Uşaq ədəbiyyatına
yüksək nəzəri-estetik
meyarlar səviyyəsindən
baxmağın örnəyi
Elnarə Akimovanın yeni - “Azərbaycan uşaq ədəbiyyatı:
tarixi təcrübəsi və
müasir istiqamətləri”
kitabına
ön söz
İsa HƏBİBBƏYLİ
Azərbaycanda uşaq ədəbiyyatının
tədqiqi XX əsrin yetmiş-doxsanıncı illərində
aktual olmuşdur. Həmin illərdə ölkəmizdə uşaq
ədəbiyyatına həsr
edilmiş dissertasiyalar
müdafiə olunmuş,
monoqrafiyalar və dərsliklər yazılıb
nəşr edilmişdir.
Uşaq ədəbiyyatının
qızıl dövrü
adlandırılan XX əsrin
əvvəllərindən sonra
yetmiş-doxsanıncı illər
həm uşaq ədəbiyyatının və
həm də uşaqlar üçün
yazılmış ədəbiyyatın
tədqiqinin xüsusi
inkişaf mərhələsi
hesab olunur. Ondan sonrakı dövrdə, Azərbaycan
da dövlət müstəqilliyinin
başlanğıc mərhələsində
həm uşaq ədəbiyyatı ədəbi
prosesdə arxa planda qalmış, həm də bu sahənin tədqiq edilməsi az qala unudulmuşdur.
Hesab edirəm ki, uşaq ədəbiyyatı və
uşaqlar üçün
yazılmış ədəbiyyatın
tədqiqində yeni mərhələ
2015-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yazıçılar
Birliyi ilə birlikdə "Uşaq ədəbiyyatının müasir
vəzifələri" mövzusunda
keçirilmiş müzakirələrdən
sonra başlanmışdır.
Həmin tədbirdə
uşaq yazıçılarının,
uşaq mətbuatının,
uşaqlar üçün
kitablar çap edən nəşriyyatların
rəhbərlərinin, tənqidçi
və ədəbiyyatşünasların
iştirakı ilə
keçirilən müzakirələrdə
təşkil olunan diskussiyalar, aparılan təhlillər və müqayisələr, qaldırılan
aktual məsələlər,
tövsiyələr uşaq
ədəbiyyatı sahəsində
dönüşə böyük
təkan verdi, yeni mərhələnin başlanğıcına
çevrildi. Bunun ardınca
uşaq ədəbiyyatına
dair yaradıcılıq
müşavirəsinin çağırışları
əsasında 2017-ci ildə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin
yaradılması bu istiqamətdəki böyük
dəyişikliklərə təkan verdi. Bununla ölkə miqyasında uşaq ədəbiyyatını tədqiq
edib öyrənən,
uşaq ədəbiyyatı
üzrə tədqiqatları
əlaqələndirən və
istiqamətləndirən, uşaq
yazıçılarını və bu ədəbiyyatın
tədqiqatçılarını öz ətrafında birləşdirən müstəqil
bir elmi-ədəbi mərkəz meydana çıxmışdır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Uşaq ədəbiyyatı
şöbəsinə rəhbər
təyin edilərkən
bütövlükdə yeni tarixi dövrün ədəbi prosesinə bələd olan ədəbiyyatşünas seçimi
əsas götürülmüşdür.
Çünki ümumiyyətlə
ədəbiyyat tarixini,
xüsusən də müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
inkişaf xüsusiyyətlərini
dərindən bilmədən
uşaq ədəbiyyatının
özünəməxsusluqlarını müəyyən etmək,
onu dəyərləndirən
və istiqamətləndirən
elmi əsərlər
yaratmaq mümkün
ola bilməzdi. Filologiya
elmlər doktoru Elnarə Akimovanın Uşaq ədəbiyyatı
şöbəsinin müdiri
vəzifəsinə təyin
edilməsi qeyd edilən tələblərin
əsasında gerçəkləşdirilmişdir.
