Zəif nöqtə
Hekayə
Manisə
heç də həyat təcrübəsi az olmasa da, birinin şirin dilinə aldanıb, yamanca cəncələ düşmüşdü. O da bir başqası, kənarçı
adam deyildi. Gündə ona neçə dəfə
"bacı, bacıcan, can-ciyər" deyə müraciət
edən qonşuları Səkinə idi. Ancaq di gəl ki,
yaxşı demişlər: "İnsanı tanımaq
çox çətindir. Şirin dilini işə salıb, qəlbinə
yol saldı, o da zamin durası oldu, bankdan xeyli pul
götürdü. Bir müddət sonra da üz tutdu xarici səfərə.
Türkiyədə olduğunu, İstambulda
yaşadığını deyirdilər. Əvvəl-əvvəl
telefon əlaqələri vardı. İndi isə susur, zənglərinə
cavab vermirdi.
Bank isə
lap ağ eləmişdi. Neçə ay idi ki, heç
özünün xəbəri olmadan pensiya pulunu yarıqat
edirdilər. Yüz manat da az pul deyildi ki, əvvəllər dərd-sərinə
sərf edir, ona-buna ağız açmırdı. Bu səbəbdən
də indi məhkəmədə idi. Məhkəmə katibi
onu görcək səsləndi:
- Yenə
xeyir ola?
- Elə
həmin işə görə də.
- Səkinə...
Vay dədəm vay...
-
Görüm onu zəlil olsun... Məni qoyub yollarda da.
- Təqsir
özündə olub da. Beləsinə etibar edərlər.
-
Qonşu idi də.
- Həm
də rəfiqə...
Məhkəmənin
dəftərxana müdiri onların bu sözlərini
eşidib dəhlizə çıxdı,
qımışdı:
- Ədə,
yenə nə olub belə?
- Bu həyasız
kreditini ödəmir də. Bank da məni soyub, talayır.
- Hə?!.
-
Bacıcan...
-
Bilmirdin, tanımırdın onu. O afiristka idi də.
Hakimin gəlişi
söhbətə son qoydu. Manisə arvad bir o qədər
yaşlı deyildi. Yaşı əlli əhatəsində
olardı. Yanaqları hələ qırmızı,
özü ətli-qanlı idi. Dolu bədəni ilk
baxışda diqqəti cəlb edir, köklük ona
yaraşırdı. Səsləndi:
- Salam...
- Hər
vaxtınız xeyir.
-
Xanım məni gözləyir?
Qadın
pörtmüş, yanaqları allanmış halda dilləndi:
- Bəli,
yoldaş...
- Cənab...
- deyə dəftərxana müdiri onu dümsüklədi.
Qadın çaşqın halda pıçıldadı:
- Hə,
hakim qardaş...
-
Buyurun...
Hakimin
otağı geniş, işıqlı idi. Özü əyləşəndən
sonra ona da əyləşməyə yer göstərdi:
- Oturun...
- ...
-
Eşidirəm sizi...
- ...
- Dinləyirəm...
- ...
-
Sözünüzü deyin də...
Qadın
kövrək bir səslə pıçıldadı:
- Bilmirəm
tanıdız, ya yox, mən həmin dərdli qadınam. Sizdə
şikayət ərizəm olmalıdır. Bank krediti ilə əlaqədar.
Son vaxtlar
belə cəncəl işlər hakimi lap boğaza
yığmışdı. Odur ki, iynə
batırılmış kimi səsləndi:
-
Çox yaxşı, çox pakizə. Kredit
götürmüsən, ödə də... Dövlətlə
çilingağac oynamaq olar?!
- ...
- Kredit
götürmək elə bil ki, boyunduruq altına girməkdi də.
Girmisən xalxın pulunu qaytar da.
Qadın
bu sözlərdən lap utanan-qızaran kimi oldu. Daha da
pörtdü, yanaqları qızararaq əsl mənada tər,
təravətli çiyələyi xatırladırdı:
-
Bağışlayın... Sizi də heç nədən hirsləndirir,
haldan çıxarıram. Ancaq necə deyim, o krediti mən
almamışam.
- Bəs
kim alıb?!
