Ağrıların işığında
Ey Tanrım, düşüncəmə işıq ver, sözə gəlim,
Od qalansın sinəmdə, yanmağa közə gəlim.
Bilirəm ki, yanmasam sözüm ağrını bilməz,
Göynəməsə sinəmdə közüm güllənməz, gülməz.
Ağrısız bu dünyada nə bitər, nə göyərər,
Analar da ağrıdan çiçək dərər, gül dərər.
Əzabdan od götürər, yığar cana közləri,
Ağrıların içində gülər ana gözləri.
Təzə yarpaq göyərməz, ağac çəkməsə ağrı,
Sünbüllər dənə dolmaz, kəndli əkməsə ağrı.
Bir Vətən aşıqının qanına dolan ağrı,
Torpaqda qızarmasa, olacaq yalan ağrı.
Ayaq
basdığın yerə bəsirət gözüylə bax,
Hər addımda ağrı var,
boylanır, gözüylə, bax.
Sənətkarın
sözündə əzablar dilə gələr,
Yaşayar yaddaşlarda zamana,
ilə gələr.
Tarixin alt
qatında insan əzab köküdür,
Əzablar insanlığın babası,
soy köküdür.
Aqillərin
sözünə can verib ağrı, acı,
Ağrı ilə yoğrulub
müdriklərin söz tacı.
Ağrı
ilə yaşayıb öz ömründə Nizami,
Ona görə ağırdı
söz ömründə Nizami.
Nəsiminin
ağrısı ucalıq taxtı qurdu,
Zamanlara
bərabər əzablar
vaxtı qurdu.
Ustadların
dilində hər ağrının adı var,
Hər yaşarı ağrının
bir kamil ustadı var.
Dilimin
yanğısında Füzulinin heyrəti,
Gözlərimdə göynəyir aşiqlərin həsrəti.
Xətaidə
ağrıdı qardaşdan gələn xəta,
Dəli
qardaş əlində
hər daşdan gələn xəta.
Hər
ağrının öz halı, min il yazsan, qurtarmaz,
Ağrıları sinəndə tel-tel
assan, qurtarmaz.
Ağrılı
dağlar ağrı, yaralı torpaq ağrı,
Şəhidlik ağrısıyla qopan
hər yarpaq ağrı.
Ağrıdı
yurddan ayrı böyüyən nəsillər də,
Ağrıdı yaddaşlarda didərgin,
fəsillər də.
Mən
ağrıdan doğuldum, ağrısız yazım yoxdu,
Ağrı yoxsa qələmim,
kağızım, yazım yoxdu.
Hər
kim məndən soruşsa, "günlərin necə
keçir?"
Deyirəm ki, ağrısız gündüzüm gecə keçir...
Hər gələn
təzə bahar - fəsil kədər gətirər,
Canımda dərd göyərər,
yaşım ağrı bitirər.
Ayrılığın
ağacı varlığımda kök atıb,
Kölgəsində taleyim, bəxtim uyuyub, yatıb.
Bu
ağrı ağacının çiçəkləri
başımda,
Gülləri xanə-xanə bayatı
yaddaşımda.
Ağrı
dağından gəlir körpüdən keçən karvan,
Söz içində sözümdən
dönüb su içən karvan.
Düşüncəmdə
saxlayar durnalar avazımı,
Gələcəyə aparar lələk-lələk yazımı.
Hər yazıda
ağrımın, dərdimin göynəyi var,
Hər sözün alt qatında
ayrılıq köynəyi var.
Bir səhra dəvəsiyəm,
ilham çəkib
aparar,
Ağrıları canımdan zərrə-zərrə
qoparar.
Canımdan
qopan ağrı söz olub dilə gələr,
Sanarsan yaz ağzıdı -
bülbüllər gülə gələr.
Bulud-bulud
ağrılar başım üstə dolanar,
Ağrılı buludlarım yaşım
üstə dolanar.
Ağrının
karvan yolu gəlib üstümdən keçər,
Düzdəki ağ dəvənin
dərdi tüstümdən keçər.
Gəzdikcə
xəyalımın quşqonmaz zirvəsini,
Oxuyuram qəlbimin dərd-kədər
nəğməsini.
Nəğmələrim
yayılır ulduzlar arasına,
Qayıdıb məlhəm olur
Vətənin yarasına.
İlləri
qaralayıb ayrılığın qarası,
Yuya bilməz sellənsə gözlərimin qorası.
Qismətimə
yazıldı qaranın ağrı rəngi,
İllərcə dəyişmədi qoranın
dərd ahəngi.
