Türk düşüncə
tarixində milli kimlik
Kaşğaridən Hüseynzadəyə
qədər
Milli kimlik məsələsinə həsr olunmuş Türkoloji konqresin proqramı ilə tanış oldum və orada türk milli kimliyini ilk dəfə sosioloji tədqiqata cəlb etmiş Əli bəy Hüseynzadəyə aid məruzənin olmayacağını nəzərə alıb konqresdəki çıxışımı böyük mütəfəkkirin fikirləri üzərində qurmaq qərarına gəldim.
Bəllidir ki, türklərdə milli kimlik anlayışı tarixən müxtəlif aşamalardan keçir. İlk mərhələ 1072-74-cü ildən etibarən, yəni Mahmud Kaşğarinin "Divan"ından başlayır. Yeni dövrdə isə bunun iki qaynağı vardır. 1883-cü ildə İsmayıl bəy Qaspıralının irəli sürdüyü "Dildə, fikirdə, əməldə birlik" düsturu və 1905-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilmiş sual: "Türklər kimdir və kimlərdən ibarətdir". Xatırlasaq ki, Kaşğari Divanı türkoloji elmə yalnız 1915-ci ildən sonra bəlli olmuşdur, deməli, etiraf etməliyik ki, 1905-ci ilə qədər məsələnin bu şəkildə əsaslı qoyuluşu və nəzəri izahı olmayıbdır. Hüseynzadə "türklər kimdir?" sualını linqvistik, etnoqrafik, antropoloji, etnoloji, coğrafi, tarixi, ədəbi, eləcə də dinlər tarixi baxımından - şamanizmdən başlayaraq, buddizmə, lamanizmə, maniheizmə, siryanilərin nəsturi əqidəsinə, xristianlığa, islama qədər - ilk dəfə tədqiqata cəlb edirdi. Hüseynzadə türklərin əlifba sisteminə müxtəlif dövrlərdə tapındıqları dinlərin əsaslı təsir göstərdiyini də elmi dəlillərlə şərh edirdi. Bu baxımdan onun Uyğur əlifbası barədə fikirləri xüsusən önəmliydi.
Hüseynzadənin 1905-ci ildə yaratdığı düşüncə dalğası 1920-1925-ci illərdə Ziya Gökalpın "Türk törəsi" və "Türk mədəniyyət tarixi" kitablarında davam etdirildi.
Doğrudur, bu gün burda iştirak edən türk alimləri daha başqa tarixi ünvanları nişan verə bilər. Məsələn, Şəmsəddin Saminin "Qamusül alam", Əhməd Vefiq Paşanın "Şəcəreyi-Türki", "Ləhceyi Osmani", Nəcib Asimin uyğur, cığatay, osmanlı dilləri barədə tədqiqlərini xatırlada bilərlər. Yaxud kimsə deyə bilər ki, türk kimliyi humanitar dövriyyəyə XIX yüzildə Osmanlının milli şairləri tərəfindən qatılıb. Bunu əsaslandırmaq üçün Mehmet Emin Yurdaqulun "Türkcə şeirlər" kitabından XX yüzilin əvvəllərində təkcə Azərbaycanda deyil, Türküstan cədidçiləri arasında da kifayət qədər populyar olan "Mən bir türkəm, dinim, cinsim uludur" misraları ilə başlayan "Cəngə gedərkən" şeirini xatırlada bilər. Lakin bunlar ilk təşəbbüslər idi. Modern çalışmalara bir vəsilə idi. Fikrimi bir az da aydınlaşdırım. Tutaq ki, Mehmet Emin "Mən bir türkəm" deyir. Ancaq o illərdə "Türk kimdir?" sualı tam cavablandırılmamışdı. Hüseynzadə deyirdi ki, içimizdə özbəklərin, qırğızların, başqırdların türk olduqlarını bilməyənlərlə yanaşı, türklükləri ilə iftixar etdikləri halda, türkün kim olduğunu bilməyənlər də çoxdur.
Əli bəy Hüseynzadənin tarixçiliyi müasir olduğu qədər də elmi, həm də türkşünaslıq terminolojisinə rəvac verərək yaranan tarixşünaslıq idi. Onun "Türk kimdir?" sualı da, sualın cavabı da yeni idi. Belə ki, Hüseynzadənin "Türk kimdir?" sualına verdiyi cavabı Şəmsəddin Saminin "Qamus ül-alam" əsərindəki cavablarla qiyaslandırmaq olmaz. Hərçənd Hilmi Ziya Ülkenin "Türkiyədə çağdaş düşüncə tarixi" kitabında belə cəhdlər olmuşdur. Əslinə qalsa, Əli bəy Hüseynzadənin yazısında Şəmsəddin Saminin tatarlar, qırğızlarla bağlı qələmə aldığı bəzi yanlış mülahizələr də təshih olunurdu.