- Səkinə...
İndi çıxıb gedib...
- Zamin ki
siz durmusunuz! Nə fərqi var, öhdəlik
götürmüsüz də!
Qadının
susduğunu görən hakim ona mühazirə oxuyurmuş kimi
dilləndi:
- Qəribə
zəmanədə yaşayırıq ey. İndi qanunun tələblərini
başa düşmək istəmirlər də. Hələ qədim
zamanda... Xüsusən də Romada hər şey bu üç
nəhəgə söykənirdi: şəxsiyyətə, əşyaya,
öhdəliyə...
Manisə
onu key-key dinləyəndə, hakim onun
çaşqınlıq içində
qaldığını, bir şey başa düşmədiyini
hiss edib, fikrini, sözlərini bir qədər sadələşdirəsi
oldu:
- Şəxsiyyət,
yəni siz, mən, başqaları ola bilər.
- ...
-
Əşya... Şey də...
Onun bu
sözlərinə qadın qımışıb güləndə
özünü saxlaya bilməyib dedi:
-
Başqa şey fikirləşməyin. Pul da elə əşya
- şeydi də.
- Gülməli
sözə gülərlər də... Vəkil də elə
belə gəlir danışırdı. Soruşuram ki, mənə
necə kömək edəcəksən... Deyir ki, bir zərif...
Zəif nöqtə tapım da...
- Vəkilin
işi budu da...
Hakimin
kefi durulan kimi oldu.
- Siz də
gülümsəyirsiniz. Mənim işimdə nə ziddiyyətli
fikir ola bilər ki?.. Sadəcə zamin durmuşam da. Pulu alan Səkinədi...
- Bilirəm...
- Vəkilə
bax... Səhv axtarır. Deyən, soruşan lazımdır ki,
a kişi, indi İstanbulda gəzən, kef çəkən mən
deyiləm ey, Səkinədi...
Həmin
gün Manisə kimi görürdüsə gileylənirdi:
- Vallah, məni
qınamayın. Elə bil ki, Səkinə bunları da
alıb ələ. Hansını dindirirsən mənə
ağıl verir, mühazirə oxuyur.
Məhkəmənin
həyətindəki oturacaqda əyləşmiş
forslu-fasonlu bir xanım gileyləndi:
- İndi
hamısı belədi də. Şey bunların
başını xarab edib.
- Sən
də ədəbli danış.
- Pulu deyirəm
də...
- Mənim
pulum haradadı ki, onlara verim?! Zəhəri olsun, vəkilə
iddia ərizəsi yazanda vermişəm də. Demişdi ki, məhkəmədə
sənin hüquqlarını müdafiə edəcəyəm.
- Bəs
hanı?
- Yəqin
yatıb yuxuya qalıb da.
- Belə
de...
-
Görüm onu lənətə gəlsin. Heç nə
etdiyini özü də bilmir. Elə "zərif... zəif
yer... ziddiyyətli fikir... səhv..." - deyə-deyə
qalıb.
Məhkəmə
xeyli gec başladı. Gedişat da heç də xoşagələn
deyildi. Vəkil hələ də yuxulu kimi
görünürdü. Manisə sanki acıqlı halda onu
sancdı:
- Bura gəlməmişdən
əvvəl heç olmasa əl-üzünü yumusan?
Onun bu
sözləri vəkilə acıq getdi:
- Mən
yaşlı adamam... Əsəblərimlə oynamayın.
- Elə
siz də... Səhərdən sizi gözləməkdən
cana doymuşam.
Hakim
yerində əyləşəndən sonra zaldakılara əli
ilə əyləşmək işarəsi verdi. Sonra isə
gülümsər halda soruşdu:
- Vəkil
Şahbazlı burdadı?
- Bəli,
Vahid Əli oğlu.
-
Çox yaxşı. Sizin suala cavab tapmışam. Mülki
hüquqa aid olmayan yeganə şey havadı...
- Bəs
su?
- Su
artıq aiddir...
Yerdən
səslər eşidildi:
- Qaz, işıq
da...
-
Şkaf, mənzil, televizor...
- Qələm,
ruçka, kitab...