Yamanlarım
kor baxdı, görmədi əməlimi,
Görmədi əməlimdə yaxşılıq
təməlimi.
Zəhərli
küləklərin zavalı döydü məni,
Pis gözlərin nəzəri,
neştəri oydu məni.
Bədxahların
tənəsi yaradır hər dönəmdə,
Tənəli ağrılardan güllər
bitdi sinəmdə!
Gözlərimdən su verdim laləli çəmənlərə
Dərdlərim məclis qurdu naləli çəmənlərə!
Ey
Tanrım, ağrı çəkən sənə sadiq bəndədir,
Həqiqətə bağlıdır, doğru,
düzgün dindədir.
Hər
kimin ağrısı var - kimdirsə yazım bilər,
Hansı
yuxu nə deyir, Yusifdə yozum bilər.
Ağlar
güləyən Sabir anlayanın dərdidi,
Mirzə
Cəlil ağrısı
ağrıların mərdidi.
Söhrab
Tahir dərdinin Azər-Azər dili var,
Hər ağrısı bir canlı, qələm tutan əli var.
Adı Bəxtiyar
olan çoxdu sözün yanında,
Bircə
Bəxtiyar vardı, söz dolandı qanında.
Ağrıyanı
ağrısız çətin duyar, anlayar,
Ağrısız doğulsaydı yaranmazdı
Şəhriyar.
Ağrısızlıq
eşqinə çox şairlər tor atdı,
Vurğunluğun ağrısı Səməd
Vurğun yaratdı.
Unudulmaz
Müşfiqin maralı ağlar qaldı,
Ağlar-ağlar ağrılar sinəsi
dağlar qaldı.
Hər rəngin
öz dilində bir dağdı Rəsul özü,
Ağrıların əlində çıldağdı
Xəlil sözü.
Hüseyn
Kürdoğlu səsi ağrıların başıdı,
Zamandan ağır yükü başı üstə daşıdı.
Əli Kərim
adının özü şair ağrısı,
Yaşayar hər sözündə
ölməz şeir ağrısı.
Cavidin
dağ qüruru baş əymədi bir yada,
Tapılmaz, əvəz ola başqa
ağrı dünyada.
Sərdar
Əsəd ağrısı cığır açdı, iz
qoydu,
Yaddaşda əyilməyən, bükülməyən
diz qoydu.
Məsud
Əli oğlunu görə bilsən röyada,
Hər yandan dalğa döyən ağrı dağlı bir ada.
Şahmalı
Kürdoğlunun ağrısı Vətən dərdi
Qarabağda kim dərər
dərdindən bitən dərdi.
Anlamağı
Anarda ağrıların düyünü,
Vaqifdə "Yaşıl ada",
Yusifdə "Qətl günü".
Məmməd
Araz ağrısı, Zəlimxanın yarası,
Dərdin
Vətən yarası,
sözün ürək parası.
Uca
Ağrı dağıydı atam Zal Əziz oğlu,
Dedi bu dağ sənindi,
sən onun əziz oğlu!
Sıralasam
hər adı yer tutmaz, göyə sığmaz,
Ağrı-ağrı şairlər şəhərə, köyə
sığmaz.
Ruhumuzu
qoruyan ağrılar keşik çəkir,
Körpəsini uyudan analar beşik çəkir.
Uca
Ağrı dağının zirvəsi mənim ağrım,
Ağrısızlıq içində yuxuma qənim
ağrım.
Ey
Tanrım, bezmədim mən göndərdiyin ağrıdan,
Görərsən qürurumu baxsan
yenə Ağrıdan.
Ağrılar
arasında düşüncəmə nur gəldi,
İlhamın yaz yağışı
- Araz gəldi, Kür gəldi.
Çağladı
duyğularım, dərdini içdi sözüm,
Ayrılığın səddini dağıtdı, keçdi
sözüm.
Durnalar
qatarlandı... sözlər uçdu dilimdən,
Mən qələmdən tutmadım,
qələm tutdu əlimdən.
Ey Tanrım,
ağrıları çəkib alsan qəlbimdən,
Ruhum da uçub gedər əsər
qalmaz təbimdən.
Xələflinin
hər sözü ağrıdan, dağdan gəlir,
Bulaqların saf suyu qayadan, dağdan gəlir.
26.03.2017
Əli Rza XƏLƏFLİ
Ədəbiyyat qəzeti.- 2024.-
6 dekabr, №47.- S.20.