Ölülərin
dirilərə məktubu
- Sən kiminləsən, ölülərlə, ya dirilərlə?
Qatillərlə,
ya qətlə yetirənlərlə?
Roma şairi Publi Ovidi
Səhər-səhər
biz Ölülərdən Siz Dirilərə salamlar olsun! Siz ey
dili dilimizdən, dini dinimizdən olan hörmətli, izzətli
Dirilər! Son illər bizim ruhumuzu o qədər incidirsiniz ki,
qəbir evimizdə sakit yata bilmirik. Axı sizin də tez-tez
yad etdiyiniz ulularımız deyiblər ki, Ölülərin
dalınca danışmayın. Onların ruhunu incitməyin...
Amma siz Dirilər biz Ölülərin arxasınca nəinki
danışırsınız, bəzən olmazın iftiralar
da atırsınız. Bilmirik bizim günahımız nədir,
niyə bizi məhşər ayağına çəkirsiniz.
Məgər başqa iş-gücünüz, dərd-səriniz
yoxdur. Biz bədbəxtlər həyatda yaşayanda həmkarlarımızdan
bəzilərinin qərəzli münasibətindən, rəftarından,
satqınlığından, böhtan dolu məqalələrindən,
qısqanclıqlarından, xəbisliklərindən,
kin-küdurətlərindən o qədər əziyyət
çəkmişik ki, saymaqla bitməz. O məşum,
ölüm nəfəsli 37-nin tuthatut vaxtlarında bəzilərimiz
güllələndik, bəzilərimiz həbs olundu, bir
çoxumuz Sibirə, Qazaxıstana sürgün edildik.
Üstümüzə çamırlar atıldı, ailələr
dağıldı. Canımızı millətimiz yolunda fəda
etsək də, Xalq düşməni adıyla
damğalandıq. Oğlumuz, qızımız
tay-tuşları yanında başıaşağı gəzib
dolandılar, xəcalət çəkə-çəkə,
utana-utana yaşadılar. Universitetdə, institutlarda oxuyan
uşaqlarımız biz günahsız bəndələrin
ucbatından xaric edildilər. Siz ey Dirilər, ey bizim irsimizi
araşdıranlar, təftiş edənlər, şəxsiyyətlərimizdə
ancaq qüsur axtaranlar, bir an da olsa, əl saxlayın, Allahı
başınızın üstündə görün.
Özünüzü bizim yerimizə qoyun, görün biz
çəkən müsibətləri, faciələri siz
yaşamısınızmı? Gecə ilə səni gəlib
evindən aparıb dustaq ediblər, alçaldıblar, incidiblər,
huşun başından çıxana qədər
döyüblərmi?! Harayına, imdadına kimsənin yetmədiyi
o əzab-əziyyətli, məşəqqətli gecələrdə
bircə anın içində qapqara saçınızın
ağardığını təsəvvür edə
bilirsinizmi? Yox, azadlıqda olanda belə
ağrılı-acılı olaylar barədə heç
düşünmürsən də. Ən dəhşətlisi
sənin ruhuna, əxlaqına yad-yabançı olan,
"türkəm" deyənin qanına susayan Şerin,
Qriqoryanın, Markariyanın, Qalıstyanın, Ohanesyanın,
Avanesyanın müstəntiqliyi ilə on minlərlə
ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz
güllələndilər, sürgün edildilər. Siz Dirilər
bizim haqqımızda yazanda heç bu haqda
düşünübsünüzmü?
Əziz
Dirilər, əgər vaxtınız varsa, özü də
nadan birilərinin gülləsinə tuş gəlmiş
akademik Ziya Bünyadovun "Qırmızı terror"
kitabını oxuyun. Görün, unudulmaz Ziya Bünyadov arxivlərdən
nələr üzə çıxarmışdır. Ziya
Bünyadov yazır: "Ölüm və cəza
maşını dayanacaqsız və fasiləsiz işləyirdi.
Hər "bir xalq düşməninə" "məhkəmə"
zamanı ancaq 15 dəqiqə
vaxt ayrılırdı (tək-tək hallarda 20 dəqiqə).
İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə
qədər adamın güllələnməyə məhkum
edildiyini, nə qədər zəka sahiblərinin - azərbaycanlıların
güllələndiyini özü hesablasın. Bir gündə
24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il
yarımda isə 80 mindən çox".