- Dəftər,
yastıq, çaydan, çılçıraq...
Hakim əlacsız
qalıb sakitliyi bərpa etmək üçün əlindəki
taxta çəkicini onun altlığına vuraraq səsləndi:
- Sakit
olun da!.. - Sözünə davam etdi, - hüquq əmr edir!..
Mülki hüquqda bu qətilik bir o qədər duyulmur. Tərəflərin
hüquq bərabərliyinə geniş yer verir... Lakin bu o demək
deyil ki, bildiyini edəsən...
- ...
-
Baxılır mülki işə...
- ...
- Manisə
xanım buradadı?
Bu an onun
kövrək səsi eşidildi:
- Bəxtəvər
xanım olanların başına. Xanımın burada nə
işi var... İti azıb...
Hakim dilləndi:
- Ədəbli
danış...
-
Olanı deyirəm də...
- Olub
keçənlər üçün heç özündə
təqsir görmürsən? Çalağanla göyərçinin
dostluğu tutmaz axı.
Bu an
qadın ciddiliyini itirən kimi oldu, dodaqları qaçdı,
gülümsədi:
- Vallah elə
onu düz deyirsiniz. İtlə pişiyinki tutmaz axı.
Zaldan səs
gəldi:
-
Hansınız itdi, hansınız pişik?
- Sus, əbləh!
- Elə
görürük...
- Guya vəziyyəti
bilmirsən?!
Atmaca atan
Səkinənin nümayəndəsi idi. Dedi:
- Tələsmə,
indi özü gəlir... Hacı Əbdul demişkən,
Hacı Leylək gələndə çoxları susacaq,
hamısını bir-bir dənləyəcək...
Manisə
arvad isə ona söz verilmişkən daha çox söz demək
istəyirdi:
- Cənab
hakim, mən başsız, dul bir qadınam...
Yazığınız gəlsin mənə...
-
Heç də dula, imkansıza oxşamırsınız.
-
Vallah-billah, tək yaşayıram.
-
Qorxmursunuz?
- Hər
şey insandan qorxur, ehtiyatlanır...
- ...
-
İnanın, o, bankda işçilərə yüz şirin
vəd verib. Müdirə kostyum alıb... Axı mən də
yazığam... Heç nədən ayda pensiyamdan yüz manat
tuturlar. Mən ona kredit ödəyənəm?!
Hakim ona
bozardı:
- Elə
dediyini deyir ey... Mətləbə daxil olmayan məsələlərdən
söhbət açma.
- ...
-
İşin vəziyyəti həqiqi göstərir ki, hər
şey heç də şirin dediyimiz kimi deyil...
- ...
- O
gün notariusa getmişdiniz?
- Bəli...
- Ora sizi
məcburi aparmışdılar?
- Yox...
- Notarius
sizə imza təsdiq etdirəndə bir söz demədi.
- Dedi... Hər
şeyi izah etdi... Çəkindirməyə
çalışdı...
- Bəs
elə isə nə mızıldanırsınız?
-
Aldanmışam da...
-
Uşaqsınız?!
-
Yaşım çox olsa da, elə uşaq xasiyyətliyəm.
-
Görürəm elə... Heç cibindəki pulu səpələmirsən...
Hakimin bu
sözlərinə zaldakılar gülüşdülər. O
soruşdu:
-
Yaxşı indi nə edək? Tələbində
qalırsanmı?
- Bəli...
- Bəlkə,
barışıq sazişi imzalayasınız?..
- Yox...
- Sizin vəkiliniz
burdadı?
- Bəli...
Ancaq mən daha vəkil istəmirəm. Özüm öz
hüquqlarımı müdafiə edəcəyəm.
- Axı
pul vermisiniz.
- Eybi
yoxdur.
Vəkil
incik halda dilləndi:
- Daha yaxşı...
Onsuz da pul geri qaytarılmayacaq.
Zala bir
anlığa ağır sükut çökdü. Bu sakitlikdə
Manisə arvadın acıqlı səsi eşidildi:
- Onsuz
da!.. O vəkil olub nə işimə yarıyıb ey?! Elə
məndə zərif... Zərif yer axtarır!..
