General nəvəsinin
məmləkətə qayıdışı
Professor
Ali Kafkasyalının Türkiyədə "Nobel" nəşriyyatı
tərəfindən çap olunmuş "Böyük
türk şairi Nazim Hikmət və Türk
Dünyası" kitabının məzmununa, şairin şəxsiyyəti
və yaradıcılığı haqqında hörmətli
alimin fikirlərinə münasibət bildirməzdən əvvəl
kitabla ilk təmasdan bəri düşüncələrimdə
dolaşan bəzi mülahizələri bölüşməyi
zəruri sayıram.
Nazim Hikmətin
vəfatının 60-cı və Türkiyə Cümhuriyyətinin
100-cü ilinə - Türkiyə əsrinə həsr
olunmuş kitabın müəllifi Ali Kafkasyalı, 1920-ci illərdə
Azərbaycanda Sovet əsarətinə, bolşevik
diktaturasına üsyan edərək, Karsa köçən
mühacir ailəsində dünyaya gəlmişdir. Gəncliyindən
Türkiyədə sağ təmayüllü milliyyətçi
siyasətin sıralarında yetişən Ali bəy bu gün
də öz ideoloji mövqeyinə, milliyyətçilik dəyərlərinə
sadiqdir. Uzun müddət doğma məmləkətində
kommunist kimi lənətlənən Nazim Hikmət haqqında
Ali bəyin kitab yazması, Nazim Hikmətin böyük
türk şairi portretini yaratması mənim nəzərimdə
Türkiyə cəmiyyətinin yaşamaqda olduğu yeni
tarixin - Türkiyə əsrinin göstəricisi olmaq
baxımından çox əhəmiyyətlidir. Yeni Türkiyə
artıq sağçısına-solçusuna baxmadan öz dəyərlərinə,
itirdiyi sərvətlərinə sahib çıxır. Bu mənada,
Türkiyə Cümhuriyyətinin sonuncu Baş naziri, Türk
Dünyası Ağsaqqallar Şurasının sədri
hörmətli Binəli Yıldırımın kitaba
yazdığı Ön sözdə Nazim Hikməti
"Cümhuriyyət dövrü türk ədəbiyyatının
ən böyük şairlərindən biri"
adlandırması Türkiyədəki yeni düşüncənin
milli-mənəvi dəyərlərə münasibətinin
ifadəsi kimi qəbul edilməlidir.
Müqayisənin
nə qədər yerinə düşəcəyini bilmirəm
- Azərbaycanın tarixində də əlimizdən
alınan, zaman keçəndən sonra özümüzə
qaytarılan dəyərlərimiz az olmamışdır.
Xüsusilə, hər cür siyasi qərarların xalqın
iradəsindən kənar verildiyi Sovet dövründə
neçə-neçə həmvətənimiz "vətən
xaini", "xalq düşməni" kimi ittiham edilmiş,
həbsə, sürgünə, ölümə məruz
qalmış, sonra da bəraət almışdır. Ancaq həmin
itkilərin millətin mənəvi varlığına təsirsiz
ötüşmədiyi, milli psixologiyada böyük, dərin
boşluqlar yaratdığı, milli yaddaşda "qara dəliklər"
açdığı aydın və acı həqiqətdir.
...2008-ci
ilin payızı idi. Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatı
fənnindən mühazirə oxuyarkən Nazim Hikmətin
yaradıcılığının ədəbiyyatımızdakı
yerini vurğulamış, sevdiyim misralarını dilə gətirmişdim:
Başım
köpük köpük bulut, içim dışım deniz,
Ben bir
ceviz ağacıyım Gülhane Parkı'nda.
Budak
budak, şerham şerham ihtiyar bir ceviz,
Ne sen
bunun farkındasın ne polis farkında...
Tələbələrdən
biri yerindən durub qəzəbli tonda sözümü kəsmişdi:
- Hocam, vətən
xainini təbliğ etməklə bizim qürurumuza
toxunursunuz!..
