Qoz ağacı
Hekayə
Bu kənddə ayaması olmayan, öz adıyla çağırılan adam çətin tapılardı. Necə deyərlər, samanlıqda iynə axtarmaq kimi bir şeydi ayamasız adam tapmaq. Hərənin öz xasiyyətinə, görkəminə, hansısa əlamətinə görə ayaması vardı. Hərənin ayaması da özünə yaraşır, rənginə, boy-buxununa, formasına düşürdü. Odur ki, əgər işdir, ayamasız çağırsan, bu adam olacaqdı, heç nə! - Qupquru müqəvva! Həm də bir ayama çox vaxt bütün nəslə aid edilirdi, hamı yararlanırdı. Nəsildaşlar istəsə də, istəməsə də, ondan xilas olammazdılar. Necə ki, şəxsiyyət vəsiqəsində adı dəyişmək olmurdu, bu da elə bir şeydi.
Bu kənddə çox vaxt adamın heç şəxsiyyət vəsiqəsinə yazılmış adını da çəkməzdilər. Eləcə ayamasını deyəndə bilirdilər, kim-kimdir? Məsələn, "ətyeməzlərin nəvəsi" gəldi", deyəndə bilinirdi ki, gələn kimdir. Yaxud "fırıldaqların oğlu" deyiləndə hər şey gün kimi aydın olurdu. Bu kənd belə kənddi. Bu yerdə bir zəruri qeydi də diqqətinizə çatdırım ki, ayamaları əsasən kişilərə verirdilər. Yəni bu ayama dediyin də elə hörmətsiz nəsnə deyildi.
Amma istisnalar da vardı. Məsələn, biri elə Erkək Xədicə. İş burasındadır ki, Erkək Xədicə də öz adını, daha doğrusu, ayamasını layiqincə doğruldurdu. Nə vaxt baxsan, onu kişilərin arasında görərdin. Harda bir dava olardı, ordaydı, harda bir kişi hap-gopu olardı, ordaydı. Baxardın ki, dayanıb ortada, əlini-qolunu ölçə-ölçə hündürdən danışır. Bəzən də söhbətlərin sonu mübahisəyə çevrilirdi. O da necə lazımdır, qarşısındakının cavabını verərdi. Kimin hünəri vardı sözünün üstünə söz desin? Ay-hay. Ölmüşdü elə Erkək Xədicə. Kənddə dalaşmadığı kişi qalmamışdı. Erkək Xədicə həm də qoçaq idi, işləməkdən yorulmazdı. Kənddə ən çox tütünü, baramanı o təhvil verirdi. Həyət-bacası cənnət kimiydi. Olmayan meyvəsi, gül-çiçəyi yoxdu. Erkək Xədicə elə ki, kişi yığvasına düşdü, kişilər susub dayanırdı, bəziləri də abrına qısılıb səssizcə aradan çıxırdı. Bircə nəfər ona etiraz edə bilirdi. Həmişə ütülü şalvarlı, palçıqlanmasın deyə yağışlı günlərdə ayaqqabısının üstündən qaloş geyinən, uzun illərdir kənddə müəllimlik, həm də ağsaqqallıq edən Cəfər müəllim ona baxıb hirslənirdi. Asta səslə də olsa söylənir, sözünü deyirdi. Bu yerdə kəndin kişiləri Cəfər müəllimə bir az da həsədlə baxırdılar ki, Erkək Xədicədən çəkinmir. Cəfər müəllim dodaqaltı söylənirdi ki, bunun bir yiyəsi yoxdurmu, çəkib aparsın?! Heç kim dinməzdi. Erkək Xədicənin əri Lal Lətif tez aradan çıxardı ki, gedim çırpı toplayım. Lal Lətifə də az danışdığına görə bu ayama verilmişdi.
