azərbaycanda din. Ən
qədim dövrdən
bu günədək"
və s. elmi, yaxud elmi-publisistik əsərləri buna misal
ola bilər. Cəsarətlə
demək olar ki, Hidayət müstəqilliyin
ilk illərindən başlayaraq
nəşr olunan publisistik kitabları ilə Azərbaycan publisistikasına, ümumən,
ictimai fikrinə geniş tarixi təhlil miqyası ilə yanaşı, hadisələri həmin miqyas səviyyəsində
ümumiləşdirmə üslubu
(mədəniyyəti!) gətirdi.
Və həmin illərdə bədii yaradıcılığında (əlbəttə, ilk növbədə,
poeziyasında) publisistikliyin
güclənməsi də
öz tərcümeyi-halını
mənsub olduğu xalqın tərcümeyi-halından
(tarixindən!) heç
zaman ayırmayan bir şair-ziyalı-ictimai xadim
üçün tamamilə
təbiidir. Ona görə
də "Ömrümün
çəhlimləri" şeir
kitabında, "Sözün
vaxtı" toplusunda
və digər əsərlərində avtobioqrafik
notların çoxluğu
və ya bolluğu heç də təsadüfi deyil.
Akademik
İsa Həbibbəyli tamamilə
doğru olaraq göstərir ki, "vətəndaşlıq
Hidayətin çoxcəhətli
yaradıcılığının cövhəri, mahiyyətidir.
O, yeni mərhələdə Azərbaycanda dərin ictimai məzmunlu vətəndaş poeziyasının,
yüksək vətəndaşlıq
ruhuna malik olan publisistikanın və səhnəyə həyat
nəfəsi bəxş
edən dramaturgiyanın
əsas yaradıcılarından
biri kimi böyük nüfuz qazanmışdır. Ciddi
vətəndaşlıq mövqeyi
və məsuliyyət
şair, publisist və dramaturq Hidayəti bütün yönləri ilə tam şəkildə mənalandırır".
Həmin
sətirlərin müəllifi
onu da əlavə edir ki, "Hidayətin sözü də, özü də təmənnasız, məsuliyyətdən
yoğrulmuş şərəfli
taleyini yaşamaqda davam edir".
Hidayət bütün yaradıcılığı
boyu dünya ədəbiyyatından çoxlu
tərcümələr etmişdir
ki, onların bir qismi "Özüm yazmaq istərdim" ikicildliyində toplanmışdır.
Eyni zamanda şairin əsərləri
dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.
Qafqaz xalqlarının Hidayətə
- onun yaradıcılığına
və şəxsiyyətinə
hörmətini, məhəbbətini
böyük Dağıstan
şairi Rəsul Həmzətov belə ifadə edir:
"Hidayətin poeziyasıyla
da, onun özüylə
də hər görüş mənim qəlbimin milli bayramıdır".
Hidayətin səkkizcildlik "Seçilmiş
əsərləri"nin nəşri
(2011-2012), heç şübhəsiz,
müasir Azərbaycan
ədəbi-ictimai mühitində
mühüm hadisədir.
Və səkkizcildlikdə
müəllifin, demək
olar ki, bütün çoxşaxəli yaradıcılığı
(poeziyası, nəsri,
dramaturgiyası, publisistikası
və s.) əhatə
olunmuşdur.
Və nəhayət, Hidayət haqqında danışarkən,
bir məqama da diqqət vermək lazımdır ki, onun şəxsiyyəti, yaradıcılığı,
ictimai fəaliyyəti
barədə həm Azərbaycanda, həm də xaricdə görkəmli ədəbiyyat,
elm, dövlət adamları
maraqlı fikirlər söyləmişlər. Elə
bilirik ki, akademik Budaq Budaqovun aşağıdakı sözləri
həmin çoxsaylı
fikirləri bu və ya digər
dərəcədə ümumiləşdirir:
"Hidayət şairdir, nasirdir, dövlət xadimidir, ictimaiyyətçidir.
Onun çoxsaylı və həm də sanballı bədii, poetik, eləcə də publisistik əsərləri
geniş oxucu kütləsi tərəfindən
sevilə-sevilə oxunur.
Hidayət sakit təbiətli, mədəni
bir ziyalıdır. Qayğıkeşlik onun varlığına hopduğundan
o daim xeyirxahlıq etmiş, bir çox insanlara arxa olmuşdur.
Hidayətdə olan milli qeyrət
onun bütün yazılarında, rəsmi
və qeyri-rəsmi fəaliyyətində özünü
göstərir...
Hidayət dəyərli vətəndaşdır,
vətən oğludur".
Şübhə etmirik ki, görkəmli
ziyalı, sənətkar,
mütəfəkkir bundan
sonra da hələ neçə illər Azərbaycan ədəbiyyatını,
Azərbaycan ictimai fikrini özünün dəyərli əsərlərilə
zənginləşdirəcək, tükənməz yaradıcılıq
enerjisilə mənsub
olduğu Azərbaycan
xalqına xidmət edəcəkdir.
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2024.- 31 avqust, №33.- S.5.