Xalqımızın
taleyində baş vermiş bu bəşəri,
bağışlanılmaz faciənin miqyasını heç
düşünübsünüzmü? Əgər
düşünməyibsinizsə, xahiş edirik,
düşünün. Baxın, görün sizin
düşüncənizə görə bizim
günahımız nədir? Məgər yazıçı, şair,
alim, filosof, bəstəkar, musiqiçi, aktyor, müğənni
olmaq günahdırmı, bizim keçmişimizi bu qədər
təftiş etməklə məşğulsunuz? Yoxsa, sizin
çörəkpulunuz bizi yerli-yersiz gözdən salmaqdan
çıxır? Hörmətli Dirilər, əgər belə
deyilsə, niyə qoymursunuz qəbir evimizdə sakit yataq?
Axı bizim dirilib, televiziya kanallarına çıxıb
sizin böhtanlarınıza, sorğu-sualınıza cavab vermək
imkanımız yoxdur. Hələ bizim dövrümüzdə
olmayan sosial şəbəkələr, kabel televiziyaları...
Bilən də, bilməyən də, ömründə bircə
kərə arxivlərə getməyən, tariximizi,
keçmişimizi araşdırmayanlar ünvanlarımıza
hərzə-hədyan söyləyirlər. Millətin görən
gözü, düşünən beyni olan şəxsiyyətlər
zamanında nə qədər əziyyətlər çəkiblər.
Çar Rusiyasının təpkisi, yabançı idarəetmə
üsulu, hörmət-izzətdən uzaq rəftarı
altında inləyən Qasım bəy Zakirlərin, Mirzə
Fətəli Axundzadələrin, Abbasqulu ağa
Bakıxanovların, Həsən bəy Zərdabilərin illər,
qərinələr keçsə belə, iniltilərini,
ayıq-sayıq olmağa
çağırışlarını eşidirsinizmi? Əgər
eşitmirsinizsə, heç olmasa, laqeyd, biganə olmayın,
lütfən onları oxuyun, yad edin.
Xatırlayırsınızmı, Üzeyir bəy
yazırdı: "Yuxarıdakı daş bünövrə
daşını inkar edə bilməz, edərsə,
yuxarıda dayana bilməz".
Bəli,
bu belədir, Üzeyir bəyin dediyi fikri inkar etmək olmaz.
Müsibət onda olur ki, soydaşların səni anlamasın,
dar gündə sənə qahxmar çıxmasın, uzaqda
durub başına gəlmiş faciəni teatr tamaşası
kimi seyr etsin. Budur, iki əsr bundan əvvəl
yaşamış Qasım bəy Zakirin fəryadını
eşitməyinizi istəyirik:
Vilayətdə
urus olub ixtiyar,
Eyləyib
bir bina, yoxdu görən kar.
Tamam
işlər olub cahilə bazar,
Heyif bu
vilayət, heyhatü heyhat.
Bəli,
budur bizdən çox-çox öncəki əsrin səsi.
Müasirlərindən bir çoxu Qasım bəy Zakiri dərk
etmədilər, hətta bəziləri şairlə
aralarında olan cüzi bir incikliyi kinə çevirib bizlərə
yad olan işğalçı məmur Tarxan Maurovun atlı
milis dəstəsinə qoşulub qoca şairin üstünə
gəldilər, onun təhqir olunub alçaldılmasından,
ev-eşiyinin talan olunub oğlunun Sibirə, özününsə
Bakıya sürgün edilməsindən xoşhal oldular. Siz
deyin, bu biabırçılığa, ədalətsizliyə
qarşı çıxan bir kişi oldumu? Olmadı, əziz
Dirilər, olmadı! Nə edək, bizlər aramızda olan
kiçik bir incikliyi belə həzm edə bilmirik. Nəticədə
düşmən dəyirmanına su tökürük.
Əziz
Dirilər, biz demirik ki, aydan arı, sudan duruyuq. Bizim də səhvimiz,
günahlarımız olub. Amma etiraf edin ki, siz də bizə
bolşevik təfəkkürü ilə
yanaşırsınız. Bizi ittiham edəndə heç
olmasa, doğum-ölüm tarixlərimizə nəzər
yetirin. Hansı mühitdə, hansı şəraitdə
yaşayıb işlədiyimizə fikir verin. Bizi öz
dövrümüzün insanı kimi mühakimə edin.