Amma insafən, Erkək Tükəzbanın qonşusu Arvad Məsimlə bir dəfə də olsun davası düşməmişdi. Necə deyərlər, heç vaxt bir-birinin yolunun üstünə də çıxmazdılar. Bunun bir tərəfində gor qonşusu olmaqları dayanırdısa, o biri tərəfin də öz səbəbləri vardı. Erkək Xədicəyə görə Arvad Məsim nə kişiydi ki, ona baş qoşsun, onunla dava-dalaşa çıxsın. Elə ləqəbindən bilinirdi kimdir. Amma Arvad Məsim də Erkək Xədicəni heç arvad hesab etmirdi. Kişi kimiydi, onunla söhbət etmək maraqsızdı. Nəyinə gərəkdi? Arvad Məsimə ona görə "Arvad Məsim" deyirdilər ki, bütün günü arvadların yanında fırlanırdı. Kənddə arvad məclisi olanda bir bəhanəylə özünü salırdı ora. Gedib biş-düş yerində arvadların yanında dayanır, ağır qazanın qulpundan yapışır, gah arvadlarla zarafatlaşır, gah da yeməklərə nəzarət edirdi. Evlərinə bir arvad qonağı gələndə, yavaşca nimdərini çəkib gəlib kənarda əyləşir, bir qədər sonra söhbətə girişirdi. Ta ki, qonaq gedənə kimi əl çəkməzdi. Arvadı Sarı Güllü nə qədər göz-qaş eləsə də, xeyri yoxuydu. Güllü balacaboylu, sapsarı, gombul arvaddı. Danışmaqla arası yoxdu, elə yaxşı ki, çox danışmırdı. Dili çox acıydı, hərdən bir kəlmə deyib ilan kimi adamı sancardı. Amma Arvad Məsimə hörmət qoyurdu, bir sözünü iki eləməzdi. Nə qədər olmasa, evin böyüyü, ailənin güvən yeriydi.
Dediyim kimi, Erkək Tükəzban Arvad Məsimlə yaxın qonşuydu. Aralarında bir çəpər vardı, o da çox vaxt əriyib yerə yapışır, kolu-kosu əriyib gedirdi. İki-üç ildən bir köməkləşib ora-burasını düzəldirdilər, faydası olmurdu. Heç narahat da deyildilər. Necə deyərlər, onun toyuğu bunun həyətində, bunun toyuğu onun həyətində yumurtlayırdı. Bunun arxının suyu onun arxının suyuna qarışırdı. Qonşu kimi bir-birinin yolunu saxlayırdılar. Gəliş-gedişləri də vardı. Bişirdiklərindən bir-birinə pay verir, həyətin meyvələrindən nübarlıq göndərirdilər. Qızları toya, məclisə birlikdə gedirdilər. Tez-tez xısınlaşır, sirlərini bölüşürdülər. Oğlanları Bakıda yanaşı torpaq götürüb ev tikmişdilər. Qərib yerdə yerli kimi bir-birinə həyan idilər. Erkək Xədicənin Arvad Məsimlə gül kimi dolandığı vaxt birdən-birə aralarına nifaq düşdü. Səbəb də aralarındakı çəpərdə bitən qoz ağacı oldu. Elə bil qəfil ildırım çaxdı, tufan gəldi. Həmin ili o qoz ağacı yaxşı bar gətirdi. Üstü pıtraq kimi qozla doldu.
Qoz ağacını ora əkən-filan olmamışdı. Hardansa kolun-kosun arasından şiv şəklində boy atıb çıxmışdı. Əvvəlcə ağaca fikir verən olmamışdı, kol-kosun içində gizlənmişdi. Elə ki, qoz yetişdi, ağacdan bir-bir tökülməyə başladı, Erkək Xədicə gördü ki, Arvad Məsim hər səhər ağacın dibində qurdalanır. Əvvəl fikir vermədi, sonra baxdı ki, Arvad Məsim dabanıyla xəzəlləri eşələyir, tapdığı qozu vedrənin dibinə atır. Cin vurdu beyninə.
Əvvəlcə astadan dilləndi, cinini birtəhər boğdu.
- Qonşu, nə edirsən orda? Görmürsənmi o ağac bizim tərəfdə bitib, meyvəsini də biz yığmalıyıq. Niyə haramçılıq edirsən?
- Heç bir haramçılıq yoxdur, ağacın kökü bizim tərəfdədir. Yaxşı-yaxşı baxsan görərsən. Hələ bir azdan gəlib o tərəfi də yığacam!
- Onu yuxuda görərsən! Gətir yığdığını da tök bura! Özün də ağacın dibində görünmə!
O dedi, bu dedi,
bir nəticə hasil olmadı. Erkək Xədicə çəpəri keçib
Arvad Məsimin əlindəki vedrəni alıb tulladı. Elə hesab etdi ki, məsələ bitdi. Amma çəpəri
adlayıb, öz həyətinə keçib
yenicə cücələrə
dən səpirdi ki, gördü Arvad Məsim hardansa bir ağac tapıb
qozu çırpır.
Cin vurdu başına.