Məsələn, Şəmsəddin Sami yazır:
"Qırğız lisanının ədəbiyyatı yoxdur.
Qırğızlar bədəvidir".
Şəmsəddin Samidən
14 il sonra Əli bəy Hüseynzadə onun bu fikrini
təshih edir:
"Qazaq qırğızlar "lirik" deyilən hissiyyat şeirlərinə,
qəzələ rəğbət
göstərdikləri halda,
daha parlaq, daha möhtəşəm
bir tarixi keçmişə, qəhrəmanlıq
tarixinə malik bulunan
qaraqırğızlar "epik" deyilən dastanlardan zövq alır, öylə şeirlər vücuda gətirməyə meyl göstərirlər!.. Qırğızların
bu növ əşarı başlıca
sarı noğay qəbiləsindən olan
"Ər Manas" nam
qəhrəmanın hünərlərini
təsvir ediyor..."
Yuxarıda xatırlatdığım məqaləsində Hüseynzadə
Azərbaycan manasşünaslığının
əsasını qoyur,
Manasın mənsub olduğu Sarınoğay əşirətindən söhbət
açır, Çingizi,
Teymuru məramlarına
çatdıran qırğızlardan
bəhs edir, Orta Asiya torpaqlarında
təlatümlər, girdablar
hasilə gətirən
qırğızların bədii
zövqünü təhlil
edirdi...
Əli bəy Hüseynzadə
1905-ci ildə "Tatar milləti
yoxdur, tatarlar kimi tanınan millət türk millətidir" qənaətinə
gəlmişdi. "Türk
var, moğol var, fəqət
tatar yoxdur. Krımlılar, kazanlılar,
oranburqlar və sairə həp türk oğlu türkdürlər. Kəndilərinə
nə qövmdən olduqları türkcə sual olunsa "türküz", - deyə
cavab verirlər. Bunlara başqa xalqlar tərəfindən
bir yanlışlıq
olaraq tatar denilmişdir..." 7 il sonra,
1912-ci ildə yazdığı
"Tatar milləti" məqaləsində
İsmayıl bəy Qaspıralı da Əli bəy Hüseynzadənin bu qənaətinə qoşuldu.
Çingizin, Teymurun milli kimliklərini,
türklük üçün
çalışdıqlarını şüurlarda ilk dəfə
Hüseynzadə təsbit
etdi. Məlumdur ki,
1904-cü ildə osmanlı
cəmiyyətində Çingizi,
Teymuru türklərin
iftixar qaynağı, hərb dahisi adlandırmaq milli humanitar fəlakət mislində anlaşıla bilərdi.
Amma 1903-cü ildən etibarən
Yusif Akçura və Əli bəy Hüseynzadə onları Türk böyükləri silsiləsinə
əlavə etdilər.
Türk birliyini onlarsız təsəvvür
etmədilər və
beləcə Osmanlıda
türk milli düşüncəsinin,
daha geniş miqyasda Turan düşüncəsinin əsasını
qoydular.
Türk
dünyasında milli kimlik
və kültürəl
miras mövzusunda keçirilən bu konqresdən bir sıra yeni suallara cavab tapılmasını ümid edirik. Məsələn, milli kimlik
anlayışı hansı
mənanı ehtiva edir, ortaq türk
dili, yoxsa ortaq milli kimlik daha önəmlidir? Milli kimlik hansı məzmunu qapsayır,
problem ilk dəfə tarixin
hansı mərhələsində
sosioloji düşüncənin
tədqiq predmetinə
çevrilmişdir və
s.
Bir halda ki, bu gün
keçirilən III Uluslararası
Türkiyyat konqresi
2024-cü ildə İslam Dünyasının
Kültür paytaxtı
elan edilmiş Şuşaya
ərməğandır. Unutmayaq
ki, ərəb-fars tərkibindən
arıdılmış saf
türkcə şeirlər
ilk dəfə Vaqif tərəfindən Şuşada
yaradılmışdır. Yaxud Şuşa Kültür Paytaxtıdırsa
o zaman alimlərimizin də
öhdəsinə, tutaq
ki, həm də belə bir suala
cavab tapmaq düşür: Yurdaqulun
"Mən bir türkəm, dinim, cinsim uludur" şeirinə 1907-ci ildə
Şuşada musiqi bəstələyən bəstəçi
kim olub? Şuşalı
xanəndələrin XX yüzilin ilk on ilində oxuduqları,
yaxud plastinkaya, vala, yəni plaka yazdırdıqları həmin
mahnının yaranma səbəbi hansı tarixi zərurətdən
doğub?
Milli kimlik probleminə həsr olunmuş konqres inanıram ki,
türkolojinin yeni və ən aktual suallarına verdiyi yeni və
obyektiv cavablarla yadda qalacaqdır.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, №47.- S.16.