"Hərb
və Sülh"dən
başlayan yol
Qazax Xalq yazıçısı Əbdicəmil Nurpeisovun
100 illik yubileyinə
Uzun bir tarixi mərhələ
boyunca inkişaf edən qazax ədəbiyyatı XX əsrin
ikinci yarısına qədər arxasında Abay və Torayqırov
kimi sənətkarlardan
başlayaraq, M.Auezov, S.Mukanov, Q.Musrepov, Q.Mustafin, İ.Esenberlin, T.Axtanov, S.Seyfullin, İ.Cansuqurov və başqa bu kimi ədiblər
araya-ərsəyə gətirmişdir.
Qazax ədəbiyyatının adları
çəkilən nümayəndələrinin
hər birinin yaradıcılığı bizə
yetərincə məlumdur.
Lakin biz burada digər
yazıçıların bədii
irsinə toxunmadan XX əsrin ikinci yarısı və XXI əsrin ilk onilliklərinin
qazax bədii təfəkküründə özünə
mövqe qazanmış
görkəmli yazıçılarından
biri Əbdicəmil Nurpeisovun yaradıcılığından
bəhs etmək istəyirik. Özünəməxsus
bədii-formal, struktur-kompozisiya,
motiv və məzmun, əzəmətli
obraz və qəhrəmanları, milli koloriti
ilə seçilən
Ə.Nurpeisov nəsrinin timsalında XX əsrin ikinci yarısında qazax ədəbiyyatı xeyli nəzərəçarpacaq uğurlar
əldə etmişdir.
Məhz Ə.Nurpeisovun
yazıçılıq məharəti
sayəsində qazax ədəbiyyatı qlobal mədəniyyət və
sənət tendensiyalarını
özündə əks
etdirməyə nail ola bilmişdir.
Böyük Vətən müharibəsinin
od-alovundan salamat çıxıb,
yazıçı karyerasına
"Kurlandiya" romanı
ilə başlayan Əbdicəmil Nurpeisovun özünün xatırlatdığı
kimi, "tüstü
iyi verən, bığ yeri tərləməmiş bir
gənc ədəbiyyata
gəlirdi". Bu roman Baltikyanı
respublikaların ərazisini
faşist işğalçılarından
azad edən İkinci Baltik və Leninqrad cəbhələrinin əsgər
və zabitlərinin hərbi qəhrəmanlığına
həsr olunmuşdur. Ə.Nurpeisovun özü belə hesab edirdi ki, yazıçının yaradıcılığını
doğma torpağından
təcrid edib, onu ayrıca nəzərdən keçirmək
düzgün olmazdı.
Çünki yazıçının
yaradıcılığı milli ədəbiyyatın özü
ilə bərabər püxtələşir.
Ə.Nurpeisovun özünün
də sonralar etiraf etdiyi kimi
onun ədəbiyyata gəlişi Lev Tolstoyun
"Hərb və Sülh" epopeyasından
başlamışdır.
Ə.Nurpeisovun ilk romanı
- "Kurlandiya" nəşr
edildikdən sonra o,
"Qan və tər" adlı həyat kitabı üzərində işləməyə
başlayır və bu əsərlərin hər ikisi sonrakı "Sonuncu borc" romanı ilə birlikdə əslində bir bütöv təşkil etməklə, həm yazıçının özünün,
həm də sovet xalqının XX əsrin sonlarına qədər birlikdə yaşadıqları həyat
və sovet dövründən sonra yaşadıqları hadisələrdən
bəhs edən yüksək əyarlı
bədii həyat lövhələrini
özündə əks
etdirirdi.
Bütün bunlarla yanaşı,
bir məqamı qeyd edək ki, Əbdicəmil Nurpeisov çoxlarından fərqli
olaraq özünün
qeyri-adi yaradıcılıq
qabiliyyətlərini nümayiş
etdirməyi sevməyən
yazıçılardan idi.
O, özü bilərəkdən
özünü ictimaiyyətdən,
ekranlardan, efirlərdən
kölgədə saxlayırdı.
