Hekayələr
Gəlin
Mələk xanım mağazaya 457 yeni manat
ödəyib evə gəldi və
gözləməyə başladı. Çatdırma və quraşdırma mağazanın
boynuna düşürdü.
Dünən usta gəlib paltaryuyan maşını quraşdırmaq
üçün lazım
olan santexnika işlərini görüb
qurtarmışdı.
Yarım
saat sonra firmanın işçiləri
paltaryuyan maşını
gətirdilər. Usta maşının işlətmə
qaydalarını izah edə-edə zarafatından
da qalmırdı:
- Ay bacı, bu paltaryuyanı
ki aldın, ev işlərini yarıbayarı
azaldacaq. Elə təsəvvür elə
ki, evinə gəlin gətirmisən, əlini-əlinin
üstünə qoyub
baxırsan, "gəlin"
pal-paltarını yuyur,
yaxalayır və qurudur.
Mələk xanımı gülmək
tutdu. O da zarafatla:
- Hansı gəlin qayınana üçün
paltar yuyur? - dedi.
Usta:
- Yox, bu gəlin
ağıllı gəlindir.
Ustalar işlərini görüb
qurtaranda:
- Gəlininiz xoş gəlib, səfa gətirib. Sizi təbrik edirik! Gözəl mübarəkdir!
- deyib getdilər.
Uşaqlar paltaryuyan maşının
ətrafına yığışıb
tamaşasına durdular.
Nəhayət, baxmaqdan
doyub, qonaq otağına keçib yenə televizorun qarşısında əyləşdilər.
Aradan yarım saat keçmişdi ki, qapının
zəngi çalındı.
Mələk xanım ayağa qalxıb qapıya yaxınlaşdı,
gözlükdən baxanda
qonşu qadınları
gördü. Qapı açılan kimi bir dəstə arvad içəri doluşdu və dil-ağız elədi:
- Çox mübarəkdir, Mələk xanım!
Mələk xanım sevincək:
- Sağ olun, əzizlərim! Allah sizdən
razı olsun!
Fatma dilləndi:
- Qapıdan keçəndə
eşitdim. Bir kişi
gözaydınlığı verirdi.
Şəfiqə soruşdu:
- Adı nədir, Mələk xanım?
Mələk xanım yadına
salmağa çalışdı.
Jalə tez:
- Adı…Vesteldir.
Şəfiqə xanım təəccüblə:
- Vestel? Xaricidir?
Mələk xanım:
- Hə, xaricidir. Bizimkilərdən adam yarımır. Yarı yolda qoyur səni.
Bu isə, başqa aləmdir, ay Şəfiqə,
sənə qismət olsun. Bilirsən, nə paltar yuyur! Tər-təmiz, ağappaq.
Şəfiqə:
- Halal olsun. Alanda da beləsini alasan. Sonra zarafatla dedi. - Gedək, baxaq, tanış olaq, görək, həqiqətən
tərifəlayiqdir?!
Mələk xanım qonşu
qadınları mətbəxə
apardı. Yolboyu Rəfiqə öz-özünə
deyindi: "Bir yandan tərifləyir, o biri yandan indidən mətbəxə basıb.
Bir layiqli yerdə oturda bilmirdi?!"
Mətbəxdə qonşu qadınlar
bir-birinin üzünə
baxdılar. Burada kimsə yox idi. Şəfiqə çiyinlərini çəkib:
- Bəs gəlin hanı, Mələk xanım?
Bu dəfə Mələk xanım donub qaldı. Ustanın dediklərini də unutmuşdu:
- Hansı gəlin? Nə gəlin?
- Ağ geyimli gəlini deyirik. Baxmaq istəyirik.
- Başa düşmürəm,
hansı gəlindən
danışırsınız…
Mələk xanım özünü
elə itirmişdi ki,
mətbəxə paltaryuyan
üçün keçdiyini
də unutmuşdu.
Fatma yada salmağa çalışdı:
- Qapının ağzından
keçəndə gəlinə
görə sizi təbrik etdiklərini bu qulaqlarımla eşitdim. Qonşuluqda yaxşı deyil. Gəlini bizdən gizlədirsiniz? Ay qızlar,
gəlin, gedək.
Mələk xanım, sanki yuxuda idi, ayıldı.
Qəhqəhə çəkib
onları saxladı. Paltaryuyan maşınına
sarı gedib, örtüyü qaldırdı.
Maşın ağ rəngdə idi. Özü də gəlin kimi bəzəkli:
- Ay sağ olmuşlar, budur mənim gəlinim! Adı da Vesteldir. Özü də xarici gəlindir. Bayaq siz soruşdunuz, mən də dedim. Baxmaq istəyirsiniz,
baxın. Daha küsmək nəyə lazım?!
Qonşu
qadınlar Fatmanın
üzünə baxdılar.
Bunun mənası o idi
ki: "Qapı pusmağın
axırı belə pərtliklə qurtarar!"
Hinduşka
Səriyyə süddən, qatıqdan,
nehrə yağından-pendirdən, qaymaqdan-baldan, bir qədər
də mer-meyvədən bir zənbil düzəldib, bir hinduşka da kəsdirib, tükünü
yoldu, iç-içalatını
təmizləyib hazırladığı
payın üstünə
qoydu. Vidadi müdafiə edib alim olmuşdu. Səriyyə gec xəbər tutmuş, vaxtında əmioğlusunu
təbrik edə bilməmişdi. Bir var, özünü
eşitməməzliyə qoyub
üstünü vurmayasan,
bir də var, gec də olsa,
təbrik edəsən.