O vaxt
Bakı Dövlət Universitetində qardaş Türkiyədən
gəlmiş tələbələrin sayı çox idi və
müəllim-tələbə münasibətlərində
onlar daha təmkinli, daha ölçülü-biçili
davranırdılar. Ona görə də tələbəm Mehmetin
ötkəm ədayla sözümü kəsməsi mənim
üçün gözlənilməz olmuşdu. Bunun da fərqində
idim ki, ülkü ocaqlarını təmsil edən Mehmetin
Nazim Hikmət haqqında dedikləri öz sözləri deyil,
şairə bu münasibət onillər boyu zehinlərdə
kök salmış hazır təsəvvürdən, türklər
demiş, önyarğıdan gəlir. 1951-ci ildə Türkiyə
vətəndaşlığından məhrum edilmiş Nazim
Hikməti həsrətindən öldüyü məmləkətində
gözdən salmaq üçün onun haqqında XXI əsrdə
də müxtəlif "şəhər əfsanələri"
dolaşmaqdaydı və çoxunun nəzərində o, bir
"vətən xaini" - "xalq düşməni"
idi. Ali bəyin "Böyük türk şairi..."
kitabında tarixin daha bir paradoksunun üzərindəki pərdənin
qaldırıldığını görürük: Nazim Hikməti
Türkiyədə "xain" adlandırmaqda kommunistlər
millətçiləri qabaqlayıbmış - onun 1930-cu ildə
kommunist partiyasından xaric edilməsi barədə qəzet xəbərinin
manşetində şair "Türkiyə kommunist
partiyasından qovulmuş xain"
adlandırılmışdı...
Bu da
Allahın xoş bir inayəti oldu ki, elə həmin dərs
ilində - 2009-cu il yanvar ayının 5-də (mənim
doğum günümdə) Türkiyə Cümhuriyyəti
Nazirlər Kabinetinin qərarı ilə Nazim Hikmətin vətəndaşlığı
58 ildən sonra özünə qaytarıldı.
Hər dəfə
Mehmetlə universitet dəhlizində qarşılaşanda ona
Nazimin şeiri ilə səslənirdim:
Karşı
yaka memleket,
sesleniyorum
Varna'dan,
işitiyor
musun?
Memet!
Memet!..
Professor
Ali Kafkasyalının "Böyük türk şairi Nazim
Hikmət və Türk Dünyası" kitabı tarixin
"babalını yumaq", şairin "vətən
xaini" adını üstündən götürmək,
ona "bəraət vermək" məqsədilə
yazılmayıb. Kitabın maraq kəsb edən başlıca
keyfiyyəti qarışıq zamanın
aldanışlarının qurbanı olan, dolaşıq yollar
arasında səmtini itirən, qürbətdən qayıdanda
həbsxanaya salınan, həbsxanadan çıxanda həsrətində
olduğu azadlığa qovuşmaq əvəzinə, yolu yenidən
qürbətə salınan, qapıldığı xəyallar
suya düşən, "həsrətin,
ayrılıqların dilini yaxşı bilən" şairin
şəxsiyyətinin və
yaradıcılığının siyasi düşüncənin
əks qütbündən qiymətləndirilməsi, aradan
onillər keçəndən sonra şairin səsinə
"qarşı yaxadan" səs verilməsidir. Kitab müəllifinin
qarşısında duran ən çətin vəzifə isə
Nazim Hikmətin ömür yolunun və
yaradıcılığının siyasətin fövqündə
olan tərəflərini görmək, kitabın adında
göstərilən böyük türk şairi portretini
yaratmaq idi. Bunun üçün müəllifin özündən
də şairə və şeirə siyasi
baxışların fövqündən baxmaq cəsarəti
göstərmək tələb olunurdu...
Nazim Hikmət
ömrünün sonuna yaxın, 1961-ci ildə qələmə
aldığı "Otobiyografi" şeirində
yazmışdı:
1902'de
doğdum
doğduğum
şehre dönmedim bir daha
geriye
dönmeyi sevmem.
üç
yaşımda Halep'te paşa torunluğu ettim
...ve on dördümden
beri şairlik ederim...
Nazim Hikmət
dünyaya gələndə onun cənnəti - Osmanlı
dövləti qocalıb əldən
düşmüşdü, son illərini yaşayırdı.
Osmanlı dövlətinin başından gəlib keçənlər
on dörd yaşından "şairlik edən" paşa
torunundan da yan ötməyəcəkdi. Nazim Hikmətin
ömür və yaradıcılıq yolunun
başlanğıcı bilavasitə imperiyanın, onun
xarabaları üzərində qurulan cümhuriyyətin tarixinə,
eləcə də dünyada gedən proseslərə
bağlı hadisələrlə o qədər zəngin, o qədər
dolu olub ki, həmin hadisələri bir xətt boyunca düzmək,
bir zəncir halına gətirmək olduqca çətin idi...