Filologiya
elmləri doktoru Elnarə Akimova Azərbaycan ədəbiyyatşünaslıq
elminin ən fəal və tanınmış nümayəndələrindən
biridir. O, bütövlükdə
Azərbaycan ədəbiyyatının
çoxəsrlik inkişaf
yoluna yaxından bələd olan və müstəqillik dövrü ədəbiyyatımızın
problemlərinin tədqiqi
sahəsində ardıcıl
surətdə çalışan
tədqiqatçılardandır. Əsasən ədəbi tənqid istiqamətlərində
ixtisaslaşan Elnarə
Akimova ədəbiyyat
nəzəriyyəsi məsələlərinə
də yaxından bələddir. Ədəbi
prosesi təhlil edərkən o, ədəbiyyat
tarixi təcrübəsindən
bəhrələnməklə yanaşı, ədəbiyyat
nəzəriyyəsinin də
müddəalarından faydalanmağı
bacarır. Ən başlıcası isə
Elnarə Akimova bədii əsərin daxili dünyasına müdaxilə etməklə
müxtəlif janrların
arxitektonikası haqqında
söz demək səviyyəsindədir. Elnarə
Akimovanın "Müstəqillik
dövründə Azərbaycanda
ədəbi tənqid"
(2006) mövzusunda yazılmış
fəlsəfə doktorluğu
dissertasiyasında ədəbi
tənqidin müasir problemləri ədəbi prosesin axarında dərin və əhatəli şəkildə
təhlildən keçirilmişdir.
"Müstəqillik dövrü
Azərbaycan poeziyası
müasir ədəbi
təmayüllər" probleminə
həsr edilmiş elmlər doktorluğu dissertasiyasında yeni tarixi
dövrün poeziyasının
əsas inkişaf xüsusiyyətlərindən və
ədəbi prosesdəki
rolundan, ədəbi tənqidin poeziya qayğılarından geniş
bəhs edilmişdir.
Bu monoqrafik tədqiqatlar
müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
və ədəbi tənqidinin palitrası, rəngarəngliyi, dil-üslub,
janr müxtəlifliyi
haqqında yazılmış
ən yaxşı elmi əsərlərdir. Eyni zamanda, yeni tarixi dövrün ədəbiyyatının inkişafında
ədəbi tənqidin
rolu və təsir imkanları da Elnarə Akimovanın araşdırmalarında elmi
cəhətdən əsaslandırılmış
şəkildə problem kimi
qoyulub həll edilmişdir.
Bundan başqa, Elnarə Akimova Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
2014-cü ildən keçirilməsinə
başlanmış və
hər il keçirilən,
ədəbi proses müşavirələrində
ardıcıl olaraq əsas məruzəçi
kimi çıxış
etməkdə davam edir. Onun "İlin ədəbi mənzərəsi" mövzusunda
etdiyi məruzələrdə
ədəbi prosesin bütün istiqamətlər
üzrə ümumiləşdirilmiş
təhlili verilir, ana xətlər müəyyən
olunur, qabarma və çəkilmələrə
elmi münasibət bildirilir, aparıcı tendensiyalar müəyyən
olunur və təşviq edilir. Məhz Elnarə Akimovanın illərdən
bəri davamlı olaraq bu mövzuda
etdiyi məruzələrin
timsalında "İlin
ədəbi mənzərəsi"
ədəbi tənqidin
janrlarından birinə
çevrilmişdir. Elnarə
Akimova ədəbi tənqid üçün
səciyyəvi olan icmal tənqidinin də yeni mərhələdəki
əsas yaradıcılarındandır.