Buna baxmayaraq, qazax tənqidi onun yaradıcılıq qabiliyyətini
öz vaxtında yaxşı görür, dəyərləndirirdi. Bunun nəticəsində
"Qan və tər" trilogiyası doğma milli tarixin parlaq panoraması olaraq tezliklə qazax ədəbiyyatının
klassikasına çevrilməklə,
XX əsrin əvvəllərindən
tutmuş, inqilabi dəyişikliklər dövrünə
qədər olan hadisələri təsvir edirdi. Müəllif trilogiyada köklü dəyişikliklər ərəfəsində,
feodal-patriarxal adət-ənənəsi,
köçəri məişət
tərzinin süqutu, qəbilə-tayfa əlaqələrinin
dağılması dövründə
qazax xalqının acınacaqlı və ağır taleyindən bəhs edirdi. Qeyd olunanlardan əlavə, bu əsər təkcə Qazax çölünün
özünün, təbiətinin,
həyatının deyil,
həm də insanların oyanışından
bəhs etməkdə
idi. Romanda insanların içində
gedən özünüdərk
dəyişiklikləri və
onların psixoloji baxışlarının dinamikası
əks etdirilməkdədir.
Trilogiyada xalqın gələcək ideallarının
bərqərar olunması
ilə bağlı mübarizədə bu hadisələrin qurbanlarını
da aydın hiss etmək
olur.
Romanın mərkəzi personajı
yetimlik, yoxsulluq, rəzalət, təhqir, xəyanət, yaxınlarını
itirmə və s. və i.a.-larla yanaşı, atası Abralı nəslindən olan ərazidə hər şeyə qadir olan bəy
tərəfindən aradan
götürüldüyündən Tanırbergenin atası, atasının qatili, bütün bu yaraşıqlı adamlar
- atlılar, çöldəki
çaparlar, tülkü
və canavar ovu dalınca gedib, doyunca içki içib, meyxoş olan insanlar təsvir edilsə də, əsərin bədii-estetik
qayəsi bundan daha çox ağrılı məsələləri
özündə çevrələməkdədir.
Uzun, son
dərəcə şərəfli
ömür sürmüş
Ə.Nurpeisovun yaradıcılığı əslində
iki müxtəlif sosial-ictimai, mənəvi-mədəni
formasiyalar şəraitində
keçmişdir. Əgər
bir tərəfdən
onu Sovet Sosialist Respublikaları İttifaqının yaranmasının
həmyaşıdı hesab
etmək olarsa, digər tərəfdən
o, doğma ədəbiyyat
tarixində B.Amanşin,
X.Adibayev, B.Sokpakbayev kimi zəngin fikir sahiblərinin həmyaşıdı idi.
Eyni zamanda yeri gəlmişkən, qeyd edək ki, B.Sokpakbayev Ə.Nurpeisovdan cəmi 7 gün böyük idi. Bütün bunlarla yanaşı, Ə.Nurpeisovun ədəbi yaradıcılığı
həm ziddiyyətli, həm də birmənalı deyildi. Əgər o, ilk "Kurlandiya"
romanında Baltikyanı
ölkələrdə sovet
əsgərlərinin quduz
alman cəlladlarına qarşı
göstərdiyi şücaətləri
təsvir mərkəzinə
gətirərək, həm
də sosialist sistemini və dövlətini müdafiə
edirdisə, ondan sonrakı "Qan və tər" trilogiyasında müəllif belə
yanaşmanı ifrat dərəcədə qatılaşdırır.
Yazıçı əsərdə
Sovet İttifaqında,
daha doğrusu, Qazaxıstanda gedən proseslərə, qazaxların
guya bu ittifaqa
"könüllü inteqrasiyasını
göstərirdi". Trilogiyadakı
"Alatoran" (1961), "Qaranlıq" (1964), "Sərgərdanlıq"
(1970) adlı üç
romanda Ə.Nurpeisov
həyatın realist təsvir
elementlərinə əsaslanaraq
Qazaxıstanın Aral bölgəsində
baş verən hadisələri 1900-cu illərin
əvvəlindən təsvirlərə
cəlb edirdi. Bu trilogiya xalq, ölkə, onun sosial-mədəni taleyinin
parlaq aynasıdır.