Axı bizim çoxumuz Azərbaycan Xalq Cümhuriyyəti
qurulanda on-on iki yaşlarında uşaqlar idik. Sonra
ayaqyalın, patavalı qırmızı ordu Vətənimizi
işğal etdi. Görün, bolşevik zabiti, əsgərləri
hansı əxlaqın sahibiydilər ki, atın belində
milyonçu Murtuza Muxtarovun indi Səadət sarayı
adlandırdığınız mülkünə
soxulmuşdular. O da silahını çıxarıb əvvəl
bolşevik zabitini, sonra da özünü güllələmişdi.
İnsan
zülmə tabedir, yaşamaq üçün sevmədiyi
quruluşa belə uyğunlaşmağa
çalışır. Bolşevik bayrağı altında
yaşayan istənilən ləyaqətli adamın evinə soxulan "patavalı
mujik" üzünə qarşı vərdiş etmədiyin
ana söyüşünü söyərdi. Bu isə sənin
şərəf məsələn idi, ya dözməliydin, ya
da evinə çağırılmamış
"qonağ"ı vurub öldürməliydin.
Bolşevizmin
atası V.Lenin haqqında oçerklər yazmış, həyatın
hər üzünü görmüş Maksim Qorki ədalətsizliyə
dözməyib yazmışdı: - "Patavalı mujikin əlinə
silah verib bəstəkarın üstünə göndərmək
olmaz. Rusiyada bir gündə yüzlərlə mujik doğula
bilər, lakin yüz ildə bir dahi sənətkar doğulmaya
bilər".
Bəli, əziz
Dirilər, insan xisləti sonacan izah olunmayan müəmmadır.
Bolşevik hakimiyyəti illərində dövlət
qurumlarında işləməyə, yüksək vəzifə
tutmağa can atanları qınamaq olmaz. Əsas odur,
bütün zamanlarda, hər bir şəraitdə ləyaqət
hissini unutmayasan. İyirmi beş il Çar Rusiyasına
qarşı vuruşan Şeyx Şamilin hər zaman
üçün dəyərli, həmişə yadda
saxlayıb ibrət götürməli məşhur bir fikri
var. Deyibdir ki: - "Hakimiyyət hərisliyi bir
sümükdür, qoy bizim dağlılar bu sümüyün
üstündə köpəklər kimi didişməsinlər,
Allah məni bu sözlərimə görə
bağışlasın, onlar didişərkən kafirlər gəlib
bu sümüyü götürüb qaçacaqlar".
Elə
bir əndrabadi, ağlasığmaz rejim hakimi-mütləq idi
ki, qardaş-qardaşa sirr vermirdi. Belə bir acı durumu seyr
edən böyük Hüseyn Cavid yazırdı:
Yurdu
sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş
varsa, səbəb alçaqlıq.
Əziz
soydaşlarımız, görün, ümumi ab-hava, vəziyyət
nə həddə imiş ki, Hüseyn Cavidin "Topal Teymur"
tarixi dramının tamaşasını seyr edən məmur
pyesin finalındakı sözlərdən əndişələnir.
Tarixi olaylardan xəbəri olmayan bəzi söz sahibləri
Topal Teymurun gur səslə məğlub edib əsir
götürdüyü Osmanlı Sultanı
Yıldırıma müraciətlə söylədiyi fikirləri
öz ünvanına götürür: "Heç maraq etmə,
xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal!
Əgər dünyanın zərrə qədər dəyəri
olsaydı, yığın-yığın insanlara,
ucu-bucağı yox məmləkətlərə... sənin
kimi bir kor, mənim kimi bir topal müsəllət
olmazdı."
Topal
Teymurun dili ilə sözünü deyən Hüseyn Cavidin, elə onun məsləkdaşları
Yusif Vəzirin, Seyid Hüseynin, Əhməd Cavadın, Ömər
Faiq Nemanzadənin, Mikayıl Müşfiqin, Bəkir
Çobanzadənin, Hənəfi Zeynallının, Vəli
Xuluflunun, Əli Nazimin, Salman Mümtazın və b. taleyi hər
kəsə bəllidir.