Onun təşkilatçılığı
və yaxından iştirakı ilə
"Ədəbiyyat qəzeti"ndə
aparılan aktual müsahibələr, dəyirmi
masa söhbətləri, elmi-ədəbi
müzakirələr müasir
ədəbi prosesin
real gedişatını əyani
şəkildə görməyə
və göstərməyə
imkan yaradır. Elnarə Akimovanın dövri mətbuat səhifələrində, xüsusən
"Ədəbiyyat qəzeti"ndə
çap etdirdiyi məqalələrdə ən
yeni dövr Azərbaycan
ədəbiyyatında gedən
proseslər, baş verən keyfiyyət və kəmiyyət dəyişmələri, bu
mərhələnin aparıcı
simaları, onlardan hər birinin fərdi yaradıcılıq
özünəməxsusluqları yüksək elmi-nəzəri
şəkildə ictimaiyyətə
çatdırılır.
Ədəbiyyatşünaslıq elminin ölkəmizdə gedən
ictimai-siyasi proseslərlə
əlaqəli şəkildə
tədqiq edilməsi və təqdim olunması istiqamətlərində
də Elnarə Akimovanın özünəməxsus
çalışmaları vardır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyev və ədəbiyyat mövzusunda
həyata keçirilmiş
elmi layihədə yaxından iştirak edən Elnarə Akimova həmin mövzuda institut tərəfindən çap
edilmiş "Heydər
Əliyevin bədii obrazı: tarixi gərçəklikdən ideala"
adlı iki cildlik monoqrafik tədqiqatın əsas müəlliflərindən biridir.
Ulu Öndərin anadan
olmasının 100 illiyi
münasibəti ilə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatında Vətən
və dövlətçilik
məfkurəsinin intibahı:
Heydər Əliyevdən
- İlham Əliyevə" kitabı da Elnarə Akimovanın yaxından iştirakı ilə hazırlanmışdır. Onun
dövlətçilik, azərbaycançılıq
və ədəbiyyat
məsələləri mövzusunda
dövri mətbuatda çap etdirdiyi məqalələr də ictimai-siyasi yönlü ciddi ədəbiyyatşünaslıq
nümunələridir. Ümumiyyətlə,
Elnarə Akimova ədəbi prosesi ölkəmizdə gedən
ictimai-siyasi proseslərlə
əlaqəli surətdə
təqdim etməyin elmi açarını tapmışdır.
Yarandığı vaxtdan çox az zaman keçməsinə
baxmayaraq, Elnarə Akimovanın elmi-təşkilatçılıq
işi sayəsində
Uşaq ədəbiyyatı
şöbəsi nüfuzlu
bir elmi mərkəzə çevrilmişdir.
Uşaq ədəbiyyatı
şöbəsi uşaq
yazıçı və
şairlərinin yeni kitablarının
onların özlərinin
iştirakı ilə
müzakirələrinin keçirilməsi
vasitəsilə bu ədəbiyyatın yaradıcıları
ilə canlı əlaqələrin qurulmasını
təmin etmişdir. Uşaq yazıçı
və şairləri özlərinin yeni çıxmış
kitablarını Uşaq
ədəbiyyatı şöbəsinə
göndərməklə burada
çalışan elm adamlarının
rəyini, münasibətini
öyrənməyə çalışmaları,
mətbuatda kitablar haqqında resenziyalarının
yazılmasına can atmaları
bu elmi qurumun
nüfuzunun mühüm
göstəricilərindəndir. Və bütün bunlarda Elnarə Akimovanın xüsusi rolu və şəxsi
nüfuzu vardır.
"Ədəbiyyat qəzeti"ndə
ilk dəfə olaraq
"Uşaq ədəbiyyatı"na
həsr edilmiş xüsusi buraxılışın
ərsəyə gətirilməsi
də ədəbi mətbuatın bu mötəbər nümunəsinin
baş redaktoru Azər Turanın gələcəyimizin ədəbiyyatına
açdığı meydanın
göstəricisi olmaqla
bərabər, özünü
uşaq ədəbiyyatının
tədqiqi və təbliğinə kökləmiş
Elnarə Akimovanın
da mövqeyinin və təəssübkeşliyinin real bəhrəsidir.
