Amerikalı feminist yazıçı:
“Məni yazmağa
həyat yoldaşım
ruhlandırıb”
Amerikalı qısa hekayə yazıçısı, şair, müəllim və siyasi fəal olan Qreys Peyli dekabrın 11-i 1922-ci ildə
anadan olub. Q.Peyli yazıçılıq və
müəllimlikdən başqa feminist, müharibə əleyhdarı
aktivist kimi tanınıb. Yazıçı hekayələr
toplusu ilə 1994-cü ildə Pulitzer Mükafatı və
Milli Kitab Mükafatının finalçısı olub.
Bir müddət xərçəngdən
əziyyət çəkən
yazıçı, 2007-ci ildə 84 yaşında vəfat
edib.
1981-ci ilin aprelində Qreys Peyli tələbələrlə
görüşmək üçün Ostin şəhərində
yerləşən Texas Universitetinə gedib. Burada qadın
yazıçılar, yaradıcı yazarlıq kimi
mövzularla maraqlanan gənclərlə söhbətləşib.
Universitetin professorlarından biri olan Coan Lidof onunla müsahibə
formatında söhbət edib. "Ədəbiyyat" qəzetinin
təqdim etdiyi bu müsahibə-söhbət 1997-ci ildə
ilkin variantı çap edilən "Qreys Peyli ilə söhbətlər"
kitabında yer alıb. Oxuduğunuz tərcümə
müsahibənin, sadəcə bir hissəsidir.
C.L: - Dünən axşamkı
çıxışınızda bütün hekayə
yazıçılarının hekayə dinləyiciləri
olduğunu dediniz. Bu haqda bir az ətraflı məlumat verə
bilərsiniz?
Q.P: - Hər şeyə maraq
göstərən, diqqətli insan, dinləyici deyilsinizsə,
yazıçı ola bilməzsiniz. Hətta
nağılçı da ola bilməzsiniz. Sizin kimi erkən
yaşlarından yazıçı olanlar, yəqin ki, qeyri-adi
diqqətli, hər şeylə maraqlanan uşaqlar olublar. Məhəllədəki
digər uşaqların qulaq asmadığı şeyləri
də eşidərdiniz. Yəqin ki, 6 yaşında bunun fərqində
olub, "Qulaq asın, görün, bu gün nə
eşitmişəm" deyib ətrafda gəzməmisiniz. Amma
dərsdən evə qayıdanda ananıza, ya da günortadan
sonra evdə kiminlə söhbət edirdinizsə ona müxtəlif
hekayələr danışmısınız. Əgər sizə
qulaq asan kimsə olardısa, çox danışan olurdunuz.
Eyni zamanda həm də əla dinləyici idiniz, bu da sizə nəsə
deməkçün gələn insanları tərəddüd
etdirirdi, çünki onların deyəcəklərini
artıq dörd dəfə eşitmiş olurdunuz.
Danışan olmasa belə, siz onsuz da eşidərdiniz. Dinləyici
idiniz və bütün bu məlumatları daim
özünüzdə saxladığınız
üçün özünüzü pis hiss edərdiniz.
Çexovun, həqiqətən də, möhtəşəm
olan bir hekayəsindən misal çəkmək istəyirəm;
"Ata arabaçıdır, oğlu ölüb və bunu
hamıya demək istəyir: "Oğlum ölüb".
Heç kim ona qulaq asmır. Nəhayət, kişi öz hekayəsini
atına danışır. Məncə, heç kimin dinləmədiyi
çoxlu hekayələr eşitmiş çox adam var. Məncə,
dünya deməyə çox sözü olan, amma heç
kimin dinləmədiyi insanlarla doludur.
C.L: - Ailənizdə sizə təsir
edən hekayə danışan olub?
Q.P: - Mən sizə hekayələri
dinləyənlər deyəndə, hekayə danışan
adamları dinləyənləri nəzərdə tutmuram. Bəzən
hekayələri insanların özlərindən
götürürsən. Siz "Yaxşı, danış,
görək noolub?" deyərsiniz, cavab olaraq "Heç nə",
"Heç bir şey", eşidərsiniz. Bu, bir çox
ailədə yaşanır. Bəzən ailənizdəki
insanlardan hekayələrini çəkib çıxarmaq illər
çəkə bilər. Amma məndə belə deyildi, atam
çox yaxşı danışardı. Buna görə də,
anam daha sakit idi. Atam həqiqətən, yaxşı natiq idi,
çox şeylər haqqında çox gözəl də
danışardı. Ailəmdə çox adam hekayələr
danışardı: nənəm, bibilərim, anam, bacım.
Əksər adamlar kimi özlərini hekayəçi hesab etməzdilər.
Amma bu otaqdakı, bu məktəbdəki, demək olar ki,
hamı hekayəçidir. Həmişə hansısa hekayəni
danışırsınız. Hekayə danışmaq, demək
olar ki, hər kəsin edə biləcəyi işlərdən
biridir. Balaca nəvəm var, alayarımçıq cümlə
qura biləndə bilirdim ki, mənə hekayə
danışacaq. İndidən lətifə danışır.