Onun bu
sözlərinə nəinki hakim, zaldakılar qəş edincədək
güldülər. Hakim əlacsız qalıb dilləndi:
- Sakit
olun...
- Hə,
deyəcək ey?
- Qoy
sözünü desin...
- Elə
dediyi sözü görürük.
- Söz
demək onun da hüququdur... İstəsə məhkəmədə
qarşılıqlı iddia qaldıra bilər. Ödədiyi
pul qaytarılar.
Manisə
arvad dalaşqan xoruztək acıqlı-acıqlı vəkilə
tərəf baxaraq dedi:
- Yoxsa
yalan deyirəm?! Bu sözləri sən mənə deməmisən?
-
Demişəm... Ancaq belə yox... Bir də ki, səndə
yox, mülki işdə... Cavabdeh tərəfdə... Zərif...
Zəif nöqtə demişəm.
- Ziddiyyətli
fikri də sən deməmisən?!
-
Demişəm! Necə izah edim?!.
- Səhvi
də?!.
Beləcə,
ara qarışdı... Hakim güclə zaldakıları
sakitləşdirib, soruşdu:
- O
dövlət rüsumu barədə soruşan kim idi? Belə də...
Əgər iddia təmin edilirsə... Cavabdehin üzərinə
düşür hər şey... Dövlət rüsumunu və
başqa xərcləri dövlət ödəməlidir.
Əgər hər şey əksinə olursa, onda vəziyyət
dəyişir... Cavabdehin çəkdiyi bütün məhkəmə
xərcləri iddiaçıdan tutulur.
Səkinə
arvad bu sözlərdən karıxmış halda əvvəl
lal-dinməz dayandı. Sonra isə istilənmiş halda
qızdırmalı adam kimi gözlərini döydü. Onsuz
da həddən ziyadə pörtmüş, yanaqları
qızarmışdı.
- Bu necə
olan şeydi?!.
- Hə...
- Pul...
Şey... Vallah-billah mən sizin işlərdən baş
açmıram.
- Ay
xanım, bir gündə hüquqşünas olmayacaqsan ki...
- Demirəm
ki, hüquqşünas olacağam...
İçəridəkilər
yenə də onun sözlərinə gülməkdən
uğundular. Elə hakim özü də...
-
Gülün...
- ...
- Gülməli
adama gülərlər də...
- ...
- Allah
heç kimi tək, imkansız eləməsin.
Bu an zalın
qapısı açıldı. Gələn Səkinə idi.
Forslu-fasonlu
geyinmiş, adicə qolsuz xalatda idi. Gün qaraltmış
qolları, çılpaq sinəsi aydınca
görünürdü. Ağbəniz sifəti, dik məməşləri
göz oxşayırdı. Hakim udqundu; soruşdu:
-
Türkiyədə idiniz?
- Hə...
İstanbulda...
- Orada vəziyyət
necədi?
- Camaat
yaşayır da... Kefdədirlər...
-
Görünür elə... Plyajdan çıxıb gələnə
oxşayırsınız.
- Zaqarat
edirdik də...
- Bu
xanımı niyə pis vəziyyətdə qoymusunuz?
- Mən?!
Burada olmamışam. Krediti ödəyəcəyəm də...
- Elə indi
ödəyin...
- Yox,
sonra...
Səkinənin
him-cimindən şübhəyə düşmüş Manisə
arvad səsləndi:
- Yox... Mən
ona inanmıram...
- Ağəz,
niyə belə deyirsən?!
- Hə də...
-
Bacıcan...
- ...
- Pul
demirsən, verəcəyəm də...
- ...
- İndi
durub məndən şikayətçi olacaqsan da?! Ayıb
deyilmi?.. Duz-çörək kəsmişik. Sözdə rəfiqəyik.
Sanki beləcə,
bu sözlərlə Səkinə bir andaca Manisə arvadı
elə yumşaltdı ki. Cibinə basılan pula
baxmağı heç özünə rəva bilmədi.
"Pul... şey... Mənim zərif ... Zəif yerim..." - deyə-deyə
qaldı...
Əlisəfa
AZAYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 6 dekabr, №47.- S.25.