Ali
Kafkasyalının "Böyük türk şairi..."
kitabında göstərildiyi kimi, Nazim Hikmətin dünyaya gəldiyi
şəhər - Selanik (bura həm də Qazi Mustafa Kamal
Paşa Atatürkün doğulduğu şəhərdir)
1912-ci ilə qədər Osmanlı imperiyasının bir
parçası idi. 1912-ci ilin noyabrında Osmanlı ordusunun
Balkanlardakı məğlubiyyətindən sonra şəhər
yunanların tabeliyinə keçdi. Şairin babası Mehmet
Nazim Paşa 1912-ci ildə Selanikə vali təyin edilmişdi
və onun adı tarixə şəhərin son türk valisi
kimi düşəcəkdi. Selanikdən əvvəl isə o,
Hələbin valisi olmuşdu. Balaca Nazim Hikmət üç
yaşında ikən atası Hikmət bəy və anası
Ayşə Cəlilə xanım ilə birlikdə Hələb
şəhərinə köçmüş, ailə bir
müddət orada, Mehmet Nazim Paşanın yanında
yaşamışdı. "Böyük türk
şairi..." kitabından götürdüyüm qısaca
bir arayışı da diqqətə
çatdırmağın faydalı olacağını
düşünürəm ki, şairin adı babası Nazim
Paşa ilə atası Hikmət bəyin adlarının birləşməsindən
düzəldilmiş mürəkkəb sözdür,
müasir Azərbaycan dilinin orfoqrafiyasının tələblərinə
görə, əslində bitişik yazılmalıdır...
Ali bəyin
nəsr sahəsindəki təcrübəsi, hekayə və
romanlar yazması, təfəkkür tipinin epos poetikasına
meyli elmi mətnlə oxucu arasındakı fəal ünsiyyətin
qurulmasında, mətndəki mətləblərin oxucuya təqdimində
və asan dərk olunmasında aparıcı rol
oynamaqdadır. Kitabda elmi qaynaqlardan gələn, hər birinin
dəqiq mənbəyi göstərilən faktlar oxucuya daim
sonunun nə olacağını gözlədiyi təhkiyə
(anlatı, narrative) üzərindən təqdim olunur. Elmi təhkiyə
mətnin bir araya gətirdiyi çoxsaylı fakt və hadisələr
ilə oxucu arasında ünsiyyəti təmin edən gözəgörünməz
əlaqələndirici, ötürücü rolunu oynayır.
Beləliklə, kitab müəllifi Nazim Hikmətin
yaradıcılığında izləri olan hadisələri
yada salmaqla yanaşı, həm də bu hadisələr vasitəsilə
böyük şair kimliyinin yaddaqalan ibrətli elmi hekayəsini
yaradır.
Kitabın
şairin "Şəxsiyyəti və şairliyi"nə
həsr olunmuş ilk fəslində bir-birindən maraqlı
qırxdan çox süjet verilib. Bu yığcam süjetlərdən
əksəriyyətinin hər birində ayrıca roman
enerjisini görmək mümkündür. Məsələn,
faktlardan biri imperiya övladı olan Nazim Hikmətin etnik soyu
ilə bağlıdır və bu mövzu Azərbaycan
oxucuları üçün də çox maraqlıdır.
Kitabda Nazim Hikmətin ata nənəsi Leyla xanımın
atası Mehmet Əli Paşa haqqında kiçik bir süjet
verilib. Əslən fransız olan Mehmet Əli Paşa 12
yaşında hərbi təlim gəmisi ilə İstanbula gəlir,
komandiri ilə dalaşdığı üçün onu gəmidən
dənizə atırlar və o, türk dənizçiləri
tərəfindən xilas edilir. Hərbi Dəniz Məktəbində
təhsil alır, müsəlmanlığı qəbul edir, fərasəti
sayəsində tez bir zamanda Osmanlı ordusunda general rütbəsinə
yüksəlir. 1878-ci ildə Berlin Konqresində Osmanlı
sultanının nümayəndəsi kimi iştirak edir.
Torpaqlarının bir hissəsi Monteneqro və Serbiyaya verilən
albanlar silahlı üsyana başlayanda yerli əhali ilə
danışıqlar aparmağa göndərilir və orada
şəhid olur.
Şairin
anasının babası Mustafa Cəlaləddin Paşa isə
Polşada doğulub, müsəlmanlığı qəbul edənə
qədər Borjenski soyadını daşıyıb.
Türklüyün tarixini araşdıran, "Qədim və
müasir türklər" əsərinin müəllifi kimi
şöhrət qazanan Mustafa Cəlaləddin Paşanın
etnik mənsubiyyətinə görə polyak deyil, qaqauz
türkü olduğunu öyrənirik...