Dünyanın hər yerində insanlar hekayələr
danışırlar. Əgər sizinlə mən bir yerdə
oturub qəhvə içsəydik, bir-birimizə onlarla hekayə
danışardıq.
C.L: - Yazdıqlarınızda mətbəx
masasının ətrafında oturub hekayələr
danışan insanların səsi var.
Q.P: - Nə gözəl. Məmnun
oldum. Bizim ailədə insanlar masanın ətrafında oturub
söhbət edərdilər. Atam vaxtı olanda həddindən
çox danışardı, bibilərim hekayələr
danışardı. İnsanlar qocalanda çox vaxt öz həyatlarından
danışmağı və özlərini müdafiə etməyi
sevərlər. "Bunu etmişdim, onu etmişdim və
bunları buna görə etmişdim" deyirlər. Xüsusən,
bibim daim özünü müdafiə edərdi.
İnsanların danışdıqları hekayələr
bunlardır: Nə oldu, necə oldu, niyə oldu...
Mənim
eşitdiklərim bunlardır,
qalanı da küçədə
eşitdiyim hekayələrdir. O vaxtlar Bronksda çox səs-küylü
bir məhəllə həyatımız vardı. O ailələrin
nəvələri bizim o məhəllədə necə
yaşadığımızı, küçələrdə
necə oynadığımızı, qocaların,
dostlarımın valideynlərinin
məhəllədə necə vaxt keçirdiklərini
bilməzlər. Hamı qutuların,
açılıb-bağlanan stulların üzərində
oturub söhbət edərdi və bu mənimçün
çox maraqlı idi: Onlar qayınanalarından,
uşaqlarından, ərlərindən, arvadlarından
danışardılar. Uşaq olanda bu söhbətləri dinləyərdik
və ancaq dinləməyə davam etsəydik, söhbətin
axırında nə baş verdiyini öyrənə bilərdik.
C.L: - Sizin hekayələrinizdən
danışsaq, İdiş harmoniyası və ritmindən də
danışa bilərik?
Q.P: - Bəli, mən aksentli
yazıram. Uşaq vaxtı ətrafımda üç dildə
danışırdılar; ingiliscə, rusca və idişcə
(tərc. - Hind-Avropa dillərinin german dilləri qrupuna məxsus
dil). Bunlar mənim dillərimdir. Qulaqlarımda olanlar evstaki
borusuna və qırtlağa keçdilər və onlarla
birlikdə boğazımdan bir neçə xəstəlik də
yapışdı.
C.L: - Evdən və ailədən
başqa, daha xüsusi ədəbi təsirləriniz olub?
Əvvəlki çıxışlarınızda
Əhdi-Ətiqdən bəhs etmisiniz.
Q.P: - Atam ateist idi, amma
Əhdi-Ətiqi (tərc. - xristianların müqəddəs
kitabı Bibliyanın həcmcə daha böyük, birinci
bölməsi. Həmçinin yəhudilərin müqəddəs
kitabı) çox sevirdi. Mən çoxlu Müqəddəs
Kitab hekayələri ilə böyümüşəm və
onları yüksək səslə oxumağı sevirdim. Elə
təsəvvür et ki, indiki uşaqlar radioya yüksək səslə
qulaq asırlar. Biz də yüksək səslə klassik
musiqiyə qulaq asardıq. Məncə, gənclərin
hamısı musiqinin içində olmağı xoşlayırlar,
musiqi nə olursa-olsun.
C.L: - Başqa yazıçıların
sizə təsiri barədə nə deyərdiniz? Yoxsa, deyəcəksiniz
ki, sizə əsas təsirlər həyatınızdan olub?
Q.P: - Çox yaxınlaşdın,
həqiqətən də, çox yaxınlaşdın.
Tanıdığım, çox sevdiyim heç bir müəllifin
üzərimdə çox da təsiri yoxdur; sevdiyim
yazıçılar Tili Olsen, ya da Donald Bartelm, bir-birindən
çox fərqli insanlardır. Mənə təsirləri
çoxdan olub. İsak Babeli o vaxtlar heç oxumazdım. Mənə
heç bir təsiri olmayıb, amma indi onu oxuyanda anlayıram
ki, bizim oxşar nənə-babalarımız olub və onlar
İsak Babelə Rusiyada, mənə də burada təsir ediblər.
İlk kitabım çap olunandan uzun müddət sonra
oxumuşam İsak Babeli. Amma onu çox sevirəm, çox
güclüdür.
C.L: - Keçmişinizin bir hissəsi
olan başqa yazıçılar da var?