Unudulmaz
Dirilərimiz, sosial statuslarınızda adıbəlli
insanlardan kimin kimi satdığını, kimin böhtan
atdığını, ev yıxdığını
yazırsınız. Əlbəttə, bu sizin
haqqınızdır. Heç kəs sizə deyə bilməz
ki, yazmayın. Yazın, ancaq həqiqəti yazın,
araşdırıb, dəqiqləşdirib yazın.
Söz
yox, satqınçılığın bəraəti yoxdur,
amma iradəsi zəif birisindən şantaj, fiziki güc
hesabına istədiyi "etirafı" alan müstəntiqə
də heç zaman bəraət yoxdur.
Bu əl
telefonu icad olandan, ölkəmizə ayaq açandan bəri
hamı müxbir olub. Bilən də, bilməyən də,
savadlı, savadsız da "Google"də, "TikTok"da
ağlına gələni yazır. İş o yerə
çatıb ki, anadilli şeirimizin ən gözəl
nümunələrini yaradan Molla Pənah Vaqifi
"satqınçılıqda" günahlandıranlar da
tapılır. Soruşmaq istəyirsən ki, qardaş,
Qarabağ xanının vəziri Molla Pənah Vaqif kimi
satıb? Bəlkə hansısa tarixi romanda oxumusunuz, yaxud teatr
səhnəsində görübsünüz? Bir şeyi
unutmayın ki, hər hansı tarixi şəxsiyyət
haqqında yazanda bədii əsərlərə dəqiq məxəz
kimi yanaşmaq olmaz! Tarixi şəxsiyyətlərimiz
haqqında yanlış bir ifadə, fikir tarixi məlumatı
az olan insanlarımızın yaddaşına daha tez
köçür və yanlış olaraq nəsildən-nəslə
ötürülür.
Əziz həmvətənlər,
təəssüf ki, Qarabağ xanı İbrahimxəlil xan
Cavanşir, onun vəziri Molla Pənah Vaqif, Ağaməhəmməd
şah Qacar haqqındakı bəzi yanlışlıqlar teatr
tamaşalarından yaddaşlara köçmüşdür.
Zamanın, dövrün diktəsi ilə yazılmış bu
əsərlərdə bu şəxsiyyətlərin biri
ucaldılıbsa, digəri heç bir əsaslı səbəb,
fakt olmadan, kiçildilmişdir. Xalq şairi Səməd
Vurğunun uzun illər səhnədən düşməyən
"Vaqif" dramında Molla Pənah Vaqif
ucaldılmışdırsa, Qarabağ xanı İbrahimxəlil
xan aşağılanmışdır. Məhz buna görə
Azərbaycan müstəqilliyinə qovuşana qədər
İbrahimxəlil xan xalqın yaddaşında mənfi şəxsiyyət
kimi formalaşmışdır. Əlbəttə, şairin
sağlığında bəzi tənqidçilər,
tarixçilər Səməd Vurğuna İbrahimxəlil
xanın surətini yaradarkən təhrifə yol verdiyini
bildirmişdilər. Buna görə də bizim nəslin əzbər
bildiyi "Vaqif" dramının müəllifi, Xalq
şairi Səməd Vurğun "Böyük sənət əsərləri
uğrunda" adlı məqaləsində özünütənqid
ruhu ilə yazırdı: "Mən çox sevdiyim
"Vaqif" əsərimin gələcək taleyini
düşündüyüm zaman orada yol verdiyim bir çox təhriflər,
xüsusən, İbrahim xan surətinin təhrifi məni
çox yandırır..."
Bəli,
səhvini etiraf etmək də böyüklükdür. Bu
cür ədəbi etirafı da ancaq Səməd Vurğun kimi
böyük sənətkarlar edərlər. Ağa Məhəmməd
şah Qacarın faciəli şəxsiyyətinə və
tarixi fəaliyyətinə nəzər salanda, bilməliyik ki,
onun atası Məmmədhəsən xan da şahlıq
taxtı uğrunda vuruşmada həyatından
keçmişdi. Onun həyata keçirə bilmədiyini
oğlu Ağa Məhəmməd Kərim xan Zənd
öldükdən sonra həyata keçirərək
başına şahlıq tacını qoya bilmişdi. Bununla
da Qacarlar dövlətinin bünövrəsini qoymuşdu.
1795-ci ildə Qarabağ və İrəvan xanlıqlarını
özünə tabe etmək üçün hücum
etmişdi. 33 gün Pənahabad (Şuşa) qalasını
mühasirədə saxlasa da, qalib gələ bilməmişdi.