Kitabda bu
cür yığcam hekayələrdən Nazim Hikmətin
kimliyinə işıq tutulur və Osmanlı dövlətinin
taleyindən saçılan həmin işıq şairin
ömrünün son nöqtəsinə, şairin son mənzilinə
qədər oxucunun təsəvvürünə
yoldaşlıq eləyir. Kitab oxucunun gözü
qarşısında paşa nəvəsinin tarixin sərt
döngələrindən, taleyin sarp yoxuşlarından
keçən yolunu canlandırır.
Nazim Hikmətin
ailə dramının - atası ilə anası arasında
münasibətlərin gərginləşməsinin
uşaqlıqdan onda yaratdığı mənəvi zədə,
şairin anasının böyük türk şairi Yəhya
Kamalla macərası haqqında söylənənlər, Nazim
Hikmətin sevgi və evlənmə tarixçələri,
Atatürklə görüşü, Sovet İttifaqına gəlişi,
Türkiyəyə qayıdışı, mühakimə
olunduğu məhkəmə prosesləri, həbsxana həyatı,
Bakı səfərləri və s. kimi onlarla hadisənin bir
araya gətirilməsi bütöv bir təhkiyə çərçivəsində
təqdim olunduğundan ayrı-ayrı süjetlər rəngarəng
bir tablonun ştrixləri kimi yadda qalır. Bu ştrixlər
bir araya gətiriləndə Nazim Hikmətin bütöv
böyük şair və böyük insan portretini
canlandırır. Xüsusi vurğulamaq istəyirəm ki,
müəllif bu portreti yaratmaq üçün
ayrı-ayrı fraqmentləri mozaika daşları kimi yan-yana
düzməmişdir, müxtəlif rənglərin, fərqli
hadisələrin ərintisindən, sintezindən bütöv
və möhtəşəm bir şair obrazı yaratmağa
müvəffəq olmuşdur. Bu isə elmi təhkiyənin
fakt və hadisələrdən yığdığı
enerjinin oxucuya ötürülməsində müstəsna rol
oynayır.
Bir insan
kimi taleyi, dünyanın coğrafiyasını dəyişdirən
mürəkkəb tarixi proseslərin qaynar mərkəzinə
düşən şairin ömründə və şeirində
qarışıq və dolaşıq zamanın necə əks
olunmasının tam və aydın mənzərəsini
yaratmaq "Böyük türk şairi..."
kitabının dəyərini və ayarını müəyyənləşdirməkdədir.
Kitab
müəllifinin Nazim Hikmətin kimliyinə münasibətinə
gəldikdə isə, bir oxucu kimi məndə yaranan qənaət
budur ki, Ali Kafkasyalının təqdim etməyə
çalışdığı böyük türk
şairinin şəxsiyyətinin başlanğıc nöqtəsi
Nazim Hikmətin paşa torunu - Osmanlı ordusu
generalının nəvəsi olmasıdır (Mötərizə
arasında qeyd edək ki, Nazim Hikmətin dayısı,
Atatürkün hərbi məktəb yoldaşı və
yaxın silahdaşlarından biri Fuad Paşa - Ali Fuad Cebesoy
(1882-1968) da Cümhuriyyət Ordusunun generalı olub və
adı tarixdə Qurtuluş savaşını başladan qəhrəman
komutan kimi keçməkdədir...).
Kitabda
vurğulandığı kimi, şairin bir şəxsiyyət
kimi yetişməsində babası Nazim Paşanın
böyük əməyi və təsiri olmuşdur. "Hikmət
bəylə Cəlilə xanım 1917-ci ildə ayrılandan
sonra Nazimə və bacısı Samiyəyə baxmağı
babası Mehmet Nazim Paşa üzərinə
götürür. Nazim Paşa adaşı Nazimi bir paşazadə
kimi yetiştirir (kursiv mənimdir - M.O.)".
"Osmanlıçılık
ve İslamçılık düşüncələrinin...
"Hüsran"a uğradığını" - boşa
çıxdığı gerçəyindən yola
çıxan Ali Kafkasyalı Nazim Hikmətin sosializmi
seçməsinin tarixi şərtlərini şərh edərək
şairin yaradıcılığına əvvəldən
sona qədər yön verən millət, məmləkət və
türk dili sevgisini ön plana gətirir. Bu sevginin kölgəsində
Nazimin yaradıcılığında həsrətini çəkdiyi,
qarşı yaxadan səsləndiyi məmləkət
bütün ağrıları, bütün ziddiyyətləri,
cənnəti və cəhənnəmi, tarixi və bu
günü ilə birlikdə daha aydın və möhtəşəm
görünür.