Zaman, ictimai-siyasi formasiya
və baxışlar dəyişsə də, bu əsər epoxal zərurət baxımından dəyişməyən
unikal bir bədii nümunədir. Bununla belə, son yetmiş ilin "qızıl dövr" ədəbiyyatını "mis dövrü" ədəbiyyatı
adlandırmağa çalışan
bəzi neonihilistlər
bu romanı Qazaxıstandakı ictimai mübarizəni mahiyyətincə
təsvir etdiyi üçün köhnəlmiş
hesab etmişdilər.
Qeyd etdiklərimizə baxmayaraq,
"Qan və tər" trilogiyasını
müasir müstəqillik
dövrü, demokratik
baxış nöqteyi-nəzərindən
təhlil etsək, onda burada qazax
xalqının həqiqi
həyat lövhələrinə
zidd olan heç bir şey tapa bilmərik. Əksinə, bu əsərdə kommunist ideologiyasına zidd olan fikirlər yetərincədir və Nurpeisov özü söyləyir ki, həmin
dövrdə "sayıq
senzura buna necə imkan verdi?" üzərində düşünməyə
əsaslar verir.
Ə.Nurpeisovun əsərlərinin
qeyd olunan çoxsaylı taleyüklü
xüsusiyyətlərinə əlavə olaraq onu da deyək ki, romanboyu burada başqa bir motiv qırmızı xətt kimi bütün trilogiyanı öz ağuşuna almaqdadır. Bu, hər yerdə, hər şeydə, çölün
və dənizin təsvirində, fərdin
və bütövlükdə
bütün xalqın
taleyində mövcud olan işıq və qaranlıq motividir.
Qeyd edək ki, "Qan və tər" şəxsi və milli faciələrdən bəhs
edən bir epopeyadır. Trilogiyadakı
hər bir kitab kədərli və faciəli hadisələrlə
başlayıb, elə
kədərli və faciəvi notlarla da sona yetir.
Ə.Nurpeisov trilogiyadakı
hadisələri təsvir
edərkən, coşqun,
qaynar təbiət rənglərinin büllurluğundan,
xanın iqamətgahının
möhtəşəm bər-bəzəyindən,
onun həyat tərzindən, məstedici
kumısın çay
kimi axmasından, dəfn mərasimlərinin
təsvirindən çox
uzaqdır. Burada köçəri aul həyatının
üsyankar idillik mənzərələri də
yoxdur. Xoşbəxtlik
və sevinc bütün küləklərin
əsdiyi sıldırım
yamaclarda, tər və balıq iyi verən qaranlıq anbarlarda, tapdalanmış qazmalardan
sızan rütubətin
təsvirində yurdda,
Aral sahillərindəki daxmalarda,
şəhər kənarında,
yad bir ölkədə,
çirkli xəndəklərdə,
açıq dənizdə
üzən bir buz parçasının üzərində və
s. kimi lövhələrdə
öz təsvirini tapır. Romanda həddən ziyadə acı səhifələr,
bədbəxt talelər
olmaqla yanaşı, demək olar ki, uğurlu sonluqla bitən hər hansı təhkiyə xətti yoxdur. Lakin buna baxmayaraq, əsər insana alovlu sevgi
və rəğbətlə
doludur. Yazıçı
romanda təsvir etdiyi mühitin və xüsusi həyat tərzinin ümumiləşdirici obrazını
ortaya qoymuşdur.
Məhz
qeyd etdiyimiz bu canlı səhnə
və mənzərələrə
görə qazax alimləri A.Nurpeisovu
"müasir qazax ədəbiyyatının patriarxı,
dövrün siması"
adlandırırdılar. Sənətkarın
özü, şərəfinə
hər hansı mərasimlərin keçirilməsini
lüzumsuz hesab etdiyindən bu, qazax cəmiyyətini çox narahat edirdi. Dünya şöhrətli yazıçı
80 və 90 illik yubileylərinin qeyd olunmasının qəti əleyhinə olduğu üçün 85 illik yubileyinə qədər onun heç bir yubileyi keçirilməmişdi.