Q.P: - İngilis ədəbiyyatının
bütün böyük kitabları: hamımız çox
yaxşı oxucular idik, hər şeyi oxuyardıq. Coysda
qısa hekayənin forması... Gertruda Steynin üç hekayəsi
mənim üçün önəmli idi. Qısa hekayələr
haqqında düşünməyə başlayanda
bütün bu formalar mənə çox maraqlı gəlirdi.
Amma bundan başqa yaxşı oxucunun, orta səviyyəli
güclü oxucunun oxuyacağı hər şeyi oxumuşam.
C.L: - Qısa hekayənin
forması haqqında düşünəndə Coys və
Steynə baxdınız?
Q.P: - Şeir yazdığım
vaxtlarda onları oxumuşdum; iyirmi yaşıma çatmamış
hamısını oxumuşdum. Faydalı oldu. Çox şeir
oxumuşam və oxuduğum şeirlərin şeirim üzərində
təsiri çox pis oldu (elə də olmalı idi,
çünki şeirlərim çox yaxşı deyildi).
Ədəbi idilər. O vaxtlar poeziya mənə elə ədəbi
görünürdü ki, Coysun "Dublinlilər" və
ya Steynin hekayələrinin olmadığı qədər ədəbi
gəlirdi mənə. Bu baxımdan yanaşsaq, romanlar da ədəbi
deyildi. Mən bütün rusları oxudum və üslubu mənim
üslubuma oxşar olan bir çox yazıçını
sevməyə başladım. Məsələn, Ayvi Kompton
Berneti. Amma heç vaxt onun kimi yazmamışam. Digər tərəfdən,
onu xatırladan bəzi kiçik parçalar yazılarıma
daxil olub. Ancaq ədəbi təsirlərim evdə istifadə
olunan dilin üslubi və evdə eşitdiyim söhbətlər
olub. Kiçik yaşlarımdan etibarən həddindən
çox şeir oxumuşam, ona görə də şeirlərim
qulaqdan yazılmaydı (təxminən, bir il Oden kimi
yazdım, ingilis aksenti ilə). Hekayədə isə öz səslərimdən
əlavə, başqa səslərə də qulaq asmağa
başladım və beləcə boğazımı təmizləyə
bildim.
C.L: - Yazmağa necə
başladınız?
Q.P: - Məktəbdə... İbtidai sinifdə, orta
məktəbdə, liseydə həmişə yaxşı
uşaq yazıçı olmuşam. Davamlı
yazırdım. Amma mən otuz yaşıma kimi hekayələr
yazmamışam. Təxminən, otuz üç
yaşımdan sonra başlamışam.
C.L: - Sizi şeir əvəzinə
hekayələr yazmağa nə vadar etdi?
Q.P: - Tam olaraq, indi danışdığımız
şeylər. İlk növbədə, bunu deməliyəm ki,
məni yazmağa həyat yoldaşım ruhlandırıb. Məni
ürəkləndirdi. Amma əsasən, qadınlar, kişilər
və uşaqlar üçün çox narahat olmağım
deyə bilərəm. Qadınların və uşaqların həyatları,
kişilərdən ayrı həyatları mənə hədsiz
dərəcədə maraqlı gəlirdi. Bu məni çox
narahat edirdi. İkinci Dünya müharibəsi vaxtı
kişilərlə birlikdə ordu düşərgələrində
yaşamışdım...
C.L: - Əriniz orduda idi?
Q.P: - Bəli, o əsgər idi. Hamının əri
əsgər idi. Demək istəyirəm ki, böyük müharibə
idi. Qadınlar və uşaqlar üçün çox
narahat idim. Birdən məndə fərqindəlik yarandı -
o vaxt Feminist olduğumu deyə bilmərəm, çünki
kifayət qədər məlumatım yox idi, amma qadınlar
mövzusunda bir çox məsələlərin fərqinə
varmışdım - deyə bilərəm...
C.L: - Hekayələrinizi dərc
etməyə necə başladınız?
Q.P: - Sadəcə şans məsələsi
idi. Çünki üç hekayə yazmışdım və
sonra bunları bir neçə dostuma göstərmişdim.
Onlar hekayələri bəyənmişdilər. Mən də
onların yaxşı olduğunu düşünürdüm.
Maraqlı olan buydu ki, o hekayələri yazandan sonra bir
neçə jurnala göndərmişdim və
hamısından da rədd cavabı almışdım. Nəhayət,
ikisi İllinoys Universitetinin "Accent" jurnalında nəşr
olundu. Həqiqətən də, tamamilə şans məsələsi
olmuşdu. Əvvəllər mənim hekayələrimi rədd
edən bütün jurnallar daha
sonra məndən məqalə, hekayələr istəməyə
başladılar.
C.L: - Heç Nyu-Yorkdan başqa
bir yerdə yaşamısınız?
Q.P: - Qısa müddətliyinə
yaşamışam, "tam yaşamışam" demək
olmaz. Uzun müddət Vermontda yaşamışam. Üç
il, üç fərqli il...
Tərcümə
etdi: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2024.- 6 dekabr, ¹47.- S.24.