- Qonşu, sənə söz deyildi axı! Sən deyəsən, bizi ağac oyuğu, ya da qanmaz hesab
edirsən.
Arvad Məsim də özünə görə
deyildi. Bir şeydən
yapışdı, əl
çəkməzdi. Elə
ağacın başından
cavab verdi:
- Get, kor gözlərini aç, yaxşı bax! Ağacın kökü bizim tərəfdədir, gövdəsi
sizin tərəfə
əyilib.
Bir xeyli dilləşdilər.
Sonra səs kəsildi.
Arvad Məsim şappaşapla ağacı
çırpırdı. Onda
Erkək Xədicə
yerdən daş götürüb Arvad Məsimə tərəf atdı. Daş qayıdıb ayağının
üstünə düşdü,
ufuldadı.
- Az, get işinlə məşğul
ol, mən sənə başqa kişilər deyiləm, üstümə xoruzlanasan
- Arvad Məsim ağacın başından
dilləndi.
- Aşağı düş,
görərsən! Heyif,
əlim çatmır.
- Heç nə edəmməzsən, mən
sənə Lal Lətif
deyiləm, başımda
qoz sındırasan.
- Guya kimsən ki? Elə hökmlüsənsə,
get ərə getməyən,
boynunu qısıb şəhərdən, arvad-uşaqlı
kişidən xəbər
gözləyən qızına
ər tap.
Burda Erkək Xədicə Arvad Məsimi pis yerindən vurdu. Arvad Məsimin
qızının yaşı
çox olsa da, ərə getməmişdi.
Əslində gözəl-göyçək
qızdı. Texnikumu bitirib kənddə kitabxanada işləyirdi. Deyirdilər, şəhərdə
texnikumda oxuyanda bir oğlanı sevirmiş. Oğlan da evlənib, hələ 3 uşağı da var. Amma qız
hələ də onun yolunu gözləyərək
elçilərə "yox"
deyə-deyə evdə
qalmışdı. Bu əhvalatı
Erkək Xədicə
hardansa eşitmişdi.
Arvad Məsim yanıb töküldü, amma onun da deməyə sözü vardı.
- Sən də get, qayınanasını öldürən
qızının dərdini
çək. Gəlib
oturub dizinin dibində.
Erkək
Xədicənin qızı
qonşu kəndə ərə getsə də, cəmi bir ilin gəlini
olmuşdu. Qayınanası
qəflətən pilləkəndən
yıxılıb ölmüşdü.
Kənddə danışırdılar
ki, arvadı gəlin itələyib yıxıb.
Ərinin əlində
dəlil-sübut olmasa
da, deyilənlərə inanmış,
qızı gətirib
evlərinə qoymuşdu.
Hamıya meydan oxuyan Erkək Xədicə təkcə bu işdə mağmın qalmışdı.
Beləcə, bir-birlərinə olmazın
sözünü dedilər.
Erkək Xədicə
ağacın dibində
oturdu ki, Arvad Məsim yerə düşəndə vurub
başını yarsın.
Arvad Məsim sonuncu qozu da çırpıb yerə
salsa da, saatlarla ağacın
başında qaldı.
Sarı Güllüylə,
Lal Lətif də işə qarışdı,
qonşuları çağırdılar,
birtəhər Erkək
Xədicəni çəkib
apardılar, aranı sakitləşdirdilər. Amma davaları
bitmədi. İmkan düşən kimi elə çəpərin
üstündən bir-birinə
olan-olmazın sözünü
dedilər. O ili Arvad Məsimin Bakıda olan oğlunu çağırdılar.
Oğlu gəlib aranı sakitləşdirdi,
atasına təpindi:
- A kişi, 5-10 kilo qoz
yığırsan, nə
dava-dalaş salmısan.
İstəyirsən, mən
pulunu verim. Amma Arvad Məsim sakitləşmədi. O ili
ağacın meyvəsi
dibində qaldı.
O biri il qoz yetişəndə
yenə dava düşdü. Yenə də Arvad Məsim
ağacın başında
qaldı, Erkək Xədicə aşağıda
keşik çəkdi.
Bu minvalla 5 il, hər
il payızda Erkək Xədicəylə, Arvad Məsimin davası düşdü. Artıq qonşu kimi araları da xeyli sərinləmişdi. Qızları
bir-biriylə yalnız
xəlvətə salıb
görüşürdülər, oğlanlar bir-birindən xəcalət çəkirdilər.