***
Elnarə
Akimovanın oxuculara təqdim olunan "Azərbaycan uşaq ədəbiyyatı: tarixi
təcrübəsi və
müasir istiqamətləri"
kitabı ədəbiyyatımızın
bu son dərəcə
həssas və vacib sahəsinin tədqiqi və təbliğ edilməsi istiqamətində meydana çıxmış əhəmiyyətli
elmi mənbədir. Bu
kitab Azərbaycan uşaq
ədəbiyyatının yeni tarixi epoxadakı canlı mənzərəsinin,
əsas simalarının
və zəruri problemlərinin elmi güzgüsüdür. Elnarə
Akimovanın tədqiqatlarında
uşaq ədəbiyyatı
yalnız uşaqları
tərbiyə etmək
vasitəsi deyil, geniş mənada ədəbiyyatın məfkurə
qaynağı səviyyəsində
dəyərləndirilir. Uşaq
ədəbiyyatının ideya-sənətkarlıq
cəhətdən möhkəm
ədəbi-bədii əsasları
ümumiyyətlə ədəbiyyatın
möhkəm bünövrəsi
kimi təqdim olunur. Məsələyə
bu qədər yüksək ideya-bədii
tələblər mövqeyindən
yanaşmaq uşaq ədəbiyyatına geniş
mənada ədəbiyyatın
əsas hərəkətverici
qüvvəsi səviyyəsində
dəyər vermək
deməkdir. Elnarə Akimovanın tədqiqat prosesində uşaq ədəbiyyatının inkişaf
etdirilməsi ilə əlaqədar irəli sürdüyü elmi tezislər və nəzəri müddəalar,
habelə həmin mövqeyi təsdiq etmək üçün uşaq ədəbiyyatından
gətirdiyi seçilmiş
nümunələr uşaq
ədəbiyyatına Azərbaycan
ədəbiyyatının bir
qolu olmaqdan daha çox, bütövlükdə ədəbiyyat
sferasının təməlləri
və strategiyası kimi baxmağa əsas verir.
Elnarə
Akimova haqlı olaraq bu qənaətdədir
ki, yalnız mövzunun
aktuallığı, bədii
düşüncənin ideyalılığı
və müasirliyi ilə deyil, həm də sənətkarlıq cəhətdən
yüksək tələblərə
cavab verməsilə uşaq ədəbiyyatı
sözün böyük
mənasında ədəbi
sərvət səviyyəsinə
qalxa bilər. Bu cəhətdən uşaq
ədəbiyyatının qızıl
fondu sayılan klassik yazıçı və şairlərimizin uşaq
şeirlərinin möhkəm
təməl və mükəmməl örnək
kimi diqqət mərkəzinə çəkilməsi
irəli sürülən
elmi müddəanın
əsaslı şəkildə
tədqiqi və təşviqi baxımından
mühüm əhəmiyyətə
malikdir. Elnarə Akimovanın uşaq ədəbiyyatının təməl
əsaslarını təşkil
edən dahi Azərbaycan şairi Nizami Gəncəvinin
"Oğlum Məhəmmədə
nəsihət" şeiri
ilə başlanan və Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Abdulla Şaiq, Rəsul Rza kimi görkəmli
sənətkarlar tərəfindən
davam etdirilən uşaq ədəbiyyatında
müstəqillik dövrünün
ümummilli ideyalarının,
azərbaycançılıq məfkurəsinin işığında
söz açması
indiyədək haqqında
çox yazılmış
bu bədii sərvətin bütün
cazibədarlığı ilə
təqdim olunmasını
təmin edir.