Lakin onun belə fikri ilə razılaşmayan yaxın
dostları və alimlər yazıçının
85 illik yubileyi şərəfinə bayram
gecəsi təşkil
edərək, artıq
hər yerdən qonaqların gəldiyini ona çatdırıb tədbirin keçirilməsindən
imtina etməməyi xahiş etmişdilər. Gecə "Abe dostları
dəvət edir" adlanırdı. Bu, klassikin
uzun ömrü dövründə qeyd etdiyi yeganə tarixi hadisə idi.
Əbdicəmil Nurpeisov son dərəcə
təvazökar bir insan olmuşdur. O, Qazaxıstanın ölkə
başçıları arasında
böyük hörmətə
malik olsa da, onlardan heç vaxt heç nə istəməmişdi. Belə
ki, məsələn, ölkə
prezidenti ilə son görüşlər zamanı
ondan ənənəvi
olaraq hansısa bir işdə köməkliyə ehtiyacı
olub-olmadığını soruşduqda, o, belə cavab vermişdi: "...Başımın üstündə
damım, qarşımda
işim var. Mənə
heç nə lazım deyil".
Sovet dövründə Qazaxıstanda
iki yazıçı
- Muxtar Auezov və Əbdicəmil Nurpeisov milyonçu yazıçı olmuşdu.
Onlar öz gəlirlərini yalnız
ədəbi əsərlərinin
köməyi ilə qazanmışdılar. Ə.Nurpeisov bir dəfə necəsə demişdi ki, "bu gün "Qan və tər" trilogiyasının on milyondan
artıq tirajla nəşr olunması mənə yuxu kimi görünür".
Qazaxıstan Respublikasının Prezidenti
ilə söhbət zamanı Nurpeisov belə bir məsələni
vurğulamışdı: "Mən varlı adamam, mənə heç nə lazım deyil. Və mən xalqımın arasındayam.
Bir yazıçı kimi
şirin müsbət
şeyləri demək,
onlardan yazmaq fikrində deyiləm, mənimçün yalnız
acı olan həqiqətlər var. O da mənim
xalqımın danışdıqları,
dilə gətirdikləridir".
Öz doğma ədəbiyyatının ağsaqqalı
hesab edilən Əbdicəmil Nurpeisov xarakterinə və daxili meyillərinə görə müstəqil
bir insan idi. O, hətta prezidentə öz iradlarını bildirib, tənqidi fikirlər söyləməkdən də
çəkinməzdi. Eyni
zamanda dövlət başçısı da bundan
inciməzdi və xalq yazıçısını
heç zaman diqqətdən
kənarda qoymazdı.
Müasirliklə bağlı Ə.Nurpeisova nə düşündüklərini dedikdə,
böyük sənətkar
suala belə cavab vermişdi: "Mən peyğəmbər
deyiləm, görücülüklə
də məşğul
olmuram. Amma çox qorxuram ki, indiki əsr bəşəriyyət
üçün sonuncu
olacaq".
M.S.Qorbaçovun yenidənqurma
siyasətindən sonrakı
dövrdə A.Nurpeisov
Beynəlxalq Qazax PEN klubunu təşkil etmiş və onun prezidenti olmuşdur. 2000-ci ildən
PEN-klubda "Tan-Şolpan"
jurnalını nəşr
etdirib, uzun illər bu ədəbi-ictimai
nəşrin redaktorlar
şurasının prezidenti
kimi fəaliyyət göstərmişdir. Onun
gedişindən sonra Bigeldi Qabdullin PEN-klubun prezidenti seçilmişdir. O, burada,
sanki dünya ədəbi prosesində qazax ədəbi sözünün unikallığı
ilə bağlı ideyaları həyata keçirmək üçün
ABŞ və İngiltərədə
qazax yazıçılarının
silsilə kitablarını
"Biz qazaxlarıq..." adı altında çap etdirib, canla-başla yaymağa çalışanlardandır.