Bu otuz üç günlük mühasirədən Vaqiflə
bağlı tarixləşmiş bir epizod var. Belə ki,
Ağa Məhəmməd şah Şuşa qalasının
müdafiəsində bərk dayanan İbrahimxəlil xanı
qorxutmaq üçün Ürfü Şirazinin 184 beytdən
ibarət olan məşhur qəsidəsindən bir beyti
yazdırır və oxun ucuna bağlatdıraraq qalanın
içərisinə atdırır:
Zi məncəniqi-fələk
cəngi fitnə-mibarəd,
To əbləhanə
nəmudi miyani şişə həsar.
(Fələyin
mancanağından fitnə daşları yağır,
Sən
axmaqcasına şişə içərisində
dayanmısan).
İbrahimxəlil
xan bu beytə cavab yazmaq üçün yanında
dayanmış Vaqifə verir ki, cavab yazsın. Molla Pənah
Vaqif dərhal belə bir cavab yazır:
Gər
nigəhdari-mən anəst ki, mən midanəm,
Şişəra
dər bəgəli-səng nigəh midarəd.
(Məni
qoruyan mənim
tanıdığımdırsa,
Şişəni
daş ətəyində salamat saxlayar).
İbrahimxəlil
xan Vaqifin Qacara cavab olaraq yazdığı beyti eyni qaydada oxun
ucuna bağlatdırıb şahın ordugahına
atdırmışdı. Vəssalam. Bu tarixi hadisəni
gözdən keçirəndə göz önünə ilkin
olaraq gələn Vaqifin fars dilini mükəmməl bilməsi
və sərrast cavab verməsidir. Yox, əgər bu hadisədən
bir il sonra Qızılayaq ayamalı general, ikinci
Yekaterinanın sevimlisi Valerian Zubovun qoca şairə göndərdiyi
əsaya görə kimsə Vaqifi
"satqınçılıq"da günahlandırırsa,
bizi bağışlasın, böyük səhv edir. Bu yerdə
sözü böyük Molla Pənah Vaqifin özünə
veririk:
Mən
cahan mülkündə,
mütləq, doğru halət
görmədim,
Hər nə
gördüm,
əyri gördüm,
özgə babət görmədim.
Molla Pənah
Vaqifin bu iki misrasındakı acı həqiqəti kim inkar etmək
istəsə, xahiş edirik, əyninə demokratiya köynəyi
geyib hərzə-hərzə danışan riyakar siyasətçiləri,
dünyamızın bugünkü ziddiyyətli, qan qoxulu mənzərəsini
göz önünə gətirsin.
Qayıdaq
yenə Vaqifin sağlığında baş vermiş
mühüm bir hadisəyə.
General
Valerian Zubov 1796-cı ilin yazında II Yekaterinanın
xeyir-duası ilə otuz minlik qoşunla Qafqaza soxulmuşdu.
1796-cı il may ayının 2-də Dərbənd müqavimət
göstərmədən rus generalına təslim olmuşdu.
Bu hadisə Dərbəndin rəmzi açarının I
Pyotra təqdim olunmasından 74 il sonra bir daha təkrar
olunmuşdu. Rusiyanın çariçası II Yekaterina bu
şad xəbəri eşidən kimi dərhal şanlı qələbəsinə
görə V.Zubovu 2-ci dərəcəli Georgi ordeni və
brillyantla işlənmiş xaçla
mükafatlandırmışdı.
Generalın
Qubanı tutub Salyanda düşərgə salması xəbərini
eşidən, nizami ordusu,
böyük top-topxanası olmayan, bir-biri ilə yola getməyən
xanlar təşvişə düşmüşdülər.
Çarəsiz
qalan Gəncə, Şəki, Talış xanları general
V.Zubovun hüzuruna elçilər göndərmişdilər.
Qarabağ xanı İbrahimxəlil də oğlu Əbülfət
ağanın başçılığı ilə bir
neçə şahzadəni hədiyyələrlə Zubovun
hüzuruna göndərmişdi. Əvəzində, general
Valerian Zubov da İbrahimxəlil xana bəxşişlər,
"Mövlana Molla Pənah
Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa
göndərmişdi" (Mirzə Adıgözəl bəy).
Vəssalam!