Dörtnala
gelip Uzak Asya'dan
Akdeniz'e
bir kısrak başı gibi uzanan
bu memleket
bizim.
Bilekler
kan içinde,
dişler kenetli, ayaklar
çıplak
ve ipek bir
halıya benziyen toprak,
bu
cehennem, bu cennet bizim.
Kapansın
el kapıları, bir daha açılmasın,
yok edin
insanın insana kulluğunu,
bu davet
bizim...
Yaşamak
bir ağaç gibi tek ve hür
ve bir
orman gibi kardeşçesine,
bu hasret
bizim...
Kitabda
Nazim Hikmətin həbsxanada dustaq olarkən yazdığı
və qırx altı min misralıq hissəsi sonradan
yandırılmış "Kuvayi Milliyyə
dastanı"nın ("Qurtuluş Savaşı
dastanı") ayrıca bir başlıq altında verilməsi
də alimin Nazim Hikmətə Paşa torunu - general nəvəsi
kimi yanaşmasından irəli gəlir: Nazim Hikmət harada,
hansı şəraitdə yaşamasından asılı
olmayaraq özünü məmləkətin taleyinə cavabdeh
sayırdı. Burada maraq doğuran başqa bir məqam da
müəllifin diqqəti "Kuvayi Milliyyə
dastanı"nın təhlilinə, əsərdəki
obrazlar sisteminə, struktur xüsusiyyətlərinə deyil,
dastanın əlyazmasının hekayəsinə yönəltməsidir.
Ümumiyyətlə, "Böyük türk şairi..."
kitabında Nazim Hikmətin şəxsiyyətinin və
yaradıcılığının fərqli hekayələrin,
yığcam və gərgin süjetlərin bir araya gətirildiyi
dinamik təhkiyə üzərindən təqdim edilməsi
kitabın struktur baxımından özünəməxsusluğunu
müəyyənləşdirir.
Nazim Hikmətin
insanı bir ağac kimi hür, insanlığı bir orman
kimi qardaşcasına yaşamağa dəvət etdiyi bu
poemadan bəhs edərkən, Ali Kafkasyalı şairin
yaradıcılığında milli varlıq naminə
aparılan mübarizə, qurtuluş uğrunda savaş
ideyasına daha çox önəm verir və şairin
şeir dünyasındakı azadlıq motivini bu ideyanın
işığında dəyərləndirir. "On səkkiz
yaşında İstanbulun fəthindən bəhs edən
"Səkkiz yüz əlli yeddi"; İstanbulun
işğalına dair "16 mart"; Anadolunun
işğalına dair "Qırx quldurun əsiri";
"Çanaqqala nağılı" (Vala Nurəddin ilə
brilikdə); İzmirin işğalına dair "Yaralı
ruh"; İzmir və Ədirnənin süqutuna dair
"Qaçırılan bacılar" adlı dastanları
yazan Nazim Hikmət, Qurtuluş savaşı haqqında da
sonradan "Kuvayi Milliyə" adlandırılan
"Qurtuluş Savaşı dastanı"nı yazdı.
Nazim Hikmət dastanı, son qeyddə göstərildiyi kimi,
üç il ərzində üç həbsxanada
("İstanbul təcridxanası (1939), Çankırı həbsxanası
(1940) və Bursa həbsxanası (1941)) tamamladı".
Üç
həbsxanada Vətənin Qurtuluş Savaşının,
azadlıq uğrunda ölüm-dirim mübarizəsinin
dastanını yazan Nazim Hikmətin Sovet İttifaqına
sürgün kimi son gəlişi, Moskvada
yaşadığı dövr türk dünyasının mənəvi
birliyində sovet hakimiyyətinin də gözləmədiyi
hadisəyə çevrildi. Bu mənada, Ali Kafkasyalının
Nazim Hikmətin böyük şair portretinə Türk
Dünyası üfüqlərindən nəzər salması
həm tarixi, həm də filoloji baxımdan ciddi özüllərə
dayanır.
"Geriyə
dönməyi sevmirəm" deyən Nazim Hikmət Sovetlər
Birliyinə qayıtmağa məcbur olarkən, bütün
varlığı ilə sevdiyi məmləkətini, öz
sözləri ilə desək, saçlarının
ağında, ürəyinin infarktında, alnının
qırışlarında sürgünə gətirmişdi.