A.Nurpeisov, sözün
əsl mənasında,
vətənində böyük
yazıçı, orijinal
lirik və misilsiz bədii ideyalar ustası adlandırılmaqdadır. Onun
"Qan və tər" romanı qazax reallığının
və qazax ruhunun "pəncərəsi"
hesab edilməkdədir.
Uzun onilliklər ərzində
köhnə sistemin məhvi, yeni sistemin doğulması mövzusunu
inkişaf etdirən sovet yazıçıları
əsasən iki rəngdən istifadə edirdilər: ağlarla əlaqəli hər şey qara, qırmızılarla əlaqəli
olan hər şeyə isə parlaq deyilirdi. Görkəmli Azərbaycan
yazıçısı və
ədəbiyyatşünası Çingiz Hüseynov vaxtilə demişdi: "Bunlar "Sakit Don" (ən parlaq antisosialist əsər) və "Qan və tər" romanlarında pozulmuşdu.
***
İndi də Ə.Nurpeisovun
yaradıcılığı ilə Azərbaycan yazıçılarının əsərləri arasında
gözə dəyən
bəzi oxşarlıqlara
baxaq. Qeyd edək ki, Ə.Nurpeisovun
romanı, trilogiyası
və dilogiyası bir çox xüsusiyyətlərinə görə
görkəmli Azərbaycan
romançısı Yusif
Vəzir Çəmənzəminlinin
epoxal "Qan içində" (1936-1937-ci illərdə
yazılmış və
yalnız 1960-cı ildə
nəşr olunmuşdur)
romanı ilə müqayisə oluna bilər. Repressiyaya məruz qalmış bu yazıçının
"Qızlar bulağı"
romanındakı Azərbaycan
xalqının mənəvi
kodeksi, etnopsixoloji və etnoqrafik xüsusiyyətləri isə
müəllifin öz
doğma tarixinə fərdi baxışını
əks etdirən romandır. Eyni zamanda "Qızlar bulağı" romanının
bəzi hissələri
həm də qədim "Avesta"nın
dini-fəlsəfi istiqamətləri
ilə müəyyən
paralelliklərə malikdir.
"Qan içində"
romanında kompozisiya və strukturun şaxələnmələri, orijinal
yazı üslubu, tarixi detalların köməyi ilə reallığın təsviri
baxımından hadisə
və təfərrüatların
üzə çıxarılması,
insan həyatının
ideallaşdırılmasında realizm mövqeyində dayanmışdır.
Ə.Nurpeisovun "Qan
və tər" trilogiyası ilə oxşar paralelləri biz M.S.Ordubadinin "Dumanlı
Təbriz" (1933-1948), "Gizli Bakı" (1938) və "Döyüşən
şəhər" (1938) kimi
tarixi romanları ilə də apara bilərik. Tarixilik və müasirlik prinsiplərini
özündə üzvi
şəkildə birləşdirən
"Qılınc və
Qələm" monumental romanı,
məlum olduğu kimi, Azərbaycan ədəbiyyatının
klassiki Nizami Gəncəvinin həyat və yaradıcılığına
həsr olunmuşdur
(1939-1941).
A.Nurpeisovun "Kurlandiya",
"Qan və tər" və "Sonuncu borc" romanlarını mövzu və problematika baxımından S.Rəhimovun
"Mehman" (1949) və
"Şamo" (1931-1964) kimi
romanları ilə də müqayisə etmək mümkündür.
Ən zəngin bədii lövhələrdə
XX əsrin əvvəllərindən
başlayaraq xalq tarixinin və onun dönüşlü hadisələrinin panoramını
yaradan "Şamo"
Azərbaycan kəndində
müxtəlif insan xarakterlərinin, talelərinin
və baş verən proseslərin təsviri, sosial-ideoloji təlatümlərlə yüklənmiş
məqamları, qəhrəmanların
şəxsi həyatına
diqqətlə yanaşılma
həmin əsrin ortalarına qədər epopeyadakı personajlar və obrazların işıqlandırılması fonunda da oxşarlıqlara
malik olduğunu söyləmək
olar.