Hər halda ikinci variant yaxşıdır.
Sabah Salyandan yola düşən avtobusa əyləşər, uzağı,
iki saata özünü Bakıya çatdırar, Vidadiyə,
ailəsinə gözaydınlığı
verər, bir stəkan çaylarını
içib, rayon payını
da verər, geri qayıdar.
Qonşu
Gülbacı Səriyyənin
bayaqdan, əlləşib-vuruşduğunu,
nə zamandan bəri yanını yerə qoymağa da macal tapmadığını
görüb:
- Ay Səriyyə, yumurtası
tərs gəlmiş toyuq kimi nə
əlləşirsən? Aaazz,
özünə yazığın
gəlmir?
Səriyyə deməyə məcbur
oldu:
- Bizim Vidadi alim olub, xəbər tutmamışam... Deyirəm,
gec də olsa, gedib təbrik
edim. Universitetdə oxuyan uşağa köməyi çox dəyir. Fikirləşməsin
ki, özümüzü bilməməzliyə
vurmuşuq, qanmazıq...
Maraq Gülbacıya güc gəldi:
- Əliboş ha, getmirsən,
nə aparırsan, gülmə-şəkər əmioğlunçun?
Səriyyə cavabında dedi:
- Süd-qatıq, nehrə yağı, pendir, mer-meyvə...
- Elə bu? Nə
əcəb toyuqdan, qazdan-ördəkdən, quzu
ətindən... bir şey aparmırsan?
Səriyyə boynuna aldı:
- Bir dənə də hinduşka...
Gülbacı təəccüblə:
- Azz, Yeni
il qabağıdır, - dedi. - Heç bilirsən, bazarda hinduşka neçiyədir?
- Hər neçəyə olsa da, əmim oğludur. Qan qohumumdur, əmimin yadigarıdır.
Deyirsən, bir hinduşkanı da qıymayım?
Adam adama hansı gündə lazımdır?!
Gülbacı dilləndi:
- İndi
hinduşkanın biri əlli manatdır.
Bu dəfə Səriyyə təəccüblə içini
çəkdi:
- Əlli manat???
Gülbacı təsdiqlədi:
- Hə, əlli manat...
Oradan-buradan bir qədər
söhbətləşəndən sonra Gülbacı çıxıb getdi. Səriyyə səhər
ertə Bakıya yola düşəcəkdi.
Odur ki, yatağa tez girdi ki, yatıb
yuxuya qalmasın.
Səhər saat 6-da zəngli
saat səsləndi. Səriyyə durub yuyundu. Yarım saat, qırx dəqiqə sonra zənbilini götürüb
yola çıxdı.
Bilet alıb avtobusa qalxdı. Avtobusun yola düşməsinə on beş
dəqiqə qalırdı.
Səriyyə birdən
hiss etdi ki, nə isə darıxır. Dünən Bakıya getmək, Vidadi əmioğlusunu təbrik
etmək üçün
nə qədər hazırlıq işləri
görmüşdü. Bakıya
getmək üçün
ürəyi əsirdi.
İndi isə, getmək
istəmirdi. Gülbacının
sözləri ona rahatlıq vermirdi: "Heç bilirsən, bazarda hinduşka neçiyədir? Əlli manata".
Qış yaman gəlirdi.
Uşaqların əyni
yalın idi. Musanın ayaqqabısı
su buraxırdı. Gülgəzin paltosu nimdaş idi. İsanın da şalvarı
süzülmüşdü. Hinduşkaya bax, gör necə qudurub! Əlli manata qalxıb. Bal da, qaymaq da od qiymətinə idi. Sürücü sərnişinləri harayladı:
- Gəlin, gedirik. Siqaretinizi atın, avtobusa qalxın.
Sərnişinlər avtobusa doluşdular. Avtobus tərpəndi. Yüz metr
belə getməmişdi ki, Səriyyə ayağa qalxdı:
- Şofer qardaş, maşını saxla.
- Nə olub? Öyrənmisiniz
maşın qalxanda saxlatdırıb bulka
alırsınız...
Səriyyə səsini qaldırdı.
O, zənbilini
də
götürmüşdü:
- Düşürəm.
Sürücü cin atına mindi:
- Necə yəni düşürəm? İndi bu
millət iki saat səni gözləsin ki, nə vaxt qayıdacaqsan?
- Getmirəm. Saxla, düşüm.
- Getmirsən? Bu başqa məsələ. Amma pulunu
qaytarmayacağam. Yeri zanit eləmisən.
- Cəhənnəmə qaytar,
qara yola qaytar...
Səriyyə düşdü. Avtobus
tərpəndi. Səriyyə
nəfəsini dərib
əlini qaldırdı.
Bazara gedən avtobusa mindi. Südü-qatığı, nehrə
yağını-balı, hinduşkanı
bazara gətirib yaxşı qiymətə
satdı və uşaqlarına yavanlıq,
əyin-baş aldı.
Evə qayıdandan sonra bir stəkan çay içib, telefonun dəstəyini qaldırdı. Telefonçu
qızın səsini
eşidən kimi Bakını
sifariş verdi və Vidadini təbrik etdi.
Akif
ABBASOV
Ədəbiyyat qəzeti.- 2024.- 6
dekabr, ¹47.- S.27.