Kitabın
"Türk Dünyasında Nazim Hikmət və
çalışmaları" bölümündə
şairin Bolqarıstan türkləri, eləcə də Azərbaycan
və Orta Asiya türk xalqları ilə əlaqələrinə
dair olduqca maraqlı faktlar, təfərrüatlar bir araya gətirilib.
...1953-cü
ildə Stalinin ölümü ilə "Şər
imperiyası"ndakı ideoloji iqlim tədricən dəyişirdi.
Bir çox həqiqətlərin üstündəki
ağır pərdələr qaldırılırdı. Elə
o vaxtdan Nazim Hikmətin yaradıcılıq ruhunda kəskin
sarsıntılar müşahidə olunmağa
başlamışdı. Heç şübhəsiz ki, Nazim
Hikmət tragik bir illüziyaya qapıldığını, xəyallarının
suya düşdüyünü dərk etmişdi.
Bu da
tarixin bir gerçəyidir ki, "Mavi gözlü dev" o
illərdə Sovet əsarətində olan türk
xalqlarının mənəvi birliyi üçün dev kimi
böyük iş görürdü. Onun "dəmir pərdələr"
arxasında türk birliyi üçün gördüyü
işi o vaxt heç sovet hökumətinin düşmənləri
də görə bilməzdilər. 1930-cu illərdə
sarsıdılmış, pozulmuş türk birliyi 1950-ci illərin
sonlarında Nazimin timsalında mədəni səviyyədə
yenidən bərpa olunmağa, türk xalqlarının ədəbiyyatlarında
türk dilinin və Türkiyənin havası əsməyə,
yeni şeir axını özünü göstərməyə
başladı.
Nazim Hikməti
Azərbaycanda da yeni şeir axınının önündə
görürük. O vaxt ədəbiyyata gələn
yenilikçi şairlərin, xüsusən, sərbəst
şeir yazan yenilikçi gənclərin
yaradıcılığının əsas enerji mənbəyi
Nazim Hikmətin yaradıcılıq təcrübəsi idi. Bu
məsələyə Moskvada təhsil alan gənclərin
Nazim Hikmətlə şəxsi görüşlərinin də
az təsiri olmamışdı...
Ali
Kafkasyalının "Böyük türk şairi..."
kitabında şairin 1957-ci ildə Bakıya səfərinin,
Azərbaycan Dövlət Universitetinin tələbələri
ilə görüşünün təfərrüatlarına
geniş yer verilib.
Həmin
görüşdə Nazim Hikmət gələcəkdə nə
vaxtsa Bakıdan İstanbul Universitetinə, Türkiyənin
Baş nazirinin də iştirak edəcəyi görüşə
gedəcək gənc azərbaycanlı şairdən onun
Türkiyə gənclərinə salamlarını, eləcə
də özünün Azərbaycanda çox sevildiyini, Azərbaycandan
çox şey öyrəndiyini çatdırmağı
xahiş eləmişdi...
Nazim Hikmətin
xəyalından keçən görüş xeyli gec oldu.
2023-cü ilin dekabrında Türkiyənin Ərzincan
Universitetində ölkənin sonuncu Baş naziri Binəli
Yıldırımın iştirakilə professor Ali
Kafkasyalının "Böyük Türk şairi Nazim Hikmət
və Türk Dünyası" kitabının təntənəli
təqdimatı oldu. Tədbirə Azərbaycandan da qonaqlar dəvət
edilmişdi...
"Böyük
türk şairi..." kitabında Moskvadakı Novodeviçye
qəbiristanlığında uyuyan Nazim Hikmətin məzar
daşının üzərində şairin oyma siluetinin
şəkli verilib: hər şeydən keçən, hər
şeyini arxada qoyan şair var gücü ilə irəliyə,
məchul gələcəyə can atır...
Həmin
gələcəyin içində qarşı yaxadan səsləndiyi
məmləkəti böyük şairin yolunu gözləyirdi.
Üç yaşında Hələbdə paşa
torunluğu edən şair məmləkətinə Ali
Kafkasyalının qiymətli kitabında, bir də onu sevən
oxucularının sevən ürəklərində
qayıtdı.
İndi
Nazim Hikmətin məmləkətinin hüdudları da xeyli
genişlənib: şairə dəyər verənlər ona
Türk Dünyasının üfüqlərindən
baxırlar...
Məti
OSMANOĞLU
Ədəbiyyat
qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S.10-11.