Belə
ciddi meyarlar əsasında dəyərləndirmələr
Elnarə Akimovanın
təqdimatında Azərbaycan
uşaq ədəbiyyatından
"Çəhrayı rəngli
sevgi", "İşıqlı
və rəngarəng"
ədəbiyyat, "Sadəliyin
poeziyası", "İnsanların
və əşyaların
qəlbinə eyni ruhla toxunmaq", hətta "Göyün yeddinci qatına səyahət" miqyasında
söz açılmasına
imkan yaradır. Bütün bunlar isə Azərbaycan uşaq ədəbiyyatı
tədqiqatlarının yeni mərhələsinin prinsipləri
kimi ümumiləşə
bilir. Bu mənada Elnarə Akimovanın araşdırmaları Azərbaycan
uşaq ədəbiyyatına
dair elmin müasir meyarlarının
formalaşdırılmasına da uğurla xidmət edir.
Uşaq
ədəbiyyatının inkişaf
etdirilməsi ilə bağlı olan problemlərin araşdırılması,
ictimaiyyətin diqqətinə
çatdırılması da Elnarə Akimovanın elmi fəaliyyətində
mühüm yer tutan məsələlərdir.
Təqdim olunan kitabdakı orta məktəb dərsliklərinin
vəziyyəti, uşaq
mətbuatının qayğıları
ilə əlaqədar
problemlər Elnarə
Akimovanın elmi araşdırmaları ilə
yanaşı, radio və
televiziyada, elmi konfranslarda və forumlardakı çıxışları
və məruzələrinin
də baş mövzusudur. Bu məqamda
o, təkcə mövcud
problemləri diqqət
mərkəzinə çəkməklə,
alim-vətəndaş narahatlığını
dilə gətirməklə
kifayətlənmir, vəziyyəti
dəyişmək, irəliyə
getməyə nail olmaq
üçün bu sahəyə cavabdeh olanları da yaxşı mənada silkələməyə,
düşündürməyə səy göstərir. Kitabdakı "Uşaq ədəbiyyatının ciddiliyinə
xələl gətirənlər:
məsuliyyət kimin üzərinə düşür?",
"Kəmiyyətin keyfiyyəti
üstələdiyi ədəbiyyat",
"Sözümüzü o kəslərə deyirik
ki" adlı məqalələr
və müsahibələr
Azərbaycan uşaq ədəbiyyatının inkişaf
etdirilməsi haqqında
elmi xarakterli çağırışlar kimi
səslənir.
Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, Elnarə Akimova Azərbaycan mətbuatında uşaq ədəbiyyatının problemləri
ilə əlaqədar
ictimai müzakirələrin
də ilk təşkilatçısıdır.
Onun "Ədəbiyyat
qəzeti"ndə təşkil
etdiyi "Müzakirə
saatı" uşaq ədəbiyyatının müasir
vəziyyəti və
vəzifələrinə həsr
edilmiş obyektiv elmi müzakirələr kimi maraqla qarşılanmış,
əks-səda doğurmuşdur.
***
Mən Elnarə Akimovanı təmsil etdiyi bütün elmi-ədəbi
kürsülərdə daim
məsuliyyətli, zəhmətkeş,
axtarış əzmli,
həm də ictimai borc narahatlığı
ilə yaşayan görmüşəm. Bu narahatlıq
ədəbiyyatın qayğıları
qarşısında cavabdehlik
və xidmət funksiyasının yaratdığı
müstəsna haldır.
Uşaq ədəbiyyatına,
onun keçdiyi tarixi yola və
müasir istiqamətlərinə
münasibətdə də
o, eyni təəssübkeşliklə,
bəlli bir missiya daşıyıcısı
statusunda çıxış
edir. Ədəbi ictimaiyyətə təqdim
olunan yeni kitab bu baxımdan dediklərimizə
sübutdur, Elnarə Akimovanın - bu sanballı ədəbiyyatşünas
alimin həm böyük zəhmətinin,
həm də uşaq ədəbiyyatına
yüksək nəzəri-estetik
meyarlar səviyyəsindən
baxmağının örnəyidir.
13 oktyabr 2024-cü il
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S.6-7.