Ə.Nurpeisovun "Kurlandiya",
"Qan və tər" və "Sonuncu borc" romanlarını görkəmli
nasir Əli Vəliyevin "Turaclıya
gedən yol" (1961)
romanı və Mir Cəlalın "Dirilən
adam" (1934-1935), "Bir gəncin
manifesti" (1939), "Açıq
kitab" (1941), "Yolumuz hayanadır"
(1958) və s. romanları
ilə uyğun, maraqlı ortaq detallar birləşdirir. Yeri gəlmişkən, qeyd edək ki, Mir Cəlalın "Dağların
ürəyi" ("Taulardın
jureqi") adlı hekayələr məcmuəsi
2023-cü ildə Əl-Fərabi
adına Qazax Milli Universitetinin rektoru Canseyid Tüymebayevin "Türk aləminin ortaq qələmləri"
adlı Ön sözü ilə qazax oxucularına təqdim olunmuşdur. Bu nümunələri bir-birinə,
həm də 1900-cü
illərin ilk dövrlərindən,
XX əsrin ortalarına
qədər xalq həyatındakı
parlaq realist rənglər
yaxınlaşdırır.
Burada böyük yazıçı
Əbülhəsənin "Qiyamət" (1930), "Dünya
qopur" (1933) və
"Dostluq qalası"
(1984 - ilkin adı
"Müharibə") kimi
panoramlı romanlarının
üstündən də
sükutla keçmək
düzgün olmazdı.
Onlarda, bir tərəfdən, XX əsrin
20-ci illərində baş
verən proseslər, parlaq, əlvan talelərin və personajların mövcud olduğu Azərbaycan kəndində kollektivləşmə
problemləri, digər
tərəfdən, obrazın
mərkəzində yer
almış müxtəlif
növ ziddiyyətlərə
səbəb olan mürəkkəb proseslər
"Dostluq qalası"
romanında müəllifin
Böyük Vətən
müharibəsinin çətin
dövrlərini təsvir
etməsi və digər məqamlar uyğunluqlar yaradır.
Əbdicəmil Nurpeisov və İsmayıl Şıxlının
təsvir olunan mövzu, problem və personajları, obrazlar arasındakı yaxınlıqlar
diqqəti xüsusilə
cəlb edir. Burada "Kurlandiya",
"Qan və tər", "Sonuncu
borc", eləcə
də İ.Şıxlının
"Ayrılan yollar"
(1957) və "Dəli
Kür" (1957) romanları
arasında kifayət qədər uyğun məqamlar vardır. Eyni zamanda İ.Şıxlının bu romanlarından hər birində, həm də Azərbaycan tarixinin ən çətin mərhələlərinə həsr
olunmuş "Ölən
dünyam" (1998) arasında
oxşarlıqlar vardır.
Burada xüsusilə, rəngarəng xarakterlərə
malik, zəngin obrazlı,
yüksək mənəvi-əxlaqi
keyfiyyətlərə malik "Ayrılan yollar" və "Dəli Kür" epik romanları arasında oxşar cəhətlər
yetərincədir. İ.Şıxlının "Dəli Kür", M.Şoloxovun "Sakit
Don" və A.Nurpeisovun
"Qan və tər" romanlarında Cahandar ağa, Qriqori Melexov və Elaman obrazlarının təsvirində
çoxlu parlaq, yaddaqalan detallarla rastlaşmaq mümkündür.
Eyni zamanda Ə.Nurpeisovun romanları ilə İ.Şıxlının "Dəli Kür" və Yuri Bondarevin
"Sahil" romanı arasında
da çoxlu ümumi detallar tapa bilərik ki, bu isə tamamilə
başqa bir yazının mövzusudur.
Nizami Məmmədov Tağısoy
Ədəbiyyat qəzeti.- 2024.- 6
dekabr, ¹47.- S.12-13.