Gəliş-gedişlərini kəsməsələr də,
əvvəlki kimi mehriban ola bilmirdilər.
Beşinci ildə kəndə
gələn Arvad Məsimin oğlu gecəykən qozu kəsdi. Erkək Xədicə dedi ki, səni tutduracam, cinayət etmisən, ağac kəsmisən. Kənd sovetinə şikayətə getdi, amma faydası olmadı.
Həmin
il kəndə möhkəm
qar yağmışdı.
Bütün dünyaya
yayılan xəstəlikdən
bu kəndə də çatmışdı.
Kənddə bu xəstəliyə də ayama qoşmuşdular. Adına "zibil" deyirdilər. Filankəsi də o zibil tutub, filankəs o zibilin badına keçdi, özünüzü
o zibildən qoruyun və. s. Amma o zibil dedikləri xəstəlik
də zarafat deyildi, insanları silib-süpürüb aparırdı.
Dünyada tüğyan
edən o zibildən kənddə xeyli adam dünyasını dəyişmişdi. Erkək
Xədicə də həmin xəstəlikdən
yorğan-döşəyə düşdü, cəmi üç gün yatdı, rəhmətə
getdi. Heç yasını vermək də mümkün olmadı.Yığışmağa icazə vermirdilər, yol-iz də bağlıydı. Beş-üç
adamla aparıb dəfn elədilər. Həmin ilin yazağzı isə Arvad Məsim rəhmətə getdi. Arvad Məsim rəhmətə gedəndə
artıq vəziyyət
xeyli düzəlmişdi.
Daha yas verməyə icazə verilirdi. Yollar açılmışdı.
Arvad Məsimin həyətində
yas çadırı
qurulmuşdu. Erkək
Xədicənin oğlu
Arvad Məsimin oğluna qoşulub kəndə yasa gəlmişdi. Qızlar
da birlikdə əl-ayaq
edir, çay, halva hazırlayırdılar. Aradan
qan-qada götürülmüş,
mehribanlıq yaranmışdı.
Əvvəllər naxıra gedən,
sonra onun-bunun ağacını çırpan,
daha sonra isə mollalığa keçən Molla Vəli məclisdə ordan-burdan danışır,
məclisi yola verirdi. Palatkanın arxasındakı baməzə
uşaqlar mollayla məzələnirdi. Samovarlar
qaynayırdı. Arvad
Məsimin oğlu mollanın yanında əyləşsə də,
fikri əl-ayaq edən uşaqlardaydı
ki, görsün süfrədə
nəyisə əskik
etmirlər ki... Deyəsən,
mollaya kimsə sual verdi, ya
nə idisə, birdən hündürdən
dilləndi:
- Biri itməsə, biri bitməz, mənim balam. Biri itməsə, biri bitməz!
Yası
yola verib axşam yerində uzanan Arvad Məsimin
oğlunun gözünə
yuxu getmirdi. Gecə yarıdan keçsə də, yerinin içərisində
o tərəf-bu tərəfə
çevrilirdi. Birdən
mollanın gündüz
yas çadırında
dediyi söz yadına düşdü.
"Biri itməsə, biri
bitməz." Görəsən,
bu nə söz idi? Molla
Vəlinin bu, hardan ağlına gəlmişdi? Yerinin içində bir xeyli qurcalanandan sonra birdən ayağa qalxdı. Gedib əl fənərini
götürdü. Erkək
Xədicəgillə aralarındakı
çəpərə yaxınlaşdı.
Ayaq pəncələrinin
üstünə başını
qoyub mürgüləyən
alabaş da gəlib yanında dayandı, muncuq kimi parlayan
qara gözlərini sahibinin üzünə zillədi. Arvad Məsimin oğlu işığı o tərəf-bu
tərəfə fırladıb
diqqətlə çəpərə
baxdı. Kol-kosun içində, köhnə
qoz ağacını kəsdiyi yerdə, balaca bir şiv
göyərirdi. Az qaldı,
dəli olsun, ürəyi bərk-bərk
döyündü. Hövlnak
həyətə qayıtdı,
maşını saxladığı
qaraja yaxınlaşdı.
Benzin qabını götürüb çəpərə
tərəf qaçdı.
Quyruğunu qısıb
şən-şən atılıb-düşən
alabaş da onun arxasınca götürüldü.
Narıngül Nadir
Ədəbiyyat qəzeti.- 2024.-
6 dekabr, №47.- S.15.