Lakin
xanların bəxtindən Rusiya ordusuna Azərbaycanda çox
qalmaq qismət olmadı. 1796-cı il noyabrın 6-da II
Yekaterina vəfat etdi. Çariçanın yerinə keçən
Pavel Rusiya ilə Fransa arasında yaranan gərginliyi nəzərə
alıb Valerian Zubovu Azərbaycandan geri
çağırdı. Beləcə Valerian Zubovun fatehlik
arzusu gözündə qaldı.
1797-ci ilin
yay fəslində Ağa Məhəmməd şah Qacarın
Qarabağa ikinci
yürüşü, özünün, Molla Pənah Vaqifin və
İbrahimxəlil xanın taleyi yəqin ki, tarixi məlumatı
olan hər kəsə məlumdur. Ağa Məhəmməd
şah Qacar dustaq etdirdiyi Vaqifi səhəri gün cəllada
tapşıracaqdı. Amma nökərləri Ağa Məhəmməd
şahı ondan əvvəl, gecə ilə başını
kəsdilər. Sübh tezdən zindandan azadlığa
çıxan Molla Pənah Vaqif dərhal qələmə
sarılıb sadiq dostu Molla Vəli Vidadiyə müraciətlə
bir şeir yazdı:
Ey Vidadi,
gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzgarə
qıl tamaşa, kara bax, kirdarə bax!
Amma
Vaqifin sevinci uzun çəkmədi. Əmisi İbrahimxəlil xanın Car Balakəndə
olmağından istifadə edib hakimiyyəti ələ alan Məhəmməd
bəy Cavanşirin göstərişi ilə Cıdır
düzündə oğlu Əliağa ilə bir yerdə qətlə
yetirildi.
Əzizimiz
Dirilər! Daha mətləbi çox uzatmaq istəmirik, lakin
bir vacib məsələnin üstündən sükutla da
keçə bilmərik. İndi də bəzi yazarlar
arasında arzuolunmaz bir dəb düşüb: ədəbiyyatımız,
mədəniyyətimiz, incəsənətimiz, dövlətçiliyimiz
tarixində özünəməxsus yeri, xidməti, fəaliyyəti
olan tarixi şəxsiyyətlərin soykökündə, nəsil-şəcərəsində
erməni bağı - izi axtarmaq. Sosial şəbəkələrdə
belə bir fikir yayılıb ki, guya Səfəvilər
dövlətinin yaradıcısı, böyük sərkərdə,
şair Şah İsmayılın vəziri erməni əsilli
birisi olub. Bu xəbər bizə çatanda dirilib qəbirdən
çıxmaq istədik. Bu cür cəfəngiyyatı yazan,
söyləyən, şad xəbər kimi bir-birinə
ötürən, tirajlayanlardan soruşmaq istəyirik: - Bu erməni
vəzirin adı nədir? Məsləki, inancı, xidmətləri
nədən ibarətdir? Heç bir tarixi sənədə, məxəzə,
əlyazmalara, təzkirələrə istinad etmədən belə
ucuz, məsuliyyətsiz fikirləri yazmaqda məqsədiniz nədir,
cənablar?! Doğrusu, başa düşmürük, bu nə
hoqqadı çıxarırsınız? Səfəvilərin
tarixindən, onun qurucusunun həyatından, məsləkindən
xəbərsiz olanlara üzümüzü tutub deyirik: -
Şah İsmayıl Xətainin ilk vəziri Əmir Zəkəriyyə
Keçəçi olub. İkinci vəziri də həmin nəsildən
olan təbrizli Xacə Cəlaləddin Məhəmməd
Keçəçi idi.
Əziz
soydaşlarımız, sizdən min kərə xahiş edirik,
tariximizə, keçmişimizə, tarixi şəxsiyyətlərimizə
sayğı ilə yanaşasınız. Bilin ki, "heç
kəs zəfərlərlə dolu minillik şanlı
keçmişindən bir an içində imtina etmir"
(Əhməd bəy Ağayev). Sağ olun, sağlıqla
qalın!
Ölülərin
Dirilərə məktubunu qələmə aldı: Mustafa
Çəmənli...
26 noyabr
2024-cü il
Mustafa ÇƏMƏNLİ
Ədəbiyyat qəzeti.- 2024.- 6
dekabr, ¹47.- S.18-19.